Məhkəmə qərarları › İş №2(103)-428/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-428/2023

13.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-428/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "Azəriqaz" İB-yə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X1rşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-469/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Abşeron rayonu, Digah qəsəbəsi ünvanı üzrə abonent kodu **********01260 olmaqla İddiaçı adına qeydiyyata alınmışdır.

2. Tərəflər arasında xx.xx.2015-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilələr bağlanmışdır.

3. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı və xx.xx.2019-cu il tarixli, ******* saylı aktlara əsasən İddiaçı məxsus evdə qeyri-qanuni olaraq sayğacdan kənar istifadə edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır.

4. Cavabdeh xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli tələbnamələri ilə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış cəmi 12120 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır.

5. Abonentin saldosuna əsasən iddiaçıya məxsus Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evinə itirilmiş qazın bərpası üçün hesablanmış borcun məbləği 1.451,40 manat təşkil edir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2019-cu il tarixli aktın ləğv olunması, həmin akt əsasında hesablanmış ziyanın əvəzinin silinməsi və bugünədək tutulmuş pul vəsaitinin ona geri qaytarılması, çəkdiyi yol xərcinə, vaxt itkisinə və vurulmuş mənəvi ziyana görə 500 manat məbləğində pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, xx.xx.2019-cu il tarixli aktın ləğv olunması və həmin akt əsasında hesablanmış 1451,4 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddətdir Abşeron rayonu, Digah qəsəbəsində özünə məxsus olan fərdi yaşayış evində yaşayır. 2015-ci ildə cavabdeh tərəfindən evin qazlaşdırılması həyata keçirilmiş, qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. Bu günədək cavabdehlə heç bir mübahisəsi olmamışdır. Lakin 2021-ci ilin sentyabr ayında sayğaca kartda olan pulu yüklədikdən sonra ödədiyi məbləğin hamısının sayğaca yüklənmədiyini, nədənsə silindiyini görmüş, səbəbini aydınlaşdırmaq üçün qaz istismar sahəsinə müraciət etmiş və ona bildirilmişdir ki, kartın hesabında olan pulun tam olaraq sayğaca yüklənməməsinin səbəbi vurulmuş zərərin əvəzinin tutulması ilə bağlıdır. Abşeron Qaz İdarəsinə müraciət etmiş və sənədlərin surətlərini götürmüşdür. Məlum olmuşdur ki, cavabdeh tərəfindən onun xəbəri olmadan 2 ilə yaxındır ki, istifadə edəcəyi təbii qazın dəyərinə görə ödədiyi pulun yarısı qanunsuz olaraq tutulurmuş. Vurulmuş zərərin miqdarını və hazırki vaxtadək nə qədər pulun tutulduğunu soruşsa da, bu barədə ona dəqiq məlumat verə bilməmişlər. Daha sonra xx.xx.2019-cu ıl tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akrın surəti və ona əlavə edilmiş fotoşəkillər ona təqdim edilmişdir. Aktda göstərilmişdir ki, BRQSD-nın əməkdaşları Məmmədov Əbülfəz və mühəndis Rzayev Məhərrəməli onunla birlikdə bu aktı tərtib ediblər ona görə ki, xx.xx.2019-cu il tarixdə evində təbii qazdan istifadə qaydalarına riayət olunmasını yoxlayıblar və sayğacdan kənar qeyri-qanuni qoşularaq qazdan istifadə etdiyini müəyyən ediblər. Hətta aktda onu imza etməkdən imtina etdiyi də qeyd ediblər. Dəfələrlə Cavabdeh İB-nin Abşeron qaz idarəsində və Mehdiabad qaz istismar sahəsində olsa da, tutulmuş pulları qaytaracaqlarını bildirmələrinə baxmayaraq, onu çox get-gələ salmışlar, işi bir-birinin üstünə atmışlar. Nəticədə belə qərara gəlmişdir ki, məhkəməyə müraciət etsin. Ona məxsus olmayan sayğacda müəyyən olunmuş nöqsanın təqsirkarı o deyil. Bu vaxtadək tərəfindən istehlak olunan qazın dəyəri vaxtlı-vaxtında ödənilmiş, ödəmələrlə bağlı qaz təchizatçısı ilə hər hansı bir problem yaranmamışdır. İstifadə etdiyi qaz sayğacında hər hansı nöqsan aşkar edilməmişdir

9. Birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, xx.xx.2022-ci il tarixli, 10/820 saylı ekspert rəyinə görə baxış zamanı Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin sayğaca qədər olan hissəsində kənar qoşulmalar aşkar edilməmişdir.

10. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-469/2022 nömrəli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia tələbi təmin edilmiş, Cavabdehn “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı, xx.xx.2019-cu il tarixli aktın ləğv edilməsi, İddiaçı məxsus olan Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********01260) hesablanmış qaz sərfiyyatına görə 1.451,4 manat borcun silinməsinin Cavabdehnə həvalə edilməsi, həmçinin Cavabdehndən dövlət rüsumuna görə 34,5 manatın tutularaq dövlət büdcəsinin hesabına köçürülməsi və ekspertiza tədqiqatının dəyəri 102 manatın Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir

11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etməsi, həmçinin göstərilən evdə qaz xəttinə sayğacdan kənar qoşulma faktının aşkar olunmadığı tam olaraq təsdiq edilmişdir. Ona görə də, məhkəmə iddia tələblərini əsaslı hesab edərək, təmin etmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18, 26-cı maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6, 13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə, “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinin ikinci hissəsinə, eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc məbləği iddiaçıya təbii qazdan qaz sayğacından kənar əlavə xətt vasitəsilə istifadə nəticəsində yazılmışdır. Belə ki, iddiaçı onun qonşuluğunda yaşayan Sahib Həsənovun qaz xəttinə qoşularaq qazdan qanunsuz istifadə edirdi. Faktla bağlı əməkdaşlar tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Aktlarla iddiaçının qazdan qeyriqanuni olaraq sayğacdan kənar xəttdən istifadə etməsi öz təsdiqini tapmışdır. Bununla bağlı dəymiş ziyan hesabatları tərtib edilərək 1.451,4 manat həcmində qazın talandığı müəyyən edilmişdir. Bundan əlavə, mülki iş materiallarına cavabdeh tərəfindən iddiaçının sayğacdan kənar təbii qazdan istifadə faktını sübut edən fotoşəkillər də təqdim edilmişdir. Bundan başqa birinci instansiya məhkəməsi dəymiş ziyan məbləğinə “cərimə” borcu kimi hüquqi qiymət verərək səhv nəticəyə gəlmişdir. Həmçinin iddiaçı ilə cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini məhkəmədən xahiş etdi.

17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

18. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş ekspertizanın nəticələri ilə qaz xətti yeraltı çəkildiyinə görə vaxtı ilə sayğaca kənar müdaxilə olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır, halbuki iddiaçı tərəf qonşusuna məxsus qaz xəttinə qoşulmuş həmçinin hasarı üstü ilə də qaz xətti keçmişdir. Lakin bütün bunlar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Eyni zamanda iddiaçının sayğacdan kənar təbii qazdan istifadə faktını sübut edən fotoşəkillər də təqdim edilsə də birinci instansiya məhkəməsi tərəfindən həmin fotoşəkillərə qiymət verilməmişdir. Hesab edir ki, iş üzrə təkrar ekspertizanın təyin edilməsi iş üçün əhəmiyyətlidir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”: Maddə 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Maddə 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırkı işdə iddia təmin olunduğundan və cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, işə apellyasiya qaydasında baxılarkən apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə məhkəmə kollegiyası tərəfindən xx.xx.2022-ci il tarixli qərardadla məhkəmə-trasoloji ekspertizası təyin edilmiş, xx.xx.2023-cü il tarixli, 3/1774 saylı ekspert rəyinə əsasən tədqiqata təyin edilən hasarın üstü ilə keçən borcunun (xəttin) üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir. X5 evindən iddiaçının evinə qaz xəttindən hər hansı qoşulma izləri aşkar edilməmişdir.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, iddiaçıya Abşeron rayonu, Digah qəsəbəsində yerləşən fərdi yaşayış evi ünvanında yerləşən fərdi yaşayış evində sayğacdan kənar qaz xəttinin çəkildiyi məyyən olunmadığından iddia tələbi təmin edilməlidir.

28. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

29. Həmçinin qeyd edilməldir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

30. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-469/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Cavabdehndən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində vəsait tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər: Məhəmməd Rüstəmli Akif İsgəndərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar