Məhkəmə qərarları › İş №2(103)-4205/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4205/2020

23.07.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4205/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Tağızadə Mirzə Nəsib oğlu və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi, vərəsəlik payının bağışlama müqaviləsinin ləğv edilməsi, mirasın miras qoyanın sağlığında olduğu kimi bölünməsi” tələbinə dairiddiası üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qəbul etdiyi 2(010)-5314/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi, vərəsəlik payının bağışlama müqaviləsinin ləğv edilməsi, mirasın miras qoyanın sağlığında olduğu kimi bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqi nəticələrin etibarsız hesab edilməsi, vərəsəlik payının bağışlanma müqaviləsinin ləğv edilməsi, mirasın miras qoyanın sağlığında olduğu kimi bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X2 ölümündən çox əvvəl 1988-ci ildən anasının razılığı əsasında anasına məxsus 0.3172 ha torpaq sahəsi onunla cavabdeh arasında bölünmüş və hər ikisinin sərhədləri müəyyənləşdirilmişdir. Onun istifadəsində olan torpaq sahəsində o, istixana quraraq istifadə etmişdir. Cavabdeh isə mirasdan özünə çatan torpaqdan istifadə etmişdir. Anası xx.xx.2004-cu il tarixdə vəfat etmişdir. Anasından qalan miras barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün o və Cavabdeh xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Hövsan qəsəbəsində yerləşən Maraqlı şəxs2nə müraciət etmişlər. Notariat ofisi tərəfindən verilmiş şəhadətnamə ilə hər birinə mirasın 1/2 hissəsi pay müəyyən edilmişdir. O və Cavabdeh paylarının real vəziyyətini bildikləri üçün vərəsəlik yolu ilə ona çatası paydan imtina edərək öz payını qardaşı Cavabdeh bağışlamışdır. O, xx.xx.2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 59A saylı ünvanda yerləşən daşınmaz əmlakın bölgü sxeminin tərtib edilməsini xahiş etmişdir. Ərizəsinə əsasən daşınmaz əmlakın bölünməsinə dair tərtib olunmuş bölgü sxemi ona verilmişdir. Həmin sxem əsasında daşınmaz əmlakın qeydiyyata alınması üçün o, cavabdehlə razılığa gələ bilməmişdir. O, həmin zaman bilmişdir ki, qardaşı tərəfindən aldadılmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. O və cavabdeh mirasın ayrılıqda öz istifadələrində olan hissəsinə sahiblənməklə mirası faktiki olaraq qəbul etmişlər. Bölgü sxemində göstərildiyi kimi, torpaq sahəsinin 2106,0 kv.m. hissəsi onun, 1066,0 kv.m. hissəsi isə cavabdehin istifadəsində olmuşdur. O, anası vəfat edən vaxta qədər anasının yanında yaşamışdır. Bölgü anasının sağlığında aparılmış və qardaşı Cavabdeh ilə həmin sahə ilə bağlı heç bir mübahisələri olmamışdır. Əlavə olaraq bildirmişdir ki, qardaşı Cavabdeh ailəsi münaqişəli ailədir. O, qardaşına hər zaman inanmışdır. Lakin qardaşı Cavabdeh onu aldadaraq miras əmlakın ona düşən hissəsinin bağışlanması barədə sənədlərə imza etdirmişdir. O, sənədləri imzalayarkan öz payını Cavabdeh bağışladığından xəbərsiz olmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5314/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi, vərəsəlik payının bağışlama müqaviləsinin ləğv edilməsi, mirasın miras qoyanın sağlığında olduğu kimi bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədən yerli baxış keçirilməsini xahiş etsə də, heç bir yerli baxış keçirilməmişdir. Əgər cavabdehin dediyi kimi, keçmiş həyat yoldaşı Gözəlova Təranəni evdən çıxarmaq niyyəti ilə bağışlama olubsa, onda cavabdehin payı artırılmalı yox, azadılmalı idi. Göründüyü kimi, bağışlama müqaviləsi cavab xidməti ilə şərtəndirilib. Qətnamə MPM-nin tələblərinin pozulması ilə çıxarılmış, iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar tam araşdırılmamışdır. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması son olaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxslər DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və Maraqlı şəxs2 nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İşdə iştirak edən şəxslər hazırki işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələbinə görə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək bildirmişdir ki, anaları vəfat etdikdən sonra bölgü sxemində göstərilən qaydada sahələr qardaşı ilə onun istifadəsində (hər biri üçün göstərilən kv.m. miqdarında) olmuş, lakin vərəsəlik şəhadətnaməsi veriləndə hər ikisinin payı miras əmlakda bərabər şəkildə göstərilmiş, sonradan o, öz payını qardaşına bağışlamaq qərarına gəlmiş və bu barədə notariusda müqavilə imzalamışdır, həmin müqavilənin mahiyyətini başa düşməmiş, sonradan bilmişdir ki, qardaşı onu aldatmış və nəticədə anasının sağlığında onun istifadəsində olmuş miqdarda deyil, daha az, yəni vərəsəlik şəhadətnaməsinə əsasən onun 1/2 payı olmuşdur. Halbuki şəhadətnamə onlara bölgü sxeminə uyğun verilməli idi. Bununla bağlı iddiaçı apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək ona istinad etmişdir ki, iddiaçının iddiası əsassız olmuşdur. Belə ki, analarının sağlığında da elə onlar bərabər paylarda torpaqdan istifadə etmişlər. Anaları vəfat etdikdən sonra torpağı sənədləşdirmək istəmişlər və buna görə də notariusa getmişlər. Notarius tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş və onların hər birinin miras əmlak üzərində bərabər payları müəyyən olunmuşdur. Bundan sonra qardaşı iddiaçı öz payını ona bağışlamış, bunun da nəticələri notarius tərəfindən ona izah olunmuşdu. Odur ki, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və bağışlama müqaviləsinin ləğvi üçün heç bir əsas yoxdur. Bununla bağlı cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin faktiki hallarına görə, iddiaçı və cavabdehin anası X3 xx.xx.2004-cü ildə 80 yaşında vəfat etmiş, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dənizkənarı küçəsi, 59A saylı torpaq sahəsi ondan miras qalmışdır. Bundan sonra İddiaçı və Cavabdeh notariat ofisinə gedərək ataları X1 qalan miras əmlakı qəbul etmişlər və xx.xx.2019-cu il tarixdə həmin əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsi almışlar. Həmin şəhadətnaməyə əsasən iddiaçı və cavabdeh xx.xx.2004-cü il tarixdə ölmüş anaları X2 vərəsələri olaraq, hər biri miras əmlakdan ½ hissədə pay almalıdırlar. xx.xx.2019-cu il tarixdə İddiaçı ona çatan ½ hissədə miras əmlakını qardaşı Cavabdeh bağışlamış və bu barədə müvafiq bağışlanma müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, qardaşı olan cavabdeh tərəfindən aldadıldığına, belə ki, miras qalmış torpaq sahəsinin analarının sağlığında olan qaydada bölünməli olmasına baxmayaraq həmin bölgü sxemi ilə cavabdehin razılaşmadığına, öz payını cavabdehə bağışlamasının mahiyyətini başa düşmədiyinə istinad edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqi nəticələrinin etibarsız hesab edilməsini, vərəsəlik payının bağışlanma müqaviləsinin ləğv edilməsini, mirasın miras qoyanın sağlığında olduğu kimi bölünməsini xahiş edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının iddiasının əsassız olduğu üçün onun rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı və cavabdeh analarının vəfatından sonra miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş, sonradan iddiaçı həmin miras əmlakdan ona düşən payı (miras əmlakın ½ hissəsini) qardaşı cavabdehə bağışlamaq qərarına gəlmiş və bu barədə notariat orqanında müvafiq bağışlama müqaviləsi də imzalamışdır. Lakin hazırda vərəsəlik şəhadətnaməsi və onun hüquqi nəticələrinin etibarsızlığını və bağışlama müqaviləsinin ləğvini tələb etsə də, bu tələblərini kifayət qədər əsaslandıran sübutları məhkəməyə təqdim etməli olduğu halda, bu vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun (1136). Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar (1159.1). Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə) əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə bə ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (maddə 1243.1, 1243.2, 1243.3, 1246). Qanunun mənasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə xx xxxx 2014-cü il tarixli qərarı). İş materiallarından müəyyən olunur ki, iddiaçı və cavabdeh miras əmlakı faktiki qəbul edərək bu barədə notariat orqanına müraciət etmişlər və onlara miras əmlaka bərabər paylarının olmasına dair vərəsəlik şəhadətnaməsi verilmişdir, bunlar işin mübahisələndirilməyən hallarıdır. İddiaçının dəlilinə görə, o və qardaşı cavabdeh analarının sağlığında mübahisəli torpaq sahəsindən bərabər hissədə deyil, 2106 kv.m. onun, 1066 kv.m. isə cavabdehdə olmaqla istifadə etmişlər, lakin vərəsəlik şəhadətnaməsinə əsasən onların miras əmlakda payları bərabər şəkildə müəyyən olunmuşdur. Sonradan bölgü sxemi tərtib olunsa da, cavabdeh bu bölgü ilə razılaşmadığı üçün iddiaçı hazırki iddianı verməyə məcbur olmuşdur. Bu barədə Kollegiya qeyd edir ki, iddiaçı və cavabdeh mirasın bir hissəsinə (yəni iddiaçının dediyinə görə 2106 kv.m. onun, 1066 kv.m. isə qardaşının istifadəsində olub) sahiblik etməyə faktiki başlamaqla onlar mülki qanunvericiliyin tələbinə görə (maddə 1243.3) mirası tamamilə qəbul etmişlər. Buna görə də onlara verilmiş vərəsəlik şəhadətnaməsinə əsasən miras əmlakda payları düzgün olaraq bərabər şəkildə müəyyən olunmuşdur. İddiaçının qeyd etdiyi dəlillər, o cümlədən bölgü sxemi həmin vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi üçün əsas vermir. Belə olan halda vərəsəlik şəhadətnaməsinin hüquqi nəticələrinin də etibarsız hesab edilməsi ilə bağlı tələb də əsassızdır və təmin olunmamalıdır. Kollegiya onu da nəzərə alır ki, iddiaçı vərəsəlik şəhadətnaməsinin hüquqi nəticələrinin etibarsızlığını tələb edərkən həmin hüquqi nəticələrin məhz nədən ibarət olduğunu və hansı sənədləri nəzərdə tutduğunu konkret olaraq göstərməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının “vərəsəlik payının bağışlama müqaviləsinin ləğv edilməsi” barədə tələbinə münasibətdə qeyd olunmalıdır ki, iddiaçının bu tələbi də əsassız olduğu üçün təmin edilə bilməz. Belə ki, əvvəla Azərbaycan Respublikası MM-nin 666.1.-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Hazırki işdə iddiaçı bağışlamaqdan imtinanı onun aldadılması və müqavilənin mahiyyətini başa düşməməsi ilə əsaslandırır. Həmin Məcəllənin 673-cü maddəsinə əsasən hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 673.2. Hədiyyə verən bağışlamaq barəsində verdiyi vədi aşağıdakı hallarda ləğv edə və onun icrasından imtina edə bilər: 673.2.1. bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; 673.2.2. vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; 673.2.3. vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda. 673.3. İmtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Hədiyyə verənin həmin ilin sonunadək öldüyü halda imtina hüququ qalan müddət üçün onun vərəsələrinə keçir. Əgər hədiyyə alan hədiyyə verəni qəsdən öldürmüşsə və ya bağışlamanı ləğv etməkdə ona mane olmuşsa, hədiyyə verənin vərəsələri bağışlamaqdan imtina edə bilərlər. 673.4. Bağışlamaqdan imtina edildikdə hədiyyə alan, əgər bağışlanmış predmet onun mülkiyyətindədirsə, hədiyyəni qaytarmağa borcludur. Göründüyü kimi, hazırki işdə bağışlama müqaviləsinin ləğvi ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyildir və bu barədə hər hansı sübutu iddiaçı nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. İddiaçının “qardaşı tərəfindən aldadıldığı” ilə bağlı dəlilinə münasibətdə isə qeyd olunmalıdır ki, iddiaçı bu aldadılmanın nədə ifadə olunduğunu göstərə bilməmişdir. O ki qaldı iddiaçının “bağışlama müqaviləsinin mahiyyətini başa düşməməsi” ilə bağlı dəlilinə, nəzərə alınmalıdır ki, qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli şəhadətnamə kimi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli vərəsəlik payının bağışlanması müqaviləsi də notariat qaydada notariusun iştirakı ilə bağlanmış və həmin müqavilədə “müqavilə tərəflərinə onların hüququ və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir” qeydi aparılmışdır ki, bu da sözügedən müqavilənin hüquqi nəticələrinin notarius tərəfindən müqavilə tərəflərinə izah olunmasına dəlalət edir. Odur ki, iş üzrə bağışlama müqaviləsinin ləğvi ilə bağlı tələb də əsassız olduğundan təmin edilə bilməz. Mülki Məcəlləyə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2.-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (324.1, 324.2, 337.1, 337.2). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “vərəsəlik şəhadətnaməsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsinin ləğv edilməsi” barədə tələblərinin təmin edilməməsi onun “mirasın miras qoyanın sağlığında olduğu kimi bölünməsi” barədə tələbinin də təmin olunmasını istisna edir. Belə olan halda iddiaçının sonuncu tələbi əsas iddia tələblərinə əlavə tələb olduğundan və əsas iddia tələblərinin təmin olunmaması səbəbindən rədd edilməlidir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər formal mülahizələrdən ibarət olub, MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas yaratmadığından təmin olunmamalı, bununla da qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-5314/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 10 (on) dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Ülvi Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar