Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4271/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X3 və Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-11/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxx" Lizinq Şirkəti QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2181TT/14/B saylı X11 Müqaviləsinə əsasən gecikən əsas məbləğ üzrə 38740,67 ABŞ dolları, lizinq mükafatı üzrə 16575,87 ABŞ dolları, sığorta borcu üzrə 5480 ABŞ dolları, cəmi 60796,54 ABŞ dolları və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı “xxxxxxxxx" Lizinq Şirkəti QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(005)-11/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2014-cü il tarixli 2181TT/14/B X11 müqaviləsinə əsasən gecikən əsas məbləğ üzrə 38740,67 ABŞ dolları, lizinq mükafatı üzrə 6519,65 ABŞ dolları, cəmi 45260,32 (qırx beş min iki yüz altmış dollar 32 sent) ABŞ dolları ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla və 30 manat dövlət rüsumunun «İddiaçı Lizinq Şirkəti» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli manat) manatın Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında Cavabdeh1 və onun vəkili X5 apellyasiya şikayətini müdafiə etdilər, iddiaçının nümayəndəsi X7 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 2181TT/14/B saylı daxili lizinq müqaviləsi bağlanmış və müqaviləyə əsasən, İddiaçı onun tərəfindən seçilmiş, təsviri və dəyəri bu müqavilədə göstərilən 1 ədəd “Kamaz 6520-057 markalı, seriya nömrəsi: XTC652000C1252922, buraxılış ili 2012ci il olan özüboşaldan tikinti texnikasını, 1 ədəd “Kamaz 6520-057” markalı, seriya nömrəsi: XTC65200OC1252662, buraxılış ili 2012-ci il olan özüboşaldan tikinti texnikasını, 1 ədəd “Hyundai H940S“ markalı, seriya nömrəsi: HHKHU801JC0000046 buraxılış ili 2012-ci il olan ekskavator-yükləyicini və 1 ədəd “Kamaz 6520 057“ markalı, seriya nömrəsi: XTC652000C1252741 buraxılış ili 2012-ci il olan boşaldan tikinti texnikasını öz mülkiyyətinə əldə edərək, onu Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Cavabdeh1 isə 36 ay müddətində, hər ay 7293,38 ABŞ dolları lizinq ödənişi, cəmi 16763 ABŞ dolları sığorta və 1910 ABŞ dolları serviz xərci, ümumilikdə 281234,79 ABŞ dolları məbləğində lizinq ödənişini ödəməyi öz öhdəsinə götürmüşdür. Daxili lizinq müqaviləsinin təminatı kimi İddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 lizinq verən qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır. “Kamaz 6520-057” markalı 99-J6-419 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2015-ci il tarixdə, “Kamaz 6520-057” markalı 99-J6-419 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2015-ci il tarixdə, “Hyundai H940S” markalı 11- O4-621 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2015-ci il tarixdə, “Kamaz 6520- 057” markalı 99-J6-417 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2015-ci il tarixdə lizinq alan Cavabdeh1 tərəfindən İddiaçı-yə geri qaytarılmışdır. İddiaçı bildirir ki, Cavabdeh1 lizinq müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə onun 38740,67 ABŞ dolları əsas borcu, 16575,87 ABŞ dolları lizinq mükafatı, 5480 ABŞ dolları sığorta borcu, cəmi isə 60796,54 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh1 iddiaya etiraz edir və bildirir ki, o, alqı-satqı müqavilələri bağlanan zaman lizinq obyektlərinin dəyərinin 40%-ni satıcılar X4 və X2 ödəmiş, iddiaçı lizinq obyektlərini alıb ona vermiş, o da hər ay ödəniş etmişdir. Daha sonra iddiaçı özü ona təklif etmişdir ki, lizinq obyektlərini geri qaytarsın, onlar da satıb bütün borclarını bağlasınlar. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 747.1, 748-1.12, 748- 1.12.4-cü maddələri təşkil edir. Həmin maddələrdə göstərilmişdir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur (maddə 747.1). Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır (maddə 748-1.12. və 748-1.12.4). Lakin hazırki işdə borcun mövcudluğu müəyyən edilmir və ona görə də, iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Cavabdeh1 müqavilə öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. İddiaçı da lizinq müqaviləsi üzrə borcun ABŞ dolları ilə tutulması tələbini irəli sürmüşdür. Əvvəla kollegiya hesab edir ki, lizinq ödənişləri üzrə yaranmış borcun ABŞ dolları ilə tələb edilməsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Mülki Məcəllənin 439.1-ci maddəsində isə təsbit edilmişdir ki, pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Lakin İddiaçı xarici hüquqi şəxs deyil və onunla Cavabdeh1 arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə pul öhdəliyi xarici valyutada ifadə oluna bilməz. Kollegiya izah edir ki, lizinq müqaviləsinə kredit və ipoteka müqavilələri kimi qiymət verilə bilməz və bir sıra hallarda həm lizinq verən hüquqi şəxslər, həm də lizinq alanlar səhvən elə hesab edirlər ki, bu eyni tipli müqavilələrdir. Halbuki kredit (borc) müqaviləsi üzrə borcalan aldığı müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyaları borc verənə qaytarmağı öhdəsinə götürür (Mülki Məcəllənin 739.1-ci maddəsi). Lizinq müqaviləsi isə mahiyyət etibarı ilə kirayə (icarə) müqaviləsidir və lizinq alanın özünün seçdiyi əşya lizinq verən tərəfindən əldə olunaraq onun istifadəsinə verilir, lizinq alan bunun müqabilində istifadə haqqı (muzd) ödəyir və bütün ödənişləri etdikdən sonra həmin əşyanı öz mülkiyyətinə keçirmək hüququnu əldə edir (Mülki Məcəllənin 747-ci maddəsi). Ona görə də, borcun qaytarılması öhdəliyindən fərqli olaraq lizinq müqaviləsi üzrə ödənişlər pul öhdəliyidir və yuxarıda istinad olunan maddi hüquq normalarına görə həmin öhdəlik yalnız manatla ifadə oluna bilər. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış X11i müqaviləsinin və onun tərkib hissəsi olan ödəniş cədvəlinin ABŞ dolları ilə bağlı müddəaları özü-özlüyündə etibarsız şərtlərdir. Belə ki, Mülki Məcəllənin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 337.1-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Bundan başqa kollegiya nəzərə alır ki, tərəflər arasında daxili lizinq müqaviləsi bağlandıqdan 8 ay və 1 il 6 ay sonra, yəni 2015-ci ilin fevral və dekabr aylarında baş vermiş 2 dəfə ardıcıl devalvasiyadan sonra Azərbaycan manatı ABŞ dollarına nisbətdə dəyərini təxminən 2 dəfədən artıq itirmiş, nəticədə isə Cavabdeh1 əlverişsiz vəziyyətə düşmüşdür. Halbuki, Mülki Məcəllənin 420.2-ci maddəsində təsbit olunmuşdur ki, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, lizinq obyektinin dəyəri manat kimi qəbul edilməli və borc məbləği də həmin valyuta ilə hesablanmalıdır. İş materiallarında olan ödəniş cədvəlindən müəyyən olunur ki, xx.xx.2014-cü il tarixdən başlayaraq Cavabdeh1 tərəfindən ümumilikdə 4 nəqliyyat vasitəsinə görə aylıq ödənilməli olan lizinq ödənişi stabil olaraq 7293,38 ABŞ dolları, 1 nəqliyyat vasitəsi üçün ödənilməli olan aylıq lizinq ödənişi isə 1823,3 ABŞ dolları təşkil edir (7293,38 / 4 = 1823,3). Eyni zamanda lizinqə götürülmüş 4 ədəd nəqliyyat vasitəsindən “Kamaz 6520-057” markalı 99-J6-419 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2015-ci il tarixdə, yəni ilk ödəniş tarixindən 9 ay sonra iddiaçıya geri qaytarıldığını nəzərə aldıqda isə müəyyən olunur ki, Cavabdeh1 tərəfindən ödəniş cədvəli üzrə xx.xx.2015-ci il tarixə (ödəniş cədvəli üzrə ödənişlər hər ayın 12-si qeyd olunduğu üçün şərti olaraq xx.xx.2015ci il tarix qəbul olunur) qədər ödənilməli olan cəmi lizinq ödənişi 65640,42 ABŞ dolları təşkil edir (7293,38 x 9 ay = 65640,42). Həmçinin həmin cədvəldən görünür ki, lizinq ödənişindən əlavə xx.xx.2014-cü il tarixdə ödənilməli olan sığorta və servis xərci, ümumilikdə 8357 ABŞ dolları təşkil edir (6447 + 1910 = 8357). Həmin məbləğləri lizinq ödənişləri ilə birgə hesabladıqda isə müəyyən olunur ki, xx.xx.2015-ci il tarixə qədər 4 nəqliyyat vasitəsinə görə Cavabdeh1 tərəfindən ödənilməli olan cəmi lizinq ödənişi 73997,42 ABŞ dolları təşkil edir (65640,42 + 8357 = 73997,42). Eyni zamanda işin mübahisəsiz halıdır ki, xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə iki nəqliyyat vasitəsi Cavabdeh1 tərəfindən İddiaçı-yə geri qaytarılmışdır. Belə olan halda isə birinci nəqliyyat vasitəsinin geri qaytarıldığı xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərə qədər (ödəniş cədvəli üzrə ödənişlər hər ayın 12-si qeyd olunduğu üçün şərti olaraq xx.xx.2015-ci il tarix qəbul olunur) Cavabdeh1 tərəfindən yalnız 3 nəqliyyat vasitəsinə görə 2 aylıq (aprel-may) ödənişlər həyata keçirilməli idi və həmin tarixə ödənilməli olan cəmi lizinq ödənişi 10939,8 ABŞ dolları təşkil edir (1823,3 x 3 = 5469,2; 5469,2 x 2 = 10939,8). Həmçinin işin mübahisəsiz halıdır ki, xx.xx.2015-ci il tarixdə Cavabdeh1 tərəfindən dördüncü - sonuncu nəqliyyat vasitəsi İddiaçı-yə geri qaytarılmışdır. Belə olan halda isə üçüncü nəqliyyat vasitəsinin geri qaytarıldığı xx.xx.2015-ci il tarixdən (ödəniş cədvəli üzrə şərti olaraq xx.xx.2015-ci il) xx.xx.2015-ci il tarixə (ödəniş cədvəli üzrə şərti olaraq xx.xx.2015-ci il) qədər Cavabdeh1 tərəfindən yalnız 1 nəqliyyat vasitəsinə görə 2 aylıq (iyun-iyul) ödənişlər həyata keçirilməli idi və həmin tarixə ödənilməli olan cəmi lizinq ödənişi 3646,6 ABŞ dolları, xx.xx.2015-ci il tarixdə ödənilməli olan sığorta xərci 5480 ABŞ dolları, ümumilikdə lizinq ödənişi isə 9126,6 ABŞ dolları təşkil edir (1823,3 x 2 = 3646,6; 3646,6 + 5480 = 9126,6). Yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, Cavabdeh1 lizinq müqaviləsi üzrə sonuncu nəqliyyat vasitəsinin geri qaytarıldığı xx.xx.2015-ci il tarixə (ödəniş cədvəli üzrə xx.xx.2015-ci il tarixə) İddiaçı-yə olan ümumi borcu 94063,82 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytında olan məlumatlara əsasən müəyyən olunur ki, müqavilə bağlanılan – xx.xx.2014-cü il tarixə 1 ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi 0,78 manat təşkil edirdi. Beləliklə, müəyyən olunur ki, cəmi ödənilməli olan məbləğ 73369,7 manat təşkil edir (94063,82 x 0,78 = 73369,7). Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən müəyyən olunur ki, Cavabdeh1 tərəfindən İddiaçı-yə əsas məbləğ, lizin mükafatı, sığorta, servis və dəbbə puluna aid edilməklə, ümumilikdə 44046 manat məbləğində pul vəsaiti ödənilmiş, ondan 1037,44 manat dəbbə puluna silinmişdir. Həmin məbləğ nəzərə alınmadıqda müəyyən edilir ki, əsas məbləğ, lizinq mükafatı, sığorta və serviz xərclərinə görə cəmi 43008,56 manat ödənilmişdir (44046 – 1037,44 = 43008,56). Cavabdeh1 tərəfindən ödənilməli olan lizinq ödənişlərindən onun tərəfindən ödənilmiş lizinq ödənişlərini çıxdıqda isə müəyyən olunur ki, ödənilməmiş cəmi lizinq borcu 30361,14 manat təşkil edir (73369,7 – 43008,56 = 30361,14). Bununla yanaşı, işin hallarını və Mülki Məcəllənin 748-10.1, 748-11.1, 748-11.1.2-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə Cavabdeh1 tutulmalı olan məbləğin müəyyən edilməsi zamanı onun tərəfindən lizinq obyektlərinin əldə edilməsi üçün ödənilən məbləğlər də nəzərə alınmalıdır. Belə ki, Mülki Məcəllənin 748-10.1-ci maddəsinin tələblərinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-11.1 və 748-11.1.2-ci maddələrində isə təsbit olunmuşdur ki, lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər lizinq ödənişlərinin ümumi məbləğinə daxildir. Məhkəmə kollegiyası hesab edir ki, lizinq obyektləri olan nəqliyyat vasitələri iddiaçıya geri qaytarıldığı üçün onların əldə edilməsi ilə bağlı Cavabdeh1 çəkdiyi xərclər, yəni satıcıya ödədiyi məbləğlər lizinq ödənişlərinin ümumi məbləğinə daxil edilməlidir. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan müddəalarına ziddir, eyni zamanda iddiaçının əsassız varlanmasına gətirib çıxarır. Çünki lizinq obyektləri qaytarıldıqdan sonra iddiaçı onları özgəninkilləşdirmək, icarəyə və ya yenidən lizinqə vermək imkanı əldə edir. Halbuki onların iddiaçının mülkiyyətinə əldə edilməsi ilə bağlı xərclərin müəyyən hissəsini Cavabdeh1 çəkmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, cavabdehin ödədiyi həmin məbləğlərin lizinq obyektlərinin ümumi dəyərindən çıxılması mübahisəyə təsir etmir. Çünki tərəflər arasında kredit müqaviləsi deyil, lizinq müqaviləsi bağlanmış və cavabdeh lizinq obyektlərinin istifadəsinə görə muzd ödəmək öhdəliyini götürmüşdür. Cavabdeh1 ödədiyi həmin məbləğlər nəzərə alındıqda isə müəyyən olunur ki, onun lizinq müqaviləsi üzrə borcu qalmamışdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, satıcı X4 ilə alıcı “xxxxxxx” KB ASC və mal alan İddiaçı arasında xx.xx.2014-cü il tarixli, NVAS 1460/8xx-xx/2014 saylı tikinti texnikasının alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən, satıcı öz mülkiyyətində olan və ayrı-ayrılıqda qiyməti 37100 manat və 38500 manat olmaqla, ümumi dəyəri 75600 manat olan 2 ədəd 2012-ci il buraxılışlı Kamaz 6520-057 markalı tikinti texnikasını alıcıya və mal alana satmışdır. xx xxx 2014-cü il tarixli 861523 saylı kassa mədaxil orderinin qəbzinə əsasən X4 tərəfindən 2 ədəd Kamaz 6520-057 markalı tikinti texnikası üçün “Mobilnoye Proyektno- Stroitelnoye Obyedineniye “xxxxxxxxxxxxxxx” QSC-nin Azərbaycan Respublikasındakı Filialına 118000 manat pul ödənilmişdir. X1 ilə alıcı “xxxxxxx” KB ASC və mal alan İddiaçı arasında xx.xx.2014-cü il tarixli, NVAS 1461/8xx-xx/2014 saylı tikinti texnikasının alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən, satıcı öz mülkiyyətində olan və hər birinin qiyməti 37100 manat olmaqla, ümumi dəyəri 74200 manat olan 2 ədəd 2012-ci il buraxılışlı Kamaz 6520-057 markalı tikinti texnikasını alıcıya və mal alana satmışdır. xx xxx 2014-cü il tarixli 861522 saylı kassa mədaxil orderinin qəbzinə əsasən X6 tərəfindən 2 ədəd Kamaz 6520-057 markalı tikinti texnikası üçün “Mobilnoye Proyektno- Stroitelnoye Obyedineniye “xxxxxxxxxxxxxxx” QSC-nin Azərbaycan Respublikasındakı Filialına 118000 manat pul ödənilmişdir. Cavabdeh1 vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində göstərmişdir ki, o, “Mobilnoye Proyektno-Stroitelnoye Obyedineniye “xxxxxxxxxxxxxxx” QSC-nin Azərbaycan Respublikasındakı Filialına hər birinin qiyməti 59000 manat olmaqla ümumilikdə 118000 manat pul ödəyərək, 2 ədəd Kamaz 6520-057 markalı tikinti texnikası almış və sonradan həmin nəqliyyat vasitələrini hər birinin qiyməti 60000 manat olmaqla ümumilikdə 120000 manat məbləğində alqı-satqı müqaviləsi əsasında iddiaçı lizinq şirkətinə satmışdır. Bu zaman pulun bir hissəsini lizinq şirkəti, bir hissəsini isə Cavabdeh1 ödəmişdir. Göründüyü kimi İddiaçı ilə bağlanmış alqı-satqı müqaviləsi üzrə satıcı olmuş X6 2 ədəd nəqliyyat vasitəsinə görə müqavilə üzrə 118000 manat ödəmiş, daha sonra isə həmin nəqliyyat vasitələrini 120000 manat dəyərində satmışdır. İddiaçı ilə X6 arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə müqavilənin dəyəri isə 74200 manat göstərilmişdir. Bununla da, müəyyən edilir ki, həmin müqavilə üzrə 45800 manat (120000 – 74200 = 45800) kəsir qalır ki, bunu da Cavabdeh1 ödəmişdir. Məhkəmə iclasında da iddiaçının nümayəndəsi nəqliyyat vasitələrinin alınmasına görə Cavabdeh1 tərəfindən satıcılara pul ödənilməsi faktına hər hansı bir etiraz etmədi, lakin bildirdi ki, həmin məbləğlər İddiaçı-yə deyil, satıcılara ödənildiyi üçün borcun hesablanmasında nəzərə alına bilməz. Göründüyü kimi təkcə X6 ilə bağlanmış alqı-satqı müqaviləsi üzrə lizinq obyektləri alınarkən Cavabdeh1 tərəfindən 2 ədəd nəqliyyat vasitəsinə görə 45800 manat ödənildiyi tam təsdiq olunur. Bu baxımdan kollegiya hesab edir ki, ödənilmiş həmin məbləğlər hesabına Cavabdeh1 İddiaçı-yə olan 30358,2 manat borcu silinməlidir. Göründüyü kimi nəinki cavabdehin iddiaçıya borcu mövcuddur, hətta o, yalnız iki ədəd avtonəqliyyat vasitəsinə görə lazım olduğundan da artıq 15441,8 manat (45800 - 30358,2 = 15441,8) ödənişlər etmiş və cavabdehin lizinq müqaviləsi üzrə artıq heç bir borcu qalmamışdır. Ona görə də, kollegiya hesab edir ki, iddia tələblər rədd edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-11/2020 saylı mülki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2181TT/14/B saylı X11 Müqaviləsinə əsasən gecikən əsas məbləğ üzrə 38740,67 ABŞ dolları, lizinq mükafatı üzrə 16575,87 ABŞ dolları, sığorta borcu üzrə 5480 ABŞ dolları, cəmi 60796,54 ABŞ dolları və 30 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı “xxxxxxxxx” Lizinq Şirkəti QSC-yə ödənilməsi barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-4271/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4271/2020
20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver