Məhkəmə qərarları › İş №2(103)-4218/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4218/2022

20.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4218/2022 20.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə) İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, ərizəçinin nümayəndəsi Vəkil, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” ərizəsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1708/2022 saylı işi üzrə 18 mart 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə onun arasında Nardaran qəsəbəsində "Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsinə dair” 58 saylı müqavilənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: Ərizəçi 17 oktyabr 1993-cü il tarixdə Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə onun arasında Nardaran qəsəbəsində "Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsinə dair” 58 saylı müqaviləyə düzəliş edilərək ata adının Qubat əvəzinə "Hümbət” yazılması barədə ərizə ilə Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir; -17 oktyabr 1993-cü il tarixində Nardaranda yerləşən 0,10 ha bağ sahəsinin icarəsi üzrə Ərizəçi Qubat oğlu ilə "Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsinə dair” 58 №-li müqavilə bağlanmışdır, icarəçi Ərizəçi Qubat oğludur, Neapol, ev 16, mənzil 10-da qeydiyyatdadır; -AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi xx.xx.1951-ci il tarixdə anadan olmuşdur, yaşayış yeri Bakı şəhəri, Neapol küçəsi ev 16, mənzil 10-dur;-Ərizəçi ilə Bakı Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi arasında 17 oktyabr 1993-cü il tarixdə Nardaran qəsəbəsində "Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsinə dair” 58 saylı müqavilə bağlanmışdır, həmin müqavilədə onun adı (ata adı) yanlışlıqla Ərizəçi Qubat oğlu kimi qeyd edilmişdir, müqavilədə adı qeyd olunmuş Ərizəçi Qubat oğlu ilə Ərizəçi eyni şəxsdir, ərizəçi hüquqi əhəmiyyəti olan faktı başqa qaydada əldə edə bilməmişdir. Bununla belə, ərizə tələbində müəyyən edilməsi göstərilən faktın hüquqi əhəmiyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir (iş səh.7-12). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1708/2022 saylı işi üzrə 18 mart 2022-ci il tarixli qətnaməsi ilə (Azərbaycan Respublikası Konstitusiyasının 60; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 305.1.1, 307.2.5, 307.2.11, 308-ci maddələrinə istinadən) ərizə təmin edilmiş, 17 oktyabr 1993-cü il tarixli Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış Nardaran qəsəbəsində "Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsinə dair” 58 saylı müqavilənin Ərizəçi məxsus olması faktı müəyyən edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1708/2022 saylı işi üzrə 18 mart 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası “Daşınmaz əmlakın dövlət reyestri” haqqında qanunun 8.0.7; Mülki Prosessual Məcəllənin 385, 217.4-cu maddələrinə; Yerli İcra hakimiyyəti orqanlarının nəzdində bağ təsərrüfatı idarələri ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 saylı sərəncamına istinadən qeyd edilmişdir ki, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22- dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, 17 oktyabr 1993-cü il tarixli Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi ilə bağlanmış Nardaran qəsəbəsində Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsinə dair 58 saylı müqavilə İdarənin arxiv əsaslarında aşkar edilməmişdir. Məhkəmə qətnamənin əsaslandırıcı hissəsində göstərmişdir ki, xx.xx.1993cü il tarixli Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsi Nardaran qəsəbəsində Bağ sahələrinin uzunmüddətli icarəyə verilməsinə dair 58 saylı müqavilənin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, 2007-ci il may ayının 22-sindən sonra bağ təsərrüfat idarələri arxivlərinin Bakı Ərazi İdarəsinə təhvil verildiyini, həmin müqavilənin arxiv əsaslarının olmadığını və arxiv əsaslarının olmamasının imtina üçün əsas olduğunu, bağın kimə məxsus olduğunun araşdırılmadığını, ərizəçinin idarəyə qeydiyyat üçün müraciət etdiyini, lakin ərizəçiyə qeyd edilən məsələlərlə əlaqədar rəsmi imtina verilmədiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi Vəkil bağın 1993cü ildən bu günə kimi ərizəçinin bağ təsərrüfat idarəsi tərəfindən verilmiş müqavilə əsasında istifadəsində olduğunu, ata adının səhv yazıldığından səhvin düzəldilməsi üçün məhkəməyə müraciət etdiklərini, onlara rəsmi imtinanın verilmədiyini, dəfələrlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməklərinə baxmayaraq cavab verilmədiyini, bu səhvi onların düzəldə biləcəyini nəzərə alaraq ora müraciət etdiklərini bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən maraqlı şəxs Bakı Şəhər İcra Hakimiyyətinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 50-58, 149-152, 259.0.12, 305.1.1, 305.2, 306-311, 371, 372, 384, 385.1.1, 385-390-ci maddələrinin tələblərinə uyğun ərizə təqdim edilən zaman prosessual qanunvericiliyin tələblərinə tam riayyət edilmədiyini nəzərə alaraq iddia ərizəsinin baxılmamış saxlanılmaqala apellyasiya şikayətinin qismən təmin edilməsini qanuni hesab edir. Belə ki, ərizəçi inzibati icraat qaydasında cavab verməli müvafiq icra hakimiyyətinə məqsədini izah edən rəsmi müraciət formasında müraciət etməmiş və hazırda işə baxılan zaman ümumiyyətlə belə müqavilənin mövcudluğunu şübhə altına alan mübahisəli vəziyyətin mövcudluğu müəyyən edilmişdir. Diqqətə çatdırılmalıdır ki, Mülki Prosessual Məcəllənin 259.0.10-cu maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, habelə Məcəllənin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məcəllənin 306.4-cü maddəsinə əsasən: Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Məcəllənin 308 və 310.1-ci maddələrinə əsasən: Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məcəllənin 76.1, 77.1 və 78.1-ci maddələrinin tələblərinə görə, Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Məcəllənin 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə kollegiyası izah etməyi vacib bilir ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırmaqla, işin icraat növünü, iş üzrə prosessual tərəfləri və mahiyyətinə uyğun tələbi düzgün müəyyən etməklə iddiaçının məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1708/2022 saylı işi üzrə 18 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi baxılmamış saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar