Məhkəmə qərarları › İş №2(103)-4211/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4211/2024

10.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4211/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 230/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən ərazisində (DYP-nin yanında) yerləşən fərdi yaşayış evi İddiaçı (bundan sonra iddiaçı) istifadə və sahibliyindədir. Onunla Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən həmin ev cavabdeh tərəfindən maye qazla təchiz edilmiş və xx.xx.2022-ci il tarixdə qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00014 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsindən (PQ-4) istifadə edilir. İddiaçı barədə cavabdehin əməkdaşları tərəfindən təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi əsası ilə xx.xx.2020-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2021-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktlar tərtib edilmişdir. xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlar əsasında qəbul edilmiş qərarlarla zərər məbləği 90 gün əsas götürülməklə, 3 avadanlıq (PQ-4, QSQ və Dəmir soba), növbəti aktlar əsasında qəbul edilmiş qərarlarla isə zərər məbləği 30 gün (xx.xx.2022-ci il tarixli akt üzrə 90 gün) əsas götürülməklə, 2 avadanlıq (PQ3 və kombi) üzrə aparılmışdır. Lakin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlar üzrə hesablanmış zərər məbləği iddiaçının abonent hesabına daxil edilməmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən 2020-2022-ci illər üzrə tərtib edilmiş aktlar üzrə ümumilikdə (1 ədəd PQ tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 0,8 m3 və 1 ədəd Kombi, maksimal qaz sərfiyyatı 2,6 m3, yay ayları üçün ayda (0,8 m3 x 12 saat x 30 gün = 288m3) 288 m3, qış ayları üçün ayda (0,8 m3 + 2,6 m3 x 12 saat x 30 gün = 1.224 m3) 1.224 m3, təbii qazın illik istehlak həcminin 1.200 m3 hissəsi üçün hər 1 m3 0,12 manat, 1.200 m3 – dən - 2.500 m3 dək hissəsi üçün hər 1 m3 0,20 qəpik, 2.500 m3 – dən çox olan hissə üçün hər 1 m3 0,25 manat)) 2.307 manat məbləğində iddiaçı tərəfindən cavabdehə maddi zərər vurulmuşdur.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən əsassız hesablanmış 5.240,16 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona Cavabdeh İB tərəfindən sayğacdan kənar xəttdən istifadə edilməsi ilə bağlı müxtəlif aylarda cərimələr yazılmışdır. O, həmin aktları və fotoşəkilləri tələb etsə də, aktlar birliyin əməkdaşları tərəfindən təqdim edilmiş, lakin fotoşəkillər təqdim edilməmişdir. Onun ünvana yenidən baxış keçirilməsi ilə bağlı təklifinə birliyin əməkdaşları razı olmayaraq ona məhkəməyə müraciət etməsini bildirmişdirlər.

4. Məhkəmə tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən ərazisində yerləşən fərdi yaşayış evində yerində müayinə keçirilmiş, bu zaman Cavabdeh İB tərəfindən tərtib edilmiş aktlara əlavə edilmiş foto şəkillərin iddiaçının evinə aid olduğu müəyyən edilmişdir. Yerində müayinənin keçirildiyi vaxt ünvanda təbii qazdan sayğac vasitəsilə istifadə edildiyi müəyyən edilmiş, kənar xətt və ya kənar xəttə xas olan izlər aşkar edilməmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-230/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən ərazisində yerləşən fərdi yaşayış evi üzrə X5 (abonent kodu **********00014) hesablanmış 4.799,52 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən 67,99 manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim X9)

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, 2020-ci ilin dekabr ayından 2022ci ilin iyun ayınadək iddiaçıya məxsus ünvanda qaz xətti çəkilsə də, qaz sayğacı quraşdırılmamışdır. Həmin dövr ərzində iddiaçı təbii qazdan rezin şlanq vasitəsilə istifadə etmişdir. Bu hal mülki iş materiallarında olan aktlara əlavə edilmiş foto şəkillər, yerində müayinə və iddiaçının verdiyi izahata əsasən öz təsdiqini tapır. Lakin, iddiaçı tərəfindən təbii qazdan sayğacsız istifadə etdiyi Cavabdeh İB əməkdaşları tərəfindən 2020-ci ilin dekabr ayında aşkar edilsə də, bununla bağlı hər hansı tədbir görülməmiş, ünvanda təbii qazın təchizatı dayandırılmamış, sayğac isə ancaq 2022-ci ilin iyun ayında quraşdırılmışdır. Belə olan halda, məhkəmə iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar istifadə edilməsi nəticəsində Cavabdehnə vurulan ziyanın 5.240,16 manat məbləğində hesablanmasını ağlabatan hesab etmir. Belə ki, iddiaçı sayğacsız Cavabdeh İB-nin qaz xəttinə qoşulsa da, Cavabdeh İB-nə dəymiş zərər məbləğinin artmasına səbəb məhz Cavabdeh İB əməkdaşlarının hərəkətsizliyi səbəb olmuşdur. Odur ki, dəymiş ziyanı hesablanması məişət abonenti olan iddiaçıya münasibətdə sutkanın on iki saatı, 90 gün hesabat müddəti üzrə hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh İB-nə vurulmuş zərər, iddiaçının evində quraşdırılmış 3 gözlü qaz plitəsinin (0,8 m3/saat) və kombinin (2.6 m3 /saat) maksimal saatlıq qaz sərfi nəzərə alınmaqla, 90 gün 12 saat hesabat müddətinə görə hesablanaraq (0,8x12x90=864 m3, 2,6x12x90=2808m3 , 864+2808=3672m3 3672m3x0,12=440,64 manat) 440,64 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış qalan 4.799,52 (5240,16 - 440,64 = 4799,52) borc məbləği əsassız hesab edilərək silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir.

7. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edildiyinə görə, təmin edilmiş iddia tələbinin həcminə müvafiq olaraq 67,99 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096-cı, 1097-ci, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci, 119-cu, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci, 4.8-ci, 4.9-cu, 5.2-ci, 6.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 5 240,16 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. İddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Birlik tərəfindən iddia ərizəsinin təmin edilməməsinə dair onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən İddiaçı məhkəmə iclasına gəlməmiş, Cavabdeh isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməni dəyişdirə bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

16. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: əvvəlki redaksiyada 5.2-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; əvvəlki redaksiyada 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın rədd edilməsi xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız mübahisələndirilən, yəni iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etməsi nəticəsində cavabdehə vurulmuş zərərin həcmini düzgün hesablamamışdır. Bu səbəbdən apellyasiya şikayəti qismən təmin edilməli və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün yaranmış zərər məbləği istisna olmaqla, qalan məbləğ iddiaçının abonent hesabından silinməlidir. Nəticədə qətnamə iddiaçının abonent hesabından silinmiş borcun və cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmuş dövlət rüsumunun məbləği hissəsində dəyişdirilməlidir.

22. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur.

23. Bu səbəbdən istehlakçının təbii qazdan sayğacdan kənar, qanunsuz qoşulma yolu ilə istifadə etməsi aşkar edildikdə, cavabdehin əməkdaşları bu halın rəsmiləşdirilməsini, o cümlədən pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın məhz istehlakçının iştirakı ilə tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır. Buna baxmayaraq, istehlakçının iştirakının təmin edilməsinin mümkün olmaması, habelə istehlakçının aktı imzalamaqdan real olaraq imtina etməsi və ya istehlakçının özünün pozuntuya yol verməməsi mövqeyindən çıxış etməsi də istisna deyil. Bu baxımdan yalnız belə bir akta əsaslanan rəsmiləşdirmə etibarlı, buna uyğun olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsaslı hesab edilə bilməz. Nəticə etibarı ilə cavabdehin əməkdaşları yalnız aktın tərtib edilməsi ilə kifayətlənməməli, qanunsuz qoşulma halını təsdiq edən sübutların (məsələn, fotoşəkillərin çəkilməsi, çəkilişin aparılması, sayğacın laboratoriya şəraitində müayinə olunması və sair) əldə edilməsi üçün tədbirlər görməli, habelə real sərfiyyatın müəyyən edilməsi baxımından abonentin saldo məlumatlarını araşdırmalı, təbii qazla işləyən cihazları, habelə əhəmiyyəti olan digər halları müəyyən etməlidir.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, iddiaçının istifadə və sahibliyində olan fərdi yaşayış evinə qaz sayğacı xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır. Halbuki, iddiaçı həmin evdə bu tarixdən xeyli əvvəl yaşamağa başlamışdır. Bu hal təbii qazdan qanunsuz xətt vasitəsi ilə istifadə edilməsi əsası ilə xx.xx.2020-ci il tarixdə aktın tərtib edilməsi ilə də sübuta yetir. Ümumiyyətlə bu əsasla cavabdehin əməkdaşları tərəfindən xx.xx.2020-ci il - xx.xx.2022-ci il tarixlərdə ümumilikdə 10 dəfə akt tərtib edilmiş və aparılmış hesablama nəticəsində vurulmuş zərərin ümumi məbləği 5.240,16 manat müəyyən edilməklə iddiaçının abonent hesabına daxil edilmişdir. İddiaçı da bu aktlara razılaşmayaraq, onları mübahisələndirmiş və aktlar, habelə onlar əsasında qəbul edilmiş qərarlar üzrə ümumilikdə hesablanmış 5.240,16 manat cərimə məbləğinin silinməsini tələb etmişdir.

25. Birinci instansiya məhkəməsi də 2020-ci ilin dekabr ayından 2022-ci ilin iyun ayınadək iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar, rezinq şlanq vasitəsi ilə istifadə edildiyini müəyyən etmiş, lakin cavabdehin əməkdaşları tərəfindən bu halın aşkar edilməsinə baxmayaraq, bununla bağlı hər hansı tədbirinin görülmədiyini, təbii qazın təchizatının dayandırılmadığını əsas götürərək, yalnız 90 gün üzrə vurulmuş zərərin məbləğini hesablamışdır. Halbuki, cavabdehin əməkdaşları tərəfindən qanunsuz xəttin dərhal şəbəkədən ayrılmaması və qazın verilməsinin dayandırılmaması iddiaçıya bundan sonra da həmin qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə edilməsi üçün əsas yaratmır. Bu səbəbdən təbii qazdan qanunsuz xətt vasitəsi ilə istifadə edilməsi halı baş vermişdirsə, həmin sahəni tənzimləyən qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdehin əməkdaşları tərəfindən bununla bağlı görülmüş tədbirlərə hüquqi qiymət verilməli, o cümlədən tərtib edilmiş aktların və onların əsasında qəbul edilmiş qərarların qanuniliyi, aparılmış hesablamanın düzgünlüyü yoxlanılmalıdır.

26. Məhkəmə kollegiyası bu mövqedən çıxış edərək qeyd edir ki, xx.xx.2020-ci il tarixli akt əsasında qəbul edilmiş qərarla zərər məbləği 90 gün üçün hesablansa da, iddiaçının bu hərəkətlərə xx.xx.2020-ci il tarixdən əvvəl yol verməsi öz təsdiqini tapmır. Bu da həmin tarixdən əvvəl hər hansı zərər məbləğinin hesablanmasını istisna edir. Növbəti akt xx.xx.2021-ci il tarixdə tərtib edilmiş və onun əsasında qəbul edilmiş qərarla zərər məbləği 90 gün üçün, yəni xx.xx.2021-ci il tarixdən hesablanmışdır. xx.xx.2020-ci il tarixdə belə bir halın baş verməsinin müəyyən edilməsi zərər məbləğinin məhz xx.xx.2021-ci il tarixdən hesablanmasını mümkün edir. Belə ki, xx.xx.2020-ci il - xx.xx.2021-ci il tarixləri aralığında qanunsuz qoşulma əsası ilə hər hansı akt tərtib edilməmişdir. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akt əsasında qəbul edilmiş qərarla da zərər məbləği 90 gün üçün, yəni xx.xx.2021-ci il tarixdən başlayaraq hesablanmışdır. Halbuki, həmin dövrü əhatə edən 2022-ci ilin yanvar və fevral ayları üçün ayrıca aktlar tərtib edilmiş və qəbul edilmiş qərarlarla əvvəlki 30 gün üçün zərər məbləği hesablanmışdır. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə tərtib edilmiş aktlar əsasında isə hər hansı qərarın qəbul edildiyi müəyyən edilmir. Başqa sözlə, bu aktlar əsasında zərər məbləği hesablanmamış və iddiaçının abonent saldosuna hər hansı zərər məbləği daxil edilməmişdir (abonent saldosuna əsasən iddiaçının abonent hesabına 2022-ci ilin aprel və may ayları üzrə hər hansı zərər məbləği daxil edilməmişdir).

27. Məhkəmə kollegiyası o halı da xüsusilə vurğulayır ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa xx.xx.2022-ci il tarixdə edilmiş dəyişikliyə əsasən Qanuna yeni məzmunda 8-1-ci hissə əlavə edilmişdir (xx.xx.2022-ci il tarixdə qüvvəyə minmişdir). Həmin maddədə qanunsuz qoşulma halları aşkar edilərkən bunun rəsmiləşdirilməsi proseduru, o cümlədən görülməli olan tədbirlər və tərtib edilməli olan sənədlər təsbit edilmiş və hüquqi nəticə etibarı ilə qaz paylayıcısı tərəfindən ona vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsinin mümkünlüyü bu prosedurdan asılı edilmişdir. Başqa sözlə, bu maddədə müəyyən edilmiş prosedura riayət edilməməsi vurulmuş zərərin ödənilməsinin istehlakçıdan tələb edilməsini, o cümlədən hər hansı məbləğdə cərimənin hesablanıb iddiaçının (istehlakçının) abonent saldosuna daxil edilməsini istisna edir.

28. Lakin cavabdeh tərəfindən xx.xx.20220-ci il və xx.xx.2022-ci il tarixlərdə aktlar tərtib edilərkən qeyd edilən prosedura riayət edilməmiş, o cümlədən qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsi dayandırılmamış, aktların bir nüsxəsi nə iddiaçıya, nədə ki, aidiyyəti orqana təqdim edilməmişdir. Bununla belə, iddiaçının hər hansı həcmdə qazın talanmasında təqsiri aidiyyəti orqan tərəfindən müəyyən edilməmişdir. Bu da öz növbəsində mövcud vəziyyətdə cavabdehin iddiaçıdan hər hansı məbləğdə zərərin ödənilməsini tələb etməsini qeyri-mümkün edir.

29. Bununla belə, məhkəmə kollegiyası 26-28-ci bəndlərdə göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, təbii qazdan qanunsuz xətt vasitəsi ilə istifadə edilməsi nəticəsində iddiaçı tərəfindən cavabdehə vurulmuş zərər xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dövr üçün, yəni 8 ay üzrə hesablanmalı və bu zaman Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının xx.xx.2024-vü il tarixli mütəxəssis rəyində aparılmış hesablama əsas götürülməlidir.

30. Məhkəmə kollegiyası hesablamanın aparılması ilə bağlı hissəsində mütəxəssis rəyini əsaslı hesab edir və qeyd edilən dövr üzrə avqust, sentyabr, oktyabr və mart aylarının hər biri üzrə zərərin həcminin 288 m3, noyabr, dekabr, yanvar və fevral aylarının hər biri üzrə 1.224 m3 olması ilə razılaşır. Bu qaydada aparılmış hesablama nəticəsində iddiaçı tərəfindən qanunsuz xətt vasitəsi ilə 2021-ci ilin iyul-dekabr ayları üzrə (288 m3 x 3 + 1.224 m3 x 2 = 3.312 m3) ümumilikdə 3.312 m3, 2022-ci ilin yanvar-mart ayları üzrə isə (1.224 m3 x 2 + 288 m3 = 2.736 m3) ümumilikdə 2.736 m3 həcmdə təbii qazdan istifadə edilmişdir. Təbii qazın illik istehlak həcminin 1.200 m3 hissəsi üçün hər 1 m3 - i 0,12 manat, 1.200 m3 – dən - 2.500 m3 -dək hissəsi üçün hər 1 m3 0,20 qəpik, 2.500 m3 – dən çox olan hissə üçün hər 1 m3 0,25 manat olması nəzərə alındığı halda, iddiaçı tərəfindən cavabdehə 2021-ci ilin qeyd edilən dövrü ərzində (1.200 m3 x 0,12 manat + 1.300 m3 x 0,20 manat + 812 m3 x 0,25 = 607 manat) 607 manat məbləğində, 2022-ci ilin qeyd edilən dövrü ərzində isə (1.200 m3 x 0,12 manat + 1.300 m3 x 0,20 manat + 236 m3 x 0,25 = 463 manat) 463 manat, cəmi (607 + 463 = 1.070 manat) 1.070 manat məbləğində maddi zərər vurulmuşdur.

31. Bu səbəbdən həmin məbləğ (1.070 manat) saxlanılmalı, qalan, yəni (5.240,16 – 1.070 = 4.170,16 manat) 4.170,16 manat məbləğində borc (cərimə) isə əsassız olaraq hesablanmış zərər məbləği kimi iddiaçının abonent hesabından silinməlidir.

32. Məhkəmə kollegiyası iddianın təmin edilmiş hissəsinin qiymətini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə ödənilməli olan dövlət rüsumu 61,71 manat məbləğində müəyyən edilməli və iddiaçı istehlakçı olaraq dövlət rüsumunu ödəməkdən azad edildiyindən həmin məbləğdə dövlət rüsumu Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının abonent hesabından silinmiş borcun və cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmuş dövlət rüsumunun məbləği hissəsində dəyişdirilməli, cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən ərazisində ((DYP-nin yanında) yerləşən fərdi yaşayış evinə hesablanmış borc (cərimə) məbləğinin 4.170,16 manat hissəsi iddiaçı X4 abonent hesabından (abonent kodu: **********00014) silinməli, cavabdehdən 61,71 manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilməlidir.

34. Hazırkı iş üzrə təmin edilən hissədə iddianın qiyməti (silinən borcun məbləği) beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-230/2024 nömrəli qətnaməsi iddiaçının abonent hesabından silinmiş borcun və cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmuş dövlət rüsumunun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən ərazisində ((DYP-nin yanında) yerləşən fərdi yaşayış evinə hesablanmış borc (cərimə) məbləğinin 4.170,16 (dörd min bir yüz yetmiş manat, on altı qəpik) manat hissəsi iddiaçı X4 abonent hesabından (abonent kodu: **********00014) silinsin. Cavabdehndən 61,71 (altmış bir manat, yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar