Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4210/2025 08.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «mənəvi zərər») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-234/2025 saylı, 03 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Cavabdeh fərdi qaydada mebel sifarişlərinin qəbulu və onların hazırlanmasının təşkili ilə məşğuldur. İddiaçı Cavabdeh tərəfindən “İnstagram” sosial şəbəkəsində mebellərin sifarişi ilə bağlı elanlarla tanış olduqdan sonra sonuncu ilə mobil telefon vasitəsi ilə danışmış, görüşmüş, qonaq otağı üçün divan, mətbəx üçün masa dəsti (1 masa və 6 stul) sifariş vermiş, tərəflər mebellərin ölçüləri, divanın üst ötrüyü, forması, qiyməti və xüsusi şərtləri (məsələn, divanın açılmayan mexanizmlə yığılması) ilə bağlı razılığa gəlmişlər. Tərəflər arasında yazılı müqavilə bağlanmamışdır
2. Mebellər hazırlandıqdan sonra İddiaçı təhvil verilmiş, lakin istifadə edildikdən bir müddət sonra mətbəx üçün masa dəstində (1 ədəd stol, 6 ədəd stul), eləcə də qonaq otağı üçün divanda qüsurlar əmələ gəlmişdir. Masa dəstində mövcud olan əşyalardakı qüsurların (stol və stulların üzərinə çəkilmiş boya qopmuş və s.) aradan qaldırılması üçün bir dəfə təmir işləri yerinə yetirilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
3.İddiaçı Cavabdeh qarşı istehlakçı hüquqlarının pozulmasına görə dəymiş maddi zərərə görə 4000 manat, mənəvi zərərə görə 1000 manat olmaqla, cəmi 5000 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək istehlakçı hüquqlarının pozulması nəticəsində 2500 manat maddi ziyanın və 2500 manat mənəvi zərər olmaqla, cəmi 5000 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiada göstərilib ki, istehlakçı olaraq məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni tikdirdiyi yaşayış evini mebel ilə təmin etmək üçün cavabdehə müraciət edərək müəyyən mebel hissələrini sifariş etmişdir. Bu hissələrə mətbəx masası və 6 stul - 1000 manat dəyərində mətbəx mebeli, divan-günc 3 metrə - 1.500 manat, cəmi 2500 manat dəyərində təşkil etmişdir. Cavabdeh tərəfindən sifariş etdiyi mebel hissələri quraşdırılsa da, keyfiyyətsiz olmaqla heç bir standarta uyğun deyil. Belə ki, o, mebel sifariş edərkən cavabdeh söz verdi ki, yüksək səviyyədə bütün işlər görüləcək, lazım olan yüksək keyfiyyətli materiallardan hazırlanmaqla yerində quraşdırılacaq. Lakin gətirilib quraşdırılmış mebel ümumiyyətlə heç bir keyfiyyətə və standarta uyğun olmamış, qısa müddətdə aşılanmış, nəticədə ona külli miqdarda ziyan dəymişdir. Həmin mebel üçün 2500 manat pul ödənilmişdir. Şifahi müqavilə ilə göstərilən xidmət qüsurlu həyata keçirildiyindən estetik normalara uyğun deyil. Bu da ona dəlalət edir ki, keyfiyyətsiz materiallardan istifadə edilmişdir. Bu qüsurların aradan qaldırılacağı və ödənişsiz olmağı barədə söz verilsə də, son nəticədə buna görə 100 manatdan çox əlavə ödəniş olunmalı olduğu bildirilmişdir. Təmir üçün əlavə haqq tələb olunması qanunsuz olmaqla, müqavilə şərtlərinə ziddir. Belə olan halda qüsurlu xidmət göstərilməsi nəzərə alınmaqla ümumiyyətlə bu xidmət üçün ödənilmiş 2500 manat pul geri qaytarılmalıdır. Bu barədə cavabdehə dəfələrlə məlumat verilsə də, heç bir tədbir görməmişdir. Adları çəkilən mebel hissələrini almaq üçün əlavə 1500 manat tələb olunur. Nəticədə ona həm də mənəvi ziyan dəymişdir ki, o, bu qüsurlu vəziyyətdə yaşamaq məcburiyyətindədir. Qüsurların cavabdeh tərəfindən aradan qaldırılmasından imtina edildiyi nəzərə alınaraq daha 1000 manat mənəvi ziyan dəymişdir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-234/2025 saylı, 03 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia tələbinin qismən təmin edilərək 2500 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 45 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi, mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş xərcin 75 manat hissəsinin İddiaçı, 75 manat hissəsinin isə Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi (hesab № AZN: AZ77AİİB400600C**********218) qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qənaətində qeyd edib ki, iddia qismən əsaslıdır. Tərəflər arasında məişət əşyalarının (divan və mətbəx üçün mebel) hazırlanması (icraçının materiallarından istifadə etməklə) ilə bağlı şifahi formada podrat müqaviləsi (podrat müqaviləsinin formasına dair qanunda məcburi göstəriş nəzərdə tutulmadığından onun yazılı formada bağlanası da mümkündür) bağlanmışdır. İddiaçı forması, ölçüsü, rəngi, qiyməti barədə əvvəlcədən razılaşmaqla qonaq otağı üçün bir ədəd divan, mətbəx üçün mətbəx mebeli, yemək masası və oturacaqları sifariş etmiş, sifarişə görə razılaşdırılmış muzdu (haqqı) ödəməyi, cavabdeh isə həmin sifarişi qəbul edərək onların hazırlanması, çatdırılması və qurşadırılaraq təhvil vermək öhdəliyini üzərinə götürmüşdür. Tərəflər arasındakı mübahisə hazırlanmış məhsulun qüsurları ilə bağlı yaranmışdır. İddiaçı iddia edir ki, onun sifariş verdiyi məişət əşyaları keyfiyyətsiz istehsal edilib, onda olan qüsurlar həmin əşyaların təyinatına uyğun istifadə edilməsinə imkan vermir. Cavabdeh iddiaçının bu dəlilini qəbul etmir və bildirir ki, hazırlanan əşyaların keyfiyyəti barədə iddiaçının xüsusi tapşırığı olmamışdır, ona verilən əşyalardan bir çox müştərilərə də hazırlanaraq təhvil verilib, ola bilər ki, iddiaçı bəzi əşyalardan düzgün (xüsusilə divandan) istifadə etməyib. Tərəflər arasında müqavilə şifahi formada bağlandığından, eləcə də bununla bağlı onlar arasında xüsusi razılaşma olmadığından hazırlanan ev əşyalarının keyfiyyət meyarlarının nədən ibarət olmasını konkret müəyyən etmək mümkün deyil. Qanunda podratın nəticəsində hazırlanan məhsulun, yerinə yetirilən xidmətin və görülən işin keyfiyyəti onun qüsursuz olması ilə şərtləndirilmişdir. İcraçı hər bir halda, sifariş verən tərəfin tapşırığını (sifarişini) Mülki Məcəllənin 762-ci maddəsində nəzərdə tutulan ümumi şərtlərə uyğun yerinə yetirməlidir. Həmin maddədə isə podratın nəticəsinin qüsursuzluğuna dair 2 meyar nəzərdə tutulmuşdur. Birinci meyara görə podratın nəticəsi əvvəlcədən şərtləşdirilmiş keyfiyyətə uyğun olmalıdır. Belə bir şərtin tərəflər arasında müəyyən edilməməsi əvvəldə də qeyd edilmişdir. İkinci meyara görə isə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlıdırsa, bu qüsursuz icra sayılır. Məhkəmənin qənaətinə görə tərəflərin müqavilə münasibətləri üzrə ikinci meyar tətbiq edilməlidir. Bu halda, iddiaçının sifarişi əsasında hazırlanmış məişət əşyaları onların təyinatından asılı olaraq adi istifadə şərtlərinə, eyni zamanda iddiaçının arzuladığı keyfiyyətə uyğun olmalı idi. İddiaçının arzuladığı keyfiyyət isə əşyaların hansı materialdan hazırlanmasndan asılı olmayaraq heç şübhəsiz ki, ən azından bir neçə il təyinatı üzrə sınmadan, dağılmadan, estetik görünüşündə pisləşmə olmadan istifadəni ehtiva edir. Lakin işin məhkəmədə araşdırılması zamanı məlum olmuşdur ki, iddiçının sifarişi əsasında hazırlanaraq ona təhvil verilmiş ev əşyaları qüsurlu olmuşdur. Belə ki, qonaq otağı üçün hazırlanmış divan sınmış, masanın ayaqları çatlamış, oturcaqlara vurulmuş rəng isə sonradan qopmağa başlamışdır. İşin bu halını cvabdeh də qəbul etmiş, hətta oturcaqların bir dəfə təmir olunduğunu bildirmişdir. Eyni zamanda, mübahisəli məişət əşyalarında olan qüsurların və həmin qüsurların aradan qaldırılması üçün xərclərin müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən mütəxəsis cəlb edilmiş və "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, divanın oturacağının taxta dayaq konstruksiyalarının keyfiyyətsiz, düyünlü taxtadan, spirtli kartondan yığıldığı müəyyən edilmişdir. Göstərilən səbəblərdən divanın oturacağının taxta dayaqları qırılmışdır. Həmçinin, masa dəsti ilə bağlı mütəxəssis rəyində qeyd etmişdir ki, stulların dayaq taxta elementlərində qopuqlar, səthinin boyasında qabarma, qopma və qırılmalar vardır. Bu da stulun istehsalı zamanı taxta elementlərinin tam quru olmamağından irəli gəlir ki, nəticədə mebelin deformasiyaya uğramasına və həşaratlar tərəfindən dağılmasına səbəb olur. Stullar bir dəfə təmir edildikdən sonra eyni qüsur 2-ci dəfə təkrar yaranmışdır. Masanın və stulların səthinə çəkilən boyanın da rəng fərqləri vardır. Bəzi stulların taxta elementlərində qopuqlar vardır. Stulların oturacaq hissələrinin üz parçası səthə tam olaraq çəkilmədiyindən qüsurlar yaranmış, bu da mebelin xarici - estetik görünüşünə xələl gətirmişdir. Masanın yığılmasında pas atmış və köhnəlmiş birləşdirici mexanizmlərdən künclüklərdən istifadə edilmişdir. Birləşmələrin tam bərkidilməməsi, aksessuarların yararsızlığı masanın birləşən hissələri arasında boşluq qalmasına, dayanıqlığının pozulmasına səbəb olub. Bu da masanın aidiyyəti üzrə təhlükəsiz istifadəsinə şərait yaratmır. Qeyd edilən mütəxəssis rəyindən də göründüyü kimi, iddiaçının sifarişi əsasında hazırlanmış ev əşyaları qüsurlu - keyfiyyətsiz hazırlanmışdır. O da qeyd edilməlidir ki, iddiaçı özünün şəxsi tələbatını ödəmək məqsədilə cavabdehlə mülki hüquq münasibətlərinə daxil olmuş və bu münasibətdə istehlakçı qismində iştirak etmişdir. Bu halda, icraçının (satıcının) üzərinə həmin münasibətlərin xüsusiyyətlərindən irəli gələn bir sıra vəzifələr düşür ki, onlardan da biri istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) özünün təqdim etdiyi məlumata uyğun olan mal verməkdən ibarətdir (“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR Qanununun 5-ci maddəsinin 3-cü hissəsi). Qeyd edilən müddəanın tələbindən də görünür ki, istehsalçı hər bir halda istehlakçıya keyfiyyətli mal verməyə borcludur və öhdəliyini yerinə yetirməməsinə görə qanunla nəzrədə tutulmuş məsuliyyət daşıyır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” AR Qanunun 7-ci maddəsinin 1 və 2-ci hissələrindən də göründüyü kimi, icraçı istehlakçıya (alıcıya) keyfiyyətsiz mal verdiyi halda istehlakçı müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Eyni zamanda, Mülki Məcəllənin 765-ci maddəsinin tələbindən də göründüyü kimi, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra məmulatın qüsurunun tamamilə aradan qaldırılması mümkün olmazsa, sifarişçi müqavilədən imtina etmək hüququna, podratçı isə müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəmək vəsifəsinə malikdir. İşin məhkəmədə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının sifarişi əsasında hazırlanmış ev əşyalarından masa dəstində mövcud olan qüsurların aradan qaldırılması üçün əvvəllər müəyyən işlər görülmüş, lakin sonradan eyni qüsurlar yenidən yaranmışdır. Həmçinin, mütəxəssis öz rəyində göstərmişdir ki, divanın oturacağının taxta dayaq konstruksiyalarının keyfiyyətsiz, düyünlü taxtadan, spirtli kartondan yığıldığı müəyyən edilmiş, bu səbəblərdən divanın oturacağının taxta dayaqları qırılmışdır. Göründüyü kimi, iddiaçının sifarişi əsasında hazırlanmış məişət əşyalarındakı qüsurlarla bağlı əlavə icra müddəti verilsə də, həmin qüsurların aradan qaldırılması mümkün olmadığından iddiaçının Mülki Məcəllənin 765-ci maddəsinə əsasən müqavilə ilə bağlı olan xərcləri tələb etmək hüququ yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, divanın hazırlanması üçün iddiaçı 1500 manat, masa dəsti üçün isə 1000 manat, cəmi 2500 manat pul vermişdir və iddia həmin hissədə təmin edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, divan və mətbəx üçün masa dəstinə görə ödənilmiş pul cavabdehdən tutulduğundan, cavabdehin həmin əşyaları iddiaçıdan geri götürmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin tutulması hissəsində əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə qeyd edilir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Məişət əşyalarının qüsurları nəticəsinədə iddiaçının mənəvi sarsıntı keçirməsi, psixologiyasında stress, sarsıntı və emosional gərginlik və s. kimi əlamətlərə səbəb olması ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən onun cavabdehdən mənəvi zərər tələb etməsi əsassızdır. İddiaçı istehlakçı olduğu və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azad olunduğu üçün iddianın təmin edilməsi nisbətində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Həmçinin, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün çəkilmiş xərc iddianın təmin edilmiş hissəsinə uyğun olaraq tərəflərdən tutulmalıdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayətində qətnamənin qismən ləğv edilib iddia tələbinin mənəvi ziyan hissəsində təmin edilməsini xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, кеçirmiş оlduğu əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edən hərəкətlərə məruz qаlmаğı еlə fiziki əzab dеyilmi? Bəs məhкəmə niyə nəzərə аlmır кi, кеyfiyyətsiz və хаrаb mаtеriаllаrdаn hаzırlаnmış rаzılаşmаyа uyğun оlmаyаn pаslı, düyünlü və sаir хаrаb mаtеriаllаrdаn hаzırlаnmış mübаhisəli mеbеl dəstinin təyinаtı üzrə istifаdə еdilməsindən məhrum оlmаqlа mənəvi sarsıntı keçirməyib, psixologiyada stress, sarsıntı və emosional gərginlik və s. kimi əlamətlər yаrаnmаmışdır? Qеyd оlunаn хаrаb mаsаnın аrхаsındа оlаn хаrаb stulа hər dəfə оturаndа nəinкi psiхоlоji strеs və emosional gərginlik, həttа mənəvi sarsıntı keçirməyi о qədər yüкsəк dərəcədə оlmuşdur кi, yаlnız güclü psiхоtrоp dərmаnlаrın vаsitəsilə strеsi götürməк mümкün оlmuşdur. Bu hаllаr isə uzun müddətdir кi, dаvаm еdir, yəni хаrаb mеbеli görəndə аrtıq əsəbləri tаrаn оlаrаq emosional gərginlik və mənəvi sarsıntı keçirməyi nəticəsində хəstəхаnаlıq оlur. Bunlаrı sübut еtməк üçün bаşqа nə lаzımdır?
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8.İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirakının mümkün olmayacağını, baxış iclasının təxirə salınmasını bildirib,lakin buna dair smüraciətinə sübut əlavə etməyi, cavabdeh isə məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[17] Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli Qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
11. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı: Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər.
12. «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın mənəvi zərərin təmin olunmadığı hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. Mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
20. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə təmin edilmədiyi hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
21. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla mübahisələndirilən hissədə düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən mənəvi zərər hissəsində iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
22. Belə ki, mənəvi zərərin ödənilməsi barədə iddia da o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının mənəvi zərərə məruz qalması inandırıcı deyildir. Çünki iddiaçı iddia tələbində qeyd etdiklərinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməyib, eləcə də məhkəmə tədqiqi zamanı tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Ona görə də, mənəvi zəərərə dair iddia üzrə ona qarşı mülki hüquq pozuntusunun törədilməsi öz təsdiqini tapmadığından cavabdehin bu hissədə mülki hüquqi məsuliyyətə cəlb olunması üçün də əsas ola bilməzdi.
23. Təbii ki, iddiaçının düşdüyü vəziyyət anlaşılan olsa da bu hal cavabdehin mənəvi zərərə görə də mülki hüquqi məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Çünki əmlak hüquqlarının pozulması hər bir halda qeyri-əmlak hüquqlarının pozulmasına səbəb olmur. Başqa sözlə, müqavilə münasibətləri üzrə borclunun öz öhdəliklərini lazımı qaydada icra etməməsi kreditora mənəvi zərər vurmasını hər bir halda labüd etmir.
24. Şərh olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-234/2025 saylı, 03 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
qətetdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-234/2025 saylı, 03 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.