Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4205/2025 30.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1481/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh tərəfindən tərtib olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı tərtib olunan aktlar üzrə qaz sərfiyyatına görə borcu 4250 manat təşkil edir.
2. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, cəmi 35424 m3 dəymiş ziyan həcmi hesablanmışdır.
3. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktın surətindən müəyyən olunur ki, baxış keçirilən zaman mənzildəki qaz sayğacında kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuş və dəymiş ziyanın hesablanması və ödənilməsi qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən, **********00709 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 4250 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ARDNŞ Cavabdeh əməkdaşları ona heç bir rəsmi xəbərdarlıq etmədən və iştirakını təmin etmədən halhazırda yaşadığı evə quraşdırılmış fərdi yaşayış evinə gələrək baxış keçirmiş və xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib etmişlər. Aktın qeyd hissəsində isə bildirmişlər ki, guya mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edilir. Qeyd edilən akt həyat yoldaşı X4 yazılmışdır. O və həyat yoldaşı qeyd edilənlərdən tamamilə xəbərsiz olmuşlar. Qeyd edilən problemin araşdırılması məqsədilə “X5”nə müraciət edilmiş və ******* nömrəli akt, dəymiş ziyanın bərpasına dair tələbnamə, abonentin saldosu rəsmi qaydada götürülmüşdür. Yekun olaraq məlum olmuşdur ki, o, İddiaçı 4250 manat cərimə edilmişdir. Halbuki təbii qazdan qeyri-qanuni istifadə edilməmişdir. Ona təqdim edilmiş sənədlərə əlavə olaraq fotoşəkillər də əlavə edilmiş və bildirilmişdir ki, təbii qazdan qanunsuz istifadə halı qeyd edilən fotoşəkillərdə öz əksini tapır. Məhkəmənin nəzərinə çatdırır ki, qeyd edilən fotoşəkilin onun yaşadığı fərdi yaşayış evinə heç bir aidiyyatı yoxdur. Ona məxsus olan sayğac və qaz xətti isə tamamilə fərqli yerdədir. Əlavə olaraq, abonentin saldosundan da göründüyü kimi, onun təbii qazdan qeyri-qanuni istifadə etməsinə ehtiyac da yoxdur. O yaşadığı fərdi yaşayış evində təbii qazdan həcmcə böyük avadanlıq və ya avadanlıqlar işlətmir. Ümumiyyətlə onun təbii qazdan qeyri-qanuni istifadə etməyi də absurddur. Barəsində tətbiq edilmiş cərimənin və hesablanmış borcun qanunsuz və əsassız olduğunu bilir. ARDNŞ Cavabdeh əməkdaşları baxış keçirən zaman qeyd edilən halın mövcudluğunu yerində aydınlaşdırılması üçün onların iştirakını təmin etməli idi. Eyni zamanda, bu cür qanunsuz aktların yazılması, vətəndaşlara əsassız cərimələrin tətbiq edilməsi halları ərazidə ilk dəfə deyildir. Bu cür hallar(qanunsuz aktların yazılması, sayğaclar sökülən zaman sayğaclarla ehtiyatsız davranılması nəticəsində sayğaclarda problemlərin yaranması və bunda vətəndaşların təqsirli bilinməsi və s) dəfələrlə təkrarlanmış və vətəndaşlara tətbiq edilmiş qanunsuz və əsassız cərimələr məhkəmə tərəfindən silinmişdir. Onlara tətbiq edilmiş əsassız və qanunsuz cərimə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1481/2025 saylı xx.xx.2025-ci il il tarixli qətnaməsi ilə (hakim Leyla Talıbova) iddianın təmin edilməsi, abonent İddiaçı (kod **********00709) təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt üzrə tələb olunan 4250 (dörd min iki yüz əlli) manat pul vəsaitinin Cavabdeh tərəfindən silinməsi, Cavabdehndən 62,50 (altmış iki manat, əlli qəpik) manat dövlət rüsumunun dövlət nəfinə tutulması qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-1, 13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 1.3, 4.2, 4.8, 5.2, 6.5-ci maddələrinə, İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1, 9.1.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin, apellyasiya şikayətinə etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək apellyasiya şikayətinin təmin edilməsi və qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı qaz xəttinə qanunsuz qoşulmaqla cavabdehə maddi zərər vurmuşdur və cavabdehin əməkdaşları tərəfindən həmin fakt aktlaşdırılmışdır. Lakin məhkəmə xx.xx.2023-cü il tarixdə tərtib olunmuş akt üzrə dəymiş ziyanı inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə müraciət edilməməsini əsas gətirərək sübutlarla təsdiq olunan faktların prosedur qaydalarına riayət edilmədiyi üçün digər normaların tələblərini nəzərə almadan formal yanaşaraq iddianı təmin etmişdir. Halbuki iş materialları ilə - saldo, akt, fotoşəkillər, iddiaçının qaz xəttinə qanunsuz qoşulduğu təsdiq olunmuşdur. Eyni zamanda oxşar mülki iş üzrə çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının2(102)-3611/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında (Elşanə Vəliyeva, İspəndiyar Şəfiyev və Əhliman Xıdırov) məhkəmə kollegiyası hesab etmişdir ki, “Qazdan istifadə Qaydaların”da (həmin dövrdə qüvvədə olan redaksiyada) konkret olaraq bu hərəkətlər nəticəsində vurulmuş ziyanın hansı qaydada və hansı müddətə hesablanması dəqiq müəyyən edilməməsi ziyan məbləğinin Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinə əsasən zərər vurandan tələb edilməsi barədə iddianı rədd etmək üçün əsas ola bilməz. Lakin məhkəmə iddiaçının qanunsuz qoşulmasının aşkar olduğuna və sübutlarla təsdiq edilməsinə baxmayaraq formal münasibət bildirmişdir. Oxşar mülki iş üzrə çıxarılmış Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3611/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında (Elşanə Vəliyeva, X3 Xıdırov) məhkəmə kollegiyası qeyd etmişdir ki, iş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin həqiqi hallarını nəzərə almadan qətnamə qəbul etmişdir. Sübutetmə yükünün əsaslarını müəyyən edən qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh fotoşəkillərlə, saldo məlumatları ilə qanunsuz qoşulma halını sübut etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi halını sübut etmişdir. X2 (GPS) vasitəsi ilə çəkilmiş fotoşəkillərdən qaz xəttinə rezin boru vasitəsi ilə qanunsuz qoşulma olduğu aydın görünür. Lakin məhkəmə təqdim edilən sübutları yetərli hesab etməməklə, cavabdeh tərəfindən yerində müayinə və trasoloji ekspertiza keçirilməsinə dair vəsatətləri də təmin etməmiş, yalnız iddiaçı tərəfin izahatı əsasında iddiaya hüquqi qiymət vermiş, prosedur qaydalarına riayət edilmədiyinə görə mülki işə formal münasibət göstərərək araşdırmadan iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qanunsuz qoşulmanı müəyyən etmək üçün iş üzrə yerində baxış keçirilməmiş, təqdim edilmiş sübutlar nəzərə alınmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı və cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı və cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın
12. Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3).
13. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4).
14. Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1).
15. 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
16. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
17. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
18. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
19. 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
20. 6.5-6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu:
21. 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
22. 3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
23. 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
Azərbaycan Respublkasının Mülki Məcəlləsi
24. Maddə 560.1. mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1481/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Kollegiya hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış borcun abonent hesabından silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
36. Kollegiya qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
37. İşin faktiki hallarından görünür ki, Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə ünvana baxış keçirilmiş və sayğacdan kənar təbii qazdan qeyriqanuni istifadə edilməsi ilə bağlı akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixdən Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanununa əlavə olunmasına baxmayaraq, Cavabdeh tərəfindən xx.xx.2023-cü tarixdə dəymiş ziyanın həcmi hesablanmış və itirilmiş qazın bərpası üçün ümumilikdə 4250 manat pul tələb olunmuşdur.
38. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən etiraf edilməyən və qanuniliyi mübahisələndirilən istifadəçinin sayğacdan kənar xətt çəkilməsi yolu ilə təbii qazdan qeyriqanuni istifadə etməsinə görə tərtib edilmiş aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı tələb edilən ******* saylı, xx.xx.2023-cü il tarixli akta əsasən, **********00709 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 4250 manat məbləğində cərimə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları cavabdeh məhkəməyə təqdim edə bilməməmişdir. Qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. Cavabdeh təşkilatın istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən aktı tərtib etmiş orqanın üzərinə düşür ki, iddiaçı tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də əsaslı hesab edilə bilməz.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdeh təşkilatın istinad etdiyi halları, yəni zərərin hesablanmasına səbəb olmuş aktın qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehin üzərinə düşür ki, iddiaçı tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də iddiaçıdan tutula bilməz. Apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
40. Kollegiya həmçinin qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırki işdən isə müyyən edilir ki, həmin akt tərtib edilərkən bir nüsxəsi qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim edilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmişdir.
41. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi tam təmin olunduğundan, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad olunduğundan cavabdehdən 62.50 manat məbləğində dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
44. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1481/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.