Məhkəmə qərarları › İş №2(103)-4202/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4202/2021

02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4202/2021 02.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəbbət oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-1833/2021 saylı iş üzrə qəbul etdiyi 04 mart 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.09.2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********93781 olan Samsung Galaxy A50 markalı telefon üçün 728 manat ödənilməmiş hissə, 187 manat dəbbə; 05.11.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********75926 olan Samsung Galaxy A50 markalı telefon üçün 589 manat ödənilməmiş hissə, 177 manat dəbbə; 27.11.2019-cu il tarixli müqavilə üzrə X3 üçün 429 manat ödənilməmiş hissə, 129 manat dəbbə; 20.01.2020ci il tarixli müqavilə üzrə LG Led TV üçün 1016.40 manat ödənilməmiş hissə, 302 manat dəbbə; ümumilikdə 3557.40 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3587.40 manat Cavabdeh alınaraq «xxxx» MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, «xxxx» MMC ilə 02.09.2019-cu il, 05.11.2019-cu il, 27.11.2019-cu il və 20.01.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********93781 və İMEİ kodu **********75926 olan 2 ədəd Samsung Galaxy A50 markalı telefon, X3 və LG Led TV almış və nəticədə 3557.40 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 02.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 936 manat (18 ay x 52 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********93781 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 915 manat olmaqla ondan, 728 manat ödənilməmiş hissə, 187 manat dəbbə; 05.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 857 manat (12 ay x 59 manat + 149 manat ilkin ödəniş) İMEİ kodu **********75926 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə, 766 manat olmaqla ondan, 589 manat ödənilməmiş hissə, 177 manat dəbbə; 27.11.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 516 manat (12 ay x 43 manat + 0 manat ilkin ödəniş) X3 üçün ümumilikdə, 558 manat olmaqla ondan, 429 manat ödənilməmiş hissə, 129 manat dəbbə; 20.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1016.40 manat (12 ay x 84.7 manat + 0 manat ilkin ödəniş) LG Led TV üçün ümumilikdə, 1318.40 manat olmaqla ondan, 1016.40 manat ödənilməmiş hissə, 302 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 563 manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-1833/2021 saylı iş üzrə qəbul etdiyi 04 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 02.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********93781 olan Samsung Galaxy A50 markalı telefon üçün 728 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, ümumilikdə 778 manatın; 05.11.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********75926 olan Samsung Galaxy A50 markalı telefon üçün 589 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, ümumilikdə 639 manatın; 27.11.2019-cu il tarixli müqaviləyə əsasən X3 üçün 429 manat ödənilməmiş hissə, 40 manat dəbbə pulu, ümumilikdə 469 manatın; 20.01.2020-ci il tarixli müqaviləyə əsasən LG Led TV üçün 1016 manat 40 qəpik ödənilməmiş hissə, 100 manat dəbbə pulu, ümumilikdə 1116,40 manat; cəmi 3002,40 man məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilərək, borcun qrafikinə uyğun olaraq ondan hissə-hissə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ölkədə pandemiya vəziyyəti ilə əlaqədər olaraq gəlirləri xeyli azalmış və bu səbəbdən iddiaçıya olan borcunu ödəyə bilməmiş, birinci instansiya məhkəməsi isə bu halı nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-nin 372.6-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə qətnamədən cavabdeh apellyasiya şikayəti verdiyindən, iddiaçı qətnaməni mübahisələndirmədiyindən Kollegiya qətnamənin əsaslılığını iddianın təmin olunmuş hissəsində yoxlayır. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşin müəyyən edilmiş hallarına əsasən Cavabdeh ilə «xxxx» MMC arasında bağlanmış 02.09.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı alqı-satqı qiyməti 936 manat, İMEİ Kodu **********93781 olan Samsung Galaxy A50 markalı telefonu nisyə satmış, alıcı həmin məbləği hər ay 52 manat ödəmək şərti ilə 18 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 05.11.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı alqı-satqı qiyməti 857 manat, İMEİ kodu **********75926 olan Samsung Galaxy A50 markalı telefonu nisyə satmış, alıcı həmin məbləği hər ay 59 manat (ilkin ödəniş 149 manat olmaqla) ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 27.11.2019-cu il tarixli müqaviləyə əsasən, iddiaçı alqı-satqı qiyməti 516 manat olan X3-ni nisyə satmış, alıcı həmin məbləği hər ay 43 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. 20.01.2020-ci il tarixli müqaviləyə əsasən, iddiaçı alqı-satqı qiyməti 1016.40 manat, LG Led TV-ni nisyə satmış, alıcı həmin məbləği hər ay 84.70 manat ödəmək şərti ilə 12 ay müddətinə ödəməyi öz üzərinə götürmüşdür. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 563 manat təşkil edir. Cavabdehə borcun ödənilməsinə dair dəfələrlə şifahi xəbərdarlıq edilmiş, həmçinin poçt vasitəsi ilə ona rəsmi qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh xəbərdarlıqlara məhəl qoymaraq müqavilə üzrə yaranmış borcunu ödəməkdən yayınmışdır. Birinci instansiya məhkəməsi cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilmiş, buna görə də tərəflər arasında bağlanmış müqaviləyə əsasən ödənilməli olan məbləği cavabdehdən tutmuşdur. Kollegiya mübahisələndirilən hissədə məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə müvafiq olaraq alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (maddə 600.1). Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (maddə 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Rayon Məhkəməsi kreditorun əmlak və digər mənafelərini nəzərə alaraq iddiaçının pul tələbini dəbbə pulu hissəsində azaltmaqla əsaslı nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, borcalanın maddi vəziyyətinin pisləşmiş olması iddiaçı qarşısında yaranmış öhdəliklərindən onu azad etmir; borcun hissə-hissə ödənilməsinə icazə verilməsi məsələsinə isə müvafiq müraciət olduğu təqdirdə səlahiyyətli məhkəmə tərəfindən baxıla bilər. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlmiş, qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Мəhkəməsinin 2(004)-1833/2021 saylı iş üzrə qəbul etdiyi 04 mart 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar