Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4270/2024 23.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Bakı şəhər Cavabdeh2nə qarşı iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi və s.) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil, Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Bakı şəhər Yasamal RİH-nə qarşı “qanunsuz tikilinin sökülməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-246/2024 nömrəli 16 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyul 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin İddiaçı Əliəkrəm oğluna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, müraciətdə qeyd olunan ünvana Birlik əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı həqiqətən də müəyyən olunmuşdur ki, uzun illər öncə, yəni bina Birliyin balansına verilməmişdən əvvəl H.Cavid prospekti 518-ci məhəllə ev 6, mənzil 14-ün mülkiyyətçisi tərəfindən yaşadığı mənzilə bitişik əlavə tikililər inşa edilmişdir. Qonşunuz tərəfindən mənzilinizə bitişik aparılmış tikinti işləri illər öncə inşa edildiyi üçün həmin tikiliyə müdaxilə edilməsinə yalnız məhkəmə qərarından sonra baxıla bilər.
2. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı, 107859 nömrəli Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 518-ci məhəllə ev 6, mənzil 13 xx.xx.1997-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, H.Cavid prospektində yerləşən 6-cı evin 14 saylı mənzilə bitişik əlavə tikilinin sökülməsi, cavabdehin qeyd olunan əlavə tikiliyə dair hüquqlarının tanınmaması və yaşayış binasının əvvəlki vəziyyətə gətirilməsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 518-ci məhəllədə yerləşən, ev 6, 13 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında anası X3 məxsusdur və o həmin mənzildə qeydiyyatdadır və yaşayır. Cavabdeh Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllədə yerləşən (ev 6) 14 saylı mənzilin mülkiyyətçisi Cavabdeh1 onun qonşusudur. Cavabdeh1 12 metr sahəsində evini artıraraq tamamilə onun bayıra olan görüntüsünü bağlamışdır. Artırılma səbəbindən ümumiyyətlə onun mənzilinə yel-hava daxil olmur. Bundan başqa, Cavabdeh1 əlavə olaraq həmin qanunsuz tikilidə onun yataq otağına istiqamətdə iki pəncərə tikmiş və bu da onun mənzilinin cavabdehin mənzilindən tam görünməsinə səbəb olmuşdur. Bundan əlavə mənzilinin pəncərəsindən ümumiyyətlə istifadə edə bilmir, eləcə də qanunsuz tikilidə olan pəncərələrdən biri mətbəx olduğu üçün mətbəxin qoxusu mənzilinə yayıldığından o və ailə üzvləri yaşadıqları mənzildən istifadə edə bilmirlər. Qanunsuz tikilmiş mənzilə bitişik əlavə tikilinin tikilməsi onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Öz mənzili üzərində hüquqlarını tam həyata keçirə bilmir, ondan təyinatı üzrə istifadə edə bilmir. Bununla əlaqədar Cavabdeh1 bir neçə dəfə müraciət etmiş, lakin o əlavə tikilinin sökülməsinə etiraz etmişdir.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8805 nömrəli ekspert rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, 6 saylı evin, 14 saylı mənzilinə bitişik tikinti işlərinin aparılmasına dair icazə sənədləri olmadığını nəzərə alaraq, həmin tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, 6 saylı evin, 13 və 14 saylı mənzillərə giriş-çıxış ayrı-ayrı sahələrdən olduğunu nəzərə alaraq, həmin tikililər İddiaçı mənzilinin giriş-çıxışına maneə törətmədiyi müəyyən edilir. Lakin İddiaçı mənzilinin pəncərəsinin sol və sağ tərəfində cavabdeh və digər qonşu tərəfindən pəncərə hündürlüyündə əlavə tikililər inşa olunması nəticəsində iddiaçıya məxsus olan mənzilin yaşayış otağına təbii işıq və hava axınının keçməsini qismən məhdudlaşdırdığı müəyyən edilmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-246/2024 nömrəli iş üzrə 16 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim K.Xudayev) iddia təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmiş və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pulun İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi müəyyən edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı tərəfindən sökülməsi tələb edilən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 518-ci məhəllədə yerləşən, ev 6, 14 saylı cavabdehə məxsus mənzilin qarşısında tikilmiş əlavə tikiliyə dair mülki iş materiallarında heç bir layihə və icazə sənədlərinə rast gəlinməmişdir. Lakin buna baxmayaraq inşa edilən tikilinin hər hansı bir hissəsi iddiaçının özünə məxsus əraziyə daxil olmasına maneçilik törətmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci və 171-ci maddələrinin mövqeyindən çıxış edərək və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2024-cü il tarixli, 3-16-16/2-10/8805 nömrəli ekspert rəyini nəzərə alaraq hesab edir ki, mübahisəli əlavə tikili İddiaçı mənzilinin giriş-çıxışına maneə törətmədiyindən habelə iddiaçıya məxsus olan mənzilin yaşayış otağına təbii işıq və hava axınının keçməsini qismən məhdudlaşdırdığından bu hal iddiaçının öz sahəsindən istifadəsinə maneəçilik yaratmır və hüququ əhəmiyyətli dərəcədə pozmur. Belə pozuntu əhəmiyyətsiz dərəcədə pozuntu hesab edildiyindən qonşu belə təsirə dözməlidir. Beləliklə inşa edilən əlavə tikilinin iddiaçıya heç bir maneə törətmədiyi, ümumiyyətlə onun maraqlarına toxunmadığı müəyyən edilmişdir. Belə ki, qeyd edilən tikilinin uzun illər əvvəl tikilməsinə baxmayaraq, iddiaçının yalnız neçə ildən sonra belə bir tələblə məhkəməyə müraciət etməsi iddianın əsaslılığını şübhə altına alır. Həmçinin, məhkəmə hesab edir ki, cavabdeh artıq neçə illərdir ki, ailəsi ilə birlikdə həmin mənzildə yaşayır və əlavə tikilidən istifadə edir.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 171.1, 171.2, 180, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Tikilinin uzun müddət əvvəl inşa edilməsinə dair mülki işin materiallarında hər hansı bir sənəd mövcud deyildir. Belə bir sənəd olsa belə bu tikilinin qeyd edilən tələb üzrə sökülməsini istisna edən hal kimi çıxış edə bilməz. O, 2020-ci ildən yaşadığı mənzildən istifadə edir, əvvəlki illərdə mənzil kirayədə olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onun (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
15. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səsküyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
16. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.
17. Maddə 180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə Kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
27. Göründüyü kimi Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 518-ci məhəllədə yerləşən, ev 6, 13 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçının anası X3 məxsusdur və iddiaçı həmin mənzildə qeydiyyatdadır və həmin mənzildə yaşayır. Cavabdeh1 Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllədə yerləşən (ev 6) 14 saylı mənzilin mülkiyyətçisi olmaqla onun qonşusudur. Bina Birliyin balansına verilməmişdən əvvəl H.Cavid prospekti 518-ci məhəllə ev 6, mənzil 14-ün mülkiyyətçisi tərəfindən yaşadığı mənzilə bitişik əlavə tikililər inşa edilmişdir. Əlavə tikililər təxminən 12-13 il əvvəl inşa olunmuşdur.
28. İddiaçı hazırki tələbində cavabdeh tərəfindən edilmiş əlavə tikilinin sökülməsini, cavabdehin əlavə tikiliyə dair hüquqlarının tanınmamasını və yaşayış binasının əvvəlki vəziyyətə gətirilməsini tələb etmişdir.
29. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində verilmiş rəyə əsasən 14 saylı mənzilə bitişik tikinti işlərinin aparılmasına dair icazə sənədləri olmadığını nəzərə alaraq, həmin tikinti işlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydaları”nın 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilmişdir.
30. Həmçinin müəyyən edilmişdi ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 518-ci məhəllə, 6 saylı evin, 13 və 14 saylı mənzillərə giriş-çıxış ayrı-ayrı sahələrdən olduğunu nəzərə alaraq, həmin tikililər İddiaçı mənzilinin giriş-çıxışına maneə törətmədiyi müəyyən edilir. Lakin İddiaçı mənzilinin pəncərəsinin sol və sağ tərəfində cavabdeh və digər qonşu tərəfindən pəncərə hündürlüyündə əlavə tikililər inşa olunması nəticəsində iddiaçıya məxsus olan mənzilin yaşayış otağına təbii işıq və hava axınının keçməsini qismən məhdudlaşdırdığı müəyyən edilmişdir.
31. Qanunvericilikdə göstərilmişdir ki, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.
32. Məhkəmə haqlı olaraq göstərmişdir ki, mübahisəli əlavə tikili İddiaçı mənzilinin girişçıxışına maneə törətmədiyindən habelə iddiaçıya məxsus olan mənzilin yaşayış otağına təbii işıq və hava axınının keçməsini qismən məhdudlaşdırdığından bu hal iddiaçının öz sahəsindən istifadəsinə maneəçilik yaratmır və hüququnu əhəmiyyətli dərəcədə pozmur. Belə pozuntu əhəmiyyətsiz dərəcədə pozuntu hesab edildiyindən qonşu belə təsirə dözməlidir. Beləliklə inşa edilən əlavə tikilinin iddiaçıya heç bir maneə törətmədiyi, ümumiyyətlə onun maraqlarına toxunmadığı müəyyən edilmişdir.
33. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının sökülməsini tələb etdiyi tikililər təxminən 12-13 il əvvəl inşa olunmuşdur və bu müddət ərzində həmin tikili ilə bağlı tərəflər arasında hər hansı mübahisə yaranmamışdır.
34. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-246/2024 nömrəli iş üzrə 16 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.