Məhkəmə qərarları › İş №2(103)-4256/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4256/2021

05.05.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4256/2021 05.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh2 qarşı "çıxarışın ləğv edilməsi" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4693/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi və Cavabdeh2 qarşı "çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş seriya MA, № ******* saylı, 29.03.2011-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, öz ailəsilə birlikdə Zəngilan rayonu erməni quldurları tərəfindən işğal olunduqdan sonra 1993-cü ilin oktyabr ayında ünvan 1 ünvanda yerləşən, AR Tikinti Nazirliyinin balansında olan qeyri-yaşayış binasında məskunlaşaraq bu günə qədər həmin ünvanda müvəqqəti qeydiyyata alınaraq yaşamışlar. Təxminən 5-6 ay bundan qabaq Cavabdeh2 Sirac oğlu onları məhkəməyə verərək həmin qeyri-yaşayış sahəsinin ona məxsus olmasını bildirərək onların oradan çıxmalarını tələb etmişdir. Hesab edir ki, Cavabdeh2 həmin qeyri-yaşayış sahəsini qanunsuz olaraq özəlləşdirmişdir ki, bu da onların hüquqlarını pozur. Onların yaşamağa yeri yoxdur və Dövlət tərəfindən onlara yaşayış sahəsi verilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş seriya MA, № ******* saylı, 29.03.2011-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi icraata qəbul edilmiş, sonra məhkəmənin 18 sentyabr 2020-ci il tarixli qərardadı ilə mübahisəyə ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə işin icraatına xitam verilmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 04 saylı Qərarının 17-ci bəndinə istinadən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən qeydiyyat orqanının hərəkətindən narazı qalarkən inzibati məhkəməyə müraciət edilməsi bildirilmişdir. Hesab edir ki, həmin qərardad yanlışılıqla qəbul edilmiş, ləğv edilməli və iş icraata qəbul edilməlidir. Çünki o, öz ailəsi ilə birlikdə Zəngilan rayonu erməni quldurları tərəfindən işğal olunduqdan sonra 1993-cü ilin oktyabr ayında ünvan 2 ünvanda yerləşən, Azərbaycan Respublikası Tikinti Nazirliyinin balansında olan qeyri-yaşayış binasında məskunlaşaraq bu günə qədər həmin ünvanda müvəqqəti qeydiyyata alınaraq yaşamışlar. Təxminən 5-6 ay bundan qabaq Cavabdeh2 Sirac oğlu onları məhkəməyə verərək həmin qeyri-yaşayış sahəsinin ona məxsus olmasını bildirərək onların oradan çıxarılmasını tələb etmişdir. Hesab edir ki, Cavabdeh2 həmin qeyriyaşayış sahəsini qanunsuz olaraq özəlləşdirmişdir ki,bu da onların hüquqlarını pozur. Kollegiyanın iclasında iştirak edən iddiaçı şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, Cavabdeh2 nümayəndəsi və vəkili isə şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş iddiaya mahiyyəti üzrə baxılması, yaxud qanunvericiliklə müəyyənləşdirilmiş digər yekun məhkəmə aktının qəbulu üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, yuxarıda qeyd olunduğu kimi birinci instansiya məhkəməsi mübahisənin predmeti olan çıxarışın verilməsinə əsas əmlakın özəlləşdirilməsi haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qərarın olduğunu nəzərə alaraq hesab etmişdir ki, hazırki iddiada qaldırılan məsələ inzibati mübahisə kateqoriyasına aiddir və beləliklə də bu cür tələbə ümumi məhkəmədə baxıla bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 24-cü maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisad məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə görə aidiyyət qaydalarının pozulmasına yol verilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır...Bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. Belə ki, iddia ərizəsində iki və daha çox müstəqil tələb irəli sürüldükdə, hər bir iddia tələbinin hüquqi təbiəti araşdırılaraq onların birləşdirilməsi və ya ayrılaraq fərqli məhkəmə icraatı qaydasında baxılması nəzərdən keçirilməlidir. İddia tələblərinin birləşdirilməsi mümkün olmadığı halda, məhkəmə hər hansı iddia tələbinə baxılmasına dair səlahiyyətinin olmaması barədə qərardad qəbul edərək həmin iddia tələbini müvafiq səlahiyyətli məhkəməyə göndərməkdə və ya iddianı qeyri-mümkün hesab etməkdə haqlıdır. ...“Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 2.1 və 12-ci maddələrinin, habelə MM-in 140-cı maddəsinin tələblərinə görə daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə DƏDRX-də qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın alqı-satqısı nəticəsində Daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir: Əmlak hüquqları ilə bağlı mübahisələrdə DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır; DƏDRX-in ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır”. İşin hallarından göründüyü kimi, DƏDRX tərəfindən verilmiş mübahisələndirilən çıxarış Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən Cavabdeh2a verilmiş şəhadətnamələr əsasında verilmişdir. Başqa sözlə verilmiş çıxarış cavabdehin mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyətinin dövlət orqanında qeydə alınması üçün inzibati orqan tərəfindən verilmiş sənəddir. Sənədin inzibati orqan tərəfindən verilməsi o anlama gəlmir ki, tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibətləridir. Kollegiya, birinci instansiya məhkəməsinin bu mövqeyi ilə o zaman razı ola bilərdi ki, iddiaçı DƏDRX tərəfindən verilmiş çıxarışı deyil, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən cavabdehin adına verilmiş şəhadətnamələri mübahisələndirsin. Yəni hazırki mübahisələndirilən çıxarış məhz qeyd edilən şəhadətnamələr əsasında verilərək, DƏDRX yalnız mülkiyyətə dair qeydiyyatı aparmış və qeydiyyatı apararkən hər hansı səhvə yol verdiyi iş materialları ilə müəyyən edilmir. İddia tələbindən də görünür ki, iddiaçı həmin şəhadətnamələri mübahisələndirməmiş, yalnız çıxarışın ləğv edilməsini xahiş edir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni hesab etmək mümkün deyildir; çünkü yuxarı da qeyd olunduğu kimi iddiaçının iddiası mahiyyət etibarilə publik hüquqi xarakterli olmamaqla, mülki münasibətlərindən irəli gəlir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti qaydalarına uyğun şəkildə düzgün olaraq ümumi yurisdiksiyalı məhkəməyə verilmişdir. Bununla belə kollegiya qeyd edir ki, iş materiallarından görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquqi ünvanı Nərimanov rayon ərazisinə, digər Cavabdeh2 isə qeydiyyatda olduğu ünvan Yasamal rayon ərazisinə düşür. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, iş iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərildikdən sonra, məhkəmə tərəfindən iddia ərizəsinin ərizi aidiyyəti üzrə düzgün verilib-verilmədiyi məsələsi aydınlaşdırılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4693/2020 saylı, 18 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş iddiaya mahiyyəti üzrə baxılması, yaxud qanunvericiliklə müəyyənləşdirilmiş digər yekun məhkəmə aktının qəbulu üçün (bu qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar