Məhkəmə qərarları › İş №2(103)-4200/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4200/2023

24.07.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4200/2023 24.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evinin, hasarın, dəmir dirəklərin, dəmir lövhələrin və həmçinin dəmir metaldan ibarət darvazanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-393/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Şirvan-Bakı DŞ-500 mm-lik yerüstü magistral neft kəmərinin tikintisinə 1963-cü ildə başlanmış və xx.xx.1964-cü il tarixdə tikintisi başa çatdırılaraq istismara buraxılmışdır, kəmər İddiaçı balansındadır.

2. İddiaçı X5nün əməkdaşları tərəfindən tərtib olunmuş aktlara əsasən Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 3 Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 119-cu km-də, kəmərin mühafizə zonasında naməlum şəxsə aid, köhnədən inşa edilmiş içərisində yaşayış olan evin həyətyanı sahəsində artırma işlərinin aparılması müəyyən olunmuşdur. Ev sahibi X2 mühafizə zonası daxilində aparılan tikintiquraşdırma işlərinin qanunazidd olduğu izah edilmiş və müvafiq tədbirlər görülmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı Neft Kəmərləri İdarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 119-cu km-də, 39T 0399993; ******* saylı kordinatlar üzrə, kəmərə paralel olmaqla, 1-ci sırada, kəmərdən təqribən 7 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın, dəmir dirəklərin, dəmir lövhələrin və həmçinin dəmir metaldan ibarət darvazanın cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasına, ödənilmiş 100 manat dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 119-cu km-də, 39T 0399993; ******* saylı kordinatlar üzrə, kəmərə paralel olmaqla, 1-ci sırada, kəmərdən təqribən 7 metr aralı məsafədə, neft kəmərinin mühafizə zonasında, ünvan 1 ünvanında cavabdeh tərəfindən fərdi yaşayış evi, hasar tikilisi, dəmir dirəklər, dəmir lövhələr və həmçinin dəmir metaldan ibarət darvaza inşa edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neftqaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Ona görə də iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

5. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(001)- 6048/2022 nömrəli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7308 saylı rəyi ilə müəyyən olunmuşdur ki, 39T 0399993; ******* saylı koordinatlar üzrə kəmərə paralel olmaqla dəmir konstruksiyalardan inşa olunmuş hasarın və darvazanın Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərindən 8,0 metr, mişar daşından inşa olunmuş fərdi yaşayış evinin isə Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərindən 19 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edilmişdir.

7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 393/2023 nömrəli qətnaməsi ilə (hakim S.R.Səlimova) iddia tələbi təmin edilməmiş, iddiaçıdan ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulmuşdur.

8. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehin uzun müddət ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evi İddiaçı istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərindən 19 metr, iddiaçının sökülməsini tələb etdiyi hasar və dəmir darvaza 8 metr aralıda yerləşir. İddiaçı cavabdehin yaşadığı evin və iddia ərizəsində qeyd etdiyi digər tikililərin mühafizə zonasında inşa edilməsini iddia etsə də, Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin nə vaxt inşa edilməsini müəyyən edən hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçının özünün də tərtib etdiyi sənədlərdən cavabdehin yaşadığı evin köhnə ev olması müəyyən edilsə də, iddiaçı həmin tikililərin sökülməsi, yəni cavabdehin mühafizə zonasından çıxarılmasına dair iddia ərizəsi ilə yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

9. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının sökülməsini tələb etdiyi özbaşına tikililər cavabdehin və ailəsinin uzun müddət yaşayış yeri olduğundan, iddiaçı mühafizə zonasında tikililərin inşa edilməsinə uzun müddət etiraz etməməklə mühafizə zonasının yaşayış məntəqəsinə çevirilməsinə şərait yaratdıqdan sonra mübahisə predmeti olan tikililərin sökülməsi və cavabdehin həmin ərazidən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Ona görə də, məhkəmə iddia ərizəsinin cavabdehə kompensasiya təklif edilmədən təmin edilməsini qeyri-mümkün hesab edir. Belə ki, iddia ərizəsinin hazırkı vəziyyətdə təmin edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda istinad olunan Azərbaycana qarşı qərarına əsasən Konvensiyanın 8-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnəcəkdir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, 127-ci maddələrinə, Mülki Məcəlləsinin 180.1, 180.2, 180.4-cü maddələrinə, Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydalarının 6.2, 6.3, 6.4, 6.7-ci bəndlərinə, “Əhmədovanın Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə, İdarəyə qarşı birmənalı olaraq formal mövqe nümayiş etdirməklə mülki işə birtərəfli baxmış, iddiaçının təqdim etdiyi dəlillərə və sübutlara əhəmiyyət vermədən, yalnız cavabdehin hüquqlarını müdafiə xarakterli mövqeyi ilə çıxış edərək, mübahisəli tikili özbaşına tikili olduğu halda və yalnız cavabdehə İdarə tərəfindən kompensasiya ödənilməklə iddianın təmin edilməsinin mümkün olduğunu bildirmiş və bu əsasla da İdarənin qanuni iddiasını təmin etməmişdir. İddiaçı SOCAR-ın tərkibində yaradılmış İdarədir və özünün Nizamnaməsi əsasında fəaliyyət göstərir. İdarənin və ya Şirkətin cavabdehə hər hansı kompensasiya ödəmək öhdəliyi yoxdur. Bu kimi kompensasiyalar dövlət icra hakimiyyəti orqanları tərəfindən tənzimlənir. Şirkətin belə bir səlahiyyəti yoxdur. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsində torpaq sahəsi dövlət ehtiyacları üçün alındıqda yalnız torpaq sahəsinin mülkiyyətçisinə kompensasiyanın ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, iş üzrə cavabdehin torpağa dair heç bir mülkiyyət sənədi mövcud olmamışdır. Bu halda məhkəmə qətnaməsinə görə cavabdehə kompensasiya ödənilməsi absurdur. Birinci instansiya məhkəməsi həmçinin nəzərə almamışdır ki, mübahisəli qanunsuz torpaq üzərində tikili cavabdehin mülkiyyətində deyil, özbaşına tikililər inşa etməsi ilə İdarəyə dövlət tərəfindən verilmiş hüquq və təminatlar pozulmuş və eyni zamanda neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqaladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətir və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. İnşa edilən tikili həm cavabdehin, həm də digər şəxslərin həyat və sağlamlığı üçün olduqca təhlükəlidir. Bu halda heç bir hüquqi tənzimləmə qaydasından söhbət gedə bilməz. Bundan əlavə, Cavabdeh dəfələrlə xəbərdar edilmişdir. Bu barədə yerində aktlar tərtib olunmuşdur. Ekspert rəyi ilə tikililərin kəmərin mühafizə zolağının daxilinə düşdüyü müəyyən edilmişdir. Daha sonra müəyyən olunur ki, mülki iş materiallarında mübahisə predmeti olan tikiliyə dair müvafiq icra orqanları tərəfindən təsdiq edilməli olan layihə sənədlərinin olmadığını nəzərə alaraq həmin fərdi yaşayış evinin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikniti Məcəlləsinin 75-ci maddəsinin tələbləri də pozulmuşdur. Mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi məlum neft kəmərləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş və ölkədə neft əməliyyatlarının aparılması məqsədilə Şirkətin qanuni istifadəsindədir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

15. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

16. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, 23 ildir ki, Azərbaycanda deyil, Ukraynada yaşamış, müharibə olduğu üçün geri qayıtmışdır. Ev atası tərəfindən 2002-ci ildən sonra tikilmişdir. Atası xərçəng xəstəsi idi və 9 il əvvəl vəfat etmişdir. Evi yaşamaq üçün tikmiş, lakin sonra Tovuza qayıtmışdır. Evin kommunal xidmətləri anasının adınadır. Ev tikiləndə orada neft kəmərinin olub-olmaması barədə məlumatı yoxdur. Torpağa dair bələdiyyə sənədi olmalıdır, lakin sənədi tapa bilmədiyi üçün təqdim edə bilmir. Mübahisəli ərazidə qonşuluqda başqa evlər də mövcuddur.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Maddə 46. Dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

19. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydaları Bənd 6.2. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Bənd 6.3. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Bəndə 6.7 “a”. Boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağandır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırki işdə iddia tələbi rədd edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

24. İddiaçının tələbi kəmərin mühafizə zonasında aparılmış tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədədir.

25. Məkhəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin edilməməsi ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır.

26. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7308 saylı rəyi ilə 39T 0399993; ******* saylı koordinatlar üzrə kəmərə paralel olmaqla dəmir konstruksiyalardan inşa olunmuş hasarın və darvazanın Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərindən 8,0 metr, mişar daşından inşa olunmuş fərdi yaşayış evinin isə Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərindən 19 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən edilmişdir.

27. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafihə zonası boru kəmərləri oxunun hər tərəfidən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır.

28. Cavabdehin qeyd edilən torpaq sahəsinə və inşa edilən tikiliyə dair hər hansı hüquq müəyyənedici sənədi yoxdur.

29. Cavabdeh heç bir hüquqa əsaslanmadan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin qanuni sahibliyində olan torpaq sahəsində mövcud olan tikiliyə əlavə özbaşına tikinti işləri aparmaqla sonuncunun sahiblikdən irəli gələn hüququnu pozmuşdur. Həmin tikili həm İddiaçı razılığı, həm qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edildiyindən və statusuna görə özbaşına hesab olunduğundan iddiaçı “mübahisəli tikilinin sökülməsi” tələbini irəli sürməkdə haqlıdır və iddia tələbi təmin olunmalıdır.

30. Apellyasiya icraatı zamanı elektron kabinet vasitəsilə təqdim olunmuş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin “Şirvan-Bakı Dş- 500 mm magistral neft kəməri haqqında” arayışından görünür ki, uzunluğu 134.276 km olan Şirvan-Bakı Dş-500 mm-lik (şərti diametri 500 mm-dir) yerüstü magistral neft kəmərinin tikintisinə 1963-cü ildə başlanılmış və xx.xx.1964-cü ildə tikintisi başa çatdırılaraq istismara buraxılmışdır. Neft kəməri hal-hazırda işlək vəziyyətdədir və X5 tərəfindən istismar olunur. Neft kəməri 1964-cü ildən bu günə kimi tikildiyi marşrut üzrə yerləşir və İddiaçı balansındadır.

31. Göründüyü kimi, qeyd olunan ərazidəki neft kəmərləri 1964-cü ildən mövcud olmuş, cavabdeh isə evin atası tərəfindən 2002-ci ildən sonra tikildiyini bildirmişdir. Beləliklə, mübahisəli tikili Neft kəmərlərinin istismara verilməsindən uzun müddət sonra tikilmiş, cavabdeh isə atasından qalan həmin evi qəbul etmiş və hazırda da orada yaşayır.

32. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki,“...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev mülki qanunvericiliyin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”.

33. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”.

34. Bundan əlavə, Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur (bax: L.C.B. Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə 9 iyun 1998-ci il tarixli qərara; Kalvelli və Çiqlio İtaliyaya qarşı; Eriksson İtaliyaya qarşı, 26 oktyabr 1999; Leri və başqaları Fransaya qarşı, 16 yanvar 2001).”

35. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, neft kəməri yüksək təhlükə mənbəyi olduğundan, kəmərdə hər an insanların həyatı və sağlamlığı üçün təhlükəli olan yanğın, partlayış və digər fövqəladə halların baş verməsi riski vardır. Dövlət isə bunun qarşısını almaq üçün müvafiq tədbirlər görməlidir. Məhz bu səbəbdən də qanunvericiliklə neft kəmərinin mühafizə zonaları müəyyən edilmişdir ki, həmin zonada tikinti işlərinin aparılması qadağandır.

36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-393/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.2, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 393/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilsin. İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 119-cu km-də, 39T 0399993; ******* saylı koordinatlar üzrə neft kəmərinin mühafizə zonasında, ünvan 2 ünvanında inşa edilmiş fərdi yaşayış evi, hasar, dəmir dirəklər, dəmir lövhələr və həmçinin dəmir metaldan ibarət darvaza Cavabdeh hesabına sökülərək ərazidən çıxarılsın. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçınə ödənilsin. İş üzrə keçirilmiş tikinti-texniki ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində vəsait Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar