Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-422/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(004)-2500/2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. “Ford Fusion” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən PBA********** saylı, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsi ilə “əmlak sığortası” qaydasında sığortalanmışdır. Bakı şəhər DYPİ tərəfindən İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sisteminə yerləşdirilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”a (Forma 4) əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli hadisə zamanı “Ford Fusion” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuşdur. Həmçinin, İXM-nin 327.6 və 327.1-ci maddələrinə əsasən Cavabdeh barəsində İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri DYPİ-nin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6- cı və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. “Kia Motors” tərəfindən verilmiş xx.xx.2022- ci il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Kia Rio” markalı, 99- LM-172 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2405 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Rio” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 2405 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “Ford Fusion” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2405 manat məbləğində sığorta ödənişi, 44,05 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqı alınaraq iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli PBA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə sığortalanmış, “Ford Fusion” markalı ** SY *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində saat 19:20 radələrində Qələbə dairəsində Cavabdeh tərəfindən idarə edilərkən “Kia Rio” markalı, ** LM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Yuxarıda göstərilən yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər DYPİ tərəfindən İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sisteminə yerləşdirilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” a (Forma 4) əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli hadisə zamanı “Ford Fusion” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuşdur. Həmçinin, İXM-nin 327.6 və 327.1-ci maddələrinə əsasən onun barəsində İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Rio” markalı ** LM *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 2405 (iki min dörd yüz beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlara əsasən iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 2405 (iki min dörd yüz beş) manat məbləğində sığorta ödənişini cavabdehdən tələb etmək hüququna sahib olmuşdur.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(004)- 2500/2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 2405 (iki min dörd yüz beş) manat məbləğində sığorta ödənişi, 44,05 (qırx dörd manat beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. (hakim X2)
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, iddiaçı "xxxx" ASC tərəfindən baş vermiş yol nəqliyyat hadisəsində zərərə uğramış “Kia Rio” markalı **-LM-*** dövlət qeydiyyatlı nişanlı avtomobilin mülkiyyətçisinə ümumilikdə 2405 manat məbləğində pul vəsaiti ödənildiyindən, həmin məbləğ Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci, 1114.1-ci maddələrinə, «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.8-ci maddəsinə əsasən bu Qanunun 63-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 88-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Rio minik”markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı iddiaçı "xxxx" ASC tərəfindən müəyyən edilərkən onun iştirakı təmin edilməmiş, zərərin miqdarı barədə məlumatı olmamışdır. Qeyd edilən zərərin qiymətləndirilməsində iştirakla bağlı ona iddiaçı tərəfindən bildiriş göndərilməmişdir. “Kia Rio minik”markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər əsassız olaraq şişirdilmiş şəkildə 2405,00 manat müəyyən edilmişdir. Sözügedən nəqliyyat vasitsinə dəymiş zərərin miqdarı onun müraciətinə əsasən “Gənclik” Avtomaşınların Təmir Müəssisəsi tərəfindən 1316,00 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdən hesab edir ki, hazırki mülki iş üzrə ekspertiza keçirilməlidir. Apelyasiya şikayətinə əlavə edilmiş əmlaka dəymiş zərərlə bağlı qüsur aktı əlavə edilmiş, bu da ona dəlalət edir ki, mülki iş birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli, obyektiv, tam araşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında cavbadeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
13. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunduğundan,qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən iddiaçının xeyrinə subroqasiya qaydasında tutulan məbləğə dair hissədə dəyişdirilməlidir
19. Hazırkı işin faktiki hallarına əsasən “Ford Fusion” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən PBA********** saylı, xx.xx.2022-ci il tarixli sığorta şəhadətnaməsi ilə “əmlak sığortası” qaydasında sığortalanmışdır. Bakı şəhər DYPİ tərəfindən İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sisteminə yerləşdirilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa (Forma 4) əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli hadisə zamanı “Ford Fusion” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozmuşdur. Həmçinin, İXM-nin 327.6 və 327.1-ci maddələrinə əsasən Cavabdeh barəsində İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri DYPİnin xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. “Kia Motors” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Kia Rio” markalı, **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 2405 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə yolnəqliyyat hadisəsi nəticəsində “Kia Rio” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 2405 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. “Ford Fusion” markalı **-LM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışdır.
20. Tərəflər arasında mübahisə də məhz vurulmuş zərərin məbləği ilə bağlı yaranmışdır. Birinci instansiya məhkəməsi isə zərərin məbləğini iddiaçı tərəfindən təqdim edilən “Kia Motors” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli zərərin hesablanması aktına əsasən müəyyən etmişdir. Bu səbəbdən cavabdeh apellyasiya şikayətində ekspertiza keçirilmədən zərərin məbləğinin müəyyən edilməsini mübahisələndirmiş və təyin edilən məbləğlə razılaşmamışdır.
21. Bu səbəbdən zərərin məbləğinə aydınlıq gətirilməsi məqsədi ilə apellyasiya icraatı zamanı məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və buna uyğun aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş 11 dekabr 2023-cü il tarixli 9/8156 nömrəli rəyinə əsasən nəzəri hesablama yolu ilə, “Kia Motors” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Kia Rio” markalı **-LM-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2311 manat müəyyən edilir.
22. Məhkəmə kollegiyası ekspert rəyi ilə bağlı ilk növbədə qeyd edir ki, ekspert tədqiqatında “Kia Motors” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından istifadə edilməklə tərtib edilmişdir. Ekspert tədqiqatı da bu aktda göstərilən ehtiyyat hissələri və görülməli olan işlər əsas götürülməklə aparılmışdır. Ehtiyyat hissələri və görülməli olan işlərlə bağlı müəyyən edilmiş qiymətlər nəzərdən keçirilmiş, lakin rəy malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə olunmaqla tərtib edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası rəydə göstərilən ehtiyyat hissələrinin, habelə görülməli olan işlərin qiymətlərini şişirdilmiş hesab etmir, bu qiymətlərlə razılaşır.
23. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(004)- 2500/2023-cü il tarixli qətnaməsi dəyişdirilərək Cavabdeh 2311 manat məbləğində sığorta ödənişi iddiaçının xeyrinə tutulmalıdır.
24. İş üzrə keçirilmiş Məhkəmə əmtəəşünaslıq eskpertizasının aparılmasına sərf edilmiş 50 manat məbləğində pulun 25 manatı iddiaçı "xxxx" ASC-dən və 25 manatı isə Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Eyni zmanada apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilməlidir.
25. Hazırkı iş üzrə iddianın qiyməti ümumilikdə beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(004)- 2500/2023-cü il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh 2311 manat məbləğində sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Məhkəmə əmtəəşünaslıq eskpertizasının aparılmasına sərf edilmiş 50 manat məbləğində pulun 25 manatı iddiaçı "xxxx" ASC-dən və 25 manatı isə Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz