Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4273/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı (üçüncü şəxs qismində X6 və 4 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisi cəlb olunmaqla) “miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və miras əmlaka dair pay hüququnun tanınması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və miras əmlaka dair pay hüququnun tanınması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçı, Cavabdeh1 Baloğlan qızı və onun vəkili Vəkil1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)-1043/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 və 4 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisi olmaqla miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələr əsasında Cavabdeh1 Baloğlan qızının adına verilmiş çıxarışın və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlaklara vərəsəlik qaydasında ½ hissədə pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1043/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim Tural Məmmədov) ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
3. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək göstərmişdir ki, o, qardaş və bacısı ilə birgə anasının birinci dərəcəli vərəsəsidir. Bakı şəhər Xətai rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli, İİ-JQ seriyalı 427881 nömrəli ölüm haqqında şəhadətnamədən də göründüyü kimi anası X7 xx.xx.1994-cü ildə vəfat etmişdir. Anası vəfat etdikdən sonra ünvan 1 ünvanında yerləşən 0.1217 ha torpaq sahəsi, həmin ünvanda yerləşən 0.0153 ha sahəsi və 0.113 ha torpaq sahələri, cəmi 0.25 ha torpaq sahəsi ondan bizə miras qalmışdır. Anadan miras qalmış bu əmlak hər üçü tərəfindən faktiki olaraq qəbul edilmiş və onların istifadə və sahibliyində olmuşdur. Ananın birinci dərəcəli vərəsələrindən biri və böyük övladı kimi həmin torpaq sahəsinin çatası pay hissəsini rəsmiləşdirmək qərarına gəlmiş, bu məqsədlə də anamdan qalmış miras əmlakın tərkib hissəsi olan ünvan 2ünvanında yerləşən 0.1217 ha torpaq sahəsi , həmin ünvanda yerləşən 0, 0153 ha sahəsi və 0,113 ha torpaq sahəsinin ona çatmalı olan pay hissəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün xx.xx.2023-cü il tarixdə rəsmi ərizə ilə 4 saylı Bakı “ASAN” Xidmət Mərkəzində Notariat ofisinə müraciət etmiş, həmin Notariat ofisi tərəfindən ona verilmiş 1736 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, onların mirasın faktiki qəbulu halı müəyyənləşdirilmədiyi üçün onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir.
4. Eyni zamanda bildirilmişdir ki, həmin torpaq sahəsinə dair tam payda Cavabdeh1 Baloğlan qızına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi 4 saylı Notariat ofisi mülki qanunvericiliyin tələblərini pozaraq anası X3 digər birinci dərəcəli qanuni vərəsəsi olmağına baxmayaraq onun xəbəri və məlumatı olmadan və onu qanuni vərəsə olaraq dəvət etmədən ananın digər vərəsəsi olan qardaşı X2 miras əmlakdan imtinaya dair ərizəsini əsas götürərək miras əmlaka dair tam payda X1 vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. 4 saylı Notariat ofisi şəhadətnamə verərkən mülki qanunvericiliyin tələbini kobud şəkildə pozaraq digər vərəslər olan bacı və qardaşından onun haqqında hər hansı məlumat almadan və ona xəbər verməmiş və qanunvericiliyin tələbinə əsasən mətbuatda məlumat dərc etmə yolu ilə onu çağıra bildiyi halda bunu etməmişdir.
5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarının 1-ci bəndinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarının 3-cü bəndinə görə, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.
7. Nəzərə alınsa ki, onun tərəfindən iddia ərizəsi məhkəməyə bu qərarın qüvvəyə minməsindən əvvəl, yəni xx.xx.2023-cü il tarixdə təqdim olunmuş və icraata götürülmüşdür, bu səbəbdən də konstitusiya məhkəməsinin bu qərarının hüquqi qüvvəsi onun iddiası üzrə hazırda məhkəmə icraatında olan mövcud mübahisəyə də şamil olunur.
8. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, cavabdeh bacısı torpağı sənədləşdirərkən ona demiş, torpaq satıldıqdan sonra, bacısı onun oğluna 3000 manat vermiş, oğlu da həmin vəsaitə birgə yaşadıqları həyəti təmir edib abadlaşdırmışdır.
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, o, anasından miras qalmış torpağı sənədləşdirməyi qardaşına təklif etmiş, lakin qardaşı, yəni iddiaçı isə sənəd işinin uzun və xərc tələb edən məsələ olduğunu, buna “başını ağrıtmaq” istəmədiyini bildirmişdir. Beləliklə də, qardaşı analarından qalmış torpağın sənədləşdirilməsindən imtina etdiyindən, məcbur qalıb özü 7- 8 ay böyük çətinliklərlə sənəd toplamış, bundan əlavə özəlləşdirmək mümkün olsun deyə torpaq sahəsində yerləşən elektirik dayaqlarının çıxarılmasına 4000 manat xərc çəkmiş, bütün sənədləri düzəldib sahəni özəlləşdirmiş, borcları olduğundan torpaq sahəsini İradə adlı şəxsə satmış, özü könüllü olaraq iddiaçıya oğlu vasitəsi ilə 3000 manat, o biri qardaşına isə 4000 manat vermişdir. İddiaçı həmin pulla həyətini təmir edib abadlaşdırmışdır.
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, o, İradə adlı şəxsdən 10 sot torpağı 42.000 manata alıb, hazırkı mübahisədən heç bir məlumatları olmayıb, o, vicdanlı əldə edəndir.
13. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, həmçinin bildirdi ki, o, İradə adlı şəxsdən 6 sot torpağı 25.000 manata alıb, hazırkı mübahisədən heç bir məlumatları olmayıb, o, vicdanlı əldə edəndir.
14. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
15. 22 yanvar 1994-cü il tarixli 427881 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X7 16 yanvar 1994-cü il tarixdə ölmüşdür.
16. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədlərinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,1217 ha olan torpaq sahəsi və həmin ünvanda yerləşən 0,0153 ha torpaq sahəsi üzrə X7 xx.xx.2019- cu il tarixdə reyestrdə mülkiyyətçi kimi qeydə alınmışdır.
17. Bakı şəhəri, ASAN xidmət mərkəzində yerləşən notariat ofisindən verilmiş 21 dekabr 2019-cu il tarixli 2V-1105 və 2V-1106 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,1217 ha olan torpaq sahəsi və həmin ünvanda yerləşən 0,0153 ha torpaq sahəsi üzrə Cavabdeh1 1/1 hissədə irs alması müəyyən edilmişdir.
18. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,1217 ha olan torpaq sahəsi üzrə Cavabdeh1 30 iyul 2020-ci il tarixdə mülkiyyətçi kimi qeydə alınmışdır.
19. Bakı şəhəri, ASAN xidmət mərkəzində yerləşən notariat ofisindən verilmiş 11 aprel 2022-ci il tarixli 2V-317 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin miras qoyan X4 məxsus 0,113 ha olan hissəsinə Cavabdeh1 1/1 hissədə irs alması müəyyən edilmişdir.
20. 20 iyul 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi Cavabdeh1 tərəfindən X5 74000 manata satılmışdır.
21. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış sənədinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi üzrə İsa-zadə İradə Nəsrulla qızı 08 avqust 2023-cü il tarixdə mülkiyyətçi kimi qeydə alınmışdır.
22. 30 sentyabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin 0,05 ha hissəsi İsa-zadə İradə Nəsrulla qızı tərəfindən Cavabdeh2 21250 manata satılmışdır.
23. 30 sentyabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin 0,0836 ha hissəsi İsa-zadə İradə Nəsrulla qızı tərəfindən Cavabdeh3 32800 manata satılmışdır.
24. 01 dekabr 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq hissəsi İsa-zadə İradə Nəsrulla qızı tərəfindən Cavabdeh4 25000 manata satılmışdır. Tətbiq edilən maddi hüquq normaları:
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
26. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi
27. 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.
28. Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası.
29. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
30. Maddə 148. Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı
31. 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
32. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər
33. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
34. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
35. (Azərbaycan SSR Ali Soveti tərəfindən 1964-cü il sentyabrın 11-də qəbul edilmiş və 1965-ci il martın 1-də qüvvəyə minmişdir) Azərbaycan SSR Mülki Məcəlləsi. ( AR Mülki Məcəlləsinin 01 sentyabr 2000-ci il tarixdə qüvəyyə minməsilə qüvvədən düşmüşdür.)
36. Maddə 527. Vərəsəliyin əsasları Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməmişsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum edilmişlərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.
37. Maddə 528. Vərəsəliyin açılması Vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilmiş gün hesab olunur.
38. Maddə 529. Vərəsəliyin açıldığı yer Vərəsəliyin açıldığı yer miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir.
39. Maddə 552. Mirası qəbul Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki olaraq idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər vərəsəlik açıldığı gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlara mirası qəbul etmədiyi hallarda vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
40. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarı. Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
3. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Tətbiq edilən prosessual hüquq normaları:
42. Mülki Prosessual Məcəllə
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
47. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın
48. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
49. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
50. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
53. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
55. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
56. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
57. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən, tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
58. Məhkəmə kollegiyası gəlmiş tərəflərin izahatını dinləyib iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
59. Belə ki, hazırkı iş üzrə aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, 16 yanvar 1994-cü il tarixdə X3 ölməsi ilə mirasın açılması iddiaçıya aşkar olsa da o, mirası əldə etməklə bağlı həmin tarixdə qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş 6 ay müddət ərzində iradəsini ifadə etməmiş, yəni sözügedən torpaq sahəsini faktiki olaraq idarə etməyə başlamamış, ona yiyələnməmiş, nə də həmin dövrdə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə vermişdir. Həmçinin, məhkəmə araşdırması zamanı da iddiaçı miras açıldıqdan sonra mirasın onun tərəfindən faktiki olaraq qəbul olunmasını göstərən heç bir sübut təqdim etməmişdir. Halbuki həm əvvəlki qanunvericiləyə əsasən, həm də hazırda qüvvədə olan mülki qanunvericiliyin tələbinə görə vərəsənin mirası qəbul etməsi üçün altı aylıq müddət müəyyən edilmişdir.
60. Rayon məhkəməsi tərəfindən aparılmış araşdırmalarla da müəyyən olunmuşdur ki, iddiaçı miras əmlaka nə faktiki olaraq yiyələnməklə, nə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə miras əmlakı qəbul etməmişdir.
61. İddiaçı apellyasiya şikayətində hazırkı iddia ərizəsinin xx.xx.2023-cü il tarixdə təqdim olunduğunu bildirir və bu səbəbdən də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarının hüquqi qüvvəsinin onun iddiası üzrə hazırda məhkəmə icraatında olan mövcud mübahisəyə də şamil edilməli olduğuna istinad edir.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarının 1-ci bəndinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarının 3-cü bəndinə görə, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.
64. Mülki iş materiallarından məlum olur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir (1-ci cild, i/v 5). Belə olan halda isə məlum olur ki, iddiaçının qeyd edilən dəlili də iş materialları ilə təkzib edilir və aşkar əsassızdır.
65. Yuxarıda qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, qüvvədə olan qanunun tələbinə əsasən, iddiaçı 6 ay ərzində miras əmlakı nə faktiki, nə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə qəbul etmədiyindən, rayon məhkəməsi hazırkı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz.
66. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
67. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə:
68. Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
71. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.
72. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1043/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.