Məhkəmə qərarları › İş №2(103)-4261/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4261/2023

18.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4261/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdeh ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə, İddiaçı X4 Cavabdeh ASC-yə qarşı "əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-833/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 203 nömrəli sərəncamı ilə X2 adına verilmiş 190919 nömrəli, xx.xx.1980-ci il tarixli order əsasında mənzil X4 adına keçirilmiş və Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 43 saylı mənzilə dair İradə İbrahimova ilə kirayə müqaviləsinin bağlanması qərara alınmışdır.

2. Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 40 saylı evin, 43 saylı mənzildə su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı Nizami Daşdəmirov ilə xx.xx.1997-ci il tarixli müqavilə bağlanmışdır.

3. X1 2011-ci il üzrə 79,2 manat, 2012-ci il üzrə 86,4 manat, 2013-cü il üzrə 86,4 manat, 2014-cü il üzrə 86,4 manat, 2015-ci il üzrə 82,8 manat, 2016-cı il üzrə 105,94 manat, 2017-ci il üzrə 122,5 manat, 2018-ci il üzrə 98 manat, 2019-cu il üzrə 120,50 manat, 2020-ci il üzrə 114,84 manat, 2021-ci il üzrə 208,83 manat borcu qalmışdır. Abonentin 2022-ci il üzrə su sərfiyyatı və çirkab suların axıdılmasına görə borcu yoxdur, lakin əvvəlki illər üzrə borcundan 480,17 manat, xx.xx.2023-cü il tarixdə isə 1 manat ödəniş həyata keçirmişdir. Abonentin borcu əvvəlki illərə görə 710,64 manat təşkil edir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı X7 Cavabdeh ASC-yə qarşı "əsassız olaraq borc kimi yazılmış məbləğin silinməsi" tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən onun yaşadığı ünvan 1 ünvanında yerləşən 43 saylı mənzildə su təchizatı və çirkab suların axıdılması ilə əlaqədar hesablanmış 751 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının qeydiyyatda olmaqla yaşadığı Bakı şəhəri, 8-ci mikrorayon, S.S.Axundov küçəsi, 40 saylı evin, 43 saylı mənzilin order əsasında əvvəlki kirayəçisi X3 olmuş və o, 1996-cı ildən etibarən həmin mənzildən köçüb getmişdir. Sonradan qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında həmin mənzilə dair kirayə müqaviləsi Binəqədi RİH Başçısının 18 avqust 2022-ci il tarixli, 203 nömrəli sərəncamı ilə onunla bağlanmış hesab edilmişdir. Cavabdehin səlahiyyətli əməkdaşları “suya görə borcun olması” motivi ilə iddiaçını bir neçə dəfə narahat etmiş, lakin o, ödənişlər etdiyini və hesablamalarının düzgün aparılmadığını əsas gətirərək sayğac quraşdırılmasını dəfələrlə cavabdehin nümayəndələrindən xahiş etmişdir. Nəhayət, təxminən 2022-ci ilin fevral ayında mənzilə sayğac quraşdırılmış və bundan sonra su sərfiyyatı kəskin surətdə azalmışdır. Bundan təxminən 2 ay sonra cavabdehin nümayəndəsi iddiaçıya borcun olduğunu əsas gətirərək 2022-ci ilin aprel ayında mənzilə gələn su təchizatını dayandırmışdır. Baxmayaraq ki, iddiaçı cavabdehin əməkdaşına vaxtlı-vaxtında ödəniş etdiyini, ürək-damar və şəkər xəstəliyindən neçə illərdir ki, əziyyət çəkdiyini, habelə onunla birlikdə yaşayan övladı Fərid Daşdəmirovun da uzun illərdir ki, “revmoartrit” xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Lakin cavabdehin nümayəndəsi onun xahişinə məhəl qoymamış və yalnız borcundan 480 manat məbləğində pul ödəniləcəyi təqdirdə, su təczihatının bərpa ediləcəyini bildirilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən ona borcunun olmasını təsdiq edən sənəd təqdim edilməmişdir. Susuz yaşamaq qeyri-mümkün olduğuna, xəstəliyinə, hardansa su daşımaq imkanı olmadığına görə iddiaçı həmin məbləği yaxınlarından borc almaqla iki dəfəyə ödəməyə məcbur olmuş, yalnız bundan sonra mənzilə suyun təchizatı bərpa edilmişdir. Daha sonra 2022-ci ilin noyabr ayında cavabdehin başqa bir nümayəndəsi mənzilə gələrək bu dəfə 751 manat borcun olduğunu bildirmiş, həmin borcun qısa müddətdə ödənilməyəcəyi təqdirdə suyun verilişinin dayandırılacağı barədə onu xəbərdar etmişdir. Hansı ki, iddiaçı tərəfindən sayğacın göstəricilərinə əsasən su sərfiyyatı üzrə vaxtlıvaxtında ödənişlər həyata keçirilmişdir. Digər tərəfdən, əvvəlki ödənişdən sonra keçən 7 ay ərzində bu qədər sərfiyyatın olması qətiyyən ağlabatan deyildir. Belə ki, qeyd etdiyi kimi, mənzildə 2 nəfər ailə tərkibi ilə yaşayır. İddiaçı məsələyə aydınlıq gətirmək məqsədi ilə cavabdehin filialı olan X13 İdarəsinə müraciət etmiş və ona “abonent kartı” üzrə kompyuter çıxarışı verilmişdir ki, həmin çıxarışda tam müəmmalı şəkildə 2000-ci illər üzrə ona “yekun borc” hesablandığı müəyyən edilmişdir. Hesab edir ki, cavabdehin belə bir hesablamaya əsaslanan tələbi tamamilə qanunsuzdur.

6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 833/2023 nömrəli qətnaməsi ilə (hakim G.B.Əkbərli) iddianın qismən təmin edilməsi, Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 40, 43 saylı mənzilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi ilə əlaqədar X5 2011-2021-ci illər üzrə hesablanmış 710,64 manat borc məbləğinin silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh ASC-dən 30 manat dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından müəyyən edildiyi kimi Cavabdeh ASC 2022-ci ilin fevral ayında iddiaçıdan 2011-ci ildən başlayaraq həmin vaxtadək mövcud olan borcların ödənilməsini tələb etmiş və təsir tədbiri olaraq mənzilə su təczihatını dayandırmışdır. Lakin həmin vaxtdan daha əvvəl borcların ödənilməsi Cavabdeh ASC tərəfindən iddiaçıdan tələb edilməmişdir. Bu xüsusat cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla təsdiq edilir, eləcə də daha əvvəlki tarixdə iddiaçıya belə bir tələbin irəli sürülməsinə dair cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Hətta işin hallarından da göründüyü kimi, iddiaçı cavabdehin pul tələbini əsassız hesab etdiyindən mənzilə sayğac quraşdırılmasını təmin etmiş və bundan sonra su sərfiyyatına görə ödənişləri mütəmadi olaraq sayğac göstəricilərinə uyğun olaraq həyata keçirmişdir. Hazırki iş üzrə Cavabdeh ASC-nin tələb hüququnun vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələb olduğundan yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, bu cür tələblərə üç illik iddia müddəti şamil edilməlidir. İddiaçının isə Cavabdeh ASC-nin ondan pul tələb etməsinə etiraz əlaməti olaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, məhkəməyə hüquqlarının müdafiəsi ilə bağlı verilmiş iddia ərizəsi özüözlüyündə iddia müddətinin tətbiq edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş ərizəyə bərabər tutulmalıdır.

8. Məhkəmə hesab etmişdir ki, Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 40, 43 saylı mənzilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi ilə əlaqədar X5 2011-ci il üzrə hesablanmış 79,2 manat, 2012-ci il üzrə hesablanmış 86,4 manat, 2013- cü il üzrə hesablanmış 86,4 manat, 2014-cü il üzrə hesablanmış 86,4 manat, 2015-ci il üzrə hesablanmış 82,8 manat, 2016-cı il üzrə hesablanmış 105,94 manat, 2017-ci il üzrə hesablanmış 122,5 manat borclar üzrə, 2018-ci il üzrə hesablanmış 98 manat borclar üzrə tələb hüququna görə 3 illik iddia müddəti keçdiyindən silinməlidir.

9. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin ediməli, Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 40, 43 saylı mənzilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi ilə əlaqədar X5 2019-cu il üzrə hesablanmış 120,5 manat, 2020-ci il üzrə hesablanmış 114,84 manat, 2021-ci il üzrə hesablanmış 208,83 manat borclar daxil olmaqla, 2011-2021-ci illər ərzində olan dövr üzrə (xx.xx.2023-cü il tarixli arayışa əsasən) hesablanmış və abonentdən ödənilməsi tələb edilən 710,64 (yeddi yüz on manat altmış dörd qəpik) manat borc məbləğləri silinməlidir.

10. Məhkəmə göstərilənlərlə yanaşı qeyd etmişdir ki, Cavabdeh ASC faktiki olaraq ümumi hüquq prinsipləri əsasında yaradılan və fəaliyyət göstərən qurumdur. Cavabdeh ASC bütün ölkə üzrə su təchizatının təmin edilməsi vəzifəsini daşıyır, yəni su təchizatı ilə bağlı bütün ölkə üzrə ictimai xidmətin həyata keçirilməsi fəaliyyəti ilə məşğuldur. Başqa sözlə, Cavabdeh ASC, dövlət tərəfindən qurulan və təşkilatı hüquqi formasından asılı olmayaraq ümumi hüquq prinsipləri çərçivəsində idarə olunan və bütün ölkə üzrə ictimai xidmətin həyata keçirilməsi vəzifəsi daşıyan bir qurumdur. Faktiki hüquqi vəziyyət belə olduğuna görə, Cavabdeh ASC-nin bütün tələbləri, o cümlədən və xüsusilə də əhaliyə qarşı tələbləri ümumi hüquq prinsiplərinə tabe tutulmalıdır. Ümumi hüquq prinsiplərindən biri də ümumi hüquq münasibətlərindən irəli gələn tələblər üçün nəzərdə tutulan müddətlərin həmişə bir qayda olaraq kəsici müddətlər olmasıdır. Bu xüsus inzibati xətalar və hətta cinayət məsuliyyətinə cəlb etmə ilə bağlı müddətlər baxımından da AR qanunvericiliyində kifayət qədər öz əksini tapır. Bu nöqteyi-nəzərdən də müqayisədə ictimai asayiş və ictimai mənafe baxımından daha çox əhəmiyyət kəsb edən inzibati xətalar və hətta cinayət məsuliyyəti baxımından qanunvericilikdə nəzərdə tutulan müddətlərin kəsici müddət olaraq qəbul edilməsi, ancaq əhaliyə kommunal-iaşə xidmətlərindən irəli gələn tələb hüquqları baxımından olan müddətlərin isə, kəsici müddət deyil, iddia müddəti kimi nəzərə alınması hüquqi əsas və məntiq baxımından doğru deyildir.

11. Belə ki, Cavabdeh ASC-nin su sərfiyyatına görə hesabladığı borcları ala bilməsi üçün daha güclü və dərhal təsir etmək imkanı olan “suyun verilməsini dayandırmaq” imkanına malikdir. Məlumdur ki, su tələbatı insanların yaşamı üçün zəruri ehtiyacdır. Belə tədbir görüldüyü halda isə abonent mövcud olan borc ödəmək məcburiyyətində qalır. Hazır mülki işdə də belə vəziyyət mövcud olmuşdur. Üstəlik, bu kimi hallarda, iddia müddətləri institutundan istifadə etmək istehlakçı üçün faktiki mümkünsüz olur. Yəni hüquqi və praktiki baxımından bu cür əhaliyə ictimai xidmətlərin göstərilməsi ilə bağlı tələblərə iddia müddətinin tətbiq olunması ümumiyyətlə iddia müddətləri institutunun mahiyyət və hüquqi funksiyasına da uyğun gəlmir. Çünki əvvəla burada mahiyyətcə tərəflərin bərabərliyinə əsaslanan bir münasibət, yəni mülki hüquq münasibəti yoxdur ki, mülki hüquqa aid bir institut olan iddia müddətlərindən də bəhs oluna bilsin. İkincisi isə, ölkədə əhaliyə su təchizatı xidməti verən yeganə qurum kimi Cavabdeh bu xidməti dayandırdığı təqdirdə aradan uzun müddət, hətta on illər keçmiş olan borclar üzrə tələbin ödənilməsini üstün imkanlarından istifadə etməklə təmin təmin etdirə bilir. Bu kimi hallar isə ümumi hüquqa aid olmayan və mahiyyəti baxımından sırf bir mülki hüquq institutu iddia müddətləri institutundan tamamilə hüququn əsas prinsipi olan ədalətlilik prinsipinə, qanunvericiliyə və hüquqa zidd bir şəkildə istifadə olunması nəticəsini əmələ gətirir.

12. Bundan başqa, Cavabdeh ASC-nin fəaliyyətini və bu fəaliyyət üzrə əmələ gələn tələb hüquqlarını mülki qanunvericiliyə tabe tutulduğu halda da belə, yenə də yenə də Cavabdeh ASC-nin üstündən uzun müddət keçmiş vaxtaşırı icra edilməli olan borclar üzrə ödənişləri tələb etməsi mülki qanunvericiliyin tələblərinə də ziddir. Belə ki, MM-in 432.3-cü maddəsinə görə “Əgər borclu kreditora bir neçə eyni növlü öhdəlik icra etməlidirsə və onun icra etdikləri bütün öhdəliklərin ödənilməsi üçün yetərli deyildirsə, icra zamanı borclunun özünün müəyyənləşdirdiyi öhdəlik ödənilir”. Hazırki məhkəmə icraatında olan hüquqi mübahisə ilə bağlı münasibətlər baxımından isə, ictimai xidmət fəaliyyətini həyata keçirən Cavabdeh ASC birtərəfli qaydada edilən ödənişləri əvvəlki illərə hesab edərək borcu silir. Bu isə açıqca mülki qanunvericiliyə və qeyd olunan bu qanun normasına ziddir. Həmçinin, MM-in 529.5-ci maddəsinə görə, vaxtaşırı, hissə-hissə ödənilən borclar baxımından sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Hazırki məhkəmə icraatında olan hüquqi mübahisə ilə bağlı münasibətlər baxımından isə, ictimai xidmət fəaliyyətini həyata keçirən Cavabdeh ASC son ödənişlərin edilməsi tarixinə məhəl qoymadan ümumi hüququn vermiş olduğu üstün imkandan istifadə edərək aradan nə qədər müddət keçməsindən asılı olmayaraq əvvəlki illərə dair ödənişləri məcburi qaydada həyata keçirilməsini tələb etmiş və üstəlik bunu iddia müddəti institutundan təyinatı xaricində istifadə etmək adı altında etmişdir.

13. Məhkəmə iddia tələbini qismən təmin edərkən nəzərə almışdır ki, iddiaçı məhkəmədən 751 manat borcun silinməsini tələb etdiyi halda, məhkəmə araşdırması ilə Cavabdeh ASC tərəfindən abonentə 710,64 manat borcun hesablanması müəyyən edilmişdir. Ona görə məhkəmə hesab etmişdir ki, həmin hissədə tələb təmin edilməli, qalan hissədə isə rədd edilməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 262 saylı qərarı ilə təsdiq edilmiş “X10”nın 1.6, 4.1.1, 4.1.3, 5.1.2, 7.4, 7.5-ci bəndlərinə, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30, 61.1-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununa, Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli qərarına, Mülki Məcəllənin 385.1, 550, 551.1, 551.2.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.3, 375.2, 377.1, 377.3, 373.1, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarına, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3, 26-cı maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1. 119.2-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.1, 9.1.5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə və apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edilmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə Mülki Məcəllənin 373-cü maddəsinə istinad edərək iddianı qismən təmin etmişdir. Məhkəmə iş üzrə düzgün qətnamə qəbul etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Borclu şəxs borcunu etiraf edən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir, axımın kəsildiyi müddətdən yenidən 3 illik müddət başlayır. Belə ki, iddiaçı 2012-ci il üzrə 5.28 manat, 2018-ci il üzrə 25 manat, 2020-ci il üzrə 6.16 manat, 2021-ci il üzrə 19.84 manat, 2022-ci il üzrə 641.17, 2023-cü il üzrə 11 manat ödəniş etmişdir. Əlavə olaraq bildiririk ki, iddiaçı həmçinin 2022-ci il üzrə göstərilmiş 161 manat xidmətin dəyərindən əlavə olaraq 480.17 manat artıq, 2023cü il üzrə göstərilmiş 10 manat xidmətin dəyərindən əlavə olaraq 1 manat artıq ödəmələr etmişdir. Qeyd olunan faktlar tərəfimizdən məhkəməyə təqdim edilmiş abonentin hesabat cədvəlində və arayışda öz təsdiqini tapmışdır. Göründüyü kimi iddiaçı ödəmələr və xidmətlərin dəyərindən artıq ödəmələr etməklə müddət axımını kəsmişdir. Lakin məhkəmə isə qətnamə qəbul edərkən bu kimi sübutlara qiymət verməmişdir. Bundan əlavə məhkəmə iddia ərizəsini iddia müddətinin tətbiq edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş ərizəyə bərabər tutumaqla maddi hüquq normasını pozmuşdur. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin iddia müddətinin keçməsi tətbiq edilməsi barədə verdiyi ərizə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Normanın tələbindən göründüyü kimi iddia müddəti yalnız ərizə verildikdə tətbiq edilə bilər. Məhkəmə isə iddiaçının iddia müddətinin tətbiq edilməsinə dair ərizə verməməsinə baxmayaraq əsassız olaraq iş üzrə iddia müddəti tətbiq etmişdir. Yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqələri, arayış sübut qismində məhkəməyə təqdim edilmişdir. Tərəflərindən məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, cavabdehin nümayəndəsi xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, lakin bunu təsdiq edən sənədlər təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 373.1. Ümumi iddia müddəti on il təşkil edir. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Maddə 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.3, 375.2, 377.1, 377.3, 373.1, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarı - Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. - Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan 10 illik müddətə, maddənin məzmununun hərfi mənasından çıxış edərək, öhdəliklərin xitam olunma müddəti kimi yanaşıldıqda borclunun yuxarıda qeyd edilən “öhdəliyin icrasından imtina etmək hüququ” mövcud ola bilməz. Belə ki, öhdəlik olmadığı üçün imtinanın predmeti də olmur. Həmçinin, belə olan halda, iddiaçı qismində çıxış edən şəxsin pozulmuş və təmin edilməli olan subyektiv hüququ da mövcud olmayacaqdır. Halbuki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti 10 il təşkil edir və bu müddət keçdikdən sonra tələb ilə bağlı iddia qaldırıldıqda, cavabdeh isə iddia müddətinin tətbiqi ilə bağlı ərizə vermədikdə məhkəmə iddia tələbini təmin edə bilər (Mülki Məcəllənin 375.2-ci maddəsi). - Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir.

21. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X10” Bənd 4.1.3. bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir.

23. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. Birinci instansiya məhkəməsinin maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Hazırki işdə iddia qismən təmin edildiyindən və qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin olunması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

28. Belə ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddianı qismən təmin etməklə səhv nəticəyə gəlmişdir.

29. İşdə olan sənədlərlə müəyyən edilir ki, iddiaçının cavabdehə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi ilə əlaqədar 2011-2021-ci illər üzrə 710,64 manat məbləğində borcu var. Qanunvericiliyin tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir.

30. İddiaçı borcun silinməsi ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, birinci instansiya məhkəməsi isə iddia ərizəsini iddia müddətinin tətbiq edilməsinə dair qanunvericilikdə nəzərdə tutulmuş ərizəyə bərabər tutmuşdur.

31. Halbuki, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən iddia müddətinin tətbiq edilməsinə dair ərizə cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsidir, iddiaçı üçün deyil.

32. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı cavabdehin qeyri-qanuni hesab etdiyi hərəkətlərini (su təminatının dayandırılması və s.) məhkəmə qaydasında mübahisələndirə, sonuncu tərəfindən ona qarşı borcun ödənilməsi ilə bağlı tələb irəli sürüldükdə isə iddia müddətinin tədbiqinə dair məhkəməyə ərizə təqdim edə bilər.

33. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamə üzrə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

33. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-833/2023 nömrəli qətnaməsi qismən - Cavabdeh ASC tərəfindən Bakı şəhəri, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, ev 40, 43 saylı mənzilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi ilə əlaqədar X5 2011-2021-ci illər üzrə hesablanmış 710,64 manat borc məbləğinin silinməsi və Cavabdeh ASC-dən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən alınaraq Cavabdeh ASC-yə ödənilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar