Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-422/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(011)-3044/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanına (abonent kodu: **********02710) itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 2557,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayır. Təbii qazdan istifadəyə görə tərəfindən vaxtı-vaxtında ödənişlər aparılmışdır. 23 aprel 2020-ci il tarixdə istifadəsində olan smart tipli sayğac mexaniki tipli qaz sayğacı ilə əvəz edilmiş, yeni sayğacdan qısa bir müddət istifadə etdikdən sonra ona 2557,80 manat məbləğində borcunun olduğu bildirilmişdir. Bununla bağlı yerli qaz idarəsinə getdikdə bildirmişlər ki, guya 2017-ci ilin dekabr ayında təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Tərtib edilmiş saxta aktdan da göründüyü kimi akt tərtib edilərkən iştirakı təmin edilməmişdir. Halbuki bu cür aktlar tərtib edilərkən iştirakı mütləq təmin edilməli idi. Qanunsuz xətt vasitəsi ilə təbii qazdan istifadə etsəydi həmin xətt ləğv edildikdən sonra sayğaca görə aylıq sərfiyyatı kəskin artmalı idi. Lakin abonent saldosundan da göründüyü kimi sərfiyyatında dəyişiklik olmamışdır. İstifadəsində olan qaz sayğacı küçədə yerləşdiyindən ona müdaxilə etməsi və ya məsuliyyət daşıması mümkün deyil. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(011)-3044/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 25 dekabr 2017-ci il tarixli ******* saylı akt istehlakçı İddiaçı ünvan 2 ünvanında yerləşən istixanasında sayğacdan kənar rezin boru ilə təbii qazdan qeyriqanuni istifadə etdiyinə görə tərtib olunmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən araşdırma həmin ünvanda yerləşən ev üzrə aparılmışdır. Buna görə də hesab edir ki, iddiaçıya məxsus istixanada təbii qazdan qeyri-qanuni istifadə hallarının olubolmamasını müəyyən etmək məqsədilə məhkəmə tikinti-texniki ekspertizası keçirilmədən birinci instansiya məhkəməsi əsassız olaraq borcun silinməsi barədə qətnamə çıxarmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(011)-3044/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 25 dekabr 2017-ci il tarixli ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı məxsus evdə sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə borc 2557,80 manat təşkil edir. İş materiallarında olan “X1” MMC tərəfindən verilmiş 27 aprel 2021-ci il tarixli 259 saylı ekspert rəyinə görə, baxış zamanı Cavabdehnə məxsus əsas xətdən iddiaçıya məxsus Xəzər rayonu Turkan qəsəbəsi Xanlar küçəsi ev 1 ünvanında sayğacdan kənar müdaxilə faktı aşkar olunmamışdır. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 05 yanvar 2022-ci il tarixli 10/6307 saylı rəyinə əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, o cümlədən evin həyətində olan istixanaya təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması barədə aktın surətindən görünür ki, cavabdehin əməkdaşları tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilərkən iddiaçının iştirakı təmin edilməmiş, “aktın doğruluğunu imzamızla təsdiq edirik” bölməsində cavabdehin əməkdaşlarının imzası olsa da, iddiaçının adının qarşısında “imtina” qeydi yazılmaqla akt onun tərəfindən imzalanmamışdır. Halbuki təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı ilə tərtib edilməlidir. Bundan əlavə, iddiaçının barəsində Cavabdeh İB-nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına görə 25 dekabr 2017-ci il tarixdə akt tərtib olunsa da, ötən müddət ərzində bu barədə nə məhkəməyə, nə də hüquq mühafizə orqanlarına müraciət olunmamışdır. Məhkəmə araşdırması zamanı da iddiaçının təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadə etməsi təsdiq olunmamışdır. Həmçinin iddiaçıya məxsus istixanada qaz xəttinə sayğacdan kənar qoşulmanın aşkar olunmadığı iş üzrə alınmış ekspertiza rəyləri ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Apellyasiya şikayəti formal mülahizələrdən ibarət olmaqla əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iddia tələbinin qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(011)-3044/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh İB-yə aid edilsin. Apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xərci qismində 100 manat pul Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-422/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-422/2022
15.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver