Məhkəmə qərarları › İş №2(103)-4239/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4239/2025

06.08.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4239/2025 06.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1373/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ünvan 1 ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixində Cavabdeh1 və Cavabdeh2 arasında 4Ə2475 reyestrli daşınmaz əmlakın bağışlanma müqaviləsi rəsmiləşdirilmişdir.

2. Suraxanı rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İİ № 310438 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 28 nömrə ilə qeyd edilmişdir.

3. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışın surətindən görünür ki, X28 və X2 nikahı haqqında xx.xx.1969-cu il tarixdə 1239 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Atamova soyadı verilmişdir.

4. Azərbaycan Respublikası Qaçqınların və X17 üzrə Dövlət Komitəsi tərəfindən AA № 104372 seriya nömrəli xx.xx.2005-ci il tarixdə verilmiş məcburi köçkün vəsiqəsinə əsasən İddiaçı 1988-ci il tarixdə Xankəndi rayonundan məcburi köçkün kimi dövlət qeydiyyatına alınmışdır.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvanlanmış məlumatın verilməsi haqqında xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh1 adına Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsi, 98V saylı fərdi yaşayış evi, xx.xx.2020-ci il tarixdə və evin yerləşdiyi 0.015 ha torpaq sahəsi xx.xx.2006-cı il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 12 saylı DNK-nın 4Ə-80 reyestr nömrəli xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Cavabdeh1 adına ünvan 3ində yerləşən 0.15 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir, lakin Bakı şəhəri 23 saylı notariat ofisinin 4Ə-2475 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. və s.

6. Xankəndi (Stepanakert) Azərbaycan SSR Qeydiyyat Şöbəsi tərəfindən verilmiş İV-ЖГ seriyalı, 268880 nömrəli, xx.xx.1976-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı (X13, anası Cavabdeh1) xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1976-cı il tarixdə 284 nömrə ilə qeyd edilmişdir.

7. Suraxanı Rayon Məhkəməsinin e-2(010)-394/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 (üçüncü şəxs X20 və Bakı şəhəri 12 saylı notariat ofisi) qarşı “müqavilənın etibarsız hesab edilməsi” tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3315/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-394/2024 saylı, 13 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsindəki, 0.0150 ha. torpaq sahəsində yerləşən 98V saylı fərdi yaşayış evinə dair Cavabdeh1 ilə X20 arasında bağlanmış xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilməsi və həmin evin X12 adına mülkiyyət hüququ əsasında aparılmış xx.xx.2020-ci il tarixli qeydiyyat və vahid əmlak kimi xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququ əsasında aparılmış qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, Rövşən Göyüşov küçəsindəki, 0.0150 ha. torpaq sahəsində yerləşən 98V saylı fərdi yaşayış evinin üzərində X2 6/10 hissədə (1/2, yəni 5/10 hissədə birgə nikah dövründə əldə olunmuş əmlak kimi, 1/5 hissədə isə X21 vərəsəsi kimi), İddiaçı, Nümayəndə, X22 və X14 isə hər birinin 1/10 hissədə miras payı müəyyən edilməsi və bu barədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri 12 saylı Notariat Ofisinə həvalə edilməsi qət edilmişdir.

9. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinə əsasən, hədiyyə verən – Cavabdeh1 ünvan 3i ünvanında yerləşən, ümumi sahəsi 0.15 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissəni (0.15 ha) hədiyyə alanın - Cavabdeh2 mülkiyyətinə verir.

10. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX№0711657 Çıxarışından görünür ki, ünvan 3i ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.15 olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan - yaşayış məntəqələrinin torpaqlarına tam pay olmaqla Cavabdeh1 hüquq sahibidir. Həmin mənzil və yaşayış məntəqələrinin torpaqları tam pay olmaqla Cavabdeh1 adına xx.xx.2015-ci il tarixində qeydiyyata alınmışdır.

11. İş materiallarına əlavə edilmiş daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən Cavabdeh1 torpaq üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 85 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində xx.xx.2015-ci il tarixdə qeydiyyata alınmışdır.

12. Azərbaycan SSR Qeydiyyat Şöbəsi tərəfindən verilmiş АЗБ seriyalı, 028255 nömrəli, xx.xx.1971-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı (X13, anası Cavabdeh1) xx.xx.1971-ci il ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1971-ci il tarixdə 451 nömrə ilə qeyd edilmişdir.

13. Bakı şəhəri Nəsimi rayon VVADQ Şöbəsi tərəfindən verilmiş İ-AZ seriyalı, 041820 nömrəli, xx.xx.1999-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 (atası Nümayəndə Eldar oğlu, anası X15) xx.xx.1999-cu ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1999-cu il tarixdə 439 nömrə ilə qeyd edilmişdir.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 3 aprel 2025-ci il tarixli Məlumatın təqdim edilməsi barədə cavab məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 3ində yerləşən 0,15 ha torpaq sahəsi Qusar Rayon Notariat Kontorunun xx.xx.2015-ci il tarixli, 4Ə-667 nömrəli alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 adına qeydiyyata alınmış, lakin Bakı şəhəri 23 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 4Ə-2475 nömrəli bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına özgəninkiləşdirilmişdir.

15. AR Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3i ünvanında yerləşən torpaq sahəsinin ölçüsü 0.15 olan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan - yaşayış məntəqələrinin torpaqlarına tam pay olmaqla Cavabdeh2 hüquq sahibidir. Həmin mənzil və yaşayış məntəqələrinin torpaqları tam pay olmaqla Cavabdeh2 adına xx.xx.2023-ci il tarixində qeydiyyata alınmışdır.

16. xx.xx.2015-ci il tarixli, AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, satıcı X1 rayonu, Köhnə Xudat kəndi ünvanında yerləşən 0,15 ha torpaq sahəsini alıcının, yəni Cavabdeh1 mülkiyyətinə verir. Həmin müqavilənin 4-cü bəndinə əsasən, satıcı daşınmaz əmlakı 3000 manata satdı, alıcı isə həmin qiymətə aldı.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X3 Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0,15 ha torpaq sahəsinə dair bağladığı xx.xx.2023-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun anasıdır. Cavabdehlə X13 xx.xx.1969-cu ildə rəsmi nikaha girərək ailə qurmuşlar. Nikahları Bakı Nikah evində 1239 saylı aktla rəsmiləşdirilmişdir. Birgə nikahlarından dörd övladları anadan olmuşdur, X29, X25, X26 və o, İddiaçı. Bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilən ünvan 3i ərazisində 0,15 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin seriya RX ******* saylı çıxarışla anası X3 mülkiyyətində olmuşdur. Torpaq sahəsi anası ilə X13nun birgə nikah dövründə əldə edilmiş əmlakları olmuşdur. X13 xx.xx.2019-cu ildə vəfat etmişdir. Bir müddət bundan öncə təsadüfən ona məlum oldu ki, anası X23 rayonu Köhnə Xudat kəndində yerləşən 0,15 ha torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. Bağışlama müqaviləsi Bakı şəhəri 23 saylı DNK-nin xx.xx.2023-cü il tarixli 4Ə-2475 reyestr nömrəli bağışlama müqaviləsi əsasında rəsmiləşdirilmişdir. Həmin əmlakın ½ hissəsi X13nun haqqıdır. Rəhmətə getdikdən sonra onların, yəni övladlarının həmin hissədə vərəsəsi kimi hüquqları var. Cavabdeh isə əmlakı bütöv şəkildə öz əmlakı hesab edərək onlara heç bir məlumat vermədən bağışlamışdır. Qeyd edilənlərə əsasən hesab edilir ki, bağışlama müqaviləsi qanunun tələbini pozmaqla bağlandığından etibarsız hesab edilməlidir.

19. Cavabdeh X3 nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı cavabdeh X5 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

20. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1373/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Firuzə Mirzəyeva) iddia rədd edilmişdir.

21. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 666.1, 667.1, 668.1, 1133.1, 1145, 1151.1, 1151.2, 1159.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1248.1, 1254, 1256, 1272-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 124.2, 217.1, 217.2, 217.3, 217.4, 218.1, 227, 233, 357, 358, 360 və 362-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh onun anasıdır. Cavabdehlə X13 xx.xx.1969-cu ildə rəsmi nikaha girərək ailə qurmuşlar. Nikahları Bakı Nigah evində 1239 saylı aktla rəsmiləşdirilmişdir. Birgə nikahlarından dörd övladları anadan olmuşdur, X29, X25, X26 və mən,İddiaçı. Bağışlama müqaviləsi əsasında özgəninkiləşdirilən ünvan 3iərazisində 0,15 ha torpaq sahəsi 28.07ş2015-ci il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin seiya RX ******* saylı çıxarışla anası X3 mülkiyyətində olmuşdur. Torpaq sahəsi anası ilə X13nun birgə nikah dövründə əldə edilmiş əmlakları olmuşdur. X13 xx.xx.2019-cu ildə vəfat etmişdir. Bir müddət bundan öncə təsadüfən ona məlum oldu ki, anası X23 rayonu Köhnə Xudat kəndində yerləşən 0,15 ha torpaq sahəsini Cavabdeh2 bağışlamışdır. Bağışlanma müqaviləsi Bakı şəhəri 23 saylı DNK-nin xx.xx.2023-cü il tarixli 4Ə-2475 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında rəsmiləşdirilmişdir. Həmin əmlakın ½ hissəsi X13nun haqqıdır. Rəhmətə getdikdən sonra övladlarının həmin hissədə vərəsəsi kimi hüquqları var. Cavabdeh isə əmlakı bütöv şəkildə öz əmlakı hesab edərək heç bir məlumat vermədən bağışlamışdır. Suraxanı Rayon Məhkəməsində hakim Miriyeva Səlimə Miri qızının sədrliyi ilə keçirilən məhkəmə prosesində işə baxılmış və iddia tələbimizin rədd edilməsi barədə xx.xx.2025-cü il tarixli,e-2(010)-1373/2025 saylı qətnamə qəbul edilmişdir. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə qətnaməsində mübahisəli mənzil üzərində onun və digərlərinin vərəsəlik hüququnun olması nəzərə alınmamışdır. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər- arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə- ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə iş materiallarında olan həm təqdim etdiyi sübutlara, həm məhkəmə araşdırması zamanıişin hallarına düzgün qiymət verməmişdir. Məhkəmə tərəfindən işin həqiqi halları, vərəsələrin bağışlanmış əmlakda paylarının olması nəzərə alınmadan, iddiaçı ilə cavabdeh arasındakı münasibət araşdırılmamış, ona görə də qəbul edilmiş qətnamə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun deyil.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

25. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq səhhətində yaranmış problemə görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

26. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

27. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

28. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

29. Maddə 666.1 bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

30. Maddə 667.1. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın

31. Maddə 668.1.1 daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır.

32. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

33. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

34. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

35. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

36. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

37. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

38. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

39. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

40. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

41. Maddə 1246. Mirasın qəbul edildiyi müddət (hazırki mülki iş üzrə vərəsəlik münasibətləri yaranan zaman qüvvədə olan) Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

42. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

43. Maddə 1254. Vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün iki aylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur.

44. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

45. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.

46. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı

47. 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

48. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

49. 3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı.

50. 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər.

51. 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər....

52. 4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.

53. 5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.

54. 6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.

55. 7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

59. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

60. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

61. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

62. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

63. Hazırki halda qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1373/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

66. İşin halları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh1 oğludur. Cavabdeh1 xx.xx.1969-cu il tarixdə iddiaçının X13 ilə rəsmi nikaha daxil olmuşdur. Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0,15 ha torpaq sahəsi xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, xx.xx.2015-ci il tarixdə Cavabdeh1 adına, o, X28 ilə rəsmi nikahda olan zaman qeydiyyata alınmışdır. İddiaçının atası, cavabdehin əri – X28 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İddiaçı Cavabdeh1 Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0,15 ha torpaq sahəsini xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, digər cavabdeh - nəvəsi Cavabdeh2 bağışlamışdır. Sonuncunun əmlak üzərində mülkiyyət hüququ xx.xx.2023-ci il tarixdə qeydiyyata alınmışdır.

67. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Maddə 1246. Mirasın qəbul edildiyi müddət (hazırki mülki iş üzrə vərəsəlik münasibətləri yaranan zaman qüvvədə olan) Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

68. Hazırki işin hüquqi həlli lə bağlı birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən, AR Mülki Məcəlləsinin 1246-cı maddəsinin qüvvədən düşməsi – yalnız Qərar qüvvəyə mindikdən (26 dekabr 2023-cü il tarixdən) sonra yaranacaq vərəsəlik münasibətlərinə və həmin vaxtda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Məlumdur ki, iddiaçının atası 2019-cu il tarixdə vəfat etdiyindən, vərəsəlik münasibətləri də həmin vaxt yaranmışdır. Həmçinin, İddiaçı iddia tələbi üzrə hazırki mülki iş məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə daxil olmuş, qərarın qüvvəyə mindiyi vaxtda – 26 dekabr 2023-cü il tarixdə bu əmlakla bağlı mülki iş məhkəmənin icraatında olmamışdır. Bununla qərarda nəzərdə tutulan hüquqi mövqe bu mübahisəyə şamil edilmir və hazırki mülki iş üzrə, miras açıldığı vaxtda, yəni 2019-cu il tarixdə qüvvədə olan qanunvericilik tətbiq edilməlidir. Belə ki, həmin maddənin məzmununa əsasən, İddiaçı vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilərdi. Bununla yanaşı, həmin maddənin tələbləri baxımından, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın iddiaçı tərəfindən qəbuluna yol verilmir. Həmçinin, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə, İddiaçı bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilərdi, lakin bunu etməmişdir.

69. Kollegiya hesab edir ki, iddiaçının atası öldüyü vaxtda – xx.xx.2019-cu il tarixdə sözügedən miras əmlak və iddiaçının atasının həmin əmlak üzərində payı barədə məlumatlı olub olmaması iş materialları ilə müəyyən olunmamışdır. Lakin, hər bir halda, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubunda – Cavabdeh1 adına ünvan 3ində yerləşən 0.15 ha torpaq sahəsinin xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçməsinin qeyd olunduğu nəzərə alındıqda, iddiaçının ən azı 2023-cü ilin dekabr ayından əmlakdan məlumatlı olması qənaətinə gəlmək olar. Lakin, müvafiq vaxtda iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq, mirasdan ona düşən payın qəbul edilməsi ilə bağlı notariusa müraciət edilməmiş, bununla yanaşı miras əmlakın iddiaçı tərəfindən faktiki olaraq qəbul edilməsinə dair sübutlar da məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən, iddiaçının qeyd etdiyi əsaslar öz təsdiqini tapmamışdır.

70. Müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericilikdə müəyyən əsas və şərtlər göstərilmişdir. Yuxarıda qeyd edilmiş X6 göstərilmiş hüquqi mövqeyinə əsasən, arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

71. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə “Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və həmin Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnın reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qeyd olunan normalarda şəxslərin azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir...”.

72. Konstitusiya Məhkəməsi Plenumunun digər bir işlə, yəni “X9 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyə görə “Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyət hüququ tanınan və qorunan hüquqlar sırasındadır (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ, İİİ hissələri). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquqları və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini də nəzərdə tutur.”

73. Göstərilən qərarlarda formalaşan hüquqi mövqenin mahiyyəti baxımından məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən bağışlama müqaviləsinin etibarsız sayılması üçün yuxarıda qeyd edilmiş imperativ şərtlərdən heç biri mövcud deyil. Belə ki, əqdin subyekti olan tərəflər (iş üzrə iddiaçı və üçüncü şəxs) yetkinlik yaşına çatmış, tam fəaliyyət qabiliyyətli fiziki şəxslərdir. Əqdin bağlandığı zaman tərəflərin iradə ifadələrinin zədələndiyi müəyyən edilməmiş, iddiaçının da belə bir iddiası olmamışdır. Eyni zamanda əqd bu cür əqdlərin bağlanması üçün müəyyən edilmiş formada (yazılı notarial) bağlanmışdır. Əqdin məzmununa aid edilən şərtlərlə bağlı da hər hansı pozuntu aşkar edilməmişdir. Həmçinin, Mülki Məcəllənin 667.1-ci maddəsinin baxımından, ünvan 3ində yerləşən 0.15 ha torpaq sahəsi vərəsəlik hüququ ilə məhdudlaşmış olmadıqdan, yuxarıda qeyd edilən mülki qanunvericiliyə əsasən, torpaq sahəsinə dair onun mülkiyyətçisi olan Cavabdeh1 bağışlama yolu ilə sərəncam verməkdə haqlı olmuşdur. Cavabdeh sərəncam verərək bağışlama əqdi bağlayarkən müqavilə azadlığı prinsipindən irəli gələrək öz iradə ifadəsini nümayiş etdirmiş, mülkiyyətində olan (vərəsəlik hüququ ilə məhdudlaşmamış) əmlakı bağışlamışdır.

74. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

75. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tələbin Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0,15 ha torpaq sahəsinə dair bağlanılmış xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin hüquqi nəticələrinin ləğv edilməsi yəni, torpaq sahəsinin bağışlama müqaviləsi əsasında dövlət reyestrindəki qeydiyyatının ləğv edilməsi hissəsinə münasibətdə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi həmin müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, iddia tələbi qeyd olunan hissədə də təmin edilmir.

76. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

77. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1373/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar