Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-421/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Əhmədov Həsən Hüseyn oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi , İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Vəkil, İddiaçı “xxxx” Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firuddun oğluna qarşı “borc tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı “xxxx” Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firudin oğluna qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Firudin oğlundan müştərək qaydada öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində yaranmış 29.03.2016-cı il tarixə 2013,29 ABŞ dolları əsas məbləğdən gecikmə, 1098 ABŞ dolları lizinq mükafatı, 513,62 ABŞ dolları sığorta, 19.71 ABŞ dolları servis, 89 ABŞ dolları dəbbə borcu və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış 15.10.2014-cü il tarixli 2623M/14/B saylı X8 Müqaviləsinə əsasən “xxxx” Lizinq Şirkəti QSC təsviri bu müqavilədə göstərdən 2005-ci il buraxılışlı **-PC-*** dövlət qeydiyyat nişanlı “İnfiniti” markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək, onu Cavabdeh1 müvəqqəti istifadəsinə vermişdir. Bununla da, Cavabdeh1 3.350 ABŞ dolları avans olmaqla, 19.000 ABŞ dolları məbləğində borcu (Lizinq ödənişləri cədvəli. Əlavə №1) illik 21% olmaqla, 36 ay müddətində “xxxx” Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehlər Lizinq Müqaviləsinə 1 saylı Əlavədə (Lizinq ödənişləri cədvəli) göstərilmiş illik 16 % olmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu məbləği ödəməmişlər və bununla da öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər. Bundan sonra Cavabdeh1 tərəfindən 29.03.2016-cı il tarixdə lizinq obyekti “xxxx” Lizinq Şirkəti QSC-yə təhvil verilmişdir. Nəticədə cavabdehin X8 Müqaviləsi üzrə lizinq obyekti təhvil verilən tarixə kimi öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyinə görə 29.03.2016-cı il tarixə 2013,29 ABŞ dolları əsas məbləğdən gecikmə, 1098,00 ABŞ dolları lizinq mükafatı, 513,62 ABŞ dolları sığorta, 19,71 ABŞ dolları servis, 89,00 ABŞ dolları dəbbə pulu borcu yaranmışdır. Eyni zamanda, X8 müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürüb. Cavabdehlər öhdəliklərini tam və vaxtında yerinə yetirmədiyi üçün şirkət tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış borcunu ödəməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-72/2020 saylı 18 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 320 (üç yüz iyirmi) manat məbləğində pulun “xxxx” Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-dən tutulması qət edilmişdir. İddiaçı “xxxx” Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(005)- 72/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən dəlillərə istinad edilməklə onunla əsaslandırılmışdır ki, Nərimanov rayon məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş yazılı sübutları və izahatları nəzərə almamış, bununla da maddi və prosessual hüquq normasını kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə etmiş, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdiyini, şikayətin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarından göründüyü kimi, “xxxx” Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış 15.10.2014-cli il tarixli 2623M/14/B saylı X8 Müqaviləsinə əsasən “xxxx” Lizinq Şirkəti QSC təsviri bu müqavilədə göstərilən 2005-ci il buraxılışlı **-PC-*** dövlət qeydiyyat nişanlı “İnfiniti” markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək, onu Cavabdeh1 müvəqqəti istifadəsinə vermişdir. İş materiallarında olan 15.10.2014-cli il tarixli 2623M/14/B saylı lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Müştəri Cavabdeh1 26,271,17 ABŞ dolları məbləğində pulu, illik 21%-lə, 36 ay müddətinə aylıq 589,62 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 15.10.2014-cü il tarixli təhvil-təslim aktına əsasən "2005-ci il buraxılışlı **-PC-*** dövlət qeydiyyat nişanlı “İnfiniti” markalı minik avtomobilinin təhviltəslimi aparılmışdır. Satıcı ümumi dəyəri 19.000 ABŞ dolları olan lizinq obyektini Alıcıya təqdim etmiş, alıcı isə qeyd olunan əmlakı, sonradan lizinqə vermək məqsədi ilə öz mülkiyyətinə qəbul etmişdir. Alıcı təsdiq etmişdir ki, əmlak onun nümayənədələri tərəfindən lazımı qaydada yoxlanılmış və yoxlama zamanı əmlakda heç bir qüsur aşkar edilməmişdir. İş materiallarında olan 15 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən X8 müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan 07.11.2018-ci il tarixli “xxxx” MMC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış məktubun surətindən görünür ki, müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün cəmiyyətə borcu yaranmışdır. Öhdəlikləri yerinə yetirmədiyinə görə yaranmış borcu və lizinq obyektinə dəymiş ziyanı 3 (üç) gün ərzində ödəmədiyi halda ona qarşı iddia irəli sürülərək məhkəməyə müraciət olunması barədə xəbərdar edilmişdir. İş materiallarında olan 21.09.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Abdulla oğlunun 29.03.2016-cı il tarixə müqavilə üzrə əsas məbləğ 9.461,10 ABŞ dolları, əsas məbləğdən gecikmə 2.013,29 ABŞ dolları, lizinq mükafatı 1098 ABŞ dolları, sığorta 513,62 ABŞ dolları, servis 19,71 ABŞ dolları, dəbbə pulu 89,00 ABŞ dolları, cəmi 13.194,72 ABŞ dolları borcu mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2019-cu il tarixli, № 14558 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, «İnfinity» markalı, mühərrik gücü 4500 sm3 olan normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2016-cı il tarixə orta bazar qiyməti təxminən 19.000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 yanvar 2020-ci il tarixli, № 23055 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 15 oktyabr 2014-cü il tarixli, 2623M/14/B saylı kredit müqaviləsi üzrə Cavabdeh1 29 mart 2016-cı il tarixədək banka olan borcu 10.867,50 ABŞ dolları məbləğində müəyyən olunur o cümlədən; 10.025,37 ABŞ dolları əsas borc, 842,13 ABŞ dolları faiz borcu. Bakı Apellyasiya Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(103)-5281/20 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında “xxxx” Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış 15 oktyabr 2014-cü il tarixli, 2623M/14/B saylı “X8” müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla, 29.03.2016-cı il tarixə gecikmə və mükafat borcunun nə qədər təşkil etdiyi sualları qoyulmuşdur. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 fevral 2021-ci il tarixli 9/3616 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, iş materiallarında olan sənədlərə (bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış, kredit müqaviləsi, ödəniş qrafiki və s.) əsasən 15 oktyabr 2014-cü il tarixli, 2623M/14/B saylı kredit müqaviləsi üzrə Cavabdeh1 29 mart 2016-cı il tarixədək banka olan borcunun 10867,50 ABŞ dolları məbləğində müəyyən olunur o cümlədən, əsas borc üzrə 10025,37 ABŞ dolları, faiz borcu üzrə isə 842,13 ABŞ dolları təşkil edir. Rəydə olan anlaşılmazlıqları izah etmək məqsədi ilə məhkəmə iclasına dəvət edilmiş ekspert X3 verilən suallara cavab olaraq bildirmişdir ki, müqavilə ümumiyyətlə səhvdir. Belə ki, lizinq müqaviləsində faiz olmur, mükafat olur. Qrafikdən aydın görünür ki, pul kredit kimi verilib, lizinq kimi verilməyib. 19.000 dolların qarşılığında 11.881 dollar ümumi ödəniş olunub. Faizə 2.900 ABŞ dolları çıxılıb, 8.900 ABŞ dolları isə əsas borcdan silinib. O, borc məbləğini müqavilə müddətinin sonuna qədər hesablamışdır. Avtomobilin lizinq verənə qaytarıldığı tarixə olan borc isə cəmi 842,13 ABŞ dolları təşkil edir. Lazinq müqaviləsi üzrə ödənişlərdən 8974,63 ABŞ dolları əsas borca, 2906,86 ABŞ dolları isə faiz borcuna silinmişdir. Faiz borcu üzrə silinmiş məbləğ həmin dövr üçün hesablanmış faiz məbləğindən artıqdır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşır. Belə ki, işin məhkəmə iclasında araşdırılan və müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, “xxxx” Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış 15.10.2014-cli il tarixli 2623M/14/B saylı X8 Müqaviləsinə əsasən “xxxx” Lizinq Şirkəti QSC 2005-ci il buraxılışlı **-PC-*** dövlət qeydiyyat nişanlı “İnfiniti” markalı minik avtomobilini öz mülkiyyətinə əldə edərək, onu Cavabdeh1 müvəqqəti istifadəsinə vermişdir. Cavabdeh1 3350 ABŞ dolları avans olmaqla 19.000 ABŞ dolları məbləğində borcu (Lizinq ödənişləri cədvəli. Əlavə №1) illik 21% olmaqla, 36 ay müddətində “xxxx” Lizinq Şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Bu öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə“xxxx” Lizinq Şirkəti QSC arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 Lizinq Müqaviləsi üzrə ümumilikdə 11.881,81 ABŞ dolları ödəniş etdikdən sonra öhdəliklərini lazımınca icra edə bilməmiş, 29.03.2016-cı il tarixdə isə lizinq obyektini “xxxx” Lizinq Şirkəti QSC-yə təhvil vermiş, bununla da müqaviləyə vaxtından əvvəl xitam verilmişdir. İddiaçı tələbini cavabdehin X8 Müqaviləsi üzrə 29.03.2016-ci il tarixə 2013,29 ABŞ dolları əsas məbləğdən gecikmə, 1,098 ABŞ dolları lizinq mükafatı, 513,62 ABŞ dolları sığorta, 19.71 ABŞ dolları servis, 89 ABŞ dolları dəbbə pulu borcu yaranması ilə əsaslandırmışdır. 21 yanvar 2020-ci il tarixli 23055 saylı və 09 fevral 2021-ci il tarixli 9/3616 saylı ekspert rəyləri ilə Cavabdeh1 15 oktyabr 2014-cü il tarixli, 2623M/14/B saylı müqavilə üzrə lizinq obyektini “xxxx” Lizinq Şirkəti QSC-yə təhvil verildiyi 29 mart 2016-cı il tarixədək borcunun 10.025,37 ABŞ dolları əsas, 842,13 ABŞ dolları faiz olmaqla cəmi 10.867,50 ABŞ dolları olduğu müəyyən edilmişdir. Bundan başqa, iş üzrə rəy vermiş ekspert məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, rəydə hesablanmış borc məbləği müqavilə müddətinin sonuna olan dövrü əhatə edir. Lizinq predmeti olan avtomobilin iddiaçıya qaytarıldığı tarixədək olan müddət üçün isə cavabdehin lizinq müqaviləsi üzrə cəmi 842,13 ABŞ dolları borcu olmuşdur. Ekspert ifadəsində həmçinin bildirmişdir ki, cavabdehdən tutulan faiz məbləği avtomobilin qaytarıldığı müddətə qədər hesablanmalı olan faiz məbləğindən artıq olmuşdur. Məhkəmə kollegiyası rəyləri vermiş ekspertin mühasibatlıq sahəsində xüsusi biliklərinin olduğunu və onun məhkəmə iclasında rəylə bağlı yaranmış anlaşılmazlığı izah edərkən göstərdiyi rəqəmləri nəzərə alaraq həmin rəylə razılaşır və lizinq obyektinin “xxxx” Lizinq Şirkəti QSC-yə təhvil verildiyi 29 mart 2016-cı il tarixə Cavabdeh1 15 oktyabr 2014cü il tarixli, 2623M/14/B saylı müqavilənin şərtlərinə əsasən 10.025,37 ABŞ dolları əsas borc və 842,13 ABŞ dolları faiz borcunun, avtomobilin geri qaytarıldığı 29 mart 2015-ci il tarixə isə cəmi 842,13 ABŞ dolları borcunun olduğunu işin hallarına uyğun sayır. 22 iyul 2019-cu il tarixli 14558 saylı ekspert rəyi ilə «İnfiniti» markalı, mühərrik gücü 4500 sm3 olan normal vəziyyətdə saxlanılmış, istifadəyə yararlı avtomobilin 2016-cı il tarixə orta bazar qiymətinin təxminən 19.000 manat (ABŞ dolları ilə ifadədə, təxminən 11176,47 ABŞ dolları (19000 ÷ 1.70 ≈ 11176,47)) olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası rəyi vermiş ekspertin qiymətləndirmə sahəsində xüsusi biliyinin olduğunu nəzərə alaraq həmin rəylə razılaşır və lizinq obyekti olan **-PC-*** dövlət qeydiyyat nişanlı “İnfiniti” markalı minik avtomobilinin bazar qiymətinin 19.000 manat olduğunu işin hallarına uyğun sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövrülüklə muzd ödəməyə borcludur. Mülki Məcəlləsinin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verən pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Mülki Məcəlləsinin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. Tərəflər arasında bağlanmış 15 oktyabr 2014-cü il tarixli X7 müqaviləsinin 13.5-ci bəndinə əsasən müəyyən edilmişdir ki, «Bu fəslin 13.1 və 13.2-ci maddələri ilə və Lizinq alanın təşəbbüsü ilə lizinq obyekti geri qaytarıldıqda, Lizinq alan lizinq obyektini normal köhnəlmə nəzərə alınmaqla, Lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Əgər lizinq obyektinin qaytarılan zaman real dəyəri Lizinq alanın müqavilə üzrə Lizinq verənə lizinq obyektinin dəyəri üzrə borc məbləğinin qalığından azdırsa, Lizinq alan fərq məbləğini Lizinq verənə ödəməlidir. Müqavilənin 13.6-cı maddəsinə əsasən qaytarılmış lizinq obyektinin vəziyyətinin uyğunluğunun qiymətləndirilməsi məqsədi ilə Tərəflərin mülahizəsi, razılığı və iştirakı ilə lizinq obyektinin bazar dəyərini müəyyənləşdirən müstəqil qiymətləndirici cəlb olunur. Beləliklə, iş üzrə sübutlarla müəyyən edilir ki, Cavabdeh1 15 oktyabr 2014-cü il tarixli, 2623M/14/B saylı müqavilə üzrə 29 mart 2016-cı il tarixə cəmi borcu 10.867,50 ABŞ dolları, ödəniş qrafiki üzrə həmin tarixə ödənilməli olan borcu isə 842,13 ABŞ dolları təşkil etmişdir. O, həmin tarixdə **-PC-*** dövlət qeydiyyat nişanlı “İnfiniti” markalı lizinq predmeti olan minik avtomobilini iddiaçıya təhvil verməklə, 15 oktyabr 2014-cü il tarixli, 2623M/14/B saylı müqavilə üzrə öhdəliyini icra etmiş və müqaviləyə vaxtından əvvəl xitam verilmişdir. Həmçinin, lizinq obyekti olan avtomobil qiymətləndirilmiş və onun bazar dəyərinin 19.000 manat (11176,47 ABŞ dolları) təşkil etdiyi və həmin məbləğin cavabdehin müqavilə üzrə Lizinq verənə olan borcunu (müqavilə müddətinin sonuna olan 10867,50 ABŞ dolları) tamamilə əhatə etdiyi müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarından, həmçinin qanunvericiliyin yuxarda sadalanan normalarından və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtlərindən çıxış edərək məhkəmə kollegiyası bu qənaətə gəlir ki, lizinq obyekti olan avtomobil cavabdeh tərəfindən iddiaçıya qaytarılmaqla tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyindən və avtomobil qaytarılan zaman onun bazar qiyməti cavabdehin müqavilə üzrə mövcud olmuş borcundan artıq olduğundan, iddiaçının yenidən həmin müqavilənin şərtlərinə istinad etməklə cavabdehdən borc tələb etməsi əsassız olmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı “xxxx” Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-nin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olmuşdur, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən keçirilmiş ekspertiza üzrə xərc iddiaçı tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: İddiaçı “xxxx” Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci hesabına iddiaçı “xxxx” Lizinq Şirkəti QSC-nin hüquqi varisi İddiaçı MMC-dən 200 (iki yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab: AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Həsən Əhmədov
Məhkəmə qərarları › İş №2(103)-421/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-421/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver