Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-423/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X1 və X8 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Baı şəhəri 23 saylı Notariat Ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, miras əmlakda payın müəyyən edilməsi) X3 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X9 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X23, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1, onun nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər X1 və X8 cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Baı şəhəri 23 saylı Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin və onların əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi, miras əmlakdan payın müəyyən edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-1096/2023 saylı qətnaməsindən müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X45 ilə Sona Kamil qızı arasında xx.xx.1949-cu il tarixdə nikah bağlanmışdır. Həmin nikahdan 1950-ci ildə X25, 1954-cü ildə Zeynalova (Mustafayeva) Lalə Əli qızı, 1956-cı ildə X26 və 1962-ci ildə Əliyeva (Mustafayeva) Samirə Əli qızı doğulmuşdur. xx.xx.1961-ci il tarixdə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən X45 Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsində yerləşən 611a saylı (hazırda ünvan 4) evi X6 almışdır (alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi haqqında notariat işində olan və Səkinə Məcidova tərəfindən yazılmış ərizəyə əsasən o, həmin evi çoxdan X5, lakin bügünədək rəsmiləşdirmədiyini bildirmişdir).
2. Zeynalova (Mustafayeva) Lalə Əli qızı ilə X24 arasında 1974-cü ildə nikah bağlanmışdır. Həmin nikahdan 1975-ci ildə X12, 1976-cı ildə X15, 1978-ci ildə Cavabdeh1 və 1991-ci ildə X18 doğulmuşdur.
3. X25 ilə Mustafayeva (İsmyaılova) Həcər Ağasəlim qızı arasında xx.xx.1988-ci il tarixdə nikah bağlamışdır. Bu nikahdan X4, İddiaçı və Mustafayeva Sona xanım Kəblə Ağa qızı doğulmuşdur. Sonuncu xx.xx.1992-ci il tarixdə ölmüşdür.
4. Qatamov (Katamov) Əli Mustafa oğlu xx.xx.1976-ci il tarixdə, X46 xx.xx.2007-ci il tarixdə, X25 xx.xx.2010-cu il tarixdə və Zeynalova (Mustafayeva) Lalə Əli qızı xx.xx.2017ci il tarixdə vəfat etmişdir.
5. Birinci bənddə göstərilən evin qonşuluğunda (bir neçə daşdan ibarət çəpər ayırırdı), yəni evlə üzbəüz dayandıqda sağ tərəfdə 611 saylı fərdi yaşayış evi yerləşmişdir. Həmin ev X7 adına qeydiyyata alınmış və bağışlama müqaviləsinə əsasən bu evin ½ hissəsi X32 mülkiyyətinə keçmişdir. Bundan sonra X7 mülkiyyətində olan ½ hissə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən X14 mülkiyyətinə, X32 mülkiyyətində olan ½ hissə isə “Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən İddiaçı mülkiyyətinə keçmişdir. Bu əmlakın ½ hissəsi xx.xx.2023cü il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə (əri X25), ½ hissəsi isə xx.xx.2023-cü il tarixdə bağışlama müqaviləsinə (oğlu İddiaçı) əsasən xx.xx.2023-cü il tarixdə X8 mülkiyyətinə keçmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən arxiv qovluğunda həmin fərdi yaşayış evi ilə əlaqəli 2 ədəd texniki pasport mövcuddur. Onlardan biri X7 adı ilə bağlıdır və həmin evin ünvanı ünvan 1 qeyd olunmuş, digəri isə X32 adına tərtib edilmiş və fərdi yaşayış evinin ünvanı ünvan 2rilmişdir. Arxiv qovluğunda olan məlumatlardan aydın olur ki, hər iki ünvan fərqli girişləri olan eyni fərdi yaşayış evinə aiddir. Fərdi yaşayış evinə aid xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı” nda texniki pasportdakı (Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, dalan 2, ev 1) 1 və 2 literli həyət tikililərinin sökülməsi və ərazidə əlavə tikililərin inşa edilməsi qeyd olunmuşdur.
7. Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi C.Məmədqulizadə küçəsində yerləşən 52 saylı evə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh2nа 2V-247 reyestr nömrəli, Cavabdeh1 (X38 oğlu) 2V-248 reyestr nömrəli və X19 2V-246 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”lər verilmişdir. Bu şəhadətnamələrə əsasən xx.xx.2022-ci il tarixdə qeyd edilən evə dair onların hər birinin 1/3 hissədə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və hazırda mülkiyyətlərindədir. Zeynalova (Mustafayeva) Lalə Əli qızı ilə X13 birgə nikahından olan digər uşaqlar, yəni X18, Tarverdiyeva (Zeynalova) Fərqanə Fəxrəddin qızı və X15 notarial qaydada təsdiq edilmiş ərizələrlə babaları X27 qalmış mirasdan imtina etmişdilər.
8. Qatamov (Katamov) Əli Mustafa oğlu xx.xx.1976-ci il tarixdə öldükdən sonra ondan miras qalmış ünvan 3 ünvanında Cavabdeh2, X49 (ailəsi ilə birlikdə) və X26 qeydiyyatda olmaqla yaşamışlar.
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1953 nömrəli rəyinə əsasən Əıiyeva (Mustafayeva) Samirə Əli qızının və Abdullayeva (Mustafayeva) Şəfaqət Əli qızının adından olan xx.xx.2006-cı il tarixli ərizənin mətni (hər iki halda) və “Əliyeva S” yazısı önündəki imza, habelə “Abdullayeva” yazısı önündəki imza müvafiq olaraq Cavabdeh2 və X26 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evinə dair Bakı şəhəri 23 saylı dövlət notariat kontoru tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında reyestrdən çıxarışın etibarsız sayılması, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evinə onun vərəsəlik hüquqlarını tanınmaqla, sözügedən fərdi yaşayış evindən vərəsə kimi payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi babası X39 və nənəsi X40 məxsus olmuşdur. Atası X25 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Bu yaxınlarda onlara məlum olmuşdur ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi cavabdeh (bibisi) Cavabdeh2, cavabdeh (bibisi) Cavabdeh3 və cavabdeh (bibisi oğlu) Cavabdeh1 adına 1/3 hissə paylı mülkiyyət olmaqla sənədləşdirilmiş və onlara çıxarış verilmişdir. Buna əsas isə Bakı şəhəri 23 saylı Dövlət notariat kontorunun xx.xx.2022-ci il tarixli, 2V-248 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, 2V-247 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, 2V-246 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələri olmuşdur. O və ailə üzvləri birinci dərəcəli vərəsə olduqlarından onların hüquqları pozulmuş və əsassız olaraq sözügedən mənzil cavabdehlərin adına qeydə alınmışdır. Göstərilənlərə əsasən sözügedən qanun üzrə vərəsəlik şəhadətnamələri və həmin şəhadətnamələr əsasında verilmiş çıxarış etibarsız hesab edilməli, onun da həmin əmlaka vərəsəlik hüququ tanınmalıdır.
12. Bundan sonra X4 və X16 da mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində eyni cavabdehlərə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evinə dair Bakı şəhəri 23 saylı dövlət notariat kontoru tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 verilmiş xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında reyestrdən çıxarışın etibarsız sayılması, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evinə onların vərəsəlik hüquqlarının tanınmaqla, sözügedən fərdi yaşayış evindən vərəsə kimi paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdilər. Həmin iddialar icraata qəbul edilmişdir.
13. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər öz iddialarını İddiaçı iddiasının məzmununa uyğun məzmunda tərtib etmiş və əsaslandırmışdılar.
14. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)- 1096/2023 saylı qətnaməsi ilə İddiaçı və müstəqil tələblər irəli sürən üçüncü şəxslər X1 və X8 iddiaları təmin edilməmişdir. (hakim: X50)
15. Məhkəmə iddia tələblərini rədd edərkən qeyd etmişdir ki, iddiaçı Buzovna qəsəbəsi, C.Məmədqulizadə küçəsi, ev 50 ünvanında yerləşən X41 məxsus evdən istifadə etmiş, xx.xx.1976-ci il tarixdə ölmüş Qatamov (Katamov) Əli Mustafa oğlundan qalmış mirası isə qəbul etməmişdir. Müstəqil tələblər irəli sürən üçüncü şəxslər də, Qatamov (Katamov) Əli Mustafa oğlundan qalmış mirası qəbul etməmişlər. Belə ki, miras vərəsələr tərəfindən qəbul edilməlidir. Bunun üçün vərəsə mirası qəbul etdiyini şəksiz nümayiş etdirməli, qəbul etdiyi barədə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası ərizə verməli və ya mirasa sahiblik etməyə və ya idarə etməyə faktiki başlamalıdır. İddiaçı və müstəqil tələblər irəli sürən üçüncü şəxslər qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməməklə mərhum Qatamov (Katamov) Əli Mustafa oğlundan qalan mirasa subyektiv hüquqlarını itirdiklərindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında aparılmış qeydiyyatın etibarsız hesab edilməsi miras əmlak barəsində hüquqlarını itirmiş şəxs olaraq onlar üçün hüquqi nəticələrə səbəb olmadığından onların tələbi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və onların əsasında aparılmış qeydiyyat etibarsız hesab edilə bilməz. İddiaçı eyni zamanda anası X8 da vərəsəlik hüquqlarını tanınmaqla, sözügedən fərdi yaşayış evindən vərəsə üzrə paylarının müəyyən edilməsini tələb etsə də, anasının hüquqlarının, azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək hüququnun yaranmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Sonuncu müstəqil tələblər irəli sürən üçüncü şəxs olaraq eyni iddia ilə müraciət etmişdir. Məhkəmə iddiaçının tələbinin həmin hissəsi üzrə belə qənayətə gəlmişdir ki, iddiaçının anasının hüquqlarının, azadlıqlarının, qanunla qorunan mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət etmək hüququnun yaranması halı sübut edilməmişdir.
16. Məhkəmə öz mövqeyini xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci, 532-ci, 552-ci, 553-cü, 554-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.2-ci, 14.2-ci, 59.1-ci, 77.1-ci, 217-ci maddələrinə və Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı evdə qardaşı və o qeydiyyatda olmaqla babası rəhmətə getdikdən sonra ailə üzvləri ilə birlikdə yaşamışdır. Məhkəmə qətnaməsində onun ifadəsi təhrif edilmiş, onun və ailəsinin mübahisəli Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı fərdi yaşayış evində yaşamaması qeyd edilmişdir. Halbuki, məhkəmə iclasında o, 52 saylı fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşadığını və hətta məhkəməyə təqdim etdiyi şəxsiyyət vəsiqəsində də həmin evdə qeydiyyatda olduğunu bildirmiş, cavabdehlərin isə həmin evdə yaşamadıqlarını qeyd etmişdir. Türkiyə Respublikasında isə müvəqqəti yaşadığını bildirmişdir. Buzovna qəsəbəsi, C.Məmədqulizadə küçəsi, ev 50 və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsi, 52 saylı mübahisə predmeti olan ev bir həyətdə yerləşir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Xəzər Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən xx.xx.1962-ci il təvəllüdlü Əliyeva (Mustafayeva) Samirə Əli qızı 1962-1981-ci illərdə, xx.xx.1954-cü il təvəllüdlü Zeynalova (Mustafayeva) Lalə Əli qızı 1954-1977-ci illərdə, xx.xx.1956-cı il təvəllüdlü Abdullayeva (Qatamova) Şəfəqət Əli qızı 1956-1979-cu illərdə ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuşdurlar. Həmin ünvanda o və qardaşı da qeydiyyatda olsalar da, bu barədə arayışa əlavə edilməmişdir ki, bunun da səbəbi bəlli deyil. Cavabdehlər miras əmlakı faktiki surətdə idarə etməmiş, mirasa yiyələnməmiş və mirası qəbul etmək barədə qanunla müəyyən edilmiş müddətdə notariat qaydada müraciət etməmişlər. ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi babası X39 və nənəsi X40 məxsus olmuşdur. 2006-cı ilin fevral ayının 11-də Zeynalova (Mustafayeva) Lalə Əli qızının, Abdullayeva (Mustafayeva) Şəfaqət Əli qızının, Əliyeva (Mustafayeva) Samirə Əli qızının “Əzizibəyov rayonu, Buzovna qəsəbəsi, Cəlil Məmmədquluzadə küçəsi ev № yerləşən ata mülkündən mənə düşən payı qardaşım X17 bağışlayıram” məzmunda öz dəst xəttləri ilə yazıları məhkəməyə təqdim olunmuş, həmin yazı da cavabdehlərin yeganə ata mülki olan 52 saylı evdə yaşamadıqlarını, həmin evin hal-hazırda da onun, anasının və qardaşının sahiblik və istifadəsində olduğunu təsdiq edir. Həmin yazıları məhkəmə nəzərə almamışdır və qətnamədə buna heç bir qiymət verilməmişdir. Bundan əlavə məhkəməyə təqdim edilmiş Əzizbəyov rayon Buzovna qəsəbə üzrə nümayəndəsinin xx.xx.2008-ci il tarixli arayışına əsasən X25 Bakı şəhəri, C.Məmmədquluzadə küçəsiev 52-də yaşayır və onunla bir ailədə yaşamış və xx.xx.2007ci il tarixdə vəfat etmiş anası X47 özü dəfn etmişdir. Bu arayış da məhkəmə tərəfindən nəzərə alınmamış və heç bir qiymət verilməmişdir. Sözügedən fərdi yaşayış evinin cavabdehlərin adına qeydə alınmasının qanunsuz və əsassız olması məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunsa da, onun və ailə üzvlərinin hüquqları kobud şəkildə pozularaq birinci instansiya məhkəməsinin qətnaməsində işin bu kimi əhəmiyyət kəsb edən halına qiymət verilməmişdir. Bundan vərəsəlik şəhadətnamələri verilərkən notarius digər vərəsələrin olması halını araşdırmamış, cavabdehlər isə vərəsəlik işi ilə bağlı düzgün məlumat verməmişdilər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X4 və onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdirlər.
21. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.
22. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdirlər.
23. İştirak etdiyi məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X16 iddiaçı X1 mübahisəli əmlakda payının olduğunu bildirmişdir.
24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Baı şəhəri 23 saylı Notariat Ofisi isə nümayəndələrinin məhkəmə iclasında iştirakını yəmin etməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq, məhkəmə apellyasiya şikayətinə qeyd bu iddiaçının və qeyd edilən cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
25. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur; 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar; 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur; 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir; 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır.
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir; 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər; 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulması məcburi olan hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Eyni zamanda, göstərilmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Hazırda mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi xahiş olunsa da, digər iddiaçılar apellyasiya şikayəti vermədiyindən qətnamə yalnız müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 iddiasının rədd edilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apеllyаsiyа şikаyətiinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
34. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda istinad edilən və bu sahəni tənzimləyən digər aidiyyəti müddəalarına istinadən ilk növbədə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyrirəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
35. Qanunvericiliyin mənasına görə miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).
36. Vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın etibarsızlığı məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin faktiki hallarına istinadən qeyd edir ki, X45 və Sona Kamil qızı xx.xx.1949-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bu nikahdan X26, Zeynalova (Mustafayeva) Lalə Əli qızı, Əliyeva (Mustafayeva) Samirə Əli qızı və X25 doğulmuşdur. Onların birgə nikahda olduqları dövrdə, yəni xx.xx.1961-ci il tarixdə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən X45 Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsində yerləşən 611a saylı (hazırda ünvan 4) evi (bundan sonra mübahisəli ev) X6 almışdır.
38. X45 vəfat etdiyi xx.xx.1976-ci il tarixdə onun oğlu, X25 hələ nikahda olmamış və mübahisəli evdə deyil, onun qonşuluğunda, yəni Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, C.Məmmədquluzadə küçəsində yerləşən və həmin vaxt anası ilə nənəsinin paylı mülkiyyətində olan 611 (sonradan 50 saylı və 1 saylı) fərdi yaşayış evində anası ilə birlikdə yaşamışdır. Mustafayeva (İsmyaılova) Həcər Ağasəlim qızı ilə xx.xx.1988-ci il tarixdə nikah daxil olduqdan sonra da sonuncu məhz bu evə köçmüş və onlar, birgə nikahlarından doğulmuş X4 və İddiaçı birlikdə həmin, yəni 50 saylı evdə yaşamışdılar. Mübahisəli evdə isə X33 qızı olan X49 öz ailəsi ilə birlikdə (uşaqları, o cümlədən Cavabdeh1 da doğulduqdan sonra) 1995-1996-cı ilə kimi həmin evdə yaşamışdır. Bununla belə, mübahisəli ev onun mülkiyyətçisi olan X33 ölümündən sonra miras əmlak olaraq faktiki olaraq X49 tərəfindən qəbul edilmişdir. İddiaçı (apellyator) bu evin miras əmlak olaraq həmçinin, onun atası tərəfindən qəbul edildiyini sübuta yetirə bilmir. Əksinə özü də etiraf edir ki, 1976-cı ildə həmin evdə bibisi X49 ailəsi ilə birlikdə yaşamış, atası İddiaçı isə həmin evə qedib-gəlmişdir. Halbuki, İddiaçı evə gedib-gəlməsi onun bu əmlakı miras olaraq qəbul edilməsi kimi qiymətləndirilə bilməz və ona münasibətdə həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinin tətbiqi üçün əsas yaratmış olmur. X38 ailəsi ilə birlikdə 1995-1996-cı illərdə bu evi tərk etməsi də ona münasibətdə 1976-cı ildə yaranmış hüquqi vəziyyəti dəyişmiş olmur.
39. Bununla bağlı məhkəmə kollegiyası xüsusilə o halı nəzərə alır ki, mübahisəli əmlak X45 tərəfindən Sona Kamil qızı ilə birgə nikahda olduğu dövrdə alınmış və hüquqi nəticə etibarı ilə onların birgə mülkiyyəti olmuşdur. Bu baxımdan X25 həmin əmlakın yalnız atası X27 miras qalmış ½ hissəsini qəbul etməmişdir. Lakin anası Sona Kamil qızının həmin evdə olan payını miras əmlak olaraq hüquqi nəticə etibarı ilə qəbul etmişdir. Belə ki, Sona Kamil qızının xx.xx.2007-ci il tarixdə ölümündən sonra ondan miras qalmış 50 saylı evin ½ hissəsini faktiki olaraq qəbul etmiş və orada yaşayaraq, idarə etmişdir. Bu hal onun ölümündən sonra xx.xx.2023-cü il tarixdə həmin hissəyə dair onun arvadı X10 “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin verilməsi ilə də öz təsdiqini tapır. Qeyd edilənlər öz növbəsində X14 anasından miras qalmış mübahisəli 52 saylı evin ½ hissəsini də miras əmlak olaraq qəbul etməsini özündə ehtiva edir.
40. X11 miras qalmış bütün əmlakı isə X16 qəbul etmiş və hazırda bu əmlakın mülkiyyətçisidir. X17 münasibətdə onunla birlikdə birinci növbəli vərəsələr olan İddiaçı və X4 atalarından miras qalmış bütün əmlakın analarının mülkiyyətində keçməsinə etiraz etməyərək, bu nəticə ilə razılaşmışlar.
41. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli 52 saylı evdən pay tələb etmək hüququ olmuşdursa da, bu hüquq məhz X11 miras qalmış bütün əmlakı onun vərəsə olaraq qəbul etmiş X10 məxsus olmuşdur. Lakin o, birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirməmişdir. X4 isə mövcud vəziyyətdə qeyd edilən əmlakdan vərəsəlik qaydasında pay tələb etmək üçün subyektiv hüquqa malik deyil. Bu da öz növbəsində onun apellyasiya şikayətinin əsassız olduğunu təsdiq edir və rədd edilməsini şərtləndirir.
42. Məhkəmə kollegiyası aparılmış araşdırmanın nəticələrini və daxili inamını rəhbər tutaraq, iş üzrə mövcud olan bir sıra hallarla bağlı qeyd edir ki, 611a (52) saylı və 611 (50 və 1) saylı evlər yanaşı yerləşmişdir. 50 və 1 saylı evlər faktiki olaraq bir ev olmaqla iddiaçıların istifadə və sahibliyində olmuş, bir hissəsi miras əmlak olaraq, bir hissəsi isə (bundan əvvəl bu hissə də vəsiyyətnamə ilə mülkiyyətə keçmişdir) bağışlama müqaviləsinə əsasən iddiaçı X8 mülkiyyətinə keçmiş, hazırda da mülkiyyətindədir, hətta həmin əmlak iddiaçılar tərəfindən artıq sökülmüşdür. Lakin ötən dövr ərzində cavabdehlər 50 saylı mənzillə bağlı hər hansı pretenziya irəli sürməmiş, habelə həm bu evin miras olaraq rəsmiləşdirilməsi, həm də sökülməsi zamanı bu proseslərə hər hansı formada etiraz etməmişdilər. Halbuki, anaları Sona Kamil qızından miras qalmış əmlakdan pay tələb edə bilərdilər. Eyni qaydada, iddiaçılar da X14 xx.xx.2010-cu il tarixdə ölümündən sonra, habelə 2023-cü il tarixdə ondan miras qalmış əmlakın X8 adına rəsmiləşdirilməsi zamanı mübahisəli 52 saylı evdən pay tələb etməmişdilər. 52 saylı evin açarları da hazırda cavabdehlərdədir. İddiaçılardan ikisi qətnamədən apellyasiya şikayəti verməmişdir. İddiaçı (apellyator) X4 bir neçə ildir ki, Türkiyə Respublikasına köçmüş və ailəsi ilə orada yaşayır. Eyni zamanda, iddiaçılar tərəfindən təqdim edilmiş və cavabdehlərin ata mülkündə olan paylarını qardaşlarına bağışlanmasını təsdiq edən ərizələrin mətninin onlar tərəfindən yazılmadığı və imzaların da onlara məxsus olmadığı müəyyən edilmişdir. Bununla belə tərəflər öz aralarında həmin evləri qeyri rəsmi bölmüşdülər və aparılmış bölgüyə uyğun rəsmiləşdirmişdilər. Bu da öz növbəsində iddiaçı X1 hazırki hərəkətlərini cavabdehlərin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməsi üçün əsas yaradır.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 aid edilməlidir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(003)-1096/2023 saylı qətnaməsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumü mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.