Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4213/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli 2(011)-8059/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 1927,69 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə (müqavilə N-********) əsasən cavabdehə iddiaçı tərəfindən su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidməti göstərilmişdir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən illər ərzində su təchizatı sistemindən suyun buraxılmasına və kanalizasiya xidmətlərinə görə ödəniş etməmiş və nəticədə 12.09.2019-cu il tarixinə abanentin 1927,69 manat borcu yaranmışdir. Borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay borc məbləğinə dair bildiriş, eyni zamanda sonuncu dəfə 08.04.2019-cu il tarixdə yazılı xəbərdarlıq göndərilmişdir. Lakin abonent Cavabdeh su və kanalizasiya xidmətlərindən mütəmadi olaraq istifadə etsə də, ötən illər ərzində istifadə etdiyi xidmətlərə görə ödəniş etməmişdir. “İddiaçı" ASC-nin 18.09.2012-ci il tarixli 237 nömrəli əmri ilə təsdiq edilmiş “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən sayğacsız istifadədən hesabatının aparılmasına dair” Təlumatın 2.2-ci bəndinə əsasən əhali qrupuna aid istehlakçıya göstərilmiş aylıq xidmətin həcmi mənzildə (yaxud evdə) yaşayan ailə üzvlərinin (sakinlərin) faktiki sayının Azərbaycan Respublikası tarif (Qiymət) Şurasının təsdiq etdiyi 1 nəfər üçün aylıq su istehlakı norması (5 kub.metr) hasili əsasında müəyyən edilmişdir. Bakı şəhəri Xətai rayonu 27 saylı MKİS-in 400 nömrəli 26.04.2019-cu il tarixli arayışına əsasən abonentin yaşadığı mənzildə ailə tərkibinin 2 nəfər olmasını nəzərə alaraq su təchizatına və kanalizasiya xidmətinə görə hesablama 1 kub.m x 0,50 manat x 5 kub.m=2,50 manat, 2,50 manat x 2 nəfər = 5 manat, 5 manat x 963,8 = 1927,69 manat qaydasında aparılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli 2(011)-8059/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, məhkəmə iclasında iştirak etmədiyi üçün çəkişmə prinsipi pozulmuş, heç bir araşdırma aparılmadan qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. O, 2011-ci ildən etibarən həmin mənzildə yaşamır. Çünki 2011-ci ildə Bakı şəhəri Nəsimi rayonu B.Məcidov,125 ünvanında fərdi yaşayış evi almış və daimi olaraq orada yaşayır. ünvan 2 onun ata evi olmaqla təmirsiz, şəraitsiz olduğundan mənzildə heç kim yaşamır. Su və kanalizasıyadan da heç kim istifadə etmir. Məhkəmə isə qeyd edilən halları araşdırmadan ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli 2(011)-8059/2019 saylı qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayonu 27 saylı MKİS-in 26.04.2018-cu il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 2 ünvanının sahibidir və ailə tərkibi 2 nəfərdən ibarətdir. İş materiallarında olan Cavabdeh adına olan abonent kartından məlum olur ki, onun su təchizatı və kanalizasiya xidmətlərinə görə 1927,69 manat borcu yaranmışdır. Cavabdehin təqdim etdiyi sənədlərdən isə görünür ki, o hal-hazırda ünvan 3 ünvanında qeydiyyatdadır və həmin ünvanda yaşayır. Abonentin qardaşı X1 isə Abşeron rayonu Masazır kəndində “xxxx” MMC-nin inşa etdiyi yaşayış binalarının 1D korpusundakı iki otaqlı 38 saylı mənzilin payçısıdır və ailə üzvləri ilə birlikdə orada yaşayır. İş materiallarında olan poçt qəbzinin surətindən də görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri Xətai rayonu Zığ yolu ev 44 mənzil 19 ünvanına Cavabdeh göndərilmiş məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən abonentə hesablanmış 1927,69 manat məbləğində borcun hansı dövrü əhatə etdiyini, borcun hansı qaydada hesablandığını müəyyən etmək mümkün olmamışdır. İddia ərizəsində qeyd olunan hesablama qaydası da (5.00 man x 963.8=1927.69 manat ?) borcun 1927,69 manat məbləğində olması barədə nəticəyə gəlməyə əsas vermir. Bundan əlavə, iddiaçı təşkilat həmin ünvanda su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edilib-edilmədiyini lazımi qaydada sənədləşdirməmiş, ödəmə olmadığı təqdirdə su təchizatının dayandırılması barədə tədbir görməmişdir. İddia ərizəsinə əlavə olunmuş Bakı şəhəri Xətai rayonu 27 saylı MKİS-in 26.04.2018-cu il tarixli arayışından görünür ki, arayışda Cavabdeh ünvan 6 ünvanın sahibi olması qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halı sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 389-cu maddəsinə əsasən, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Buna görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv edilməli, iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmaması barədə apelyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən sifarişli poçt vasitəsilə cavabdehin ünvanına bildirişlər göndərilmiş, lakin cavabdeh həmin ünvanda yaşamadığına görə poçt bildirişləri geri qaytarılmışdır. Cavabdeh Bakı şəhəri Nəsimi rayonu B.Məcidov küçəsi ev 93M-də qeydiyyatda olsa da, birinci instansiya məhkəməsi cavabdehin ünvanını müəyyən edib onun məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.2-ci maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 404-1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Hazırkı iddia tələbinin qiyməti 2000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 404-1ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 noyabr 2019-cu il tarixli 2(011)-8059/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı ASC-nin Cavabdeh qarşı su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-4213/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4213/2021
22.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver