Məhkəmə qərarları › İş №2(103)-4216/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4216/2020

27.07.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4216/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qurbanlı Aysel Elşən qızının katibliyi, Tərcüməçi X1, İddiaçı və onun nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-1147/2020 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi, daha sonra isə Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq tələb olunan 460.80 manat cərimə və sayğacın dəyərinə görə tələb olunan 235,88 manat pulun silinməsi, ödənilmiş 10 manat dövlət rüsumunun ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ünvan 1 226 ünvanında yerləşən mənzildə qeydiyyatdadır və həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2017-ci ildə mənzilinə quraşdırılmış qaz sayğacında olan məbləği yoxlamaq məqsədi ilə kartı sayğaca daxil edərkən sayğacın LCD ekranında yazıların qarışdığını görmüş, bununla bağlı Cavabdeh İB-nin 104 qaynar xətti ilə əlaqə yaradaraq problemi bildirmişdir. Daha sonra Cavabdeh İB-nin əməkdaşları mənzilə gələrək, sayğaca ilkin baxış keçirmişlər, daha sonra isə sayğacın “beyninin” pozulduğunu bildirmişlər. xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh İB-nin texniki şöbəsinin əməkdaşları tərəfindən onun mülkiyyətində olan mənzilində qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilmişdir. Yeni sayğac quraşdırıldıqdan sonra köhnə sayğacı özləri ilə aparmışlar. xx xxxxxx 2017-ci il tarixdə o, köhnə sayğac kartında qalan 33.60 manat məbləği yeni sayğacın kartına köçürmüşdür. Yalnız xx xxxxxx 2019-cu il tarixdə mənzilindəki qaz sayğacının ödəniş kartına pul yükləmək istəyərkən kartın bloka salındığını öyrənmişdir. O, “ASAN” Kommunal mərkəzinə müraciət etdikdə ona 455.80 manat cərimə hesablandığını öyrənmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-1147/2020 saylı qətnaməsi iləiddia təmin edilmiş,Cavabdeh tərəfindən İddiaçı **********02260 saylı abunə koduna hesablanmış 460.80 manat məbləğində borc və sayğac dəyərinə görə tələb olunan 235.88 manat məbləğində borcun abonentin hesabından silinməsi, cavabdehdən 10 manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi və Cavabdehndən dövlət rüsumunun kəsrini təşkil edən 20 manatın alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə görə, iddiaçının mənzilində quraşdırılmış sayğac Cavabdeh İB-nin nümayəndələri tərəfindən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. İdarənin rəyinə əsasən sayğaca müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Bu səbəbdən istehlakçıya istifadə etdiyi qaz cihazlarının sərfiyyatına görə 460,80 manat və sayğacın dəyəri olaraq 235,88 manat borc hesablanaraq tələb edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və nümayəndəsi iş materiallarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından aydın olur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” xx.xx.2017-ci il tarixli ******* saylı aktla iddiaçıya məxsus evdə İtron tipli G-4 markalı qaz sayğacı çıxarılmış, yenisi ilə əvəzlənmişdir. Aktda “LCD ekran qarışıb” qeyd edilmişdir. Akt istehlakçı tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktdan məlum olur ki, istehlakçının mülkiyyətində olan evə aid qaz sayğacına baxış keçirilmiş və sayğacın LCD ekranında rəqəmlərin qarışdığı, zavod plomblarının rənginin fərqli olması, klapanının bağlı olması müəyyən olunmuşdur. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. xx.xx.2018-ci il tarixli qərara əsasən itirilmiş qazın dəyəri (1.2x6x120=864 m3, 1.5x8x120=1440 m3) cəmi 2304 m3 həcmində hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısmın vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçıya məxsus evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan halda isə həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, küçədə quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1147/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixliqətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar