Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4265/2022 16.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızından və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1905/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)- 3213/2018 nömrəli məhkəmə əmri ilə Cavabdeh 8K21183 saylı xx.xx.2015-ci il tarixli müqavilə üzrə yaranmış 2226.89 ABŞ dolları əsas borc və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, cəmi 2226.89 ABŞ dolları və 20 manat pul tutularaq İddiaçı-yə ödənilməsi barədə göstəriş verilmişdir. Məhkəmə əmri qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Yasamal rayon İcra Şöbəsinə göndərilmişdir. Borclu Cavabdeh xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-3213/2018 nömrəli məhkəmə əmrinin ləğv edilməsini, iddia icraatına keçirilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-1905/2022 nömrəli qərardadı ilə məhkəmə əmri ləğv edilmiş və iddia icratına keçilmişdir. Daha sonra İddiaçı-nin nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə təqdim edərək, xx.xx.2015-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********26211 olan İphone 6 plus markalı telefon, BOSCH markalı piltə, Silverline markalı aspirator, Silverline markalı soba, Seksiya İmmergas 8sı markalı əşya üçün 1959,41 ABŞ dolları ödənilməmiş borcun və 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 8K21183 saylı xx.xx.2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC ümumi dəyəri 2768 manat olan telefon cihazını və məişət əşyalarını Cavabdeh nisyə satmışdır. Müqaviləyə əsasən əşyaların toplam məbləği 3528,26 ABŞ dollarına bərabərdir. Ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə olan AZN/ABŞ dolları məzənnəsinə uyğun, yalnız Azərbaycan manatı ilə həyata keçirilir. xx.xx.2022-ci il tarixinə Cavabdeh “ABC- Telecom" MMC-yə olan borcu 1959,41 ABŞ dolları təşkil edir. Ödəniş Azərbaycan manatı ilə həyata keçirildiyi üçün, borclu məhkəmə əmri çıxarıldığı vaxtdan sonra cəmi 460 manat ödəniş etmişdir. Bu isə ödəniş dövründə olan rəsmi məzənnəyə əsasən 270,48 ABŞ dolları təşkil edir. Yasamal Rayon Məhkəməsinin e-2(004)-1905/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2015-ci il tarixli, 8k21183 nömrəli müqavilə üzrə ödənilməmiş qalan 1959,41 ABŞ dolları məbləğində əsas borc (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat pul tutularaq İddiaçı-yə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tərəfindən ödənilmiş vəsaitlər nəzərə alınmamış, həmçinin müqavilənin xarici valyuta ilə hansı səbəbdən bağlanmasına zəruri hüquqi qiymət verilməmişdir. Qeyd olunmuşdur ki, müqavilədə pul öhdəliyi manatla ifadə edilməlidir. Mülki Məcəllənin 439-cu maddəsinin tələbləri məhkəmə tərəfindən kobudcasına pozulmuşdur. Xarici valyuta o zaman mülki dövriyyədə çıxış edə bilər ki, müqavilənin predmetini hər hansı bir əşya ve ya mal yox, məhz pulun özü təşkil etsin. Burada söhbət borc və ya kredit müqaviləsindən gedir. Qətnamədə bu faktada qiymət verilməyərək, ədalətsiz və onun hüquqlarını kobudcasına pozan qətnamə qəbul edilmişdir. Belə ki, tərəflər arasında bağlanmış 8K21183 saylı müqavilə məhz mal və əşyaların alınması ilə bağlı olduğundan, hesab edir ki, hüquqları pozulmuşdur. Apellyasiya baxışı zamanı cavabdeh şikayətin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili şikayətə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin bütövlükdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya baxışının hədləri ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixli 8K21183 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, satıcı özünə məxsus ümumi dəyəri 2768 manat təşkil edən İphone 6 plus markalı telefon, BOSCH markalı piltə, Silverline markalı aspirator, Silverline markalı soba, Seksiya İmmergas 8sı markalı əşyanı dəyərini hissə-hissə ödəmək şərtilə Cavabdeh satmışdır. Soncu isə müəyyən məbləğdə ödənişlər etsə də, borcunu tam ödəməmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və kollegiya hesab edir ki, iddiaçı cavabdehdən müqavilə üzrə borcu tələb etməkdə haqlıdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin xarici valyuta olan ABŞ dolları ilə hesablanması düzgün deyildir. Belə ki, Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Göründüyü kimi, qanunvericilik pul öhdəliyinin manatla ifadə edilməli olduğunu imperativ norma kimi göstərmişdir. İstisna qismində müəyyən kateqoriya şəxsləri (“xarici fiziki və ya hüquqi şəxs”) göstərsə də, hazırki iş üzrə tərəflər qanunvericiliyin qeyd etdiyi şəxslər kateqoriyasına daxil deyillər. İşdə olan sənədlərdən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı arasında başğlanmış xx.xx.2015-ci il tarixli 8K21183 saylı nisyə alqı-satqı müqaviləsinin 2.1-ci bəndinə əsasən, satıcı özünə məxsus ümumi dəyəri 2768 manat təşkil edən İphone 6 plus markalı telefon, BOSCH markalı piltə, Silverline markalı aspirator, Silverline markalı soba, Seksiya İmmergas 8sı markalı əşyanı dəyərini hissə-hissə ödəmək şərtilə Cavabdeh satmışdır. Göründüyü kimi müqavilə dəyəri manatla ifadə olunsa da, iddia tələbi xarici valyuta olan ABŞ dolları ilə tələb olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan qanunvericiliyinin tələblərinə əməl etmədən tələbə uyğun olaraq iddiaçının tələb etdiyi 1959,41 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarmışdır. İddiaçı-nin maliyyə arayışından görünür ki, Cavabdeh əldə etdiyi əşyaların müqavilə üzrə dəyəri 2768 manat olmuş, 260 manat ilkin ödənişdən sonra hissəvi olaraq 563 manat məhkəmə qərarına qədər, 460 manat isə məhkəmə qərarından sonra ödəniş olmuşdur. Hal-hazırda qalıq borcu 1485 manat təşkil edir. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2015-ci il tarixli, 8k21183 nömrəli müqavilə üzrə ödənilməmiş qalan 1485 manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat, cəmi 1505 manat məbləğində pul tutularaq İddiaçı-yə ödənilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsimə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (385.1.1); maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (386). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Məhkəmə Qətnaməsi haqqında" 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və posessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməli; həmçinin cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1905/2022 saylı, 07 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, 8k21183 nömrəli müqavilə üzrə ödənilməmiş qalan 1485 (bir min dörd yüz səksən beş) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat, cəmi 1505 (bir min beş yüz beş) manat məbləğində pul tutularaq İddiaçı-yə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-4265/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4265/2022
16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver