Məhkəmə qərarları › İş №2(103)-420/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-420/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-420/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxx” MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” MMC Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2014-cü il tarixli AL-00089 saylı lizinq müqaviləsinin ləğv edilməsi, cavabdehdən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 4122,11 manat əsas borcun, 1733,49 manat mükafat məbləğinin, 705,99 manat dəbbə pulunun, cəmi 9561,59 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, “xxxxxxxxx” MMC ilə X4 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli AL-00089 saylı daxili lizinq müqaviləsinə əsasən, Rüfət İsmayılovun sifarişi ilə 2013-cü il buraxılışlı “Runna Rana” markalı Az ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil 9300 manat məbləğinə “xxxxxxxxx” MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Müqavilənin tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən X4 illik 17% hesablanmaqla 48 ay müddətinə hər ay 269 manat olmaqla ümumilikdə 12875 manat məbləğində pulu “xxxxxxxxx” MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan 12875 manat pulun 9300 manatını əsas məbləğ təşkil edir. xx xxxxxx 2014-cü il tarixdə X4, Cavabdeh və “xxxxxxxxx” MMC arasında “Öhdəliklərin ötürülməsi haqqında” AL-89(1) saylı müqavilə bağlanmış və xx xxxxxx 2014-cü il tarixli AL-00089 saylı daxili lizinq müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. “xxxxxxxxx” MMC-yə mülkiyyət hüququ əsasında məxsus olan və Cavabdeh müvəqqəti istifadəsinə verilmiş “Runna Rana” markalı Az ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxx 2017-ci il tarixdə lizinq şirkətinə qaytarılmışdır. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş xx xxxxxxx 2015-ci il tarixdə 270 manat məbləğində olmuşdur. Qeyd olunan lizinq müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixinə Cavabdeh 4122,11 manat əsas borcu, 1733,49 manat mükafat borcu və həmin günə hesablanmış 705,99 manat dəbbə pulu borcu olmaqla cəmi 9561,59 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi, öhdəliklərin ötürülməsi haqqında müqavilə və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(011)- 9872/2017 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, müqavilə ləğv edilmiş, cavabdehdən 4122,11 manat əsas borc, 1733,49 manat mükafat məbləği, 100 manat dəbbə pulu olmaqla, cəmi 5955,60 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və onun xeyrinə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, lizinq obyekti olan avtomaşın 2015-ci ilin noyabr ayında qəzaya uğramışdır. 2016-cı ilin fevral ayında avtomobil təmirdən çıxdıqdan sonra bank işçiləri avtomobili onun əlindən zorla almışlar. Daha sonra o, banka gəlmiş, pulu ödəyərək avtomobili götürmək istəsə də, belə bir maşının olmadığını bildirmişlər. 2016-cı ilin sentyabr ayında o həmin avtomobili Ağsu rayonunda tapmış, Ağsu Rayon Polis Şöbəsinə müraciət edərək avtomobilin ona məxsus olmasını və avtomaşının qanunsuz sürüldüyünü bildirmişdir. Bir həftədən sonra Ağsu RPŞ-dən ona bildirmişlər ki, maşın bankın adınadır və ancaq bankın tələbi üzrə tədbir görülə bilər. 2018-ci ildə həmin avtomaşının Bakı-Qazax yolunda DYP postunda saxlanıldığını və bankın cərimə meydançasına yerləşdirildiyini eşitmiş, pul verib maşını cərimə meydançasından çıxartmaq istəsə də, ona bildirmişlər ki, maşın başqa bir şəxsə satılmışdır. Beləliklə, onun ümumilikdə 8000 manat məbləğində pul ödədiyi avtomaşın əlindən çıxmış, üstəlik lizinq şirkəti ondan əlavə pul tələb edir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ədalətsizdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ələkbər Bayramov apelyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərdi ki, Cavabdeh apelyasiya şikayətində göstərdikləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də o, məhkəmədən apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək göstərdi ki, lizinqə götürdüyü avtomobil 2015-ci ilin noyabr ayında qəzaya uğradıqdan sonra 2016-cı ilin fevral ayında bank avtomobili zorla onun əlindən almışdır. Buna görə də avtomobil onda olmadığı dövr üçün ondan lizinq obyektindən istifadəyə görə pul tutula bilməz. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə mükafat məbləği hissəsində dəyişdirilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sübutlardan görünür ki, iddiaçı “xxxxxxxxx” MMC ilə X4 arasında xx.xx.2014-cü il tarixdə AL-00089 saylı daxili lizinq müqaviləsi bağlanmış, “xxxxxxxxx” MMC-nin mülkiyyətində olan 12875 manat dəyərində “Runna Rana” markalı Az ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil 48 ay müddətinə illik 17% hesablanmaqla onun istifadəsinə və sahibliyinə verilmişdir. “xxxxxxxxx” MMC, X4 və Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli öhdəliklərin ötürülməsi haqqında müqaviləyə əsasən, Cavabdeh lizinq müqaviləsi üzrə öhdəlikləri üzərinə götürmüşdür. “xxxxxxxxx” MMC-nin verdiyi maliyyə arayışına əsasən, Cavabdeh “xxxxxxxxx” MMC-yə lizinq müqaviləsi üzrə xx xxxx 2017-ci il tarixinə 4122,11 manat əsas borcu, 1733,49 manat mükafat borcu, 705,99 manat dəbbə pulu borcu, cəmi 9561,59 manat məbləğində borcu yaranmışdır. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Cavabdeh apelyasiya şikayətində 2015-ci ilin noyabr ayında lizinq obyekti olan avtomobillə qəza keçirdiyini, 2016-cı ilin fevral ayında isə bank işçiləri tərəfindən həmin avtomaşının onun əlindən zorla alındığını, həmin vaxtdan etibarən avtomobilin onda olmadığını bildirmişdir. Şikayətin dəlillərinin yoxlanılması ilə əlaqədar Azərbaycan Respublikası DİN BDYPİ-yə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq verilmiş xx.xx.2020-ci il tarixli 3690- 1220 saylı məktubdan və məktubun qoşmasından görünür ki, “Runna Rana” markalı Az ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə “xxxxxxxxx” MMC-nin adına qeydiyyata alınmış, xx.xx.2018-ci il tarixdə həmin avtomobilin mülkiyyətçisi dəyişdirilmədən avtomobilə yeni Az ** PT *** dövlət qeydiyyat nişanı təhkim olunmuşdur. Məktubun qoşmasında avtomaşının “lizinq müqaviləsinə əsasən özgəninkiləşdirilməsin” qeydi yazılmışdır. Cavabdehin məhkəməyə təqdim etdiyi portaldan çıxarışdan görünür ki, Cavabdeh “Runna Rana” markalı Az ** PT *** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsi saxlamayıb yol nəqliyyat hadisəsi törətdiyinə görə xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində inzibati cərimə edilmiş, cərimə vaxtında ödənilmədiyinə görə 24 manat dəbbə pulu hesablanmış, cəmi 64 manat cərimə və dəbbə pulu ödənilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi Ağsu Rayon Polis Şöbəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, o, ** PT *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı xx.xx.2016-cı il tarixində Ağsu RPŞ-yə müraciət etmişdir. Məktubda Cavabdeh müraciətinin məzmunu qeyd olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(011)-1517/2016 saylı qərardadının surətindən görünür ki, iddiaçı “xxxxxxxxx” MMC Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan “Runna Rana” markalı Az ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin “xxxxxxxxx” MMC-yə qaytarılması, lizinq müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixinə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Beləliklə, Cavabdeh 2016-cı ilin fevral ayında lizinq obyekti olan “Runna Rana” markalı Az ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin bank işçiləri tərəfindən zorla onun əlindən alındığını bildirsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh avtomaşının hansı bankın işçiləri tərəfindən ondan zorla alınmasını göstərməmiş, avtomobil ondan zorla alındığı halda bu barədə hüquq mühafizə orqanlarına müraciət etməmiş, avtomobilin ondan həqiqətən götürülməsini təsdiq edən hər hansı bir sənədi (akt, protokol və s.) məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, avtomobil lizinq şirkətinin mülkiyyətində olduğu halda, lizinq müqaviləsinə hər hansı aidiyyəti olmayan bankın avtomobili ələ keçirməsi anlaşılan deyil. “xxxxxxxxx” MMC isə cavabdehin bu dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, məhz avtomobil “xxxxxxxxx” MMC-də olmadığına görə onlar 2016-cı ilin dekabr ayında lizinq müqaviləsindən irəli gələn digər tələblərlə yanaşı, lizinq obyekti olan avtomobilin geri qaytarılması barədə tələblə məhkəməyə müraciət etmişlər. Beləliklə, Cavabdeh lizinq obyekti olan avtomobilin 2016-cı ilin fevral ayında əlindən alındığını, x xxxx 2017-ci il tarixədək avtomobilin onda olmadığını sübuta yetirə bilməmişdir. Buna görə də o, öhdəliklərin ona ötürüldüyü xx xxxxxx 2014-cü il tarixdən avtomobilin lizinq şirkətinə qaytarıldığı x xxxx 2017-ci il tarixədək olan dövrdə lizinq müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən, kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər, bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Yenə həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Mülki Məcəllənin 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Apelyasiya qaydasında işə baxılarkən təyin edilib keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 1683 saylı rəyinə əsasən, xx xxxxxx 2014-cü il tarixli AL-00089 saylı lizinq müqaviləsi üzrə Cavabdeh “xxxxxxxxx” MMC-yə xx.xx.2015-ci il tarixə 249 manat əsas borcu, xx.xx.2016-cı il tarixə 620 manat əsas, 167 manat faiz borcu, xx.xx.2017-ci il tarixə 5218 manat əsas, 1218 manat faiz borcu vardır. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi ilə müəyyən edilən əsas borc məbləği iddia tələbinin həcmindən artıq olduğundan, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə uyğun olaraq tutulmalı olan məbləğ iddia tələbindən artıq ola bilməz. Buna görə də əsas borcun məbləği 4122,11 manat müəyyən edilməlidir. Faiz borcuna gəldikdə isə, AL-00089 saylı lizinq müqaviləsinə 3 saylı əlavədən görünür ki, həmin müqavilə üzrə 2017-ci ilin iyul ayına mükafatın məbləği 1154 manat təşkil edir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi mükafat məbləği hissəsində dəyişdirilməli, x xxxx 2017-ci il tarixə Cavabdeh “xxxxxxxxx” MMC-nin xeyrinə tutulmalı olan mükafatın məbləği 1154 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(011)- 9872/2017 saylı qətnaməsi cavabdehdən tutulmalı mükafat məbləği hissəsində dəyişdirilsin. Cavabdeh xx xxxxxx 2014-cü il tarixli AL-00089 saylı lizinq müqaviləsi üzrə 4122,11 manat əsas borc, 1154 manat mükafat məbləği, 100 manat dəbbə pulu olmaqla, cəmi 5376,11 manat pul tutularaq iddiaçı “xxxxxxxxx” MMC-yə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun 17 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilsin, qalan 13 manat pul iddiaçının özünə aid edilsin. Apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu cavabdehə aid edilsin. İş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə sərf olunmuş 150 manat pul Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar