Məhkəmə qərarları › İş №2(103)-425/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-425/2021

16.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-425/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh MTK-nın vəkili X5, iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdeh İddiaçı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizələri barədə mülki iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 16 mart 2020-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə, həmçinin iddiaçı Cavabdeh MTK-nın cavabdeh X8 qarşı “protokolun ləğv edilməsi və arayışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli qətnaməsindən işdə iştirak elməyə cəlb edilməyən və qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən, ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə (MTK) qarşı “əqdin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 23 fevral 2016-cı il tarixli, 000425 saylı Payçı müqaviləsi və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Əmirov Amil Ağaşirin oğlu Cavabdeh Mənzil Tikinti Kooperativi ilə 23 fevral 2016-cı il tarixli, 000425 saylı payçı müqaviləsi bağlamış, həmin müqavilənin 1.1 və 1.2-ci bəndlərinin tələbinə əsasən MTK pay qismində çıxış edən Bakı şəhəri Yasamal rayonu H.Zərdabi pr. 92A ünvanda tikilən 9cu blok, 11-ci mərtəbə, 5 saylı, 3 otaqlı mənzili tikib payçının mülkiyyətinə verməyi, payçı isə həmin mənzili qəbul etməyi və mənzilə görə müqavilədə gösərilən ödənişləri etməyi öhdəsinə götürmüşdür. Eyni zamanda 23 fevral 2016-cı il tarixli, 000425 saylı payçı müqaviləsi bağlanarkən İddiaçı (borc alan) Azərbaycan Beynəlxalq Bankı (borc verən) ilə 23 fevral 2016-cı il tarixli təminatlı kredit müqaviləsi bağlamışdır. Bu müqavilənin 2.2-ci bəndinə əsasən “Borc verən Borcalana Borcalan ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasına imzalanmış 23 fevral 2016-cı il tarixil 000425 saylı müqavilənin predmeti olan mənzilin alınması üçün 168.885 (yüz altmış səkkiz min yüz səksən beş) manat məbləğində kredit verilməsini öhdəsinə götürür.” Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 23 fevral 2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən, Bakı şəhəri Yasamal rayonu H.Zərdabi pr. 92A ünvanda tikilən 19 mərtəbəli yaşayış binasının 9 blok, 11 mərtəbəki 5 saylı mənzilin dəyərinin 10 %-ni ödəmişdir. Cavabdeh Mənzil Tikinti Kooperativinin blankında tərtib edilmiş 27 fevral 2016-cı il tarixli aktdan görünür ki, 10 blok, 11-ci mərtəbədə, mənzil 1051 yoxlanılaraq, iddiaçıya təhvil verilmişdir. Yuxarıda göstərilən sənədlərin mövcudluğuna baxmayaraq, İddiaçı sonradan, yəni təxminən 2019-cu ilin ortalarında müəyyən etmişdir ki, 23 fevral 2016-cı il tarixli, 000425 №-li payçı muqaviləsinin şərtlərinə əsasən Cavabdeh MTK tərəfındən ona təhvil verilmiş mənzil müqavilə bağlanan dövrdə cavabdehə məxsus olmamış və DƏDRX tərəfindən 03 may 2014-cü il tarixdə verilmiş Çıxarışa əsasən fiziki şəxs X7 adına Dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə, Cavabdeh MTK İddiaçıla 23 fevral 2016-cı il tarixdə mənzilə dair payçı müqaviləsi bağlasa da, sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdehin həmin mənzilə hər hansı hüququ olmamış, mənzil başqa şəxsə məxsus olmuşdur. Belə vəziyyətdə İddiaçı məcbur olub mənzilin mülkiyyətçisi ilə razılaşaraq mübahisəli mənzili X6 10 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlamaqla satın almışdır. Bundan sonra, iddiaçıya 11 iyul 2019-cu il tarixdə DƏDRX tərəfindən müvafiq Çıxarış verilmişdir. İddiaçı vətəndaş X3 aldığı mənzili 15 iyul 2019-cu il tarixli ipoteka müqaviləsi rəsmiləşdirməklə Azərbaycan Beynəlxalq Bankı qarşısında 23 fevral 2016-cı il tarixli kredit müqaviləsinin təminatı kimi girov qoymuşdur. Yuxarıda göstərilənlərə əsasən, iddiaçı hesab edir ki, Cavabdeh MTK heç bir hüququ olmadan, başqa şəxsə məxsus mənzilə dair iddiaçı ilə 23 fevral 2016-cı il tarixli müqavilə bağlamış, müvafiq olaraq mənzilə dair maliyyə arayışı və digər sənədlər tərtib etmiş, bununla da iddiaçıya mübahisəli mənzilə hüququ olması barədə yalan məlumatlar vermişdir. İddiaçının qənaətinə görə, belə vəziyyədə 23 fevral 2016-cı il tarixli 000425 №-li payçı müqaviləsi və eyni tarixdə verilmiş maliyyə arayışı etibarsız hesab edilməlidir. Proses gedişatında X11 və X9 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər qismində işə cəlb edilmişlər. X7 cavabdeh İddiaçı qarşı yönəlmiş “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi və çıxarışın ləğv edilməsi”nə dair müstəqil tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 23/02/2016 tarixli, 000425 saylı payçı müqaviləsinin və müqavilə ilə eyni tarixdə verilmiş maliyyə arayışının etibarsız hesab edilməsini tələb edir. Lakin barəsində yuxarıda qeyd edilən müqavilənin predmetini təşkil edən daşınmaz əmlak, yəni Cavabdeh MTK tərəfindən H. ünvan 1 ünvanında tikilmiş binanın 9-cu blok, 11-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzil yalan alqı-satqı əqdi bağlanmaqla 10 iyul 2019-cu il tarixində İddiaçı adına rəsmiləşdirilmişdir. Həmin rəsmiləşdirməni aparmaqda məqsəd hazırda İddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb olunan 23/02/2016 tarixli 000425 saylı payçı müqaviləsi üzrə əldə edilmiş daşınmaz əmlaka həmin şəxsin mülkiyyət hüququnun rəsmiləşdirilməsini təmin etmək olmuşdur. Bu məqsədlə alqı-satqı müqaviləsi bağlanarkən notariusun depozit hesabına qoyulmuş və sonradan götürülmüş vəsait də İddiaçı məxsus olmamış ASP MTK-nın əməkdaşı tərəfindən bank hesabına mədaxil edilmiş və sonradan İddiaçı təqdim etdiyi etibarnamə əsasında həmin hesabdan məxaric edilmişdir. Mənzil dəyərindən təxmini 2 qat ucuzuna, yəni 100.000 manata rəsmiləşdirilmişdir. Halbuki, İddiaçı da məlum idi ki, həmin evin dəyəri 200.000 manatdan artıqdır. Lakin sonradan onlara məlum olmuşdur ki, İddiaçı əslində onları aldatmış, yalan əqdin əsasında mənzilə mülkiyyət hüququnu təmin etdikdən sonra Cavabdeh MTK-ya qarşı iddia qaldıraraq müqavilənin etibarsızlığını tələb etməklə MTK-ya ödədiyi pulları geri almaq və özünə məxsus olmayan pulla yalan əqd bağlamaq yolu ilə əldə etdiyi mənzilə mülkiyyət hüquqlarını həyata keçirmək niyyətindədir. Odur ki, o, ilkin iddia üzrə tələbin rədd edilməsi, X11 və İddiaçı arasında bağlanmış, AN-İ N ******* saylı, 10 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış mülkiyyət hüququna xitam verilməsi, bu hüquq barədə İddiaçı verilmiş daşınmaz əmlakın Dövləl reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna xitam verilməsi və çıxarışın ləğv edilməsi”nə dair tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 23/02/2016 tarixli 000425 saylı payçı müqaviləsinin və müqavilə ilə eyni tarixdə verilmiş maliyyə arayışının etibarsız hesab edilməsini tələb edir. Bildirmək istəyir ki, həmin müqavilə üzrə alınmış əmlak (Cavabdeh MTK tərəfindən H. ünvan 1 ünvanda tikilmiş binanın 9-cu blok 11-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzil) birgə nikahda olan zaman alındığı üçün həmin əmlakın yarısı onun payına düşür. Əmlakın ilkin ödənişi də tam həcmdə onun tərəfindən İddiaçı verilmiş vəsait hesabına ödənilmişdir. Sonradan onların ailə münasibətləri pozulmuş və nikah məhkəmə qaydasında pozulmuşdur. Bu zaman yuxarıda qeyd edilən əmlakın aralarında bölünməsinin qarşısını almaq üçün İddiaçı, yalan əqd bağlamaq yolu ilə həmin əmlakı öz adına rəsmiləşdirmişdir. Belə ki, Cavabdeh MTK tərəfindən H. ünvan 1 ünvanda tikilmiş binanın 9-cu blok 11-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzil yalan alqı-satqı əqdi bağlanmaqla 10 iyul 2019-cu il tarixində İddiaçı adına rəsmiləşdirilmişdir. Bu zaman alqı-satqı müqaviləsi bağlanarkən notariusun depozit hesabına qoyulmuş və sonradan götürülmüş vəsait də İddiaçı məxsus olmamış, Cavabdeh MTK-nın əməkdaşı tərəfindən bank hesabına mədaxil edilmiş və sonradan İddiaçı təqdim etdiyi etibarnamə əsasında həmin hesabdan məxaric edilmişdir. Həmçinin, bildirir ki, mənzil dəyərindən təxminən 2 qat ucuzuna, yəni 100.000 manata rəsmiləşdirilmişdir. Halbuki, İddiaçı da məlum idi ki, həmin mənzilin dəyəri 200.000 manatdan artıqdır. İddiaçı yalan əqd bağlayıb evi adına keçirdikdən sonra 23/02/2016 tarixli 000425 saylı payçı müqaviləsini etibarsız hesab etdirməklə onların birgə nikah dövründə əldə edilmiş əmlakın üzərində onun hüquqlarının xitam edilməsinə çalışır. Odur ki, o, ilkin iddia üzrə tələbin rədd edilməsi, X11 və İddiaçı arasında bağlanmış, AN-İ N ******* saylı, 10 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququna xitam verilməsi, bu hüquq barədə İddiaçı verilmiş daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-613/2020 saylı 16 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, İddiaçı ilə cavabdeh “ASP" MTK arasında bağlanmış 23 fevral 2016-cı il tarixli 000425 saylı Payçı müqaviləsi və eyni tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X11 və X9 tərəfindən verilmiş müstəqil tələblər təmin edilərək, X11 və İddiaçı arasında bağlanmış AN-1 seriyalı ******* saylı 10 iyul 2019-cu il tarixli daşınmaz Əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında İddiaçı adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət hüququna xitam verilmiş, bu hüquq barədə İddiaçı verilmiş daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilmişdir. Həmçinin, iddiaçı Cavabdeh MTK cavabdeh X8 qarşı protokolun ləğv edilməsi və arayışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə iclası gedişində iddianın dəqiqləndirilməsi haqqında ərizə verərək, Cavabdeh MTK üzvlərinin ümumi iclasının 01 №-li, 07 yanvar 2013-cü il tarixli X1 Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanda yerləşən kooperativ binanın 1051 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi hissəsində ləğv edilməsi və Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 92A ünvanda yerləşən binanın Cavabdeh MTK-ya məxsus olması, bu binada 11-ci mərtəbədə yerləşən 1051 saylı mənzilin dəyərinin X11 tərəfindən tam ödənilməsi və Cavabdeh MTK-ya borcunun olmaması barədə verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən inşa edilmiş binanın tikintisinin davam etdirilməsini təmin etmək üçün maliyyə vəsaitlərinin cəlb edilməsi məqsədilə həmin binada yerləşən 51 saylı mənzilə (reyestrdən çıxarışda 1051 saylı) Cavabdeh MTK-nın təsisçisi ilə qohumluq münasibətlərində olan cavabdehin adına mülkiyyət hüququ rəsmiləşdirilmiş və dövlət qeydiyyatına alınmışdır. Bu əqdin bağlanmasında məqsəd evin cavabdehə satılması deyil, həmin əmlakın ipoteka ilə yüklü edilərək kredit cəlb edilməsi olmuşdur. Həmin ev rəsmi olaraq cavabdehin mülkiyyətində olsa da, onun istifadəsində sahibliyində və sərəncamında olmamışdır. X17 adına rəsmiləşdirilməsi üçün bütün prosedurlar iddiaçı tərəfindən icra edilmiş Anar Qurbanov həmin mənzil üçün Cavabdeh MTK-ya hər hansı ödəniş etməmişdir. Daşınmaz əmlakın dəyərinin ödənilməsindən sonrakı dövrdə də Anar Qurbanov həmin mənzilə daxil olmamış, onun təmirini həyata keçirməmiş, mənzilin açarları belə onda deyil, Cavabdeh MTK-nın əməkdaşlarında saxlanılmışdır. Mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam elementlərini özündə ehtiva edən bir hüquqdur. Anar Qurbanov bu hüquqa malik olsa da, onun heç bir elementini həyata keçirməmiş, həyata keçirməyə cəhd belə etməmişdir. Bu da öz növbəsində yuxarıda qeyd edilən halları bir daha təsdiq edir ki, 7 ildən artıq bir müddət ərzində cavabdehin mülkiyyət hüququndan istifadə etməməsi özlüyündə həmin hüququn yaranmasına əsas olan əqdin uydurma əqd olduğunu göstərir. Bu illər ərzində Anar Qurbanov həmin mənzilə daxil olmağa cəhd belə etməmiş, əgər cəhd edərdisə və ya hər hansı bir maneə ilə rastlaşaraq hüququnun pozulmasını aşkar edərdisə, o halda dövlət tərəfindən qorunan mülkiyyət hüququnun müdafiəsinə qalxar və bunun üçün aidiyyəti dövlət orqanlarına müraciət edərdi. Bu halların heç biri mövcud olmamışdır. Göstərilənlərə əsasən Cavabdeh MTK üzvlərinin ümumi iclasının 01 №-li Protokolunun və həmin prtokol üzrə qəbul edilmiş qərarın X8 aid hissədə ləğv edilməsi, X8 təqdim edilmiş Cavabdeh MTK üzvlərinin ümumi iclasının 01 №-li Protokolunun 08.01.2013-cü il tarixli çıxarışının və eyni tarixdə verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri Yasamal rayonu Həsənbəy ünvan 3 ünvanlı daşınmaz əmlaka X7 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ barədə qeydin ləğv edilməsi və həmin qeydə əsasən verilmiş Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-2344/2020 saylı 02 oktyabr 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh MTK üzvlərinin ümumi iclasının 01 №-li, 07 yanvar 2013-cü il tarixli protokolu qismən, X7 Bakı şəhəri Yasamal rayonu H.Zərdabi prospekti 92A ünvanında yerləşən kooperativ binanın 1051 saylı mənzilinin payçısı olmasının təsdiq edilməsi hissəsində ləğv edilmiş, Bakı şəhəri, Yasamal rayonu H.Zərdabi prospekti 92A ünvanda yerləşən, Cavabdeh MTK-ya məxsus binanın 11-ci mərtbəsində yerləşən 1051 saylı mənzilin dəyərinin X11 tərəfindən tam ödənilməsi və Cavabdeh MTK-ya borcunun olmaması barədə verilmiş maliyyə arayışı etibarsız hesab edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-613/2020 saylı 16 mart 2020-ci il tarixli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin üçüncü şəxslərin tələblərinin təmin olunması hissəsində ləğv edilərək, üçüncü şəxslərin tələblərinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin istinad etdiyi hallar qüvvədə olan qanunverilikdə müqavilənin etibarsız hesab edilməsinin əsasları kimi müəyyən edilməmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi, nəzərə almamışdır ki, İddiaçı 23 fevral 2016-cı il tarixli, 000425 saylı payçı müqaviləsinə əsasən mübahisəli mənzilə görə Cavabdeh MTK-ya ümumilikdə 187.650 (yüz səksən yeddi min ahı yüz əlli) manat məbləğində pul ödəmişdir. Bundan sonra məlum olmuşdur ki, həmin mənzil Cavabdeh MTK-ya məxsus olmamış, qeyd edilən mənzilə dair mülkiyyət hüququ 2014-cü il tarixdən başqasına, yəni vətəndaş Anar Qurbanovun adına Dövlət reyestrində qeydiyyatdan keçmişdir. Özünə məxsus olmayan, yəni başqa şəxsə məxsus olan mənzilə görə İddiaçı əsassız olaraq külli miqdarda pul vəsaiti əldə edən Cavabdeh MTK-nın rəhbərliyi problemi həll elmək üçün öz əməkdaşının adına İddiaçı tərəfindən etibarnamə verilməsinə nail olmuş və İddiaçı MTK-ya əsassız ödədiyi pul vəsaitinin hesabına mənzilin rəsmi mülkiyyətçisi Anar Qurbanovla alqı-satqı müqaviləsinin rəsmiləşdiriləcəyini və bununla da İddiaçı mülkiyyət hüquqlarının təmin ediləcəyini sonuncuya vəd etmişdir. Mənzilin həqiqi mülkiyyətçisi və eyni zamanda Cavabdeh MTK ilə yaxın münasibətdə olan Anar Qurbanov və vəsaitin depozitə qoyulması və çıxarılması zamanı İddiaçı adından etibarnamə ilə onu təmsil edən və eyni zamanda Cavabdeh MTK-nın əməkdaşı olan X12 AN-İ N ******* saylı 10 iyul 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat orqanında rəsmiləşdirilməsində iştirak etməklə, İddiaçı mənzilə mülkiyyət hüququnu təmin etmişlər. Göründüyü kimi, hər iki tərəfdən Cavabdeh MTK-nın əməkdaşı və yaxını olan şəxslərin iştirakı ilə və İddiaçı əsassız olaraq Cavabdeh MTK-ya ödəmiş olduğu külli miqdarda pul vəsaiti hesabına bu rəsmiləşdirmə aparılmış, yəni 10 iyul 2019cu il tarixdə həqiqi və qanuni alqı-satqı aparılaraq, iddiaçının hüquqları bərpa və təmin olunmuşdur. Bu müqavilənin bağlanması isə öz növbəsində 23/02/2016 tarixli 000425 saylı payçı müqaviləsinin əhəmiyyətsizliyini (etibarsız olduğunu) təsdiq etmişdir. İş üzrə üçüncü şəxs Anar Qurbanov da, özünün imzaladığı iddia ərizəsində açıq etiraf edir ki, həmin rəsmiləşdirməni (yəni 10 iyul 2019-cu il tarixli alqı-satqını) aparmaqda məqsəd hazırda İddiaçı tərəfindən etibarsız hesab edilməsi tələb olunan 23/02/2016 tarixli 000425 saylı payçı müqaviləsi üzrə əldə edilmiş daşınmaz əmlaka həmin şəxsin (İddiaçı) mülkiyyət hüququnun rəsmiləşdirilməsini təmin etmək olmuşdur. Yəni, üçüncü şəxs hazırda mübahisələndirdiyi 10 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinin hansı məqsədlərlə rəsmiləşdirildiyindən tam məlumatlı olmuş və məhz bu məqsədlərlə də, 10 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsini öz iradəsi ilə imzalamışdır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Cavabdeh MTK ilə eyni mövqedən çıxış edən və onun mənafeyini müdafiə edən üçüncü şəxs Anar Qurbanovun iddia ərizəsində ciddi ziddiyyətlərin olmasına diqqət yetirməmiş, sonuncunun MTK ilə birlikdə bir tərəfdən mübahisəli daşınmaz əmlaka İddiaçı mülkiyyət hüququnun rəsmiləşdirilməsini təmin etmək niyyətində olduqlarını və bu məqsədlə 10 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsini imzaladığını bəyan etmiş, digər tərəfdən isə heç bir əsas olmadan Cavabdeh MTK-ya külli miqdarda vəsait ödəmiş iddiaçının mülkiyyət hüququndan məhrum edilməsinə dair iddia tələbləri irəli sürmüşdür. Bunun səbəblərini məhkəmə ümumiyyətlə araşdırmamışdır. Üçünçü şəxs Anar Qurbanov öz iddia ərizəsində 10 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsinin rəsmiləşdirildiyi zaman İddiaçı etibarnamə verdiyi MTK-nın əməkdaşı tərəfindən depozitə qoyulan məbləğin İddiaçı məxsus olmadığını qeyd etsə də, unutmuşdur ki, İddiaçı mübahisəli mənzilə görə ödədiyi külli miqdarda pul vəsaiti həmin vaxt Cavabdeh MTK-nın sərəncamında olmuş və MTK-nın əməkdaşı məhz həmin vəsaiti mənzilin rəsmi (əsl) mülkiyyətçisi olan A.Qurbanova ödənilməsi üçün depozitə qoymalı idi. Belə vəziyyətdə, yəni İddiaçı məxsus həmin məbləğin MTK-nın əməkdaşı tərəfindən Anar Qurbanova ödənilməsindən sonra, İddiaçı MTK-ya ödədiyi pul məbləği ilə bağlı iddia tələblərinin və həmin tələblərin təmin olunmasının mümkünsüzlüyü üçüncü şəxs tərəfindən nəzərə alınmalı idi. Yuxarıda göstərilənlər birinci instansiya məhkəməsinin diqqətindən kənarda qalmış, məhkəmə İddiaçı mülkiyyət hüquqlarını təmin etmək niyyətində olan Anar Qurbanovla bağlanmış 10 iyul 2019-cu il tarixli müqaviləni də heç bir əsas olmadan etibarsız hesab etmiş, həmin müqaviləni yanlışlıqla uydurma əqd hesab etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə maddi hüquq normalarını düzgün müəyyən etməmiş, heç bir araşdırma aparmadan, mübahisəli mənzilə dair hər iki müqaviləni etibarsız hesab etməklə, İddiaçı Cavabdeh MTK-ya ödədiyi külli miqdarda pul vəsaitinin, İddiaçı banka ödədiyi faizlərin, habelə mübahisəli mənzilin təmirinə çəkdiyi xərclərin taleyini həll etməmiş və bununla da iddiaçının hüquqlarını kobud şəkildə pozan qətnamə qəbul etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-613/2020 saylı 16 mart 2020-ci il tarixli qətnaməsindən Cavabdeh Mənzil Tikinti Kooperativi də apellyasiya şikayəti verərək qətnamənin Cavabdeh MTK-ya qarşı olan hissəsində ləğv edilərək, İddiaçı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm iş materialları, həm də məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq edilir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi tam əsassızdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən İddiaçı bu qeyrihüquqi davranışlarına heç bir münasibət bildirilməmiş, tam əsassız olaraq tərəflər arasında bağlanmış müqavilə etibarsız hesab edilmişdir. İddiaçı Cavabdeh MTK-nın cavabdeh Anar Qurbanova qarşı “əqdin etibarsız hesab edilməsi tələbi”nə dair mülki iş üzrə iddiaları təmin ediləcəyi təqdirdə 2(004)-613/2020 nömrəli qətnamənin heç bir qüvvəsi qalmamaqla bərabər həm də icrası qeyri-mümkün olacaqdır. Ona görə də, həmin mülki işin yekununu gözləmədən belə bir qətnamənin qəbul edilməsi öz-özlüyündə ciddi prosessual pozuntudur, apellyasiya şikayətinin təmin edilməsi üçün əsasdır. Bundan əlavə, İddiaçı tərəfindən iddia tələbinin sübut edilməsi üçün məhkəməyə hər-hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə yalnız müqavilələrə öz mülahizəsi əsasında “hüquqi qiymət” verərək bütün tərəflər arasında bağlanmış müqavilələri etibarsız hesab etmişdir. Halbuki, mübahisə predmeti olan daşınmaz əmlakın Cavabdeh MTK-nın mülkiyyətində olduğunu sübut etmək üçün tərəflərindən iddianın qaldırılması, həmin mülki mübahisənin hələ də davam etdirilməsi məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-2344/2020 saylı 02 oktyabr 2020ci il tarixli qətnaməsindən işdə iştirak elməyə cəlb edilməyən və qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquq və vəzifələrinə toxunan şəxs işə cəlb edilməmiş, qətnamə qəbul edilərkən prosessual hüquq normaları pozulmuş, habelə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddia tələblərinin və iddianın əsaslarının mahiyyətinə varmadan, sadəcə cavabdehin iddianı etiraf etməsinə əsaslanmış, iddiaçının hansı səbəbdən 8 ilə yaxın müddət keçdikdən sonra protokolun və maliyyə arayışının etibarsızlığı tələbini məhkəmə qaydasında irəli sürməsini və cavabdehin bunu etiraf etməsini, burada tərəflərin hansı məqsədlər daşıdıqlarını ümumiyyətlə araşdırmamışdır. Birinci instansiya məhkəməsi işə baxarkən iddia ərizəsində etibarsızlığı tələb edilən protokolda və maliyyə arayışında qeyd edilən mənzilin hüquqi statusunu müəyyən etməmiş, hətta həmin mənzillə bağlı qüvvədə olan rəsmi sənədləri tərəflərdən tələb etməmiş və iddianın etirafının qanuniliyi ilə bağlı heç bir araşdırma aparmadan bu qanunsuz etirafı təsdiq etmişdir. Halbuki, məhkəmə tərəfindən mənzilin statusu araşdırılsaydı, 8 il bundan əvvəl rəsmiləşdirilmiş protokol və maliyyə arayışında nəzərdə tutulan mənzilin artıq tamamilə başqa bir şəxsə məxsus olması, başqa bir şəxsin, konkret halda İddiaçı adına DƏDR-də qeydiyyata alınması müəyyən edilərdi. Birinci instansiya məhkəməsinə 8 ilə yaxın bir vaxt keçdikdən sonra təqdim edilən iddia ərizəsində göstərilmişdir ki, “əqdin bağlanmasında məqsəd evin cavabdehə satılması deyil, həmin əmlakın ipoteka ilə yüklü edilərək kredit cəlb edilməsi olmuşdur.” Qəribədir, nədənsə birinci instansiya məhkəməsi iddiaçıdan həmin kredit müqaviləsini tələb etməmiş, kredit almaq üçün bilərəkdən (qəsdən) uydurma əqd rəsmiləşdirən iddiaçının 8 ildən sonra bu əqdi məhkəmənin vasitəsi ilə etibarsız hesab edilməsinə dair iddia qaldırmasının səbəblərini də aydınlaşdırmamışdır. Yuxarıda göstərilənlər onu təsdiq edir ki, birinci instansiya məhkəməsi iddianın etirafı ilə bağlı məsələnin qanuniliyini və bunun üçüncü şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasını araşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəflərindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-613/2020 saylı 16 mart 2020-ci il tarixli və 2(004)- 2344/2020 saylı 02 oktyabr 2020-ci il tarixli qətnamələrindən verilmiş apellyasiya şikayətlərini müdafiə etmiş və məzmunlarına uyğun izahat verərək təmin olunmasını, Cavabdeh MTK-nın apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MTK-nın vəkili X10 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, İddiaçı apellyasiya şikayətlərinin təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 mart 2020-ci il tarixli qətnaməsinin Cavabdeh MTK-ya qarşı olan hissəsində ləğv edilərək, İddiaçı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən X11 izahat verərək İddiaçı vermiş olduğu apellyasiya şikayətlərinin təmin edilməməsini, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-2344/2020 saylı 02 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 vəkili və nümayəndəsi Vəkil3 məhkəmə iclasında verdiyi izahatda İddiaçı Yasamal rayon məhkəməsinin 2(004)-613/2020 saylı 16 mart 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin 2(004)-613/2020 saylı 16 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilməli, 2(004)-2344/2020 saylı 02 oktyabr 2020-ci il tarixli qətnaməsi isə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, iş materiallarında olan Cavabdeh MTK üzvlərinin ümumi iclasının 01 nömrəli, 07.01.2013-cü il tarixli protokolundan çıxarışdan görünür ki, X11 müəssisənin üzvlüyünə qəbul olunmaqla Cavabdeh MTK-nın Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanda yerləşən kooperativ binasının 11-ci mərtəbəsində, ümumi sahəsi 139.5 yaşayış sahəsi 73.1 kv.m olan 3 otaqlı, 1051 saylı mənzilin payçısı olması təsdiq edilmişdir. Ailə tərkibi 1 nəfərdən ibarətdir. Cavabdeh MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanda yerləşən yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 139.5 kv.m, yaşayış sahəsi 73.1 kv.m olan 3 otaqlı, 1051 saylı mənzilin dəyəri X11 tərəfindən tam ödənilmişdir və Cavabdeh MTK-ya borcu yoxdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3 xüsusi mülkiyyət hüquqi ilə X8 məxsusdur və bu barədə 03.05.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2121 nömrəli reyestr kitabının 196254 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin 2(004)-613/2020 saylı 16 mart 2020-ci il tarixli qətnaməsi yoxlanılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 3, 2014-cü ildən Anar Qurbanova məxsus olduğundan, səlahiyyətsiz şəxs olan Cavabdeh MTK-nın həmin mənzilə dair İddiaçı ilə bağladığı 23 fevral 2016-cı il tarixli, 000425 saylı Payçı müqaviləsi və verdiyi eyni tarixli maliyyə arayışı etibarsız olmuşdur. Eyni zamanda, AN-İ N ******* saylı, 10 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanarkən notariusun depozit hesabına qoyulmuş vəsait alıcı qismində çıxış edən İddiaçı məxsus olmamışdır. İddiaçı həmin halı mübahisələndirmir, şikayətini onunla əsaslandırır ki, mübahisəli mənzilə görə ödədiyi külli miqdarda pul vəsaiti həmin vaxt Cavabdeh MTK-nın sərəncamında olmuş və MTK-nın əməkdaşı məhz həmin vəsaiti mənzilin rəsmi (əsl) mülkiyyətçisi olan A.Qurbanova ödənilməsi üçün depozitə qoymalı olmuşdur. Məhkəmə kollegiyası İddiaçı həmin dəlili üzrə qeyd edir ki, İddiaçı Cavabdeh MTKya Bakı şəhəri Yasamal rayonu Həsənbəy ünvan 3 üzrə borcu olmadığı barədə maliyyə arayışı etibarsızdır olduğundan, onun mübahisəli mənzilə görə Cavabdeh MTK-ya pul vəsaiti ödəməsi iddiaçı üçün etibarsız əqd üzrə ödədiyi vəsaitin geri qaytarılmasını tələb etmək hüququnun əmələ gəlməsinə əsas olmaqla, Cavabdeh MTK üçün tərəfi olmadığı müqavilə üzrə alıcının əşyanın dəyərini ödəmək vəzifəsini icra etmək öhdəliyi yaratmamış, əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəmək öhdəliyi İddiaçı aid olmuşdur. Göründüyü kimi, İddiaçı 10 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanarkən müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürmədiyindən, həmin müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmışdır. Bundan başqa, İddiaçı onun Cavabdeh MTK tərəfindən aldadıldığını bildikdən sonra məcbur olub mənzilin mülkiyyətçisi A.Qurbanov ilə 10 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlamaqla satın aldığını bildirsə də, məhkəmə arşdırması zamanı müəyyən edilir ki, əslində həmin müqavilə İddiaçı tərəfindən ASP MTK-nın əməkdaşlarından birinə verilmiş etibarnamə əsasında onun adından bağlanmış və burada məqsəd onunla Cavabdeh MTK arasında bağlanmış 2016-cı il tarixli Payçı müqaviləsini pərdələmək olmuşdur. Belə ki, 2016-cı il tarixli Payçı müqaviləsinə əsasən mübahisəli mənzilə görə İddiaçı Cavabdeh MTK-ya 187.650 manat ödəsə də, 2019-cu ildə həmin mənzilin alqı satqısına görə cəmi 100.000 manat pul ödənilmişdir. Qeyd edilən mənzilin həmin müddət ərzində təmir edilməsini və ilkin dəyərinin artmasını da nəzərə alaraq mənzilin dəyərinin ilkin satış qiymətindən kəskin fərqlənən ucuz qiymətə satılması onu deməyə əsas verir ki, bu müqavilə onun şərtlərində nəzərdə tutulmuş həqiqi niyyətlə deyil, başqa niyyətlə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, 2(004)-613/2020 saylı 16 mart 2020-ci il tarixli qətnamə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələblərini bu qaydada həll etməklə maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, işə baxmış birinci instansiya məhkəməsi mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi qənaətinə gəlsə də, həmin müqavilə üzrə tərəflərin həmin müqavilə üzrə aldıqlarını bir-birinə qaytarmaq vəzifəsinə dair məsələni həll etməmişdir. Belə ki, AR Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qanunvericiliyin qeyd edilən müddəasına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin 2(004)-613/2020 saylı 16 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilərək, İddiaçı Həsənağa oğlu ilə X11 arasında bağlanmış 10 iyul 2019cu il tarixli alqı-satqı müqaviləsi ləğv edildikdən sonra Bakı şəhəri H.Zərdabi prospekti, ev 92a, 1051 saylı mənzil X8, müqavilə üzrə ödənilmiş 100.000 manat məbləğ isə ASP MTKya qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə mübahisləndirilən İddiaçı Həsənağa oğlu ilə Cavabdeh MTK arasında bağlanmış 23 fevral 2016-cı il tarixli, 000425 saylı digər müqavilə üzrə ödənilmiş məbləğin 10 faizinin ilkin ödəniş şəklində İddiaçı tərəfindən, qalan məbləğin isə Azərbaycan Beynəlxalq Bankı tərəfindən ödənilməsini, kredit müqaviləsi üzrə İddiaçı tərəfindən müəyyən ödənişlərin aparılmasını, İddiaçı mübahisəli mənzildə külli miqdarda xərc çəkərək təmir işləri apardığını bildirməsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, həmin müqavilənin etibarsız sayılmasından sonra tərəflərin aldıqlarını bir-birinə qaytarması ilə bağlı məsələ açıq saxlanılmalı, tərəflərə bu məsələ ilə bağlı ayrıca məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Birinci instansiya məhkəməsinin 2(004)-2344/2020 saylı 02 oktyabr 2020-ci il tarixli qətnaməsi yoxlanılarkən müəyyən edilmişdir ki, Cavabdeh MTK üzvlərinin ümumi iclasının 01 nömrəli, 07.01.2013-cü il tarixli iclasında X2 üzv qəbul olunmaqla Cavabdeh MTK-nın Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti ünvanında yerləşən kooperativ binasının 11-ci mərtəbəsində, ümumi sahəsi 139.5 kv.m, yaşayış sahəsi 73.1 kv.m olan 3 otaqlı, 1051 saylı mənzilin payçısı olması təsdiq edilmiş və ona mənzilin dəyərini tam ödədiyi barədə maliyyə arayışı verilmişdir. İddiaçı tələbini binanın tikintisinin davam etdirilməsini təmin etmək üçün mübahisəli sənədlərin tərtib olunduğunu, məqsədin evi cavabdehə satmaq deyil, həmin əmlakın ipoteka ilə yüklü edilərək kredit cəlb edilməsi olması, uydurma əqd olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası iddiaçının həmin dəlilləri üzrə onu qeyd etməyi zəruri sayır ki, mövcudluğu sübut olunarsa, bu hallar Cavabdeh MTK üzvlərinin ümumi iclasının 01 nömrəli, 07.01.2013-cü il tarixli iclasında cavabdeh barədə qəbul edilmiş qərarların etibarsız sayılmasına səbəb olmaqla, həmin qərarların ləğvi barədə hazırkı iddianın təmin edilməsinə əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı ASP MTK protokolda olan qeydin ləğvi ilə bağlı cavabdehə müraciət etmədən, birbaşa məhkəməyə müracət etmişdir. Halbuki, Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, hazırkı iddia tələbi ilə bağlı qətnamə qəbul edən birinci instansiya məhkəməsi göstərilən maddi hüquq normasının tələblərinə riayət olunub-olunmadığını yoxlamamışdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, cavabdeh Anar Qurbanovun həmin mənzil üçün Cavabdeh MTK-ya hər hansı ödəniş etməməsi, iddiaçının bir tərəfli iradə ifadəsi olan maliyyə arayışını kredit təşkilatını aldatma yolu ilə hərəkət edərək verməsi halının təsdiq olunması belə, iddianın maliyyə arayışınının etibarsız sayılmasına dair hissədə təmin edilməsinə əsas deyil. Belə ki, aldatma yolu ilə hərəkət edən iddiaçının ixtiyarı yoxdur ki, maliyyə arayışını mübahisələndirsin. Bu hüquq arayışın təqdim edilməsi nəticəsində zərərə uğramış kredit təşkilatına aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Göründüyü kimi, cavabdehin iddianı etiraf etməsi qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olmamışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi 2(004)- 2344/2020 saylı 02 oktyabr 2020-ci il tarixli qətnamə ilə iddianı təmin edərkən işin faktiki hallarını düzgün müəyyən etməmiş, prosessual və maddi hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir, ona görə də qətnamə ləğv edilməklə yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Bakı şəhəri Yasamal rayon məhkəməsinin 16.03.2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 16.03.2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. Həmin qətnamə üzrə mübahisələndirilən İddiaçı Həsənağa oğlu ilə X11 arasında bağlanmış 10 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildikdən sonra həmin müqavilənin predmeti olmuş Bakı şəhəri H.Zərdabi prospekti, ev 92a, 1051 saylı mənzil X8, müqavilə üzrə ödənilmiş 100.000 manat məbləğ isə Cavabdeh MTK-ya qaytarılsın. Qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilməsin. Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02.10.2020-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Həmin qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaçı Cavabdeh MTK-nın cavabdeh X8 qarşı “protokolun ləğv edilməsi və arayışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar