Məhkəmə qərarları › İş №2(103)-4228/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4228/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4228/2025 22.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı işi üzrə Açar sözlər: («sığorta ödənişinin ödənilməsi») hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə,hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-378/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Çağırqanov Vahid Miryusif oğlu cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı atroğıs» ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Behbudov Allahverdi Alış oğlu hərəkəti həmin yolda qanunla qəti qadağan olunan NEW Holland TC5050 markalı, 90-L-009 d.q.n-lı kombayn texniki vasitəni mövcud qanunvericiliyə uyğun olaraq avtomobil yollarında hərəkət etdirməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən, hərəkət vaxtına münasibətdə Daxili İşlər Nazirliyindən xüsusi icazə almalı olduğu halda qanunun bu tələblərini kobud şəkildə pozaraq, müşayiət avtomobili ayrılmalı olduğu halda qanunun bu tələbini də kobud şəkildə pozaraq, heç bir təhlükəsizlik tədbiri görmədən, eni 390 sm olan kombayn mexaniki texniki vasitəni biçmə qurğusu ilə birlikdə eni 340 sm olan avtomobil yoluna çıxararaq, əvvəlcədən hərəkət iştirakçılarına qəza şəraiti yaradaraq onunla əks istiqamətdə hərəkətdə olan Çağırqanov Elnur Vahid oğlunun idarə etdiyi **-GC-*** d.q.n.n-lı Mersedes Benz C-180 markalı avtomobilinin hərəkət zolağına çıxaraq ağır yol-nəqliyyat hadisəsi törədərək, xidməti vəzifələrini icra edən (bu barədə DİN-in Rəyi ərizəyə əlavə olunmuşdur) iki polis əməkdaşı Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin əməkdaşı, polis leytenantı Çağırqanov Elnur Vahid oğlu və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin kiçik inspektoru, polis kiçik serjantı Süleymanzadə Ləman Nazim qızı sağlamlıqlarına ağır bədən xəsarətləri yetirməklə faciəli şəkildə onların həlak olmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə aparılmış xidməti təhqiqatın nəticəsinə dair rəydə DİN-in Baş Pasport qeydiyyat və Miqrasiya idarəsinə bilavasitə tabe olan Gəncə Asan xidmət mərkəzi üzrə regional qrupun sabiq kiçik inspektoru Ləman Süleymanzadənin və Nizami RPİ-nin İTB-nin polis sahə rəisi Elnur Çağırqanovun ölümünün xidməti vəzifəsinin icrası ilə əlaqəsi olması nəzərdə tutulmuşdur. Rəydə eyni zamanda qeyd olunmuşdur ki, DİN-in Maliyyə-Plan İdarəsinin xx.xx.2021-ci il tarixli 027-1828-1221 nömrəli məktubunda sabiq polis leytenantı X7 və sabiq polis kiçik serjantı X1 vəfat etmələrinin xidməti vəzifəsinin icrası ilə bağlı hesab ediləcəyi təqdirdə müvafiq rəyin surətinin Dövlət Kommersiya Şirkətinə təqdim edilməsi üçün sabiq əməkdaşların ailə üzvlərinə təqdim olunmasının məqsədə müvafiq hesab edilsin. X14 Vilayət Eyvazovun göstərişi əsasında Dövlət Sığorta Kommersiya şirkətinə sığorta ödənişinin sabiq polis leytenantı X7 və sabiq polis kiçik serjantı X1 ailəsinə ödənilməsi ilə bağlı tapşırıq verilmişdir. Dövlət Sığorta Kommersiya Şirkəti sabiq polis kiçik serjantı X1 valideyni X3 bu sığorta ödənişini etmişdir. Səhhəti ilə bağlı bu sığorta ödənişi üçün Dövlət Sığorta Kommersiya Şirkətinə 2023-cü ildə müraciət etmişdir.Onlar xx.xx.2023cü il tarixli məktubunda bu sığorta ödənişini Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniləcəyini bildirdilər. Dövlət Sosial Müdafiə Fondu isə xx.xx.2023-cü il tarixli məktubunda ölüm hadisəsi 2020-ci il tarixində baş verdiyinə görə adıçəkilən sığorta ödənişinin Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilməli olduğunu bildirir. Göstərilənlərə əsasən xidməti vəzifəsini icra edən zaman faciəli şəkildə həlak olan sabiq polis leytenantı X5 Daxili İşlər Nazirliyi tərəfindən təyin edilmiş sığorta məbləğinin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmasının təmin edilməsi xahiş edilmişdir.

2. Cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Qanunun 5-ci maddəsinə əsasən sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması, xəsarət alması və əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Göründüyü kimi baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməsi üçün hadisə mütləq qaydada xidməti vəzifələrin icrası ilə bağlı olmalıdır. İddiaçının oğlu X7 16 avqust 2020-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsində aldığı ağır bədən xəsarətləri nəticəsində həlak olmuşdur. Baş vermiş hadisənin xidməti vəzifələrin icrası ilə bağlı olması Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli Rəyi ilə təsdiqini tapmışdır. AR Prezidentinin xx.xx.2021-ci il tarixli “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə müvafiq qurumların əməkdaşlarının həyat və sağlamlığınının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Həmin Fərmanın 2.7-ci bəndinə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Həmin Fərmanın 2.8-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Dövlət Sosial Müdafiə Fondu təmin edir, iddiaçının təqdim etdiyi rəyin verildiyi tarixdə müvafiq səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verildiyi üçün Fərmanın tələblərinə müvafiq olaraq iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi tövsiyə edilmişdir. Göstərilənlərə əsasən İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

3. Daha sonra İddiaçı ərizəsi əsasında cavabdeh əsl cavabdeh Ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ilə əvəz edilmişdir.

4. İşin icraatı zamanı müəyyən edilmişdir ki : - Azərbaycan Respublikasının X14 Vilayət Eyvazovun “DİN-in rəhbərliyinin göstərişi əsasında aparılmış xidməti təhqiqatın nəticəsinə dair” 27 aprel 2021-ci il tarixli Rəyindən görünür ki, DİN-in Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Gəncə “Asan xidmət” mərkəzi üzrə regional qrupun sabiq kiçik inspektoru Ləman Süleymanzadənin və Nizami RPİ-nin İTB- nin polis sahə rəisi Elnur Çağırqanovun ölümünün xidməti vəzifəsinin icrası ilə əlaqəsinin olması nəzərə alınmışdır; - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-2902/2024 saylı qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin ləğvetmə komissiyasına qarşı sığorta ödənişinin ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır; - Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3182/2023 saylı qərarına əsasən iddia təmin edilərək, X4 xidməti vəzifəsinin icrası zamanı ölməsi ilə bağlı sığorta ödənişinin hesablanaraq İddiaçı ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin üzərinə qoyulmuşdur; - Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)-249/2024 saylı qərardadına əsasən apelyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3182/2023 saylı qərarı ləğv edilərək, iş materialları yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır; - AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən İddiaçı ünvanlanan 17 aprel 2023-cü il tarixli cavab məktubundan görünür ki, müraciət araşdırılarkən məlum olmuşdur ki, X4 vəfat etməsi ilə bağlı tərtib edilmiş 100328 nömrəli ölüm haqqında şəhadətnamənin (sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədin) tarixi xx.xx.2020-ci ilə aiddir. X4 qanun üzrə vərəsəsi kimi İddiaçı dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Fondun səlahiyyətlərinə aid deyil. Nəzərə alınması xahiş olunmuşdur; - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanan 05 may 2023-cü il tarixli cavab məktubundan görünür ki, ərizəyə əlavə olunmuş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən Daxili İşlər Nazirliyinin Rəyinin verilmə tarixi 27 aprel 2021ci il tarixinə təsadüf etdiyindən, Fərmana edilmiş dəyişikliyə əsasən, vətəndaşlara sığorta ödənişinin verilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə fondu tərəfindən həyata keçirilir. Bu səbəbdən sığorta ödənişinin alınması üçün aidiyyəti üzrə Fonda müraciət edilməsi tövsiyə edilmişdir; - Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(104)- 585/2024 saylı qərardadına əsasən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(114)-2902/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)- 3052/2024 saylı qərardadına əsasən Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(104)-585/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-378/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, X4 xidməti vəzifəsini icra edən zaman həlak olması ilə bağlı müvafiq sığorta ödənişinin hesablanaraq İddiaçı ödənilməsi vəzifəsinin cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 125; “Polis haqqında” Azərbaycan Respublikası Qanunun 37; “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun 4.1, 4.2, 4.3, 5, 7.1, 7.2, 7.3, 7.4, 11; Mülki Məcəllənin 922.1, 922.2, 922.3, 926.1, 926.2-ci maddəllərinə; “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 18 may 2021-ci il tarixli 1340 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1, 2.7, 2.8-ci bəndlərinə; “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Fərmanın 2-ci bəndinə istinadən qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Gəncə şəhəri Nizami rayon Polis idarəsinin əməkdaşı, polis leytenantı X7 xx.xx.2020-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən avtoqəza keçirmiş və vəfat etmiş, xx.xx.2020-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Bundan sonra iddiaçı baş vermiş hadisə nəticəsində həlak olan oğlu X4 ölümü ilə bağlı sığorta məbləğini almaq istəmiş, lakin xidməti vəzifəsini həyata keçirərkən sığorta hadisəsinin baş verməsinə baxmayaraq cavabdeh sığorta məbləğini verməkdən imtina etmişdir. Sığorta məbləğinin verilməsindən imtinanın əsası kimi isə iş materiallarına əlavə edilmiş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən Daxili İşlər Nazirliyinin 27 aprel 2021-ci il tarixli Rəyi göstərilir. Lakin məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, iş materiallarına əlavə edilmiş bütün digər sənədlərdə sözügedən sığorta hadisəsinin iddiaçının daxili işlər orqanında xidməti vəzifəsini yerinə yetirərkən baş verməsi qeyd edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçıya sığorta hadisəsinə görə sığorta məbləği ödənilməlidir.Həmçinin, məhkəmə qeyd edir ki, cavabdehin sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktının 2020-ci ilin dekabrın 31-dən sonraya aid olmasını və bu dəlilini iş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi tərəfindən verilən 27 aprel 2021-ci il tarixli rəyi ilə əsaslandırması və buna görə də iddiaçıya sığorta ödənişinin verilməsindən imtina etməsi əsaslı sayıla bilməz. Belə ki, iş materiallarından da müəyyən edilir ki, sığorta hadisəsi xx.xx.2020-ci il tarixdə baş vermiş və sığorta hadisəsinin şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar olmasını təsdiq edən sənədin tarixi isə xx.xx.2021-ci ilə aiddir. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Fərmanın 2-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilməsi göstərilmişdir. Odur ki, hazırki iş üzrə də xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının oğlu həlak olmuş, yəni həmin tarixdə artıq sığorta hadisəsi baş vermiş, daha sonra xx.xx.2020-ci il tarixdə isə ölüm haqqında şəhadətnamə verilərək, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktı təsdiq edilmişdir.Odur ki, məhkəmə məhz sığorta hadisəsinin baş verməsini təsdiq edən sənədin 2020-ci ilə aid olmasını əsas götürərək Azərbaycan Respublikası Prezidentinin “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 18 may 2021-ci il tarixli 1340 nömrəli Fərmanının müddəalarına əsasən müvafiq sığorta ödənişinin məhz hazırki iş üzrə cavabdeh tərəfindən ödənilməsini əsaslı hesab edir. Bundan əlavə isə məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəf sığorta hadisənin tarixini müvafiq rəyin verilmə anından götürülməsi tam əsassız hesab edir. Belə ki, sığorta hadisəsi şəxsin həlak olması anı ilə bağlı olmuş, qeyd edilən rəy isə hadisə ilə bağlı səbəbli əlaqənin (xidməti vəzifələrin icrası zamanı ilə bağlılığın) mövcudluğunu təşkil etmişdir. Bu rəyin tarixin sonradan verilməsi isə səbəb müvafiq araşdırmaların aparılmasının zərurliyindən müəyyən müddət çəkməsi olmuşdur. Çünki səbəbli əlaqənin mövcud olmaması nəticədə sığorta hadisənin olmamasına gətirib çıxaracaqdır. Bu halda ilk olaraq əsas hissə şəxsin vəfat etməsi anı, köməkçi hissə isə səbəbli əlaqənin (xidməti vəzifələrin icrası zamanı ilə bağlılığın mövcudluğu) təsdiq edilməsidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X4 xidməti vəzifəsini icra edən zaman həlak olması ilə bağlı müvafiq sığorta ödənişinin İddiaçı ödənilməsi vəzifəsi cavabdeh LPO Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulmalıdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

6. Cavabdeh apellyasiya şikayəti vermiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli , 2(006)-378/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan apellyatorun xeyrinə tutulmasını xahiş etmişdir. Şikayətdə “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunun 5; Mülki Prosessual Məcəllənin 77, 385.1.2-ci maddələrinə; “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanına istinadən qeyd edilmişdir ki, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 5-ci maddəsinə əsasən sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Göründüyü kimi baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməsi üçün hadisə mütləq qaydada xidməti vəzifələrin icrası ilə bağlı olmalıdır. İddiaçının oğlu X7 16 avqust 2020-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsində aldığı ağır bədən xəsarətləri nəticəsində həlak olmuşdur. Baş vermiş hadisənin xidməti vəzifələrin icrası ilə bağlı olması AR Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli Rəyi ilə təsdiqini tapmışdır. AR Prezidentinin xx.xx.2021-ci il tarixli “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə müvafiq qurumların əməkdaşlarının həyat və sağlamlığınının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Həmin Fərmanın 2.7-ci bəndinə əsasən, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyətitərəfindən həyata keçirilir. Həmin Fərmanın 2.8-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Dövlət Sosial Müdafiə Fondu təmin edir. İddiaçının təqdim etdiyi rəyin verildiyi tarixdə müvafiq səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verildiyi üçün Fərmanın tələblərinə müvafiq olaraq iddiaçıya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməsi tövsiyə edilmişdir. Qeyd olunan hallar yazılı etiraz qaydasında və məhkəmə iclasında şifahi qaydada məhkəmənin diqqətinə çatdırılsa da, məhkəmə bu halları araşdırmamış, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırılmamış və şirkətin mənafelərinə toxunan qanunazidd və əsassız qətnamə çıxarılmışdır. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə tamamilə ləğvedilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. “Məhkəmə və hüquq mühafizəorqanları işçilərinin icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Göründüyü kimi baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməsi üçün hadisə mütləq qaydada xidməti vəzifələrin icrası ilə bağlı olmalıdır. AR Prezidentinin xx.xx.2021-ci il tarixli “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanı ilə müvafiq qurumların əməkdaşlarının həyat və sağlamlığınının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Həmin Fərmanın 2.7-ci bəndinə əsasən, sığorta hadisəsi hesab ediləbilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. İddiaçının sonuncu təqdim etdiyi məktubun verildiyi tarixdə müvafiq səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verildiyi üçün Fərmanın tələblərinə müvafiq olaraq iddiaçıya sığorta ödənişinin verilməsi məsələsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tənzimlənməlidir. Qeyd olunanlara əsasən maddi hüquq normalarının tələbləri pozulmuş, qeyd olunan faktlar birinci instansiya məhkəməsinin diqqətinə çatdırılmış, lakin məhkəmə qeyd olunan hallara hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları düzgün qiymətləndirməmiş, bununla da, mülki işə baxılmasının sonrakı gedişatının cavabdehin zərərinə olmasına səbəb olmuşdur. Apellyasiya icraatında müəyyən edilən hallar

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirmiş və təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışının hədləri

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əsasən: 149. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

11. Polis haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən : 3 7 . İ. Polis əməkdaşının həyat və sağlamlığı “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına sığortalanır. İİ. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (vəfat etmiş), xəsarət (yaralanma, travma, kontuziya) almış, sağlamlığına digər zərər dəymiş polis əməkdaşına və ya onun ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada və həcmdə kompensasiya verilir. İİİ. Xidməti vəzifələrinin icrası zamanı polis əməkdaşının əmlakına dəyən zərər dövlət büdcəsinin vəsaiti hesabına tam həcmdə ödənilir.

12. Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 4.1. Sığortaolunan 5 illik əməkhaqqı məbləğində sığorta edilir. 4.2. Sığorta haqqı bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir. 4.3. Sığortalının qərarı ilə sığorta haqqının miqdarı artırıla bilər. 4-1.1. Sığortaolunanın aşağıdakı hüquqları vardır: 4-1.1.1. dövlət icbari şəxsi sığorta etdirməyi sığortalıdan tələb etmək; 4- 1.1.2. sığortaçıdan və sığortalıdan dövlət icbari şəxsi sığorta ilə bağlı hüquq və vəzifələrinin izah edilməsini tələb etmək; 4-1.1.3. sığorta ödənişinin bu Qanunla müəyyən olunmuş qaydada və müddətdə verilməsini sığortaçıdan tələb etmək; 4-1.1.4. yazılı müraciət əsasında hesablanmış və ödənilmiş sığorta haqqının məbləği barədə sığortaçıdan və ya sığortalıdan məlumat almaq. 4-1.2. Sığortaolunanın aşağıdakı vəzifələri vardır: 4-1.2.1. sığortaçı tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə məlumatların əldə edilməsi mümkün olmadığı hallarda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri və məlumatları sığortaçıya bu Qanunla müəyyən olunmuş qaydada tam və düzgün təqdim etmək; 4- 1.2.2. fərdi məlumatları dəyişildikdə həmin dəyişikliklər barədə məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda bu barədə 5 iş günü müddətində sığortalıya yazılı məlumat vermək. 4-1.3. Bu Qanunun 4-1.1.2-ci, 4- 1.1.3-cü və 4-1.2.1-ci maddələri sığortaolunanın sığorta ödənişi almaq hüququ olan vərəsələrinə də şamil edilir. 5. Sığortaolunanların xidməti vəzifələrinin icrası ilə bağlı həlak olması (vəfat etməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması və (və ya) əlilliyin müəyyən edilməsi sığorta hadisələri hesab edilir. Sığorta hadisələri baş verdikdə bu Qanunun 4.1-ci maddəsində nəzərdə tutulan sığorta məbləğindən faizlə aşağıdakı sığorta ödənişləri verilir; a) sığortaolunan məhkəmə və ya hüquq mühafizə orqanlarında xidmətdə olduğu zaman həlak olduqda (vəfat etdikdə) - 100 faiz; 7.1. Sığortaçı sığorta ödənişi almaq hüququ olan şəxsə sığorta ödənişini sığorta hadisəsi ilə bağlı məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu, bu mümkün olmadıqda isə sığorta ödənişi almaq hüququ olan şəxsin müraciətinin daxil olduğu gündən 10 iş günü müddətində verir. Sığorta ödənişinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 7.2. Sığortalı və digər aidiyyəti dövlət orqanları (qurumları) sığorta ödənişlərinin alınması üçün sığorta ödənişi almaq hüququ olan şəxsə kömək etməlidirlər. 7.3. Bu Qanunun 4-3.2.5-ci maddəsinə uyğun olaraq sığortalı tərəfindən sığortaçıya hesabat təqdim olunmadığı hallarda sığorta ödənişi sığortalının sığortaolunanın həmin sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayışına əsasən ödənilir və bu barədə məlumatlar sığortalının növbəti rübdə təqdim etdiyi hesabatda əks olunur.

13. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 18 may 2021-ci il tarixli 1340 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələblərinə əsasən: 1. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin (bundan sonra - Şirkət) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının, hakimlərin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarının, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslərin və toplanışlarda olan hərbi vəzifəlilərin, prokurorluq işçilərinin, müstəntiqlərin, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin və mülki müdafiə qüvvələrinin şəxsi heyətinin həyat və sağlamlığının dövlət icbari şəxsi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 2.7-ci və 2.8-ci bəndləri nəzərə alınmaqla) 2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. 2.7. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi "xxxx" Açıq Səhmdar Cəmiyyəti (18 iyun 2022-ci il tarixli 1718 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə dəyişiklikdən qabaq: 2.7. 2022-ci il yanvarın 1-dək sığortaolunanlara sığorta ödənişlərinin verilməsini Şirkət həyata keçirir qeyd edilmişdir;) tərəfindən həyata keçirilir. 2.8. sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2020-ci il dekabrın 31-dən sonraya aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin (Şirkət tərəfindən 2022-ci il yanvarın 1-dək həyata keçirilmiş sığorta ödənişləri istisna olmaqla) həyata keçirilməsini 2022-ci il yanvarın 1-dən etibarən dövlət icbari şəxsi sığortası üzrə Fondda formalaşan sığorta vəsaiti hesabına Fond təmin edir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

16. Məhkəmə kollegiyası yuxarıda göstərilən və işin müəyyən edilən hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, Gəncə şəhəri Nizami rayon Polis idarəsinin əməkdaşı, polis leytenantı X7 xx.xx.2020-ci il tarixdə xidməti vəzifəsini yerinə yetirərkən avtoqəza keçirmiş və vəfat etmiş, xx.xx.2020-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmiş, iddiaçı oğlunun ölümü ilə bağlı sığorta məbləğini almaq istəmiş, lakin xidməti vəzifəsini həyata keçirərkən sığorta hadisəsinin baş verməsinə baxmayaraq cavabdeh sığorta məbləğini verməkdən imtina etmişdir. Sığorta məbləğinin verilməsindən imtinanın əsası kimi isə iş materiallarına əlavə edilmiş sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən Daxili İşlər Nazirliyinin 27 aprel 2021-ci il tarixli Rəyi göstərilmişdir, lakin iş materiallarından da müəyyən edilir ki, sığorta hadisəsi xx.xx.2020-ci il tarixdə baş vermiş və bu barədə ölüm haqqında sənəd mövcud olmuşdur. “Dövlət icbari şəxsi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 18 may tarixli 1340 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Fərmanın 2-ci bəndinə əsasən sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən sənədinin tarixi 2021-ci il yanvarın 1-dən əvvələ aid, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişi Şirkət tərəfindən həyata keçirilməsi göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Söğorta hadisəsi üzrə ödənişin verilməsindən imtina üçün qanunla müəyyən edilmiş hallar cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Bundan əlavə qeyd edilməlidir ki, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiq edən əsas sənəd ölüm haqqında şəhadətnamədir. Daxili İşlər Nazirliyi tərəfindən verilən sənədin gec verilməsi, inzibati orqan olaraq onun tərəfindən, tabeçilikdə olan zabitin hüquqlarının təmin edilməsində vəzifələrinin vaxtında yerinə yetirilməməsi kimi qiymətləmndirilməli və mərhumun dövlət təminatı altında olan hüquqlarının hazırki münasibətlərə (cavabdehin əsasları baxımından) tətbiq edilməsi yolverilməzdir. Belə ki, xidməti səlahiyyətləri həyata keçirən şəxsin ölümü, onun hüquqlarının həyata keçirilməli olan ilk növbədə məhz həmin xidmətin vəzifəli şəxsləri tərəfindən təşkil edilməli, yəni sığorta hadisəsi ilə bağlı yaxın qohumlarına izah edilməklə müvafiq sənədlərin müvafiq sığorta təşkilatına təqdim edilməsi təmin edilməli idi. Ona görə şəxsin hüquqi vəziyyətini yaxşılaşdıran, qanunvericilik iyerarxiyasında konstitusiya ilə müəyyən edilmiş üstün hüquqi qüvvəyə malik hüquq normalarının geriyə qüvvəsinin şamil edilməsi prinsipi əsas götürülməklə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsi baxımından mahiyyəti üzrə düzgün olan məhkəmə qətnaməsinin ləğvi üçün əsaslar müəyyən edilmir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.

17. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh ləğv prosesində olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-378/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemi) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar