Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4263/2024 15.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MTK-nın Cavabdeh qarşı mülki iş (Açar sözlər: «pay haqqı») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1221/2024 saylı, 01 may 2024-cü il tarixli qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. İddiaçı MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektindəki 38 saylı binanın blok D1, 13-cu mərtəbəsində yerləşən 56 nömrəli mənzilinin ilkin sahibi olan X2 xx.xx.2019-cu il tarixdə sözügedən mənzil üzrə mənzil sertifikat hüquqlarını Cavabdeh ötürmüş, adıçəkilən MTK üzvlərinin həmin tarixdə keçirilən iclasında X1 Kooperativin üzvlüyündən çıxarılması, Cavabdeh isə Kooperativə üzv qəbul edilməsi qərara alınmışdır.
2. İddiaçı MTK DYNX-nin 2-ci ərazi X4 İdarəsinin xx.xx.2019-cu il tarixli Yanğıntexniki müayinə aktına, "xxxx" MMC-nin “Xətai prospekti 38-də inşa edilmiş binalarda istismara hazırlıq aktı almaq üçün görüləcək işlərin siyahısına və İddiaçı MTK-nın üzvlərinin Ümumi Yığıncağının xx.xx.2019-cu il tarixli qərarına istinad etməklə sözügedən binanın istismara qəbulu üçün orada 730000 manat dəyərində əlavə işlər görülməli olduğunu, bu məqsədlə binanın yaşayış sahəsi mülkiyyətçiləri olan üzvlərinin hər birindən 510 manat məbləğində əlavə pay haqqının alınması qərara alındığı, binanın 215 sakini (üzv) tərəfindən tam şəkildə ödənildiyini, lakin Cavabdeh əlavə pay haqqını ödəmədiyini bəyan edir.
Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı pay haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən borclu olduğu 510 manatın məhkəməyə müraciətlə bağlı ödədikləri 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Tələb bununla əsaslandırılmışdır ki, İddiaçı MTK tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa olunan yaşayış binası 2006-cı ildə sakinlərin istifadəsinə verilmişdir. Lakin sakinlərə təhvil verilmiş yaşayış binası İddiaçı MTK-dan asılı olmayan obyektiv səbəblərdən istismara qəbul edilməmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli Fərman verilmişdir. Bu məsələ ilə əlaqədar dövlət komissiyası yaradılmış və komissiya tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa olunmuş yaşayış sahəsinə baxış keçirilmiş və həmin yaşayış binasının istismarına icazə verilməsi üçün bir sıra yeni (əlavə) tələblər irəli sürülmüşdür. Həmin binanın tikintisi üçün icazələr alınan və inşaatın həyata keçirildiyi zaman Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi mövcud deyildi. Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən yaşayış sahəsinin tikintiquraşdırma işləri yekunlaşdırıldıqdan sonra yəni 2006-cı ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi yaradılmış, bu nazirlik tərəfindən sonradan yaşayış binalarına dair yeni tələblər irəli sürülmüş, texnologiyanın inkişafı təhlükəsizlik üzrə daha müasir texnologiyaların tətbiqi məsələsini gündəmə gətirmişdir. İddiaçı MTK tərəfindən sakinlərə təhvil verilmiş binada yanğından mühafizə üzrə mərkəzi siqnalizasiya sisteminin quraşdırılması, yanğın təhlükəsizliyi ilə bağlı əlavə işlərin (müasir yanğından mühafizə sistemləri, siqnalizasiya, tüstüsovurma və havabasıcı qurğular, o cümlədən əvvəlcədən quraşdırılmış su şırnaqlarının yeniləri ilə əvəz olunması və pilləkən ilə dəhliz arasında arakəsmələrin quraşdırılması və s.) görülməsi tələb olunur. İddiaçı MTK müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirmişdir. İddiaçı MTK tərəfindən binanın tikintisinə icazələr alınan və bina tikilən zaman bu texniki şərtlər mövcud olmamış və mənzil sahibləri ilə bağlanan müqavilələrdə bu işlər nəzərdə tutulmamışdı. Bugünki gün İddiaçı MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin yerinə yetirilməsi üçün görülməli işlər əlavə işlərdir. Bundan sonrakı mərhələdə də binanın saxlanması xərcləri sakinlər tərəfindən yerinə yetirilməlidir. Belə ki, bina sakinlər tərəfindən istifadə olunduqca onun istismarı zamanı sonradan yaranacaq problemlərın həlli zamanı sakinlərin iştirakı zəruridir. Liftlərin, su nasoslarının və s. binaya məxsus hər hansı avadanlığın sıradan çıxmasına İddiaçı MTK cavabdeh deyildir. Yuxarıda da qeyd edildiyi kimi sadalanan işlər əlavə işlər olduğundan və müqavilədə nəzərdə tutulmadığından göstərilən xərclər sakinlər tərəfindən ödənilməlidir. Buna görə də İddiaçı MTK tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin (əlavə işlərin) yerinə yetirilməsi məqsədilə həmin binada yerləşən yaşayış sahələrinin mülkiyyətçilərindən 510 manat məbləğində əlavə pay haqqının alınması barədə qərar qəbul edilmişdir. Həmin qərar barədə də binada yerləşən yaşayış sahələrinin mülkiyyətçilərinə yazılı məlumat verilmişdir. İddiaçı MTK tərəfindən həmin binanın istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin yerinə yetirilməsi üçün görülməli işlər əlavə işlər olduğuna görə sakinlər tərəfindən müvafiq dövlət orqanlarının həmin çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürdüyü və sakinlərin təhlükəsizliyinin daha da gücləndirilməsinə yönəlmiş tələblərin yerinə yetirilməsi üçün İddiaçı MTK-ya əlavə pay haqqı ödənilməlidir. Sakinlər tərəfindən qeyd olunan məbləğin ödənilməsi binanın saxlanması üçün zəruridir. Sakinlərin təhlükəsizliyi üçün nəzərdə tutulan həmin əlavə şərtlər (işlər) onlarla bağlanmış müqavilədə göstərilməmiş, binanın inşası üçün icazələrin alındığı zaman qanunvericiliyin tələblərində nəzərdə tutulmamışdır. Həmin işlər bina sakinlərinin və ailə üzvlərinin təhlükəsizliyi üçün nəzərdə tutulan işlərdir. Bu işlərin görülməsi və xərclərin mənzillər üzrə bölünməsi ilə bağlı İddiaçı MTK təsisçilərinin ümumi yığıncağı keçirilmiş və bu barədə müvafiq qərar qəbul edilmişdir. Lakin Cavabdeh qeyd olunan əlavə pay haqqının ödənilməsindən boyun qaçırır. Dəfələrlə cavabdehə pulun ödənilməsi ilə bağlı xəbərdarlıq etmələrinə baxmayaraq hələ bu günə kimi qeyd olunan məbləğ cavabdeh tərəfindən ödənilməmişdir.
5. İddiaçı tələbini Mülki Məcəllənin 16.1, 36.2, 337.1, 340, 342, 560.3.4-cü maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarı ilə əsaslandırmışdır.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1221/2024 saylı, 01 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, İddiaçı MTK-nın Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospektində yerləşən 38 saylı çoxmənzilli yaşayış binasının tikintisi məqsədilə yaradıldığı, həmin MTK tərəfindən sözügedən binanın inşa edildiyi, binadakı yaşayış (mənzil) və qeyri-yaşayış sahələrinin üzvlük haqqını tam ödəyərək kooperativə üzv kimi qəbul edilən ayrı-ayrı şəxslərə (sakinlərə) təhvil verildiyi müəyyən edilmişdir. İş materiallarından həmçinin, iddiaçı MTK ilə sözügedən binanın idarə edilməsi məqsədilə yaradılmış "xxxx" MMMC arasındakı xx.xx.2023-cü il tarixli tələb hüququnun verilməsi və borc öhdəliklərinin ötürülməsi haqqında razılaşma ilə MTK-nın bütün bank, vergi və sair borc öhdəliklərinin və mülki dövriyyə zamanı fəaliyyəti dövründə müqavilə və qanun əsasında bütün tələb hüquqlarının MMMC-yə ötürülməsi barədə razılıq əldə olunduğu da təsbit edilmişdir. Mənzil Məcəlləsinin 109.5-ci maddəsində də göstərilir ki, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Beləliklə, mənzil tikinti kooperativlərinin yaradılmasının məqsədi binaların tikintisi və (və ya) yenidənqurulması kimi müəyyən edilmiş, kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin Mənzil Məcəlləsinin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsinin məqsədi isə yalnız müəyyən dövr üçün müəyyənləşdirilmişdir. Binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququnun mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi imperativ şərt kimi müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə, qeyd edilənlər onu deməyə əsas verir ki, İddiaçı MTKnı hazırkı iddia tələbini irəli sürmək hüququna sahib subyekt kimi qəbul etmək mümkün deyildir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı MTK hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilsə belə, yenə iddianın əsaslı olduğu qənaətinə gəlmək mümkün olmayacaqdır. Belə ki, yuxarıda da göstərildiyi kimi, iddiaçı MTK digər sənədlərlə yanaşı kooperativ üzvlərinin ümumi yığıncağının xx.xx.2019-cu il tarixli qərarına əsaslanmaqla hazırkı iddianı qaldırmışdır. Lakin həmin sənədi mötəbər sübut kimi qəbul etmək mümkün deyildir. Belə ki, sözügedən qərarın surətində ümumi üzvlərin sayının 5 nəfər, yığıncaqda iştirak edən üzvlərin isə 4 nəfər olduğu göstərilmiş və qərar yığıncağın sədri və katibi tərəfindən imzalanmışdır. Bu mənada ümumi yığıncağın qanunauyğun şəkildə keçirildiyi və ödənilməli olan əlavə haqqın məbləğinin ümumi yığıncağın qanuni şəkildə qəbul edilmiş qərarı ilə müəyyənləşdirildiyi müəyyən olunmamışdır. Bu hal öz növbəsində həqiqiliyi şübhə doğuran qərara əsaslanaraq iddia tələbinin təmin edilməsini istisna edir. Eyni zamanda, Mülki Məcəllənin 178.8-ci maddəsinə uyğun olaraq, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Hazırki iş materiallarından görünür ki, tərəflər arasında podrat münasibətləri yaranmış, MTK mənzili tikib cavabdehə təhvil vermiş, cavabdeh isə öz öhdəliyini icra edərək mənzilin dəyərini ödəmişdir. Bu qədər müddət sonra mülkiyyətçidən əlavə ödənişlərin tələb edilməsi isə əsassız olmaqla, heç bir qanuni əsasa söykənmir. Belə ki, binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq mülki qanunvvericilikdə podratçının vəzifəsi kimi təsbit edilmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı MTK-nın (nümayəndəsi və vəkili Vəkil) iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib göstərir ki, İddiaçı MTK tərəfindən sakinlərə təhvil verilmiş binada 2003-cü ildə təsdiq olunmuş layihədə nəzərdə tutulmadığından yanğından mühafizə üzrə mərkəzi siqnalizasiya sisteminin quraşdırılması, yanğın təhlükəsizliyi ilə bağlı əlavə işlərin (müasir yanğından mühafizə sistemləri, siqnalizasiya, tüstüsovurma və havabasıcı qurğular, o cümlədən əvvəlcədən quraşdırılmış su şırnaqlarının yeniləri ilə əvəz olunması və pilləkən ilə dəhliz arasında arakəsmələrin quraşdırılması və s.) görülməsi tələb olunur. İddiaçı MTK müqavilə üzrə üzərinə düşən bütün öhdəlikləri tam yerinə yetirmişdir. İddiaçı MTK tərəfindən binanın tikintisinə icazələr alınan və bina tikilən zaman bu texniki şərtlər mövcud olmamış və mənzil sahibləri ilə bağlanan müqavilələrdə bu işlər nəzərdə tutulmamışdı. Bugünki gün İddiaçı MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin yerinə yetirilməsi üçün görülməli işlər əlavə işlərdir. Belə ki, Mənzil Məcəlləsinin 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Həmin Məcəllənin 140.3-cü maddəsində isə əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdarın müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirildiyi təsbit olunub. Bundan sonrakı mərhələdə də binanın saxlanması xərcləri sakinlər tərəfindən yetirilməlidir. Belə ki, bina sakinlər tərəfindən istifadə olunduqca onun istismarı zamanı sonradan yaranacaq problemlərın həlli zamanı sakinlərin iştirakı zəruridir. Liftlərin, su nasoslarının və s. binaya məxsus hər hansı avadanlığın sıradan çıxmasına İddiaçı MTK cavabdeh deyildir. Yuxarıda da qeyd edildiyi kimi sadalanan işlər əlavə işlər olduğundan və müqavilədə nəzərdə tutulmadığından göstərilən xərclər sakinlər tərəfindən ödənilməlidir. Buna görə də İddiaçı MTK tərəfindən Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi üçün irəli sürülən tələblərin (əlavə işlərin) yerinə yetirilməsi məqsədilə həmin binada yerləşən yaşayış sahələrinin mülkiyyətçilərindən 510 manat məbləğində əlavə pay haqqının alınması barədə qərar qəbul edilmişdir. Həmin qərar barədə də Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında inşa etdiyi çoxmənzilli yaşayış binasında yerləşən yaşayış sahələrinin mülkiyyətçilərinə yazılı məlumat verilmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında İddiaçı MTK-nın nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
12. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
Maddə 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Maddə 141-1.1. Bu Məcəllənin 141.2-ci maddəsində nəzərdə tutulmuş idarəetmə üsulundan asılı olmayaraq çoxmənzilli binanın idarə edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Maddə 141-1.2. Bu Məcəllənin 142-ci maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydada nəzərdə tutulmuş bütün müddəaları (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklər nəzərə alınmaqla) əks etdirməklə bağlanmalıdır. Maddə 141-1.3. Bu Məcəllənin 141-1.1-ci maddəsində göstərilən qaydanı pozmaqla çoxmənzilli binanın idarə edilməsi, habelə həmin qaydanın müddəalarının (o cümlədən həmin qaydada edilən sonrakı dəyişikliklərin) çoxmənzilli binanın idarə edilməsi müqaviləsində əks etdirilməməsi qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
14. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
15. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
17. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
18. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
19. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
20. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşmadığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia haqlı sayılmır.
21. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Çünki iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmamış, eləcə də iddiası əsassız olmuşdur. 22.Belə ki, MTK bir tərəfdən sözügedən binada göstərdiyi işlərin yerinə yetirilməsinin tələb olunduğunu, digər tərəfdən isə müqavilə üzrə öhdəliklərini tam yerinə yetirdiyini bəyan edir. Demək ki, vaxtı ilə həmin binanın tikintisinə icazələr alınan və bina tikilən zaman bu texniki şərtlərin mövcud olmaması inandırıcı və ağlabatan deyildir. Mənzil sahibləri ilə bağlanan müqavilələrdə bu işlərin nəzərdə tutulmaması da onun mənafeyinə uyğun olmuşdur. 23.Ona görə də MTK-nın inşa etdiyi çoxmənzilli yaşayış binasının istismarına icazə verilməsi məqsədilə irəli sürülən tələblərin yerinə yetirilməsi üçün görülməli işlər əlavə işlər hesab edilə bilməz. Çünki müqavilədə nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq MTK-nın çoxmənzilli yaşayış binasını tikinti norma və qaydalarına uyğun inşa edərək təhvil vermək öhdəliyi qanunvericilikdən irəli gəlirdi. 24.Mənzil Məcəlləsinin 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Ancaq MTK-nın pay haqqı tələb etdiyi işlərə görə olan xərclərlə qeyd olunan normada nəzərdə tutulan xərclər eyni deyildir. Təbii ki, binanın ümumi əmlakının saxlanmasında sahə mülkiyyətçiləri ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludurlar. Lakin MTK-nın vaxtı ilə yerinə yetirmədiyi işlərə görə hazırda mənzil sahiblərindən əlavə pay haqqı tələb edilməsinin hüquqi əsası yoxdur.
25. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan pis niyyətlə sui-istifadə etmə institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
26. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 1221/2024 saylı, 01 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı MTK-nın apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1221/2024 saylı, 01 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.