Məhkəmə qərarları › İş №2(103)-4263/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4263/2025

16.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4263/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin və çardağın sökülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 may 2025-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, qonşusu olan cavabdehə məxsus və Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 1A saylı binanın 1-ci mərtəbəsində 5-ci girişə bitişik 20 kv.m ölçüdə olan özbaşına tikilinin və həmin tikilinin üzərində inşa olunmuş 24 kv.m ölçüdə çardağın cavabdehin vəsaiti hesabına sökülməsi və cavabdehə gələcəkdə eyni işlərin görülməsinin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehə məxsus mənzildə taxta və metal təbəqələrdən quraşdırılmış talvarın cavabdehin öz vəsaiti hesabına sökülməsini, iddia tələbinin qalan hissədə təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılan zaman iddiaçı ərizə ilə Məhkəməyə müraciət edərək, cavabdeh ilə barışıq əldə etdiklərini, Rayon Məhkəməsinin qətnaməsi ilə sökülməsi qət edilmiş talvarın cavabdehin özü tərəfindən artıq söküldüyünü, bun görə də aralarında heç bir mübahisə qalmadığını, cavabdehlə qonşuluq münasibətlərinin korlanmasını istəmədiyini əsas tutaraq sökülməli əmlaka münasibətdə iddiadan imtina etdiyini bildirmiş və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin həmin tələbə aid hissəsinin ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının “iddiadan qismən imtina haqqında” ərizəsini və iş materiallarını araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-nin 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. İddiadan imtina iddiaçı tərəfindən yazılı formada ifadə edildiyindən, iddiadan imtina qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə hesab edir ki, iddiadan qismən imtina qəbul olunmalı, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə MPM-nin 384.0.5-ci maddəsinə əsasən qismən ləğv edilməli və iddia üzrə işin icraatına həmin hissədə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 191, 261, 263, 384, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan qismən imtinası qəbul edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 may 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 1A saylı binanın 1-ci mərtəbəsində Cavabdeh məxsus 82 saylı mənzildə taxta və metal təbəqələrdən quraşdırılmış talvarın onun öz vəsaiti hesabına sökülməsi hissədə ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar