Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4232/2024 18.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əhmədiyyə oğlunun Cavabdeh İB-yə qarşı “kommunal xərclər ilə bağlı istehlakçı hüquqlarının müdafiəsi” tələbi barədə iddiasına dair mülki iş üzrə (Açar sözlər: kommunal xərclər ilə bağlı istehlakçı hüquqlarının müdafiəsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2751/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə İddiaçı Əhmədiyyə oğlunun adına qeydiyyata alınmışdır.
2. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, İddiaçı Əhmədiyyə oğluna məxsus ünvan üzrə xx.xx.2023-cü il tarixdə yeni qaz sayğacı quraşdırılmışdır.
3. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, aktda “abonent təbii qazdan sayğacsız istifadə edir” barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir.
4. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı Əhmədiyyə oğluna məxsus abonent koduna (**********00010) itirilmiş qazın bərpası üzrə 14688 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur.
5. İş materiallarında olan xx.xx.2024-cü il tarixli abonent saldosundan görünür ki, ünvan 2, 2 N-li Zeytun küçəsi ünvanı üzrə İddiaçı Əhmədiyyə oğlunun **********20085 saylı abonent koduna 02/2024-cü il üçün 2056,32 manat borc yazılmışdır.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Əhmədiyyə oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında İddiaçı Əhmədiyyə oğlunun adına əsassız olaraq hesablanmış 2056 manat qaz sərfiyyatı borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək iddiaçının abonent koduna əsassız olaraq hesablanmış 1832,5 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus olan ünvan 3 ünvandakı yaşayış sahəsində ailə üzvləri ilə birlikdə yaşayır. Həmin Bakı şəhəri Xətai rayonu 2 nömrəli X5 küçəsi ev 75C ünvanda yerləşən yaşayış sahəsini xx.xx.2022-ci il tarixdə ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqısı müqaviləsinə əsasən X2 almışdır, daha sonra Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ona verilmiş **********83-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir və həmin Çıxarışa əsasən həmin yaşayış sahəsi xx.xx.2022-ci il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. Həmin yaşayış sahəsi alındığı zaman tam təmirsiz olmuş, orada daha əvvəl heç bir yaşayış olmamışdır. Evin satışı ilə məşğul olan makler Nümayəndə1 evin təmirini özü təşkil etmiş, iddiaçı ona xx.xx.2022-ci il tarixli 747239 nömrəli etibarnamə verərək, iddiaçının adımdan həmin evə elektrik, qaz, su, telefon, internet, Kabel-tv xəttlərinin çəkilişi ilə məşğul olmağı da ona həvalə etmişdir. İyun ayında iddiaçı ailəsi ilə həmin yaşayış sahəsinə köçərək, orada yaşamağa başlamışdır. 2023-cü ilin may ayında "Azəriqaz" İB-nin əməkdaşları gələrək qaz sayğacı quraşdırmış, 22 iyun 2023-cü il tarixdə isə ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktı təqdim etmiş və sayğacın plombunu yerləşdirmişlər. Həmin vaxt iddiaçıya şifahi qaydada bildirmişlər ki, iddiaçıya yeni abunə kodu açıldı, heç bir borcu yoxdur və bu gündən etibarən qazın istifadə edilməsinə görə aylıq ödənişləri edə bilər. Daha sonra 2023-cü noyabr ayının əvvəlində "Azəriqaz" İB-nin əməkdaşları yenidən gələrək, bildirmişlər ki, əvvəlki sayğacı dəyişdirərək, iddiaçının hesabına yeni "Smart-kart" tipli sayğac quraşdıracaqlar, iddiaçıya qanunsuz istifadə olunmuş qaza görə 2056 manat cərimə yazılmışdır, həmin borcun ödənilməsi üçün bugündən etibarən hər ay ödədiyi məbləğin 50%-i kartdan çıxılacaqdır. Lakin bu zaman tələb etməyimizə baxmayaraq, belə bir borcun olmasına dair bizə akt təqdim etmədilər. İddiaçı onlara bildirmişdir ki, onun belə bir borcunuz ola bilməz, çünki sayğac quraşdırılanda hər hansı borcunun olması bildirilməmişdir. Daha sonra 24 noyabr 2023-cü il tarixdə "Azəriqaz" İB-nin əməkdaşı aktın və tələbnamənin surətini gətirib bizə təqdim etmişdir. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında yaşadığı Bakı şəhəri Xətai rayonu 2 nömrəli X5 küçəsi ev 75C ünvana 14468 m3 itirilmiş qazın bərpası üçün hesablanmış borc iddiaçının **********00010 nömrəli abunə hesabından silinməlidir. Belə ki, həmin yaşayış sahəsində təmir işləri davam edərkən etibarnamə əsasında makler Nümayəndə1 və iddiaçı özü də dəfələrlə qaz xəttinin çəkilməsi və sayğac quraşdırılması üçün rəsmi müraciətlər etmişlər. Nümayəndə1 bildirdiyinə görə, podratçı Elşən adlı bir şəxs evdəki istilik sisteminin yoxlanılması üçün evə müvəqqəti qaz xətti çəkmiş və qeyd etmişdir ki, evə sayğac quraşdırılana qədər qaz xəttindən istifadə edərək yoxlanışı edə bilərlər, ən qısa müddətdə evə sayğac quraşdırılacaqdır. Bundan sonra uzun müddət keçməsinə baxmayaraq, sayğac quraşdırılmamışdır. Yenidən müraciət olunduqdan sonra mart ayında qaz idarəsindən gələn əməkdaşlar yoxlama işləri aparmış, lakin daha sonra koordinatlar düz gəlmir deyə bildirərək sayğacın quraşdırılmasının mümkün olmadığını qeyd etmişlər. Bundan sonra yenidən "Azəriqaz" İB-yə gedərək problemin həll edilməsi üçün müraciət etmişdir, bundan sonra problem həll edilmiş və tezliklə sayğacın quraşdırılacağını bildirmişlər. Lakin sayğacın quraşdırılması yalnız iyun ayında başa çatmış, bu barədə iddiaçıya 22 iyun 2023-cü il tarixli ******* saylı "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt təqdim etmişlər. Göründüyü kimi, cavabdeh "Azəriqaz" İB özü sayğacın vaxtında quraşdırılması üçün vaxtında addım atmamış, onların podratçısı olan Elşən adlı şəxs qaz xəttini çəkdikdən sonra tezliklə qaz sayğacının quraşdırılacağını və hər hansı problem olmadığını bildirmiş, 22 iyun 2023-cü il tarixdən istifadə etməyə başladığımız qaz sayğacı quraşdırılan zaman iddiaçıya hər hansı borcu olması bildirilməmiş, necə olursa noyabr ayında yenidən sayğacı dəyişdirmək lazım olduğunu, lakin hansı əsasla bunu etdiklərini göstərməmiş və 2056 manat cərimə borcu olduğunu bildirmişlər. Cavabdehin özünün və əməkdaşlarının məsuliyyətsiz davranışlarını nəzərə almadan hansısa qanunsuz əsasla tərtib etdiyi akt və ona əsasən hesablanmış borc əsassızdır. Bununla belə sayğacın olmadığı dövrdə evdəki istilik sistemlərinin yoxlanması məqsədilə təbii qazdan istifadə edilmişdir, hansı ki, bu müddətdə ərzində aprel ayında 35 manat dəyərində qaz sərfiyyatı olmuşdur, buna görə də həmin dövrdə istifadə edilmiş qaz sərfiyyatı nəzərə alınaraq 1832,5 manat borcun silinməsini xahiş edtmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2751/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı Əhmədiyyə oğlunun **********20085 saylı abonent koduna hesablanmış 1832 (min səkkiz yüz otuz iki) manat 50 (əlli) qəpik məbləğində borcun silinməsi, Cavabdehndən 38 (otuz səkkiz) manat 33 (otuz üç) qəpik dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.8, 13.8-1, 13.9-cu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2, 4.8, 6.5-1, 6.5-3-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 124.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5. 9.4-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessuаl hüquq normаlarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdiyimiz qətnamənin qismən ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən istehlakçıya məxsus ünvanda qaz xəttinə sayğacdan kənar özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə edilməsi, yəni qeyri-qanuni şəkildə təbii qazın talanması faktları aşkar olunmuş, faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında, cəmi 2056,00 (iki min əlli altı manat) məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı və cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
15. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun
16. 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
17. 11.6-cı maddəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqısı müqavilə əsasında həyata keçirilir.
18. 13-cü maddəsinin 8-ci bəndinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
19. 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
20. 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
21. 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.
22. 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu
23. Maddə 3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
24. Maddə 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir:
25. 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini...və.s
26. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın
27. 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
28. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
29. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
30. 4.9-cu bəndinə əsasən, İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
31. 6.5-1-ci maddəsinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
32. 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
33. 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
34. 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.
35. 6.5-3-cü maddəsinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
43. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, qətnamə iddia tələbinin rədd edilməsi hissəsində iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, hazırki halda qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2751/2024 nömrəli, 22 aprel 2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
45. Kollegiya ilkin olaraq qeyd edir ki, iş materiallarında olan sübutlarla müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə İddiaçı Əhmədiyyə oğlunun adına qeydiyyata alınmışdır, həmin ünvana xx.xx.2023-cü il tarixdə yeni qaz sayğacı quraşdırılmış, qaz sayğacının olmadığı dövrdə iddiaçı təbii qazda sayğacsız istifadə etmişdir, qaz sayğacının olmadığı müddət dekabr 2022 – iyun 2023-cü il müddətini əhatə edir, xx.xx.2023-cü il tarixdə onun yaşadığı evə (təbii qazdan istifadəyə) cavabdehin əməkdaşları tərəfindən baxış keçirilən zaman “abonent təbii qazdan sayğacsız istifadə edir” əsasları ilə akt tərtib olunmuş və həmin akt nəticəsində abonentin iddiaçının **********00084 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 06/2023-cü il tarixi üzrə 2056,32 manat borc yazılmışdır, hazırda həmin borc məbləği iddiaçıdan tələb edilir, iddiaçı təbii qazdan sayğacsız istifadə etdiyi dekabr 2022 – iyun 2023-cü il müddəti nəzərə alınmaqla 1832,5 manat məbləğində borcun silinməsini tələb edir.
46. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, sayğaca qanunsuz qoşulma hallarında, qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla, qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla hesablanmalıdır. Bununla belə, cavabdeh tərəfindən hesablama bu şərtlərə əməl edilmədən aparılmış, qaz qurğularının orta günlük iş rejimi 24 saat kimi qəbul edilmiş, ilin mövsümü və əvvəlki dövrün orta gündəlik qaz sərfi nəzərə alınmamışdır. Belə olan halda iddiaçı abonent koduna hesablanmış əsassız borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
47. İddiaçıdan silinməli olan borc məbləğinə münasibətdə məhkəmə haqlı olaraq qeyd etmişdir ki, sayğac olmadığı dövr ərzində istifadə edilmiş qazın dəyərini, qanunvericiliyə tələbləri əsas götürülməklə orta aylıq sərfiyyata uyğun olaraq, 2023-cü ilin yanvar, fevral və mart ayı üzrə 2024-cü ilin yanvar (81,24 manat) və fevral (71,04 manat) aylarının orta sərfiyyatına uyğun 228,42 ((81,24+71,04)/2*3) manat, aprel ayı üzrə (iddiaçının öz izahatına uyğun olaraq) 35 manat, may və iyun ayları üzrə isə 2024-cü ilin iyun (10,44 manat) və iyul (13,20 manat) aylarının orta sərfiyyatına uyğun 36,96 ((10,44+13,20)/2*3) manat olmaqla, ümumilikdə 300,38 manat həddində müəyyən etməklə məhkəmə düzgün və ədalətli yanaşmışdır. Kollehgiya hesab edir ki, belə olan halda əsassız hesablanmış 1832,5 manat borcu silinməsi barədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə əsaslı olmuşdur.
48. Kollegiya apellyasiya şikayətinin dəlillərinə ümümilikdə qiymət verərək qeyd edir ki, iddiaçının sayğaca müdaxilə etməsi və ya sayğacdan kənar xətdən istifadə etməsi barədə cavabdeh təşkilat tərəfindən məhkəməyə mötəbər sübutlar təqdim edilməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Həmçinin qeyd edilməlidir ki, apellyasiya şikayətinin məzmununa diqqət yetirdikdə müəyyən edilir ki, apellyasiya şikayəti formal mülahizələrlə əsaslandırılmışdır. Belə ki, mübahisələndirilən mülki iş üzrə ekspertiza tədqiqatı aparılmadığı halda, cavabdeh təşkilat ekspertizanın cavabdeh tərəfin iştirakı olmadan keçirildiyini qeyd etmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin dəlilləri işin halları ilə təkzib olunduğundan təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
50. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.
52. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
53. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyator tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
54. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2751/2024 nömrəli, 22 aprel 2024cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdehnə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.