Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4261/2024 30.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ələsfər oğlunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsinin qanunsuz hesab edilməsi və sığorta ödənişinin tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 may 2024-cü il tarixli qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun vəkili (nümayəndəsi) X3, İddiaçı Ələsfər oğlunun və iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixdə onunla bağladığı “Nəqliyyat vasitəsinin tam sığortası haqqında” müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi və həmin müqavilədə nəzərdə tutulmuş sığorta hadisəsi nəticəsində ona verilməli olan 30.145,02 manat məbləğində sığorta ödənişinin ASC-dən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh ASC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən ASC, iddiaçıya məxsus olan “Mercedes Benz EQB 300 4Matic” markalı, **-LT-*** dövlət nömrə avtomobili 1 il müddətinə tam sığortalamışdır. Bununla bağlı olaraq ASC tərəfindən iddiaçıya **********3 nömrəli “Sığorta şəhadətnaməsi” verilmişdir. Şəhadətnamədə qeyd edilmişdir ki, avtomobilin bazar dəyəri 70.000 manat, sığorta məbləği 70.000 manat, sığorta haqqı 1.960 manat, aylıq ödəniş 392 manat, azadolma məbləği 200 manat təşkil edir, sığorta haqqı 5 ay müddətinə hissə-hissə, hər ayın 8-də ödənilməlidir, sığorta müddəti xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədəkdir. Müqavilənin şərtlərinə uyğun olaraq, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 400 manat, xx.xx.2023-cü il tarixdə səhər saat 09:24-də 400 manat məbləğində ödəniş edilmişdir. Noyabr ayında ödəniş olmamışdır, çünki iddiaçı həmin ay ölkə hüdudlarından kənarda olmuşdur. xx.xx.2023-cü il tarixdə sığorta hadisəsi baş vermiş, iddiaçı özünə məxsus həmin avtomobil ilə yol-nəqliyyat hadisəsini törətmiş, avtomobil qəzaya uğrayaraq istismara yarasız vəziyyətə düşmüşdür. İddiaçı hadisə barədə hadisədən dərhal sonra ASC-yə telefon vasitəsi ilə məlumat vermişdir. ASC-nin əməkdaşları iddiaçını ASC-yə dəvət etmiş və ilk olaraq sığorta ödənişini həyata keçirəcəklərini bildirərək dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə “X5” Mersedes-Benzin Azərbaycandakı rəsmi dillerinə müraciət etməsini tövsiyə etmişlər. Buna görə də iddiaçı həmin Şirkətə müraciət edərək, avtomobilinə dəymiş ziyanın müəyyən edilməsini xahiş etmişdir. Şirkət avtomobilə baxış keçirmiş və müəyyən etmişdir ki, avtomobilin istismara yaralı vəziyyətə salınması üçün 28.373,43 manat məbləğində vəsait tələb olunur. Şirkət bu barədə iddiaçıya xx.xx.2023-cü il tarixli "xxxx" vermiş və iddiaçı həmin aktı cavabdeh ASC-yə təqdim etmişdir. Cavabdeh ASC-nin əməkdaşları ilkin olaraq dəymiş ziyanı ödəmələrini qeyd etsələr də, sonradan, yəni xx.xx.2023-cü il tarixdə günorta iddiaçıya ilə əlaqə yaradaraq sığorta ödənişindən imtina edəcəklərini bildirmişlər. Onlar bunu onunla izah etmişlər ki, hadisə baş verdiyi zaman aylıq sığorta haqqı ödənilməmişdir. Bundan sonra iddiaçının ünvanına cavabdeh tərəfindən sürətli poçt vasitəsilə xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixli sığorta müqaviləsinə xitam verilməsinə dair bildiriş göndərilmiş və həmin bildirişdə qeyd olunmuşdur ki, iddiaçı sığorta haqqının üçüncü hissəsini müqavilə üzrə müəyyən edilmiş müddətdə tam ödəmək vəzifəsini icra etməmiş və gecikdirmişdir. Məsələnin aydınlaşdırılması üçün iddiaçı xx.xx.2023-cü il tarixində ASC-yə getmiş və bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə göndərilmiş bildirişin, arxa tarix ilə, yəni xx.xx.2023-cü il tarixi ilə rəsmiləşdirlməsi qanunsuzdur. Çünki o, aylıq ödənişi (noyabr ayı üçün nəzərdə tutulmuş 3-cü ödənişin qalıq hissəsini və artıq məbləği, cəmi 400 manat) xx.xx.2023-cü il tarixdə səhər 09:24-də artıq ödəmişdir. Lakin müraciəti müsbət həllini tapmamışdır. Halbuki, iddiaçı ilə ASC arasında bağlanmış müqavilənin 17-ci bəndinə müvafiq olaraq, sığorta haqqının ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortanın ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. Müqavilənin 19-cu bəndinə müvafiq olaraq, sığorta müqaviləsi sığorta şəhadətnaməsinin buraxıldığı tarixdən 10 təqvim günü ərzində sığorta haqqının ilk hissəsinin və ya tam şəkildə ödənildiyi halda qüvvəyə minir və sığorta təminatı sığorta haqqının ilk hissəsinin və ya tam şəkildə ödənildiyi tarixdən başlanır. Tərəflər arasında bağlanmış müqaviləsinin yuxarıda göstərilən bəndlərindən də göründüyü kimi, sığorta hadisəsi baş verdiyi zaman, yəni xx.xx.2023-cü il tarixi vəziyyətinə iddiaçı tərəfindən müqavilənin üçüncü hissəsi üzrə ödənişindən 116 manat ödənildiyindən, artıq onun tərəfindən sığorta haqqının üçüncü ödənişinin ilk hissəsi üzrə ödəniş aparılmış və müqavilə öhdəlikləri davam etmişdir. Digər tərəfdən müqavilənin 17-ci bəndindən də göründüyü kimi, sığorta haqqının ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortanın ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malik olduğundan, cavabdeh ona sığorta ödənişini xx.xx.2023-cü il tarixində, yəni dərhal həyata keçirsəydi, bu zaman sığorta ödənişindən müqavilənin üçüncü hissəsi üzrə ödənilməmiş 276 manat məbləğini tuta bilərdi. Cavabdeh ASC xx.xx.2023-cü il tarixinə sığorta ödənişini həyata keçirmədiyindən və tutulmalı olan 276 manat məbləğini tutmadığından, tərəfindən xx.xx.2023-cü il tarixində saat 09:24-də artıq 400 manat məbləğində sığorta haqqı üzrə ödəniş həyata keçirilmişdir. Cavabdeh özünün müqaviləyə xitam verilməsinə dair göndərdiyi qanunsuz və əsassız bildirişindən sonra, xx.xx.2023-cü il tarixində xx.xx.2023-cü il tarixli məktubu ilə sığorta ödənişinin həyata keçirilməsindən imtina edərək, göstərmişdir ki, xx.xx.2023-cü il tarixində saat 12:00-da tərəfindən 400 manat ödəniş edilmiş və həmin ödəniş də ona geri qaytarılacaqdır. İlk növbədə, iddiaçı tərəfindən 400 manat ödəniş xx.xx.2023-cü il tarixində saat 12:00-da deyil, saat 09:24-də həyata keçirilmişdir. Daha sonra qeyd olunmalıdır ki, cavabdeh ASC öz məktubunda göstərir ki, “Cəmiyyətin “1C” mühasibatlıq proqramından xx.xx.2023-cü il tarixinə çıxarışdan göründüyü kimi, hadisə anına onda 276 manat 30 günədək gecikdirilmiş borc olmuşdur”. Digər tərəfdən o da qeyd olunmalıdır ki, ASC xx.xx.2023-cü il tarixli məktubunda Azərbaycan Respublikası Mülki Məcəllənin 935.1.9-cu maddəsinə istinad edərək göstərir ki, “Sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, hadisənin baş verməsi halında sığorta haqqının müvafiq hissəsinin ödənilməməsi sığorta ödənişinin həyata keçirilməsindən imtina üçün əsas olduğundan və xx.xx.2023-cü il tarixli hadisə baş verdiyi anda onda 30 günədək gecikdirilmiş borc olduğu üçün Azərbaycan Respublikası MM-nin 935.1.9-cü maddəsinə əsasən, Cəmiyyətin sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsasları mövcud deyildir.” Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçının cavabdeh ASC qarşısında ödənişi həyata keçirmək öhdəliyi hər növbəti ayın 08-də olmuşdur. xx.xx.2023-cü il tarixinə olan vəziyyətə isə cavabdehin qeyd edildiyi 30 gün deyil sadəcə olaraq 22 gün edir. Digər tərəfdən cavabdeh ASC özü də məktubunda etiraf edir ki, iddiaçının xx.xx.2023-cü il tarixinə 276 manat ödənilməmiş öhdəliyi olmuşdur. Bu isə onu göstərir ki, müqavilədə nəzərdə tutulan üçüncü ödəniş üzrə 392 manat sığorta haqqı mənbləğinin artıq 116 manatını ödəmişdir. Qeyd olunmalıdır ki, “"xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, sığorta baş verməmiş riskin təminatıdır, artıq baş vermiş bir hadisəyə görə sığorta təminatının alınması sığorta institutunun mahiyyətinə və təyinatına uyğun deyildir. Sığorta hadisəsi baş verdiyi təqdirdə artıq sığortaçının sığorta ödənişini etmək öhdəliyi yaranır. Bu halda sığortalının sığorta haqqını ödəməsinə hər hansı hüquqi və ya faktiki ehtiyac qalmır. Belə ki, Mülki Məcəllənin 929-cu maddəsinə görə, sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. Hazırkı iş üzrə tərəflər arasında sığorta təminatının müddəti 15 gün müəyyən edilmişdir. Odur ki, 15 günlük sığorta münasibəti baxımından bir ay müddət ərzində sığorta haqqının ödənilməməsinin sığorta müqaviləsinin ləğvi səbəbi kimi göstərilməsi tərəflər arasında sığorta münasibətlərinin mahiyyətinə uyğun olmamışdır. Mülki Məcəllənin 903-cü maddəsinin müvafiq göstərişi də məhz daha uzun müddətli sığorta təminatını nəzərdə tutan sığorta müqavilələri üçün keçərlidir. Nəticə etibarı ilə sığorta təminatının müddətinin bitməsindən sonra sığorta haqqının ödənilməməsinin müqavilənin ləğvinə səbəb kimi qiymətləndirilməsi sığorta münasibətlərinin mahiyyətinə və mülki qanunvericiliyin normalarının göstərişlərinə uyğun olmamışdır.
b) cavabdehin iddiaya etirazı barədə məlumat
3. Cavabdeh ASC iddia tələbinə etiraz təqdim edərək, etirazda bildirmişdir ki, ASC tərəfindən sığortalanmış iddiaçı, xx.xx.2023-cü il tarixdə ASC-yə müraciət edərək, özünə məxsus və iddiaçıya verilmiş **********3 nömrəli “Sığorta şəhadətnaməsində” qeyd edilən avtomobilin, xx.xx.2023-cü il tarixdə saat 14:00-də qəzaya uğramasını, bunun nəticəsində avtomobilin zədələnməsini bildirmişdir. Bundan sonra iddiaçı ərizə ilə ASC-yə müraciət edərək, qeyd edilən yol-nəqliyyat hadisəsi ilə bağlı ona sığorta ödənişinin verilməsini xahiş etmişdir. Ərizəyə baxılmış, hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılmış və müəyyən edilmişdir ki, “Sığorta şəhadətnaməsinə” əsasən, sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş sığorta haqqının 3-cü hissəsi olan 392 manat sığorta haqqı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə (xx.xx.2023-cü il tarixində) ödənilməmişdir. Cəmiyyətin “1C” mühasibatlıq proqramından xx.xx.2023-cü (hadisə tarixinə) il tarixinə olan çıxarışdan müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi anına 276 manat məbləğində pul 30 günədək (yəni 15 gündən artıq) sığorta haqqı üzrə gecikdirilmiş borc mövcuddur. Bu hal iddiaçı tərəfindən də iddia ərizəsində etiraf edilmişdir. ASC-nin nümayəndələri tərəfindən bu barədə iddiaçıya məlumat verildikdən sonra iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə ASC-nin hesabına 400 manat məbləğində vəsait ödənilmişdir. Mülki Məcəllənin iddiaçının istinad etdiyi 903.5-ci maddəsi imperativ qaydada sığortaçının üzərinə öhdəliyin yerinə yetirilməsi üçün sığortalıya 15 günədək müddət müəyyən etmək vəzifəsi qoymur və qeyd edilən hal yalnız hüquq subyektinə (sığortaçıya) diskresion səlahiyyət, yəni öz istəyi ilə hərəkət etmək imkanı verir. Başqa sözlə qeyd edilən halda sığortalıya öhdəliyin icra edilməsi üçün 15 günədək müddət müəyyən etmək sığortaçının öhdəliyi deyil və bu baxımdan iddianın göstərilən dəlilinin heç bir hüquqi əsası yoxdur. Hətta sığortaçı 15 günədək müddət müəyyən etsə belə, hazırkı iş üzrə yolnəqliyyat hadisəsi baş verdiyi tarixdə sığorta haqqının üçüncü hissəsi üzrə sığorta haqqı məbləğinin ödənilməli olan tarixdən 15 gündən artıq müddət keçmişdir. Eyni zamanda, Mülki Məcəllənin 935.1.9-cu maddəsinin imperativ normasına əsasən sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Yəni sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş tarixdən sonrakı 15 gün ərzində sığorta haqqı məbləği ödənildikdə sığorta ödənişi ödənilməlidi. Belə olan halda sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş (yəni ödənilməli olan tarixdən 15 gün ərzində gecikdirilmiş) sığorta haqqı məbləğini tutmaq hüququna malikdir. Mülki Məcəllənin 935.1.9-cü maddəsinin məzmunundan da müəyyən olunur ki, sığortalı tərəfindən sığorta haqqının hissəsinin müqavilə nəzərdə tutulmuş qaydada ödənilməməsi sığortaçı tərəfindən sığorta ödənişinin verilməsindən imtina edilməsi üçün əsasdır və iddiaçının qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixə iddiaçının müqavilənin üçüncü hissəsi üzrə 116 manat məbləğində ödənişinin olması cavabdeh tərəfindən həmin maddəyə müvafiq qaydada sığorta ödənişinin verilməsindən imtinanın qanunsuz olduğunu deməyə əsas vermir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçının istinad etdiyi xx.xx.2021-ci il tarixli X1 qərarının hazırkı mübahisəyə aidiyyəti yoxdur. Belə ki, həmin qərarda sığortalı tərəfindən sığorta müqaviləsi üzrə sığorta haqqının ilk hissəsinin və ya tam hissəsinin ödənilməməsinin səbəbi kimi sığortaçının sığortalıya sığorta haqqının ödənilməsi üçün müvafiq şəraitin yaradılmaması qeyd edilmişdir. Lakin ASC sığortalı olan iddiaçıya sığorta haqqının ödənilməsi üçün heç bir maneə yaratmamış, sığortalı özü tərəflər arasında imzalanmış müqavilə üzrə razılaşdırılmış qaydada sığorta haqqını ödəməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2018-ci tarixli, 2(102)-5021/18 saylı, xx.xx.2019-ci il tarixli, 2(102)-1668/19 saylı, xx.xx.2020-ci il tarixli, 2(102)-3734/2020 saylı, xx.xx.2023cü il tarixli, 2(102)-1575/2023 saylı qərarlarında da analoji hal ilə bağlı qeyd edilmişdir ki, bu kimi halların mövcud olması Mülki Məcəllənin 935.1.9-cu maddəsinin tələbinə əsasən sığorta ödənişinin verilməsindən imtina üçün bilavasitə əsasdır. Eyni zamanda nəzərə alınmalıdır ki, xx.xx.2023-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsindən sonra ödənilmiş 400 manat məbləğində pul vəsaitinin xx.xx.2023cü il tarixli imtina məktubunda sığortalının bank rekvizitləri təqdim edildikdən sonra onun hesabına geri qaytaralıcağı bildirilmişdir. Hazırkı məsələ ilə bağlı iddiaçı tərəfindən sığorta sahəsində nəzarət orqanı olan Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edilmişdir. Mərkəzi Bank bununla bağlı ASC-yə xx.xx.2023-cü il tarixli məktubla müraciət etmiş və müraciət ASC tərəfindən xx.xx.2023-cü il tarixli, BS-C-23/2769 saylı məktubla cavablandırılmışdır. ASC tərəfindən sığorta ödənişindən imtina edilməsi nəzarət orqanı tərəfindən qanunsuz və əsassız hesab edilsə idi sonuncu bununla bağlı cavabdehə təqdimat verəcəkdi. Bundan başqa nəzərə alınmalıdır ki, iş üzrə rəy vermiş Məhkəmə Ekspertiza Mərkəzinin eksperti rəydə yenisi ilə əvəz edilməli olduğu qeyd edilmiş bəzi ehtiyat hissələrinə zərər dəyib-dəymədiyi, ümumiyyətlə, müəyyən edilmədiyi halda (qanad altı arxa, oblisovka, yuyucu maye baçokun motoru, çöl qapı rezini, sükan mexanizmi və s.) ekspert həmin hissələrə dəymiş zərəri də hesablayaraq ümumi zərər məbləğinə daxil etmişdir. Həmin detalların ümumi dəyəri rəyə əsasən 7.984,5 manat təşkil edir. Bütün yuxarıda qeyd edilənlərə əsasən hesab edirik ki iddia tələbi əsassızdır və bu tipli işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə uyğun olaraq rədd edilməlidir.
c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, sığorta ödənişi olaraq 29.945,02 manat məbləğində pul vəsaitinin, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi olaraq 179,84 manat məbləğində pulun ASC-dən tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini, iş üzrə aparılmış ekspertizanın xərcinin – 200 manatın 190 manat hissəsinin cavabdeh ASC-dən, 10 manat hissəsinin iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh ASC arasında bağlanmış müqaviləsinin şərtlərinə əsasən, sığorta hadisəsi baş verdiyi zaman, yəni xx.xx.2023-cü il tarixi vəziyyətinə iddiaçı tərəfindən müqavilənin üçüncü hissəsi üzrə ödənişindən əvvəlki aylar üzrə müvafiq olaraq 500 və 400 manat ödədiyindən qrafik üzrə 116 manat əlavə ödəniş etmiş, 400 manat ödəniş isə xx.xx.2023cü il tarixində səhər saatlarında edilmişdir. Məhkəmə, cavabdeh ASC-nin sığorta ödənişinin ödənilməsindən imtinasını əsassız hesab etmiş və etirazın bununla bağlı dəlillərini qəbul etməmişdir. Rayon Məhkəməsi, cavabdehin etirazının “X1 xx.xx.2021-ci il tarixli qərarının hazırkı mübahisəyə aidiyyəti olmamsı barədə” dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, əvvəla Qərarda ümumiyyətlə qanunvericiliyin bəzi normalarına hüquqi və nəzəri baxımdan münasibət bildirilmiş, həmin hissələrdə mövqe işin faktiki halları ilə əlaqələndirilməmişdir. İkincisi isə, iddiaçı müqavilədə nəzərdə tutulmuş müddətdən gec - 01 dekabr tarixində olsa belə 400 manat sığorta haqqı ödənişi etdikdən sonra sığortaçının onun ödənişini qəbul etməyərək (hadisə ilə bağlı şirkət tərəfindən ilkin araşdırma aparıldıqdan və zərərin həcmi müəyyən edildikdən sonra) xx.xx.2023-cü il tarixində xx.xx.2023-cü il tarixli məktubla haqq ödənişini gecikdirdiyi üçün sığorta ödənişinin ödənilməsindən imtina etməsi və müqaviləyə vaxtından əvvəl xitam verilməsini bildirməsi, eləcə də xx.xx.2023-cü il tarixli məktubu ilə ödənilmiş 400 manatın geri qaytarılacağını bildirməsi iddiaçıya sığorta haqqını ödəməsinə edilmiş maneə kimi qiymətləndirilir. Hazırki iş üzrə də sığortaçının sığorta hadisəsi baş verdikdən sonra sığorta ödənişini ödəmək öhdəliyi yaranmış, ödəniş gününədək sığortalı tərəfindən ödənilməmiş borc qaldığı halda sığorta ödənişindən tutmaq hüququ olmuşdur. Lakin, iddiaçının xx.xx.2023-cü il tarixindən sonra sığorta ödənişini tələb etdiyi dövrdə hər hansı bir borcu qalmadığı halda cavabdeh ona sığorta ödənişini ödəməkdən imtina etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin bu əsasla imtinası əsassız olmaqla sığorta münasibətinin mahiyyətinə zidd olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli, 9/1194-8/478 nömrəli rəydən görünür ki, ekspertizaya təqdim edilmiş “X5” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Qüsur aktındakı” məlumatlara əsasən iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci avtomobilin ehtiyat hissələrin qiymətləri nəzərə alınmaqla və ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 30.145,02 manat təşkil edir. Rayon Məhkəməsi bildirmişdir ki, o, həmin rəyi mötəbər sübut kimi qəbul edir və rəy ilə razılaşır. Buna görə də iddiaçının avtomobilinə dəymiş zərərin həcmi 30.145,02 manat həcmində müəyyən olunmalıdır. Rayon Məhkəməsi eyni zamanda qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən hər hadisə üzrə 200 manat azadolma məbləğinin çıxılması nəzərdə tutulmuşdur. Məhkəmə qanunvericiliyin tələblərini və müqavilənin şərtlərini nəzərə alaraq 200 manat azadolma məbləği çıxılmalı və (30.145,02-200=) 29.945,02 manat məbləğində sığorta ödənişi cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. Rayon Məhkəməsi iddianın “cavabdehin müqavilənin birtərəfli qaydada ləğv edilməsinə dair hərəkətlərinin qanunsuz hesab edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, sığorta hadisəsi müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair bildiriş iddiaçıya (xx.xx.2023) göndərilməmişdən əvvəl (xx.xx.2023) baş verib və cavabdehin sığorta ödənişini ödəmək öhdəliyi də həmin anda yaranmışdır. Bundan əlavə, Rayon Məhkəməsi hazırki iş üzrə iddiaçının ona bildirişin göndərilməsinə baxmayaraq, məhkəməyə hazırki iddia ilə müraciət etməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçı sığorta müqaviləsinin vaxtından əvvəl xitam verilməsi ilə razılaşmamış, ASC tərəfindən də müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair tələblə məhkəməyə müraciət edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən xx.xx.2023cü il tarixdə ödənilmiş 400 manat sığorta haqqının cavabdeh tərəfindən geri qaytarılacağı bildirilsə də, məhkəmə araşdırması zamanı ödənişin qaytarılmasına dair hər hansı bir məlumat iş materiallarına əlavə edilməmişdir. Rayon Məhkəməsi, sığorta hadisəsi törədildikdən sonrakı müqavilə müddəti ərzində tərəflərin münasibətinin davam edib-etməməsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh ASCnin müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı mövqeyi ilə sığortalı razılaşmadığı halda (hazırda razılaşmır) sığorta şirkəti müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət edə bilər. İddia tələbinin əsaslılığına isə işə baxan məhkəmə tərəfindən baxılıb hüquqi qiymət verilə bilər.
d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları iddiaya etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası sərhədini Almaniya Federativ Respublikası istiqamətində tərk etdiyi, xx.xx.2023-cü il tarixdə geri qayıtdığı müəyyən edilir. Bu hal məhkəmə qətnaməsində göstərilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının xx.xx.2023-cü il tarixdə sığorta müqaviləsi üzrə ödəniş etmək imkanı olmuşdur və onun ölkə hüdudlarından kənarda olması ilə bağlı ödəniş etməyə texniki imkanının olmaması barədə dəlili işin hallarına uyğun deyil, iddiaçı qəsdən müqavilə üzrə ödəniş etməkdən yayınmışdır. Bununla yanaşı ölkə hüdudlarından kənarda olduğu halda belə iddiaçının internet vasitəsi ilə onlayn qaydada (kart və ya bank applikasiyası vasitəsilə) ASC-nin hesabına ödəniş etmək imkanı olmuşdur. İddiaçının yuxarı nəzarət orqanına- Azərbaycan Respublikası Mərkəzi Bankına müraciəti zamanı da Mərkəzi Bank tərəfindən cavabdeh ASC tərəfindən sığorta ödənişinin edilməsindən imtina edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulduğu aşkar edilməmişdir.
e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
8. Cavabdeh ASC-nin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, iddiaya etirazın və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. O, ona verilmiş suallara cavab olaraq bildirdi ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixə ödənilməli olan sığorta haqqının üçüncü hissəsinin ödənişin qismən ödənilməsinə baxmayaraq ASC, Mülki Məcəllənin 935.1.9-cu maddəsinin tələbini nəzərə alaraq sığorta haqqının ödənilməsini əlavə olaraq 15 gün müddətində gözləmişdir. Lakin həmin müddətdə, yəni xx.xx.2023-cü il tarixədək sığorta haqqının üçüncü hissəsi iddiaçı tərəfindən ödənilməmişdir. Bundan sonra da, ASC, iddiaçının yaxşı müştəri olmasını nəzərə alaraq ödənişi əlavə 1 həftə, yəni xx.xx.2023-cü il tarixə kimi gözləmiş və yalnız bundan sonra müqaviləyə birtərəfli qaydada xitam vermişdir. Ödənişin edilməsi üçün 15 gün, daha sonra 1 həftə gözlənilməsi ilə bağlı iddiaçıya bildiriş göndərilməmişdir.
9. İddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdilər və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər.
f) apellyasiya baxışının hədləri barədə məlumat
10. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh ASC isə qətnamənin tam ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsini xahiş edərək, qətnaməni tam həcmdə mübahisələndirmişdir.
11. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını tam həcmdə yoxlamışdır.
g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. İşdə olan sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh ASC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış müqaviləyə əsasən ASC, iddiaçıya məxsus olan “Mercedes Benz EQB 300 4Matic” markalı, **-LT-*** dövlət nömrə avtomobili 1 il müddətinə tam sığortalamışdır. Bununla bağlı olaraq ASC tərəfindən iddiaçıya **********3 nömrəli “Sığorta şəhadətnaməsi” verilmişdir. Şəhadətnamədə qeyd edilmişdir ki, avtomobilin bazar dəyəri 70.000 manat, sığorta məbləği 70.000 manat, sığorta haqqı 1.960 manat, aylıq ödəniş 392 manat, azadolma məbləği 200 manat təşkil edir, sığorta haqqı 5 ay müddətinə hissə-hissə, hər ayın 8-də ödənilməlidir, sığorta müddəti xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədəkdir.
14. İşdə olan sənədlərdən müəyyən edilir və tərəflər arasında mübahisə doğurmur ki, “Sığorta şəhadətnaməsində” qeyd edilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə sığorta hadisəsi baş vermiş, iddiaçı özünə məxsus həmin avtomobil ilə yol-nəqliyyat hadisəsini törətmiş, avtomobil qəzaya uğrayaraq istismara yarasız vəziyyətə düşmüşdür. İddiaçı hadisə barədə ASC-yə məlumat vermiş, ASC-nin əməkdaşları iddiaçıya dəymiş ziyanın müəyyən edilməsi məqsədi ilə "xxxx" Firmasının Azərbaycandakı rəsmi dillerinə - “X5” MMC-yə müraciət etməsini tövsiyə etmişlər. Buna görə də iddiaçı həmin Şirkətə müraciət edərək, avtomobilinə dəymiş ziyanın müəyyən edilməsini xahiş etmişdir.
15. “X5” MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli “İlkin təmir sifarişi aktdan” görünür ki, iddiaçıya məxsus avtomobilin istismara yaralı vəziyyətə salınması üçün ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri ƏDV-siz 24.045,28 manat, ƏDV daxil olmaqla 28.373,43 manat təşkil edir.
16. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 6-1-26/2-M-9728/2-42-13429/2023 nömrəli məktubunda göstərilmişdir ki, daha əvvəl Mərkəzi Banka daxil olmuş müraciətinə əsasən sığortaçı olan iş üzrə cavabdeh ASC-yə sorğu göndərilmişdir. ASC-nin xx.xx.2023-cü il tarixli, 6-1/1- 28334/2023 nömrəli məktubuna əsasən müəyyən edilir ki, iddiaçıya məxsus avtomobil xx.xx.2023-cü il tarixində ASC tərəfindən “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası” üzrə **********3 nömrəli sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. Həmin avtomobilin iştirakı ilə xx.xx.2023-cü il tarixində yol-nəqliyyat hadisəsi baş vermişdir. “Sığorta şəhadətnaməsinə” əsasən, sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş sığorta haqqının 3-cü hissəsi olan 392 manat sığorta haqqı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə (xx.xx.2023) ödənilməmişdir. Yolnəqliyyat hadisəsi baş verdikdən sonra xx.xx.2023-cü il tarixində ASC-nin hesabına 400 manat məbləğində vəsait ödənilmişdir. Mülki Məcəllənin 903.5-ci maddəsinə əsasən sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Həmin Məcəllənin 935.1.9-cu maddəsinə əsasən, sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsinin ödənilməməsi sığorta ödənişinin həyata keçirilməsindən imtina üçün əsas olduğundan sığortaçının sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsasları mövcud deyil.
17. ASC-nin 2020-ci ilin noyabr ayından 2023-cü ilin dekabr ayınadək sığorta hesabına daxil olmalar barədə məlumatdan və işdə olan digər sənədlərdən görünür ki, sığorta haqqı olaraq iddiaçı tərəfindən cavabdeh ASC-yə xx.xx.2023-cü il tarixdə 500 manat (“Sığorta şəhadətnaməsində” nəzərdə tutulmuş məbləğdən 108 manat artıq), xx.xx.2023-cü il tarixdə 400 manat (“Sığorta şəhadətnaməsində” nəzərdə tutulmuş məbləğdən 8 manat artıq), xx.xx.2023-cü il tarixdə 400 manat (“Sığorta şəhadətnaməsində” nəzərdə tutulmuş məbləğdən 108 manat artıq) məbləğində, cəmi isə 1.300 manat (“Sığorta şəhadətnaməsində” nəzərdə tutulmuş məbləğdən cəmi 116 manat artıq) ödənişlər olmuşdur.
18. Cavabdeh ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdə göstərilmişdir ki, iddiaçı ilə ASC arasında xx.xx.2023-ci il tarixdə bağlanmış sığorta müqaviləsinə, müqavilə şərtinin iddiaçı tərəfindən pozulması, yəni sığorta haqqının xx.xx.2023-cü il tarixdə ödənilməli olan üçüncü hissəsinin ödənilməməsi səbəbindən ASC tərəfindən birtərəfli qaydada vaxtından əvvəl xitam verilmişdir.
19. ASC tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda əlavə olaraq göstərilmişdir ki, ASC tərəfindən sığortalanmış iddiaçıya məxsus avtomobilin, xx.xx.2023-cü il tarixdə qəzaya uğraması nəticəsində sığorta ödənişinin verilməsi ilə bağlı məsələ araşdırılmış və müəyyən edilmişdir ki, “Sığorta şəhadətnaməsinə” əsasən, sığorta haqqının ödənilməsi qrafiki üzrə müəyyən olunmuş sığorta haqqının 3-cü hissəsi olan 392 manat sığorta haqqı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə (xx.xx.2023-cü il tarixində) ödənilməmişdir. Cəmiyyətin “1C” mühasibatlıq proqramından xx.xx.2023-cü (hadisə tarixinə) il tarixinə olan çıxarışdan müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi anına 276 manat məbləğində pul 30 günədək (yəni 15 gündən artıq) sığorta haqqı üzrə gecikdirilmiş borc mövcuddur. ASC-nin nümayəndələri tərəfindən bu barədə məlumat verildikdən sonra o, xx.xx.2023-cü il tarixi saat 12:00-da ASC-nin hesabına 400 manat məbləğində vəsait ödəmişdir. Mülki Məcəllənin 935.1.9-cu maddəsinə əsasən, sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsinin ödənilməməsi sığorta ödənişinin həyata keçirilməsindən imtina üçün əsas olduğundan və xx.xx.2023-cü il tarixli hadisə baş verdiyi anda onun 30 günədək gecikdirilmiş borcu olduğu üçün Mülki Məcəllənin 935.1.9-cu maddəsinə əsasən, ASC tərəfindən sığorta ödənişinin həyata keçirilməsi üçün hüquqi əsasları mövcud deyil. Həmçinin, bank rekvizitləri təqdim edildiyi halda hadisə baş verdikdən sonra ödənilmiş 400 manat məbləğində vəsait iddiaçının hesabına geri ödəniləcəkdir.
20. İşin hallarından göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli sığorta müqaviləsinə əsasən, iddiaçıya məxsus avtomobil 1 il müddətinə, ümumilikdə 70.000 manat məbləğində, 5 ay ərzində ayda 392 manat sığorta haqqı ödənilməsi müəyyən edilməklə sığortalanmışdır. Bununla bağlı olaraq iddiaçıya “Sığorta şəhadətnaməsi” verilmişdir. İddiaçı üzərinə öhdəlik götürmüşdür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixinədək, hər ayın 08-də 392 manat məbləğində sığorta haqqını ASC-yə ödəyəcək. İddiaçı tərəfindən ASC-yə xx.xx.2023-cü il tarixində 500 manat, xx.xx.2023-cü il tarixində 400 manat, xx.xx.2023-cü il tarixində səhər saat 09:24-də 400 manat məbləğində sığorta haqqı ödənilmşdir. İddiaçının avtomobilinin iştirakı ilə xx.xx.2023-cü il tarixində yol-nəqliyyat hadisəsi törədildikdən sonra bu barədə ASC-yə məlumat vermişdir. ASC tərəfindən müvafiq araşdırma aparılmış və hətta dəymiş zərərin dəyəri ASC-nin özü tərəfindən 7.984.5 manat müəyyən edilmişdir. Cavabdeh ASC tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə sığorta müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli bildiriş göndərilmiş və həmin bildirişdə qeyd olunmuşdur ki, iddiaçı sığorta haqqının üçüncü hissəsini müqavilə üzrə müəyyən edilmiş müddətdə tam ödəmək vəzifəsini icra etməmiş və gecikdirmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 19-cu bəndinə müvafiq olaraq, sığorta müqaviləsi sığorta şəhadətnaməsinin buraxıldığı tarixdən 10 təqvim günü ərzində sığorta haqqının ilk hissəsinin və ya tam şəkildə ödənildiyi halda qüvvəyə minir və sığorta təminatı sığorta haqqının ilk hissəsinin və ya tam şəkildə ödənildiyi tarixdən başlanır.
21. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2.). Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır (maddə 421.3.). Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır (maddə 922.1.). Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (maddə 922.2.). Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir (maddə 923.1.). Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir (maddə 923.4.). Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır (maddə 926.1.). Sığorta ödənişinin ödənilməsi zamanı sığortaçı sığorta ödənişi məbləğindən sığortalının ona ödəməli olduğu, vaxtı çatmış və ya gecikdirilmiş sığorta haqqı məbləğini tutmaq hüququna malikdir (maddə 929.). Sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir (maddə 935.1.9.).
22. İşin hallarından göründüyü kimi iddiaçı tərəfindən müqavilənin üçüncü hissəsi üzrə ödənişindən əvvəlki aylar üzrə müvafiq olaraq 500 və 400 manat ödədiyindən qrafik üzrə 116 manat əlavə ödəniş etmiş, 400 manat ödəniş isə xx.xx.2023-cü il tarixində səhər saatlarında edilmişdir.
23. Məhkəmə qeyd edir ki, sığorta hadisəsi baş verdiyi vaxt sığorta müqaviləsi qüvvədə olmuşdur. Cavabdeh ASC sığorta haqqının ödənişinin gecikdirilməsi, bunun nəticəsində də müqaviləyə xitam vermək niyyətində olması barədə iddiaçıya pretenziya bildirməmişdir. Sığorta müqavilənin 19-cu bəndinə uyğun olaraq, ilkin ödəniş edildikdən sonra müqavilə qüvvəyə minmişdir və həmin tarixdən sığorta təminatı başlamışdır.
24. Cavabdehin yeganə dəlili xx.xx.2023-cü il tarixdə ödənilməli olan 3-cü ödənişin (392 manat) edilməməsi ilə bağlıdır, belə ki, cavabdeh hesab edir ki, həmin tarixdən sığorta hadisəsinin baş verdiyi tarixədək 15 gün keçdiyinə görə, Mülki Məcəllənin 935.1.9cu maddəsinə əsasən, sığorta ödənişindən imtina oluna bilər.
25. Məhkəmə cavabdeh ASC-nin bu dəlili ilə razılaşmır. Çünki işdə olan sənədlərdən görünür ki, sığorta haqqının ödənilməsi ilə bağlı ilk iki ödəniş də vaxtında ödənilməmişdir, birinci ödəniş xx.xx.2023-cü il tarixdə, ikinci ödəniş isə xx.xx.2023-cü il tarixdə edilmişdir. Yəni, birinci ödəniş 6 gün, ikinci ödəniş isə 8 gün gecikdirmə ilə aparılmışdır. Buna baxmayaraq, cavabdeh ASC həmin gecikdirmələrlə bağlı iddiaçıya heç bir pretenziya bildirməmişdir.
26. Göründüyü kimi, iddiaçının gecikmələrlə ödəniş etməsi cavabdehin narazılığına səbəb olmamışdır.
27. Əsas olaraq isə qeyd edilməlidir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixə ödənilməli olan sığorta haqqının üçüncü hissəsinin ödənişin qismən ödənilməsinə baxmayaraq ASC, Mülki Məcəllənin 935.1.9-cu maddəsinin tələbini nəzərə alaraq sığorta haqqının ödənilməsini əlavə olaraq 15 gün müddətində gözləmişdir. Lakin həmin müddətdə, yəni xx.xx.2023-cü il tarixədək sığorta haqqının üçüncü hissəsi iddiaçı tərəfindən ödənilməmişdir. Bundan sonra da, ASC, iddiaçının yaxşı müştəri olmasını nəzərə alaraq ödənişi əlavə 1 həftə, yəni xx.xx.2023-cü il tarixə kimi gözləmiş və yalnız bundan sonra müqaviləyə birtərəfli qaydada xitam vermişdir. Ödənişin edilməsi üçün 15 gün, daha sonra 1 həftə gözlənilməsi ilə bağlı ASC tərəfindən iddiaçıya bildiriş göndərilməmişdir.
28. Belə olan halda müəyyən edilir ki, ASC, iddiaçı ilə onun arasında bağlanmış müqaviləyə iddiaçı tərəfindən sığorta haqqının üçüncü hissəsi xx.xx.2023-cü il tarixdə saat 09:24-də edildikdən sonra xitam verməkdə haqlı olmamışdır.
29. Bundan başqa Məhkəmə qeyd edir ki, iş üzrə tərəflər arasında bağlanmış həmin müqavilənin birtərəfli qaydada ləğv edilməsi (onun icrasından tamamilə və ya hissəhissə birtərəfli imtina edilməsi) şərti nəzərdə tutulmamışdır. Bu isə o deməkdir ki, müqavilə birtərəfli qaydada deyil, yalnız məhkəmə qaydasında ləğv oluna bilər.
30. Bu baxımdan qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi ASC-nin sığorta ödənişinin iddiaçıya verilməsindən imtinasını əsassız hesab etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsassızdır.
31. Yuxarıda qeyd edilənlərə əsasən həmçinin müəyyən edilir ki, Rayon Məhkəməsi ASC tərəfindən iddiaçıya verilməli olan sığorta ödənişinin məbləğini 29.945,02 manat müəyyən etməkdə haqlı olmuşdur.
32. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli, 9/1194-8/478 nömrəli rəydən görünür ki, ekspertizaya təqdim edilmiş “X5” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli “Qüsur aktındakı” məlumatlara əsasən iddiaçıya məxsus avtomobilin təmir-bərpa xərci avtomobilin ehtiyat hissələrin qiymətləri nəzərə alınmaqla və ehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 30.145,02 manat təşkil edir.
33. Qeyd edilən rəyin əsassız olması barədə ASC tərəfindən məhkəmələr etibarlı sübut təqdim edilməmişdir. ASC tərəfindən ziyanın məbləğinin 7.984.5 manat məbləğində müəyyən edilməsi, xüsusi biliyə malik olan ekspert tərəfindən verilmiş rəydə göstərilən məbləğdən üstün tutula bilməz.
34. Buna görə də Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi ekspert tərəfindən verilmiş rəyi mötəbər sübut kimi qəbul etməkdə haqlı olmuşdur.
35. Məhkəmə həmçinin hesab edir ki, Rayon Məhkəməsi iş üzrə tərəflər arasında bağlanmış müqavilədə qeyd edilən 200 manat azadolma məbləğini 30.145,02 manatdan çıxmaqda da haqlı olmuşdur.
36. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə də aid dəlilləri əsassızdır.
h) apellyasiya baxışının nəticəsi
37. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. Bunu nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
39. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.
40. Məhkəmə həmçinin bildirir ki, iddiaçı tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə dəyişdirilmədən saxlanıldığından MPM-in 403.1-ci maddəsinə əsasən, iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
41. Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilmədiyindən ASC MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
42. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətindən çıxış edən, MPM-nin 385, 392, 393, 402 və 405 maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 may 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.