Məhkəmə qərarları › İş №2(103)-4227/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4227/2024

22.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4227/2024 22.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Finoko BOKT” ASC-yə qarşı işi üzrə Açar sözlər :( “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Məmmədov Murad Akif oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Finoko BOKT” ASC-yə qarşı "ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 488/2024 saylı işi üzrə xx.xx.2024-cü tarixli iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdeh "Finoko BOKT” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ərizədə qeyd etmişdirki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3067-ci məhəllə, ev 42, mənzil 335-də yerləşən mənzil xx.xx.2019-cu il tarixli 2019/00677-EYİP saylı ipoteka müqaviləsi əsasında yüklü edilmişdir. İddiaçının oğlu X1 ünvanda qeydiyyatda olsa da, mənzil ipoteka ilə yüklü edilən zaman sonuncunun yazılı razılığı alınmamışdır, bu səbəbdən ipoteka müqaviləsi etibarsız hesab edilməlidir.

2. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-488/2024 saylı işi üzrə xx.xx.2024-cü tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, Mülki Prosessual Məcəlləsinin 261.0.2, 77-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli 02/2022 nömrəli Qərardadına istinadən qeyd edilmişdir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Göstərilən halların heç biri hazırki ipoteka müqaviləsi üzrə mövcud deyildir. Hazırki mübahisə üzrə ipoteka müqavilə mülki qanunvericiliyin tələblərinə əsasən notarial qaydada bağlanmışdır. Odur ki, forma əsası ilə etibarsızlıq halı mövcud deyildir. Müqavilənin məzmunu ilə bağlı, məzmun tərəflərin iradə ifadəsi və müqavilə azadlığı prinsipləri rəhbər tutulmaqla qarşılıqlı razılıq əsasında tərtib edilir. Mübahisə predmeti olan müqavilənin formal tələblərinə əməl olunur, məzmunu aydın və anlaşılandır. Etibarsızlığın iradə qüsurluluğu ilə bağlı, hazırki mübahisə üzrə sözügedən müqavilənin bağlanmasına münasibətdə iddiaçının iradəsi zədələnməmiş, iddiaçı sərbəst şəkildə iradəsini ifadə etməklə müqavilə münasibətlərinə daxil olmuşdur. Subyekt tərkibi ilə bağlı, müqaviləni bağlayan şəxslər fiziki və hüquq şəxs olmaqla anlaqlı və tam fəaliyyət qabiliyyətli subyektlər olmuşlar. İpoteka qoyan isə mülkiyyətçi İddiaçı çıxış etmişdir. Deməli, subyekt tərkibi nöqteyi-nəzərdən də müqavilənin etibarsız hesab olunmasına əsaslar yoxdur. Etibarsızlığın əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmaqla aydın və hüquqi müəyyəndir.Aydın, anlaşılan hüquq normalarının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada təfsir olunması yolverilməzdir. Araşdırma zamanı iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı ASC-nin cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə aktının qəbul edilməsi müəyyən edilmişdir. Lakin, Bakı Apellvasiva Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2(103)-176/2023 nömrəli qətnaməsi nəzərə alınmaqla hazırki iddia tələbinin əsasını müqavilə öhdəlikləri üzrə əqdin etibarsızlığı deyil, əşya hüququ üzrə əqdin etibarsızlığı təşkil etdiyindən mülki iş üzrə icraata xitam verilməli deyil, mahiyyəti üzrə baxılaraq yekun akt qəbul edilməlidir. İddiaçının hüquqi müdafiəsinin əsasını məhz iddiaçının oğlu X1 ünvanda qeydiyyatda olsa da, mənzil ipoteka ilə yüklü edilən zaman sonuncunun yazılı razılığı alınmaması təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən sözügedən xüsusat ipoteka müqaviləsinin etibarsız hesab edilməsi əsası qismində çıxış edə bilməz. Məhkəmə nəzərə alır ki, ipoteka müqaviləsi üzrə mülkiyyətçi mülkiyyət hüquqlarından istifadə etməklə daşınmaz əmlakı etibarlı ipoteka müqaviləsi ilə yüklü etmişdir. Həmçinin, əgər etibarsızlıq əsasları mövcuddursa belə, bu barədə X3 hüquqlarının pozulması ilə bağlı iddia irəli sürə bilər. İpoteka qoyan İddiaçı isə ipoteka müqaviləsi bağlanan zaman bu xüsusat məlum olmuşdur. Odur ki, müqavilə tərəfinə məlum olan xüsusatın hüquqdan sui-istifadə etməklə sonradan mübahisələndirilməsi hüquqi hesab edilə bilməz.

3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - xx.xx.2019-cu il tarixli 2019/00677-EYİP saylı ipoteka müqaviləsinə əsasən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3067-ci məhəllə, ev 42, mənzil 335-də yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan "Finoko BOKT” ASC, ipoteka qoyan isə mülkiyyətçi İddiaçıdır. - Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2(103)-176/2023 nömrəli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı "Finoko BOKT” ASC-nin cavabdeh İddiaçı qarşı ".kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsi, Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-488/2024 saylı qətnaməsi ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılsını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337; Mülki Prosessual Məcəlləsinin 77, 88, 217.3 386-cı maddələrinə istinadən qeyd edilmişdir ki, X3 tərəfindən əmlakın ipoteka ilə yüklü edilməsi üçün razılıq ərizəsi verilməmişdir. Eyni zamanda “məhkəmə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə” vəsatət verilməsinə baxmayaraq məhkəmə vəsatəti təmin etməyərək MPM-nin 97.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə yuxarıda qeyd edilən halları araşdırmamaqla MPM-nin 217.3-cümaddəsinin tələbini pozub. MPM-nin 217.3cü maddəsinin tələbinə görə, Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsi mülki iş üzrə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, işin faktiki hallarına hüquqi qiymət vermədən qətnamə qəbul edib. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti müdaifə etmiş, oğlu ipoteka predmeti olan mənzildə qeydiyyatda olduğu halda, onun razılığının alınmadığını qeyd etmiş, lakin əmlakın mülkiyyətçisinin özünün olduğunu və əmlakın ipoteka ilə yüklü edilməsinə razılıq verdiyini bildirmişdir.

6. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-39; Mülki Məcəllənin 269-275, 307-323-1, 337, 385-390, 560; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmış, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlil müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin əsaslandığı istinadlardan əlavə qeyd edilməlidir ki, başqa şəxsin hüquqlarının pozulması əsası ilə subyektiv hüquqa malik olmayan şəxs tərəfindən verilən iddia üzrə qanunla müəyyən edilmiş müddətlər də ötürülmüşdür.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli 02/2022 nömrəli Qərardadına əsasən: Məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

10. Qeyd edilən qərarda qeyd edilmişdir ki: 56. Əksinə olaraq, hüququ pozulmuş şəxs iddiaçının əşya hüququnun mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, reyestr qeydinin düzəldilməsi və ya qeydin hüquqi səbəbini təşkil edən əqdin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda həmin əqdlərin etibarlı olub-olmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yenidən qaldırılmasına yol verilmir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. 3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. 5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. 6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. 7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3, 233.3-cü maddələrinə əsəsən: Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı maddələri nəzərdən keçirilməlidir: 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

14. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun aşağıda qeyd edilən maddələrinə əsasən: 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.

15. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilməsi üçün əsaslar olmadığından onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxsə aid edilməlidir.

16. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 488/2024 saylı işi üzrə xx.xx.2024-cü tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar