Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4198/2024 06.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə iş № 2(103)-4198/2024 (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(001)- 1420/2024 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC-nin əməkdaşları Kazımov.H, Quliyev.S, Rzayev.N tərəfindən tərtib edilən 09 dekabr 2023-cü il tarixli, 036591 saylı aktdan görünür ki, istehlakçı İddiaçı Sulutəpə, R.Allahverdiyev-700 ünvanında(abonent kodu:**********00051) sayğaca baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, sayğacın qoşulma ardıcıllığı pozulmuşdur, kənar mənbədən “0” xətti götürülməklə sayğac sxemdən kənarlaşdırılmışdır. Baxış zamanı aparılan ölçü zamanı İ=7.2A,P=1.6 kv.t, P sayğac=0.
2. "xxxx" ASC-nin AKT Komissiyasının tərəfindən 12 dekabr 2023-cü il tarixdə qəbul edilən qərardan görünür ki, abonentə gündəlik 24 saat sərfiyyat nəzərə alınmaqla 365 gün hesablamaqla 7996 kvts (1.584 kvt x 24 saat x 0.7 x 365 gün-1717 kvts) itirilmiş elektrik enerjisi üçün 955 manat borc hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış ünvanına dair tərtib edilmiş 09 dekabr 2023-cü il tarixdə AKT NDM 036591 nömrəli aktını qanunsuz hesab etməklə işıqdan istifadəyə görə hesablanmış borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, o, 1993-cü il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində yerləşən fərdi yaşayış evində məcburi köçkün kimi yaşayır. Yaşadığı fərdi yaşayış evinə işıq sayğacı quraşdırılmış və sayğacın göstəricisinə uyğun olaraq işıq pulunu vaxtı vaxtında ödənişlər edirdi. 09 dekabr 2023-cü il tarixdə AKT NDM 036591 nömrəli əsasında, ona borc yazılmışdır. Sayğacın göstəricisinə uyğun olaraq elektrik enerjisindən istifadə etmiş. sonradan ona məlum olmuşdur ki, Azərişığın əməkdaşları iştirakı olmadan sayğaca hansısa müdaxilə etmişlər və 971,32 manat cərimə yazılmışdır. Azərişıq ASC-yə gedərək hər ay yoxlamalar zamanı belə bir irad bildirilmədiyini və əvvəlki qaydada, işıq sərfiyyatına görə ödənişləri eyni qaydada etdiyini və onun tərəfindən sayğaca müdaxilə edilmədiyini bildirdi. Azərişıq ondan akta görə hesablanmış borcu tələb edir. Əvvəlki qaydada işıq sərfiyyatı ilə sayğacın göstəricisi ilə müəyyən edilmiş borcunu vaxtı-vaxtında ödəmişdir və bu barədə ona heç bir irad bildirilməmişdir. O cümlədən abonent olaraq Azərişıq ASC-dən hər hansısa qanunsuz yolla oğurlamamışdır, sayğacın möhür və plombuna müdaxilə etməmişdir və elektrik sayğacından kənar elektrik enerjisindən istifadə etməmişdir. Sayğac Binəqədi rayon enerji idarəsi tərəfindən qoyulmuşdur. Qeyd edilən borc həqiqətə uyğun olmayan yəni guya sayğaca müdaxilə nəticəsində və dəyəri ödənilməyən işıq sərfi kimi akt tərtibi ilə öz əksini tapmışdır. Uzun müddətli sayğaca tərəfindən hər hansısa müdaxilə olsa idi, işığı mütamadi olaraq yoxlayan nəzarətçi bu qüsurun olduğunu aşkar etmiş olardı.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(001)- 1420/2024 qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 036591 saylı, 09 dekabr 2023-cü il tarixli AKT-a əsasən hesablanmış borcun 900,76 manat hissəsi abonentin hesabından(abonent kodu: **********00051) silinməsi, iddia tələbi isə qalan hissədə rədd olunması qət edilmişdir.
6. Qətnamənin əsaslarına görə, iddiaçının elektrik sayğacının qoşulma ardıcıllığı pozulmuşdur. Belə ki, həm aktı tərtib edən şəxslər məhkəmə iclasında şahid qismində dindirilmiş, həm akt tərtib edilən zaman aparılmış videoçəkiliş tədqiq edilmişdir. Üstəlik adi məntiqi dəyərləndirmə də onu deməyə əsas verir ki, sayğacın sıfır xəttinin istənilən mənbədən götürülməsi mümkündür və bu sayğacın qoşulma ardıcıllığını pozmur. Lakin sayğacın sıfır xətti ilə fazanın yerinin məqsədyönlü şəkildə dəyişdirilməsi qeyd edilən qüsurun yaranmasına səbəb ola bilər. Bu isə hər hansı kənar müdaxilə nəticəsində baş vermişdir. Bununla belə məhkəmə hesab edir ki, itirilmiş elektrik enerjisinin dəyəri cavabdeh tərəfindən elektrik enerjisindən istifadə qaydalarına uyğun hesablanmamışdır. Belə ki, elektrik enerjisindən istifadə qaydalarının 8.17-ci bəndində qeyd edilmişdir ki, sayğacların qoşulma sxemləri pozulduqda keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı nəzərə alınmaqla hesablanmalıdır. Odur ki, abonentə elektrik enerjisinin dəyəri qismində 678 kvt-a görə 54.24 manat hesablanmalı olduğu halda, əsassız olaraq 7996 kvts hesablanmışdır. Belə ki, itirilmiş elektrik enerjisinin dəyəri abonentə belə hesablanmalı idi:1.584 kvt X 24 saat X 0.7 X 90 gün- 1717 kvts=678 kvts. Bu isə 0.08 manat tariflə 54,24 manat təşkil edir. Göründüyü kimi abonentə 900.76(955-54.24) manat əsassız olaraq borc hesablanmışdır.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 1096.1, 1097.1-ci maddələrinə, “Azərbaycan Respublikası Nazirlər Kabinentinin “Elektrik enerjisindən istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qaydalarının” 1.1, 8.17, 8.17-1, 8.17-2-ci bəndlərinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir.
9. Şikayətin dəlillərinə görə, məhkəmə qaydaların 8.17-ci bəndini hazırki işə tətbiq edərkən də hesablama zamanı yanlışlığa yol vermişdir. Belə ki, məhkəmə abonentə akt əsasında hesablanmış borcun 3 aya mütənasib hissəsini əsaslı hesab etsə də hesablama zamanı iddiaçı tərəfindən 1 il ərzində ödənilmiş məbləğin cəminə istinad etmişdir. Nəticədə akt əsasında hesablanmış borcun 3 aya mütənasib hissəsi (1/4) deyil 1/13 hissəsindən də daha az hissəsi saxlanılmışdır. Məhkəmə öz qətnaməsində iddiaçı tərəfindən elektrik enerjisindən qanunsuz istifadə faktını müəyyən etsə də borcun hesablanması zamanı yanlış normaya əsaslanmışdır. Belə ki, Qaydaların tələbinə əsasən abonent elektrik sayğacından kənar elektrik enerjisindən istifadə etdiyi hallarda borcun hesablanması zamanıQaydaların 8.17-1-ci maddəsinə istinad edilməlidir. Hazırki iş üzrə məhkəmə akt əsasında hesablanmış borcun 3 aya(1/4) mütənasib hissəsini əsaslı hesab etmək barədə nəticəyə gəlsədə ümumi məbləğin 1/13-indən dahaaz hissəsini silinməmiş saxlamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”: Maddə 1.1 Abonent (əsas istehlakçı) - elektrik qurğuları enerji təchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerji təchizatı müəssisəsi ilə bağlayan istehlakçı; subabonent - elektrik qurğuları abonentinin (əsas istehlakçı) elektrik şəbəkələrinə qoşulmuş istehlakçı; məişət abonenti (əhali) isə, yaşayış binalarının mənzillərində, yataqxanalarda, xüsusi yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Maddə 1.4. Abonentin (əsas istehlakçının) şəbəkəsinə qoşulmuş istehlakçılar (subabonentlər), elektrik enerjisinin alqı-satqı müqaviləsini onunla bağlayırlar. Abonent ilə enerji təchizatı müəssisəsi arasında bağlanılmış elektrik enerjisinin alqı-satqı müqaviləsində və bu müqaviləyə əlavədə onun şəbəkəsinə qoşulmuş subabonentlər haqqında məlumatlar, o cümlədən idarənin adı, elektrik enerjisi istehlakı, hesablaşma elektrik sayğacları, tarif və digər məlumatlar göstərilir. Maddə 6.3. Dövlət enerji nəzarətinin həyata keçirilməsi dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisələrini, müstəqil enerji istehsalçılarını, istehlakçıları onların və ya tabeliklərindəki struktur bölmələrinin sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarətdən azad etmir və onlar “Elektrik qurğularının quraşdırılması qaydaları”na, “Elektrik qurğularının texniki istismar qaydaları”na, “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”na, bu Qaydalara və digər normativ sənədlərə əməl olunmasına görə cavabdehlik daşıyırlar. Maddə 7.6. Enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Maddə 7.13. Məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Maddə 8.17. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Maddə 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Maddə 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur Maddə 8.33. Məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın rədd edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Başqa sözlə, elektrik enerjisi üçün tələb olunan borcun real, həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğu sübuta yetirilməlidir. Bu halda sübutetmə yükü enerji təchizatçısının, yəni borcu hesablamış təşkilat olan "xxxx" ASC-nin üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş enerjiyə görə hesablanmış borc olduğunu sübuta yetirilməlidir.
19. Kollegiya hesab edir ki, iddiaçıya hesablanmış borc baxımından cavabdeh bunu sübut edə bilməmişdir, əksinə, işdəki sənədlər sözügedən borcun həqiqətən yaranmasını ciddi şübhə altına alır. Bu baxımdan birinci instansiya məhkəməsinin gəldiyi qənaəti məhkəmə əsaslı hesab edir.
20. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”-nın 8.17-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla, pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır.
21. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
22. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(001)- 1420/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(001)- 1420/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.