Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4239/2024 27.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə işə baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Bank Olmayan Kredit X2 Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun alınması, ipoteka predmetinə tutma yönəldilməsi və cavabdehlərin vərəsə qismində tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət etmişdir. Mülki işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehlər tərəfindən ərizə təqdim edilərək, işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul olunması xahiş edilmişdir. Ərizə belə əsaslandırılmışdır ki, hazırkı iş üzrə bağlanmış kredit və ipoteka müqavilələri iddiaçının hüquqi ünvanı üzrə bağlanıldığından iddia ərizəsi Nəsimi rayonu üzrə verilməli, birinci instansiya məhkəməsi iddianı icraata qəbul etməməli idi. Bu baxımdan aidiyyət qaydaları pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli (2(002)-35/2024 nömrəli mülki iş üzrə, hakim K.Əsədov) qərardad qəbul edilərək, işin aidiyyəti üzrə göndərilməsinə dair ərizə təmin edilməmişdir. Məhkəmə qərardadını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Bu əsasla iddia ərizəsi düzgün olaraq hazırkı məhkəməyə verilmiş və aidiyyət qaydalarına riayət olunaraq icraata götürülmüşdür. Cavabdeh2 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işin aidiyyəti üzrə göndərilməsinə dair ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən baxılmış və xx.xx.2024-cü il tarixli, 2(103)-3395/2024 nömrəli qərardad qəbul edilərək, təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərardadını belə əsaslandırmışdır ki, cavabdehlər ünvan 2 ünvanında qeydiyyatdadır. Belə olan halda, iddiaçı MPM-in 35.1-ci maddəsinin tələbinə riayət edərək, hazırkı iddia tələbi ilə cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh2 formal mülahizələrlə tərtib etdiyi şikayətini heç bir tutarlı arqumentlə əsaslandırmamışdır. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minmiş və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Cavabdeh1 tərəfindən birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından yenidən şikayət verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixli qərardad qəbul edilərək, şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, hazırda Cavabdeh1 tərəfindən apellyasiya qaydasında mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərardad vaxtilə digər Cavabdeh2 tərəfindən də mübahisələndirilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu məsələyə hüquqi qiymət verilərək, belə nəticəyə gəlinmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə, yəni Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Göründüyü kimi, hazırda şikayət verilmiş qərardada onsuzda apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş və onun qərardadı qanuni qüvvəyə minmişdir. Belə olan halda, nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı hazırkı şikayət üzrə preyudisial əhəmiyyət daşıyır. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə preyudisiya institutunun işlərin baxılmasındakı əhəmiyyətini vurğulayır və qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası hesab edir ki, hazırkı şikayət üzrə mübahisələndirilən qarardad artıq apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanıldığı üçün həmin qərardadın yenidən apellyasiya qaydasında mübahisələndirilməsi məhkəmə aktının preyudisiallığı prinsipini pozur və sadəcə şikayət hüququndan sui-istifadə halıdır. Belə ki, mübahisələndirilən qərardadın qanuniliyi onsuzda apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, cavabdehlərin dəlillərinə qiymət verilmiş və əsassız hesab olunmuşdur. Həmin qərardada eyni dəlillərlə yenidən baxılması isə məhkəmə sisteminin bütövlüyünü və effektivliyini pozmaqla, məhkəmə resurslarının ədalətli və məntiqli şəkildə istifadə edilməsinin qarşısını alacaqdır. Həmçinin bu, məhkəmə resurslarının əsassız şəkildə israf olunması, qarşı tərəfin əsassız narahat edilməsi ilə nəticələnəcəkdir. Oxşar hüquqi mövqeyə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadında da rast gəlmək olar. Hansı ki, “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” xx.xx.2023-cü il tarixli, 2-1(102)-1082/2024 nömrəli qərardadında Ali Məhkəmə qeyd etmişdir ki, təcrübədə rast gəlinən şikayət hüququndan sui-istifadə hallarına da “əsaslandırılmamış şikayət” çərçivəsində qiymət verilməklə onların mümkünlüyü həll edilə bilər. Belə ki, ümumi hüquq nəzəriyyəsində şikayət hüququndan sui-stifadə hüququn ənənəvi olaraq nəzərdə tutulduğundan fərqli məqsədlə zərərli istifadəsi kimi qəbul edilir. Bir qayda olaraq, usandırıcı, açıq-aydın əsaslandırılmamış və şikayət hüququnun məqsədlərinə aşkar zidd olan, daha əvvəl verilməklə mümkün sayılmamış şikayətlərə bənzər şikayətlərin təkrar-təkrar məhkəməyə təqdim edilməsi, xüsusən də məhkəmənin real funksiyaları ilə üst-üstə düşməyən, gərəksiz iş yükü yaradan, məhkəmənin ədalət mühakiməsinin maraqları naminə fəaliyyət göstərməsinə və icraatındakı işlərə lazımi qaydada baxmağa əngəl törədən və digər bənzəri hallar şikayət hüququndan sui-istifadə kimi qəbul edilə bilər. Ali Məhkəmə bu qərardadında şikayət hüququnun sui-istifadə hallarında məhdudlaşdırıla biləcəyini vurğulamış, müxtəlif sui-istifadə formaları göstərmişdir, o cümlədən, əsassız şikayətlər, açıq-aydın əsassız olan şikayətlər və məqsədlərinə zidd olan şikayətlər. Qeyd olunmuşdur ki, belə sui-istifadələr məhkəmə sisteminin düzgün işləməsinə mane olur və məhkəmə resurslarını israf edir. Ali Məhkəmənin hüquqi mövqeyinə görə, şikayət hüququndan sui-istifadənin qarşısının alınmasının məqsədi məhkəmə sisteminin bütövlüyünü və effektivliyini qorumaq, məhkəmə resurslarının ədalətli və məntiqli şəkildə istifadə edilməsini təmin etmək, məhkəmə resurslarının əsassız şəkildə israf etməmək və eləcə də, qarşı tərəfi əsassız narahat etməməkdir. Bu təcrübə inzibati məhkəmə icraatındakı mübahisələr üzrə formalaşsa da, nəzərə almaq lazımdır ki, məhkəmə aktlarından şikayət verilməsi hüququ məhkəmə icraatının hansı sahəsi üzrə aparılmasından asılı olmayaraq eyni məqsədlər daşıyır, bu məqsədlər isə pozulmuş hüquqların səmərəli bərpasından, məhkəmələr vasitəsilə qanuni mənafelərin qorunmasından ibarətdir. Bu prinsipləri nəzərə alan kollegiya hesab edir ki, mübahisələndirilən qərardada yenidən qiymət verilməsinə ehtiyyac yoxdur, bu səbəbdən şikayət qeyri-mümkün hesab edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357-358, 366, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4239/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4239/2024
27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair müb
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver