Məhkəmə qərarları › İş №2(103)-427/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-427/2024

13.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-427/2024 13.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrisinə qarşı “miras əmlaka vərəsəlik hüququnun verilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: "miras əmlaka vərəsəlik hüququnun verilməsi") Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili, Cavabdeh1 vəkili Vəkil1 iştirakları ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-2428/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri 40 saylı Notariat Ofisinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “miras əmlaka vərəsəlik hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum İddiaçı Abbas oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın açıq qalmış 2/12 hissəsinin onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil xx.xx.2008-ci il tarixində vəfat etmiş mərhum İddiaçı Abbas oğluna məxsus olmuşdur. O, vəfat etdikdən sonra miras əmlak olan qeyd edilən mənzil hər birinə 1/4 hissədə pay hüququ tanınmaqla, həyat yoldaşı X4, oğlu X8 və qızı Tekdal Zöhre arasında bölünmüş, 1/12 hissədə iddiaçının pay hüququ tanınmış, qalan 2/12 hissədə pay hüququ isə açıqda saxlanmışdır. Açıqda qalan paylar 1/12 hissədə Cavabdeh1, digəri 1/12 hissədə isə Cavabdeh2 aid hesab edilmişdir. Daha sonra miras payın bağışlanması barədə xx.xx.2020-ci il tarixli müqavilə əsasında X4 və Tekdal Zöhre miras əmlakda olan paylarını X5 bağışlamışlar. Hal-hazırda, mənzilin 3/4 hissəsi üzərində X3, 1/12 hissəsi üzərində isə İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır və onlara bu barədə dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh1 və Cavabdeh2 miras əmlakda pasport qeydiyyatında olsalar da, nə İddiaçı Abbas oğlu vəfat edərkən, nə də bundan sonra miras əmlak olan mənzildə yaşamamışlar, mərhumun yas mərasimində iştirak etməmişlər və miras əmlakı hər hansı formada qəbul etməmişlər. Onların iddiası əsasında Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-4365/2022 saylı qərarı ilə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayon, N.Tusi küçəsi, ev 31, mən.14 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərarla Cavabdeh1 və Cavabdeh2 ünvan 4 ünvanında yaşamadıqları müəyyən edilmişdir.

3. Xətai Rayon Məhkəməsinin 2(011)-2428/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim İlahə Abbasova) iddia təmin edilmiş, İddiaçı Abbas oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlakın açıq saxlanılmış 2/12 hissəsinin İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilmişdir.

4. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir.

5. İşə apellyasiya qaydasında baxılarkən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6188/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən Mülki Məcəllənin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsi ilə əlaqədar olaraq həmin müraciətə baxılıb qurtaranadək hazırkı iş üzrə icraat dayandırılmışdır.

6. Bundan sonra Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı dərc edilmiş, hazırkı iş üzrə icraat təzələnmişdir. Apellyasiya şikayətləri və onun dəlilləri:

7. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, odur ki, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili, Cavabdeh1 vəkili Vəkil1 apellyasiya şikayətinin müdafiə edərək, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarına əsasən, iddia tələbinin əsaslı olduğunu və təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdilər.

10. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 40 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı ərizədə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, odur ki, iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası həmin vəsatətə üzürlü səbəblə bağlı hər hansı sübut əlavə edilmədiyindən Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

11. Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 512980 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 21 dekabr 2011-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.

12. 21 yanvar 2021-ci il tarixli miras payın bağışlanması barədə müqavilənin notarial təsdiq olunmuş surətindən görünür ki, X4 və Tekdal Zöhre Bakı şəhəri 40 saylı notariat ofisində rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli 2V-19 nömrəli reyestrdə qeyd edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən xx.xx.2008-ci il tarixdə vəfat etmiş İddiaçı Abbas oğlundan miras qalmış əmlakdan hər birinə ayrı-ayrılıqda düşən ¼ hissə, ümumilikdə 2/4 hissə miras paylarını X5 bağışlamışlar.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 31, 148 saylı mənzil üzərində X3 ¾ hissə və İddiaçı 1/12 hissədə paylı mülkiyyəti xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmışdır (İddiaçı Abbas oğlunun payı 2/12 hissə açıq qalır).

14. Bakı İnzibati Məhkəməsinin 28 iyun 2022-ci il tarixli 2-1(112)- 4365/2022 saylı qərarının surətindən görünür ki, iddiaçılar X8 və İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı Cavabdeh1 və Cavabdeh2 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “qeydiyyatdan çıxarılma barədə” iddiası təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur.

15. Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 12 yanvar 2023-cü il tarixli X-15 №-li məktubun surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş İddiaçı Abbas oğlunun ölümündən sonra onun 1 növbə vərəsələri olan arvadı – X1, qızı – Tekdal Zöhreye və oğlu – X5 miras əmlakdan hər birinə ¼ hissə olmaqla, ümumilikdə miras əmlakın ¾ hissəsinə 2V-19 reyesytrdə xx.xx.2020-ci il tarixdə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Digər açıq qalmış hissədən isə xx.xx.2011-ci il tarixdə miras qoyanın ölmüş oğlu – X11 çatası pay, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən irsi transmissiya qaydasında onun üç vərəsələrinə yəni arvadı – Cavabdeh1, qızı – Cavabdeh2 və İddiaçı hər birinə 1/12 olmaqla miras pay çatmalı idi. İddiaçı həmin payın 1/12 hissəsinə xx.xx.2020-ci il tarixdə qeydə alınmış 2V-22 reyestr nömrəsi ilə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdırlar. Ərizə əsasında sənədlərə baxış keçirilərkən məlum olmuşdur ki, “Elektron notariat” avtomatlaşdırılmış X2 və Bakı şəhəri Xətai rayonu MKTBnın 87 saylı MKİS-nin verdiyi 43 nömrəli xx.xx.2019-cu il tarixli arayışdan məlum olur ki, X9 arvadı Cavabdeh1 və qızı Cavabdeh2 miras əmlak olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 31 nömrəli evin, 148 nömrəli mənzilində qeydiyyata olmuşlar, yaşamışlar və faktiki əmlakı idarə etmişlər. Onların hər birinə xx.xx.2011-ci ildə vəfat etmiş X7 miras qalmış paydan 1/12 hissə pay verilməlidir. Odur ki, həmin payın onlara verilməsi üçün açıq saxlamışdır. Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında “Təlimat”ın 99-cu bəndinə əsasən vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd olduqda miras vərəsə tərəfindən qəbul edilmiş hesab olunur. Notariat ofisinə təqdim edilmiş yuxarıda qeyd olunan arayışa və mirası qəbul etmiş X6 ölüm akt qeydinə əsasən məlum olur ki, ölənin axırıncı yaşayış yeri miras qalmış əmlakdan ibarətdir və vərəsələr miras qoyanla həmin mənzildə qeydiyyatda olduqları və yaşadıqları üçün onlara miras əmlakdan hər birinə çatası 1/12 hissə olmaqla 2/12 hissəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Payı açıq saxlamış X9 arvadı Cavabdeh1 və qızı Cavabdeh2 hər birinə çatası 1/12 hissə olmaqla ümumilikdə 2/12 hissə miras payların notarius tərəfindən İddiaçı verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bununla əlaqədar məhkəməyə müraciət edilməsi bildirilmişdir.

16. Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 87 saylı MKİS-i tərəfindən verilmiş 25 sentyabr 2021-ci il tarixli 69 №-li arayışdan görünür ki, X8 Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, 31 saylı evin, 148 nömrəli mənzilində yaşayır. Bakı şəhəri 40 saylı Notariusun verdiyi akta əsasən Cavabdeh1 və Cavabdeh2 2008-ci ilin iyun ayından göstərilən ünvanında yaşamırlar.

17. Birinci instansiya məhkəmə iclasında şahid qismində cəlb edilən X10 izahatında qeyd etmişdir ki, o, iddiaçının əmisidir. Mübahisəli ev 5 otaqdan ibarətdir, atası rəhmətə getdikdən sonra ev onlara qalmışdır. Qardaşının yoldaşı qızını da götürüb 2008- ci ildə anasıgilə getmişdir. İddiaçını nənəsi böyütmüşdür. İddiaçı həmişə o evdə yaşamışdır. Atasının adına açıq qalan payın qardaşı oğlu İddiaçı adına keçməsini istəyir. Tətbiq edilən maddi hüquq normaları:

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

20. Konstitusiya Məhkəməsinin Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.

21. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Tətbiq edilən prosessual hüquq normaları:

22. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

23. Hazırkı halda Məhkəmə kollegiyası Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə əsasən hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

25. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.

26. X12 Məhkəməsinin Plenumu onu da vurğulamışdır ki, Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyri-müəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair konstitusiya təminatına da xələl yetirmiş olur.

27. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu qanunverici orqan tərəfindən Mülki Məcəllənin mirasın qəbulu və mirasdan imtina ilə əlaqədar normalarının həmin Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsini məqsədəmüvafiq hesab etmişdir.

28. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilir ki, mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır.

29. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element birbirini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar.

30. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.

31. Hazırkı iş üzrə müəyyən edilmişdir ki, xx.xx.2008-ci il tarixində vəfat etmiş mərhum İddiaçı Abbas oğluna məxsus Bakı şəhəri, Xətai rayon, N.Tusi küçəsi, ev 31 ünvanında yerləşən 148 saylı mənzil hər birinə 1/4 hissədə pay hüququ tanınmaqla, mərhumun arvadı X4, oğlu X8 və qızı Tekdal Zöhre arasında bölünmüş, 1/12 hissədə nəvəsi İddiaçı pay hüququ tanınmış, qalan 2/12 hissədə pay hüququ isə açıqda saxlanmışdır.

32. İddiaçı həmin qalan 2/12 açıq qalan pay hüququna onun mülkiyyət hüququnun tanınmasını tələb etmiş, öz iddiasını belə əsaslandırmışdır ki, mübahisəli mənzil üzərində X3 ¾ hissə və İddiaçı 1/12 hissədə paylı mülkiyyəti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2020-ci il tarixdə, ********** nömrə ilə qeydə alınmışdır, cavabdehlər Cavabdeh1 (miras qoyanın arvadı) və Cavabdeh2 (miras qoyanın qızı) İddiaçı və onun atası X13 ilə münasibətləri olmamış, cavabdehlər 2008-ci ilin iyun ayından ünvan 1 ünvanında yaşamadığından onlara çatası miras əmlakın açıq qalmış 2/12 hissəsinin onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Hazırkı iddia tələblərini təmin etmiş rayon məhkəməsi öz mövqeyini əsaslandırmamışdır.

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də dəfələrlə öz qərarlarında qeyd etmişdir ki, məhkəmə aklarının əsaslandırılmaması, qərarlarda qanunvericilik aktlarının sadəcə olaraq sadalanması ədalətli məhkəmə araşdırmasına olan hüquqa xələl gətirir, başqa sözlə Konvensiyanın 6-cı maddəsində təzərdə tutulmuş tələblərə cavab vermir.

35. Avropa Məhkəməsi «Kastravet Moldovaya qarşı» iş üzrə 13 mart 2007-ci il tarixli qərarında məhkəmələr tərəfindən hüquq tətbiqediciliyinə aid olan daha bir hüquqi mövqeyini ifadə edərək belə qənaətə gəlmişdir ki, müvafiq məsələləri həll edərkən ölkə məhkəmələri qanunvericiliyin müddəalarını təkrar etməklə kifayətlənərək onların bu işə tətbiqini izah etməmişlər və beləliklə, həmin qərarlar əsaslandırılmış və kifayətedici deyildir.

36. Avropa Məhkəməsi həmin işdə milli məhkəmələr tərəfindən Konvensiyanın 6-cı maddəsinin pozuntusunu müəyyən etmişdir.

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi məhkəmə aktının qanuni və əsaslı olması ilə bağlı tələblərin heç birinə cavab vermir.

38. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.

39. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.

40. Həmin qərarda qeyd edilir ki, ...qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.

41. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

42. Həmin qərarla mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır.

43. Hazırkı mülki işdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras əmlakdan imtina etməmişlər, belə olan halda məlum olur ki, Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi baxımından onlar mirası qəbul etmişlər.

44. Mülki Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

45. Belə olan halda yuxarıda qeyd edilənlərə əsasən, məlum olur ki, nə qədər ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 miras əmlakdan imtina etməmişlər, onlar miras əmlakı qəbul etmiş sayılırlar, MM-in 1255-ci maddəsinə görə onların mülkiyyətində olan 2/12 payın İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, yəni mahiyyət etibarı ilə miras əmlakın 2/12 hissəsinə onun mülkiyyət hüququnun tanınması barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir.

46. MPM-in 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, eləcə də iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi də qətnamənin ləğv olunması əsası kimi nəzərdə tutulmuşdur (maddə 385.1.2.və 385.1.3.). Nəticə:

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

48. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti verilməsi üçün ödədiyi 50 manat dövlət rüsumu iddiaçıdan alınaraq Cavabdeh2 verilməlidir.

49. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-2428/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilməsin. Cavabdeh2 apellyasiya şikayəti verilməsi üçün ödədiyi 50 (əlli) manat dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh2 verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar