Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4250/2022 03.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə Ərizəçi Rapaloviçin Maraqlı şəxs olmaqla “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1559/2022 saylı, 15 aprel 2022-ci il tarixli qərardadından Ərizəçi Rapaloviç tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Rapaloviç Maraqlı şəxs olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, Nizami Rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydləri kitabında 22.02.2001-ci ildə 269 nömrə ilə qeyd olunmuş AZ-İ seriyalı, 22.02.2001-ci il tarixli, 064229 nömrəli doğum haqqında şəhadətnamənin Ərizəçi Rapaloviçə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1559/2022 saylı, 15 aprel 2022-ci il tarixli qərardadı ilə Ərizəçi Rapaloviçin Maraqlı şəxs olmaqla “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina edilməsi, qərardad Ərizəçi Rapaloviç tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun qaytarılması üçün əsas olması qərara alınmışdır. Həmin qərardaddan Ərizəçi Rapaloviç şikayət verərək qərardadının ləğv edilməsi və Nizami Rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydləri kitabında 22.02.2001-ci ildə 269 nömrə ilə qeyd olunmuş AZ-İ seriyalı, 22.02.2001-ci il tarixli, 064229 nömrəli doğum haqqında şəhadətnamənin Ərizəçi Rapaloviçə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının reyestri Xidməti tərəfindən verilən 22.06.2021-ci il tarixli, 05/2-Q-17/15 nömrəli məktuba əhəmiyyət verməmişdir. Belə ki, məktubda qeyd edilmişdir ki, doğum haqqında akt qeydinin Ərizəçi məxsus olması faktı müəyyən edilməsi və həmin akt qeydinin ləğv edilməsi barədə məhkəmədə iddia qaldırılmalıdır. Bildirir ki, məxsus olması faktı Rayon Məhkəməsi tərəfindən müəyyən edilməli, həmin aktın ləğvi məsələsinə İnzibati Məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1559/2022 saylı, 04 may 2022-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Hazırda ərizəçi Nizami Rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydləri kitabında 22.02.2001-ci ildə 269 nömrə ilə qeyd olunmuş AZ-İ seriyalı, 22.02.2001-ci il tarixli, 064229 nömrəli doğum haqqında şəhadətnamənin Ərizəçi Rapaloviçə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası isə adıçəkilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutulmuşdur, hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Ərizəçi isə doğum haqqında şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli Qərarının 15.4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid ərizə ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, ərizəçiya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ərizəçi hüquqmüəyyənedici sənəd olmayan doğum haqqında şəhadətnamənin ona məxsus olmasını xahiş etdiyindən, həmin məsələ isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində göstərilən işlərə baxılmasında istisna edildiyindən, birinci instansiya məhkəməsi ərizəni yolverilməzliyinə görə qəbul etməkdən imtina olunması barədə düzgün nəticəyə gəlmişdir. Bununla belə adıçəkilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarında qeyd edilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Belə olan halda ərizəçi hazırki ərizə ilə müvafiq orqana müraciət edə bilər, imtina cavabı aldığı halda isə (iş materiallarından da görünür ki, ərizəçi doğum haqqında akt qeydinin ləğvi ilə bağlı inzibati orqan tərəfindən ona imtina məktubu verilmişdir) həmin imtina məktubunu inzibati qaydada mübahisələndirə bilər. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, hazırki işə mülki mühakimə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmalı olmadığına görə Rayon Məhkəməsi iddia ərizəsini qəbul etməkdən imtina etməkdə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri əsassızdır. Barəsində şikayət verilmiş qərardad qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi Rapaloviç tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1559/2022 saylı, 15 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-4250/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4250/2022
03.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver