Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4199/2024 03.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X4 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1412/2023 nömrəli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, həyat yoldaşı X1 21 fevral 2020-ci ildə ölümü ilə bağlı baş vermiş sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 1412/2023 nömrəli qətnaməsi ilə (hakim N.T.Tağıyeva) iddia təmin edilməmişdir.
3. Həmin qətnamədən Maraqlı şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir.
4. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 1412/2023 nömrəli qərardadı ilə (hakim N.T.Tağıyeva) Maraqlı şəxs nümayəndəsi X2 Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1412/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
5. Maraqlı şəxs həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir.
6. Şikayət onunla əsaslandırılmışdır ki, işdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin statusunun səciyyəvi əlamətləri aşağıdakılardır: - onun məhkəmədə baxılan işə tərəf qismində cəlb edilməməsi; - iş üzrə qəbul edilmiş məhkəmə qərarının onun hüquqlarına və qanuni maraqlarına toxunması; - öz hüquqlarının və qanuni maraqlarının müdafiəsində həm maddi, həm də prosessual marağının olması. İşə cəlb edilməyən şəxsin prosessual fəaliyyəti onun iştirakı olmadan qəbul edilmiş məhkəmə qərarı ilə pozulmuş hüquqlarının bərpa edilməsi məqsədinə xidmət edir. Hər bir halda işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin həmin aktlardan verdikləri şikayətdə (müraciətdə) qəbul edilən qətnamə ilə onların hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunması əsaslandırılmalıdır.
7. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
8. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
9. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1412/2023 nömrəli qərardadı ləğv edilməli və mülki iş, apellyasiya şikayəti ilə bağlı aşağıda göstərilən prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir.
12. Kollegiya qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsindən tərəflər və üçüncü şəxslərlə yanaşı, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də verə bilərlər. Qətnamədən apellyasiya şikayəti vermək istəyən və işdə iştirak etməyə cəlb edilməyən şəxs mütləq qaydada qəbul olunmuş məhkəmə aktının onun hansı hüquq və vəzifələrinə toxunduğu hallarla bağlı konkret sübutlar verməli və bunu əsaslandırmalıdır.
13. Birinci instansiya məhkəməsi isə öz növbəsində qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalı və bunun nəticəsinə dair qərardad qəbul etməlidir.
14. Lakin birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin bu tələblərinə əməl etməmiş, apellyasiya şikayətinin qaytarılması barədə öz qərardadını belə əsaslandırmışdır ki, Maraqlı şəxs iş üzrə maraqlı şəxs qismində cəlb edilmədən və bununla bağlı ərizə ilə məhkəməyə müraciət etmədən apellyasiya şikayəti vermişdir.
15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 1412/2023 nömrəli qərardadı ləğv edilsin və mülki iş, Maraqlı şəxs apellyasiya şikayəti ilə bağlı qərardadda göstərilən prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Hakimlər: