Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-428/2024 20.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: sığorta ödənişinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), X6 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi Nümayəndə2, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1387/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətnə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə cavabdeh arasında SS-09232938 saylı səfər sığortası müqaviləsi bağlanmışdır.
2. İddiaçı xx.xx.2022- ci il tarixdə Almaniya Federativ Respublikasına səfər etmişdir. Səfərdə olarkən səhhətində yaranan şikayətlər səbəbindən xx.xx.2022-ci il tarixdə həkimə müraciət etmiş və xx.xx.2022-ci il tarixə qədər müalicə almışdır.
3. "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının İstehlakçılarla iş departamentinin direktoru cənab Xəyal Babayevə ünvanlanmış 14 mart 2023-cü il tarixli, SŞ000600/2-92/2023 saylı məktubda qeyd edilir ki, ərizəçi xx.xx.2022-ci il tarixində Almaniya Federativ Respublikasına səfər etmiş və səfərdə olarkən səhhətində yaranan şikayətlər səbəbindən həkimə müraciət etmişdir. Bununla bağlı göstərilmiş müayinə və müalicə xərclərinə dair ümumilikdə 2644.21 EUR dəyərində qəbz təqdim etmişdir. İş materialları araşdırılmış və «Atəşgah” Sığorta Şirkəti ilə bağlanılmış SS-09232938 saylı Səfər Sığorta Şəhadətnaməsinin ayrılmaz tərkib hissəsi olan Səfər Sığortası Qaydalarının 9.1-ci maddəsinə əsasən sığortalıya göstərilmiş sığorta təminatına daxil olan tibbi xidmət hesablanmış və 500 Avro ərizəçiyə ödənilmişdir. Digər tərəfdən təqdim olunmuş qəbz üzrə sığorta təminatına daxil olmayan tibbi xidmətlər müəyyən olunaraq ərizəçiyə sığorta ödənişinin verilməsindən imtina olunmuş və bu barədə ərizəçiyə xx.xx.2023-cü il tarixli məktubla məlumat verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı – cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2144,21 avro məbləğində sığorta ödənişinin cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixində Almanya Federativ Respublikasına səfər etmişdir, səfər etməmişdən öncə "xxxx" Sığorta Şirkətində səfərini 30,000 EVR tam sığorta etdirmişdir. Almaniya səfəri zamanı qəfildən səhətində yaranan kəsgin və ağrılardan Almaniya Federativ Respublikasında Sığorta Şirkətinə müraciət etdi, və Sığorta Şirkəti ona Avropa nümayəndəliyinə müraciət etməyini bildirdilər. Nümayəndəliyin vaistəsi ilə Almaniyada Sığorta şirkəti onu nəzərdə tutulmuş xəstəxanaya göndərdilər və həmin xəstəxanada səyahətə cıxmazdan öncə Atəşgah Sığorta Şirkətində Səyahət sığortanı və tələb olunan sənədləri təqdim etdikdən sonra xəstəxana tərəfindən sağlamlığında yaranmış qəfil xəstəliyin müayinə və müalicəsi üçün xx.xx.2022- ci il tarixindən xx.xx.2022- ci il tarinədək stasionar müalicə və müayinələr aldı. Almaniya Federativ Respublikasında səhhətində yaranmış problemlə əlaqədar 2644 avro 21 sent xərc çıxmışdır və bu vəsait onun Səyahət etməmişdən öncə Atəşgah Sışorta Şirkəti tərəfindən sığortalanmaqla Almaniyada təqdim etdiyi sənədlər əsasında aparılmışdır.Almanyadan qayıdandan sonra səfər zamanı xəstələnməyi barədə sığorta olunduğu "xxxx" Şirkətinə məlumat verdi və tələb olunan lazımı sənətləri təqdim etsə də "xxxx" Şirkəti üzərinə düşən öhdəliyin yerinə yetirməkdən boyun qaçıraraq səfər zamanı xəstələnməyi ilə əlqaədar çəkilən xərcləri xəstəxananın hesabına ödəməməklə boyun qaçırırlar. xx.xx.2022- ci il tarixindən xx.xx.2022- ci il tarixinədək xəstəxanada müayinə və müalicələri zamanı 2644 avro 21 sentdən vəsaiti "Atəşgah Sığorta Şirkəti tərəfindən onun kart hesabına 842.38 manat 38 qəpik ödənilmişdir ki, buda çəkilən xərcin bir hissəsi deyildir. Hal hazırda xx.xx.2022- ci il tarixində Almanyada xəstəliyi zamanı sağlamlığında yaranmış qəfil ağrılar üçün müalicə və müayinəsi zamanı Almanya Sığorta Şirkəti tərəfindən çəkilmiş xərcin ödənilməsini tələb etsədə Atəşgah Sığorta Şirkəti qalıq məbləğin ödənilməsindən boyun qaçırırlar, və həmin məbləğin ödənilməsi hər ay onun aldığı pensiya təqaüdümdən çıxılır. Almaniya Federativ Respublikasına səfəri zamanı sağlamlığında yaranmış qəfil problemlərin aradan qaldırılması üçün Almaniya Şığorta şirkəti tərəfindən qarşılanmış müalicə və müayinə xərclərinin subutu olaraq Sığorta Şirkətinin tələb etdikləri lazımı müayinə və müalicə sənətlərini Almaniyadan alıb Sığorta Şirkətinə təqdim etsə də hal hazıra kimi qalıq ödənişlərini ödəməkdən bilərək yayınırlar.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1387/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilərək, 2144,21 avro məbləğinin ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulması, 41 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı ölkə xaricinə səfər etmiş və səfərdə olan zaman səhhətində qəfil narahatçılıq yaranması səbəbindən tibb müəssisəsinə müraciət etmişdir. İddiaçı səfərə getməzdən öncə cavabdeh ilə səfər sığortası barədə razılıq imzalamışdır. Həmin razılığa əsasən səfərdə olarkən qəfil xəstəliklər zamanı tibbi daşıma və repatriasiya xərcləri sığorta şirkəti tərəfindən qarşılanmalıdır. İddiaçı səhhətində yaranmış narahatçılıq səbəbindən tibb müəssisəsində ilkin tibbi yardım almış və ölkəyə qayıtdıqdan sonra göstərilən tibbi yardımın xərcinin ödənilməsini sığorta şirkətindən tələb etsə də, şirkət həmin məbləğdən yalnız 500 avro məbləğində iddiaçıya ödəniş etmişdir. Cavabdeh imtinanın əsas səbəbi kimi göstərmişdir ki, iddiaçı onda olan xroniki xəstəliklər səbəbindən tibb müəssisəsinə müraciət etmişdir və bu səbəbdən bu hal sığorta ödənişinin ödənilməsinə əsas vermir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan tibb müəssisəsinin tibbi rəyindən görünür ki, iddiaçı müəssisədə xroniki xəstəliklər ilə bağlı heç bir müalicə almamışdır. Əksinə iddiaçının səhhətində yaranmış qəfil narahatçılıq səbəbindən tibb müəssisəsinə müraciətdən sonra iddiaçı KT, UZİ müayinələrindən keçmiş və ona 2 adda preparat tətbiq olunmuşdur. Göstərilənlər isə iddiaçının xroniki xəstəlikdən müalicə olunduğunu deyil, əksinə səhhətində qəfil yaranan narahatçılıq səbəbindən müəssisə tərəfindən ilkin tibbi yardımın göstərildiyini təsdiq edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçıya ödənilməli olan sığorta məbləğinin cavabdeh tərəfindən ödənilmiş 500 avro məbləğində hissəsi çıxılmaqla qalan 2144,21 avro məbləğində hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab etmişdir ki, iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddia tələbi təmin olunduğundan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 885.2-ci maddəsinə, “Sığorta fəaliyyəti haqqında” Qanunun 14.3.1.2-1-ci bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119, 216-220, 227, 358 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail rayon Məhkəməsinin 04 avqust 2023-cü il tarixli, 2(009)-1387/2023 saylı qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayətində göstərilmişdir ki, iddia ərizəsində qeyd edilən məsələ ilə bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət edilmiş, lakin Mərkəzi Bank bu halda cavabdehin hərəkətlərində qanunvericiliyin və müqavilə şərtlərinin pozulması faktı müəyyən etməmişdir. Səbail rayon Məhkəməsi isə qətnaməsində yuxarıda qeyd edilənləri nəzərə almamış, iddiaçının xroniki xəstəlikdən müalicə almamasını qeyd etsə də, onun 03-xx.xx.2022 tarixlərində tibb müəssisəsində qalmasını nəzərə almamış, cavabdehin bu müalicələr üçün hesablanmış 500 avrodan əlavə, Hepatomeqaliya (qaraciyər böyüməsi), steatohepatoz (piyli degenerasiya) (qaraciyər piylənməsi), həcm çatışmazlığı, SARS-CoV-2 müayinəsi qəfil yaranan xəstəlik və təcili müdaxilə tələb edən hallar hesab olunmadığı üçün bunlar üçün əlavə 2144 AVRO tutulması əsassızdır. İddiaçının Cavabdeh Sığorta Şirkəti ilə bağlanmış SS-09232938 saylı Səfər Sığorta Şəhadətnaməsinin (bundan sonra Sığorta Şəhadətnaməsi) ayrılmaz tərkib hissəsi olan Səfər sığortası Qaydalarının 5.1, 5.2, 5.3 bəndinə görə aşağıdakılar sığorta hadisəsi hesab edilir: o, Sığorta olunanın məruz qaldığı qəfil xəstəlik, yəni sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə gözlənilmədən yaranan və təxirə salınmaz tibbi müdaxiləni tələb edən hal; o, Sığortaolunanın məruz qaldığı bədbəxt hadisə, yəni gözlənilmədən baş vermiş, sığorta olunanın sağlamlığına zərər dəyməsi, bədən xəsarəti alması və ya ölümünə səbəb olan hal; o, Sığortaolunanın təsadüfi ölümü. Göründüyü kimi, müqavilədə sığorta hadisəsi kimi, sığorta olunanın məruz qaldığı qəfil xəstəlik, yəni sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə gözlənilmədən yaranan və təxirə salınmaz tibbi müdaxiləni tələb edən hal tanınır. Heç bir tibbi sənədlərlə iddiaçıya təyin edilən diaqnozdakı xəstəliklərin qəfil yaranması sübut olunmur. Əksinə qeyd edildiyi kimi əvvəl mövcud olmuş xroniki xəstəliklərin təsiri özünü göstərmişdir. İstinad olunan qaydaların 9.1 bəndinə əsasən, müayinə və müalicəsi keçirilib-keçirilməsindən asılı olmayaraq xroniki xəstəliklərlə görə çəkilən xərclər Sığortaçı tərəfindən ödənilmir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
12. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək bildirir ki, sığorta şirkəti xroniki xəstəlikləri müalicə və müayinə etmir, yəni bunlar sığorta ödənişinə daxil deyil. İddiaçının səhhətində xroniki xəstəliklə bağlı kəskin ağrı yarandığına və təxirə salınmaz hal yarandığına görə o ağrının aradan qaldırılması üçün KT, UZİ prosedurları üçün 500 avro məbləğində tibbi müayinə və müalicə xərclərinin manat ekvivalentini şərtsiz azadolma məbləği tətbiq olunmaqla iddiaçıya ödənilmişdir. Xəstəxana tərəfindən verilmiş diaqnozda göstərilir ki, kəskin qarın sindromu istisna edilir. Heç bir tibbi praktikada apellyasiya şikayətində göstərdiyimiz diaqnozlar qəfil yaranmış xəstəliklər hesab edilmir, xroniki xəstəlik hesab edilir. İddiaçının təqdim etdiyi sənədlərdən də yaranmış halların xroniki xəstəliklərin özünü büruzə verməsinin nəticəsi olduğu görünür. Buna baxmayaraq kəskin ağrı və sığorta olunanın həyatının xilas edilməsi ilə bağlı sığortaçı tərəfində KT, UZİ prosedurlarının xərcləri ödənilmişdir. Daha sonra iddiaçı bununla razılaşmamış və Mərkəzi Banka müraciət etmişdir. Mərkəzi Bank tərəfindən iddiaçıya təqdim edilmiş cavab məktubunda sığorta şirkətinin hərəkətlərində qanunvericiliyin hər hansı tələbini pozulmadığı aşkar edilmişdir. Buna baxmayaraq iddiaçı məhkəməyə müraciət etmişdir. Səbail Rayon Məhkəməsi qərar qəbul edərkən xroniki xəstəliklərini nəzərə almamışdır. Əlavə müalicələr hepatomeqaliya (qaraciyər böyüməsi), steatohepatoz (qaraciyər piylənməsi), həcm çatışmazlığı, SARS-COV-2 müayinəsi, qəfil yaranan xəstəlik və təcili müdaxilə tələb edən hallar hesab olunmadığı üçün ödəniş etməməkdə haqlı olmuşlar. Bu müayinələr də sığorta təminatına daxil olmadığı üçün sığorta şirkəti həmin müayinələrlə bağlı çəkilən xərclərin ödənilməsindən də imtina etmişdir və imtina etməsi də əsaslı olmuşdur.Səfər sığortası qaydalarının 9.1-ci bəndində göstərilir ki, müayinə və müalicəsi keçirilib-keçirilməməsindən asılı olmayaraq xroniki xəstəliklərə görə çəkilən xərclər sığorta təminatına daxil deyil və sığorta şirkəti bunu ödəməməkdə haqlıdır. Səbail Rayon Məhkəməsində qətnamədə iddiaçı xroniki xəstəliklərə görə müalicə almadığını və xroniki xəstəliyinin olmadığını demişdi. Məhkəmə ya ekspertiza təyin etməli, ya da mütəxəssis çağırmalı idi. Məhkəmə ekspertiza və ya mütəxəssis cəlb etmədən tibbi məsələyə münasibət bildirmişdi. Məhkəmənin tibbi rəy vermək hüququ yoxdur. Qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. İddiaçı xəstəxanada qaldığı iki gün müddətində ona sadəcə olaraq ağrıkəsici dərmanlar verilmişdir, bu sadəcə xroniki xəstəliklər ilə bağlı olan şikayətlər idi.Orada lazımsız müayinələr keçirilmişdir. Təyin olunan sənədlərdən burada xroniki xəstəliyin olmadığı göstərilir,qəfil yaranan ağrılar xroniki xəstəliyin əlamətidir. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilib ki,iddiaçı xroniki xəstəliklərlə bağlı müalicə almayıb. Hazırkı ekspert rəyi qətnamənin bu hissəsinin əsassız hesab edilməsinə şərait yaradır. Ekspert rəyində iddiaçının aldığı müayinə və müalicələrin qəfil xəstəliklərin kəskinləşməsi ilə bağlı olduğu qeyd edilib. İddiaçı bunun sinir xəstəliyi ilə bağlı olduğunu deyir,amma diaqnozda spondilartroz,artroz, onurğada köhnə deformasiya olmuş, kəskin qarın sindromu istisna edilmişdir. Yəni ki, bu qeyd edilən hallar xəstəxana tərəfindən təqdim edilən tibbi sənədlərdə göstərilib. Bu hallar xroniki xəstəliklərdir,qəfil yaranmayıb,birdən-birə kəskin ağrı ilə özünü büruzə verib. İddiaçı özü də xroniki xəstəliyinin olduğunu etraf edir. Ağrıların aradan qaldırılması üçün KT, UZİ müayinələri ödənilib, qalan ödənişlər sığortaya daxil olmadığı üçün ödənilməyib. Müqavilənin tərəfləri sığortalı və sığortaçıdır,müqavilənin predmeti də qaydalar və müqavilədir. Birinci instansiya məhkəməsinin qətnaməsi əsassız olaraq qərar qəbul etmişdir. Qətnamədə xəstənin xroniki xəstəliklərlə bağlı müayinə və müalicə olunmadığı qeyd edilib.Hazırki ekspert rəyi də bunun əksini sübut edir. Sığorta qaydalarına əsasən sığortalının kəskin ağrı və sığortalının həyatının xilas edilməsi ilə bağlı keçirilən tədbirlərə görə sığorta ödənişi ödənilir. KT, UZİ müayinələri,tibb müəssisəsinə aparılması ilə bağlı xərclər 500 euro olaraq ödənilib,amma qalan hissədə çəkilən xərclər konkret olaraq xroniki xəstəliklə əlaqədar olduğu üçün ondan imtina edilib. İddiaçının xroniki xəstəlikləri kəskinləşib,təxirəsalınmaz hal yaranıb.Təxirəsalınmaz hallara görə ödəniş ödənilib,amma qaraciyər böyüməsinin, qaraciyər piylənməsinin SARS-COV-2 virusunun müəyyən olunması qəfil hadisələrlə bağlı olmadığı üçün sığorta onları qarşılamayıb.Sığorta qaydalarında sığorta hadisəsi sığorta olunanın məruz qaldığı qəfil xəstəlik,yəni sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə qəfil,gözlənilmədən yaranan təcili müdaxiləni tələb edən haldır. Qaraciyərdə piylənmənin müəyyən olunması, artrozla bağlı halların müəyyən edilməsi artıq sığorta hadisəsi hesab edilmir. Sığorta hadisəsi hesab edilmədiyi üçün də 2144 euronun verilməsindən imtina edilib.Tərəflər arasında bağlanan müqavilənin 9.1-ci maddəsinə uyğun olaraq iddiaçının ağrılarının aradan qaldırılması üçün məbləğ ödənilib, xroniki xəstəliklərlə bağlı xərclər ödənilməyib. 9.1-ci maddəsində xroniki xəstəliklərlə bağlı çəkilən xərclərin sığorta ödənişinə daxil olmadığı göstərilib.
13. İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, o, yoldaşı ilə Almaniyaya gedəndə yoldaşının qarın boşluğunda sancı tutdu və hərəkət edə bilmədi.Sığorta şirkətindən hər birinə 30.000 euro sığorta ödənişi edib getmişdilər. Oradan sığorta şirkətinə zəng vurdular və onları Türkiyədə nümayəndələri olduğuna görə Türkiyəyə yönləndirdilər. Bundan sonra yaxın xəstəxanaya yerləşdirmək üçün onların harada olduğunu öyrəndilər. Təkcə 800 təcili tibbi yardıma pul ödəməli oldular. Yaranmış ağrının nə səbəbə baş verdiyini həkim də müəyyən edə bilmirdi. Nümayəndəliyə onların pulunun olmadığını və təqaüd alan şəxslər olduğunu bildirmişlər, onlar da bütün müalicələri sığorta ilə həll edəcəklərini deyiblər. Xəstəxanada iddiaçı 2 gün qalıb, o çox pul xərclənməməsi üçün onu xəstəxanadan çıxarıb. Sığorta şirkəti pulu vermək istəmir, buna görə onları incidir. Onlar təqaüd alan vətəndaşlardır, imkanı yoxdur. Orada 6000 avro pul ayrılıb. 800 avro təcili yardımın gəlib xəstəxanaya aparması üçün ayrılmışdı, o bu qədər pulu təcilə yardıma verilmək üçün çox olduğunu fikirləşib 170 avroya özü maşın tutaraq xəstəxanaya aparıb. Onlar vaxtı uzatmağa çalışır. 6000 euro pul ayrılıb, o hələ sığortaya çox xərc düşməsin deyə təcili yardım maşının da xərcini verib.
14. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, o həkim terapevt olub. O, Almaniyada xəstəxanaya müraciət edəndə xroniki xəstəliyə görə həkimə müraciət etməyib. Sığorta ilə əlaqə saxlanıldı və yalnız sığortanın qarşıladığı müayinələrin edilməsi qərarına gəlindi. Bütün müayinələr yaranmış ağrının səbəbini öyrənmək üçün edilmişdir. O, kəskin ağrılarla xəstəxanaya müraciət edib. Sığortanın nümayəndəsi ilə danışılıb və sığorta hansı müayinələrin xərcini qarşılayırsa həmin müayinələr edilmişdir. 4-5 ay sonra sığortanın xərci qarşılamaması barədə onlara məktub gəldi. O, qəflətən baş verən ağrılar nəticəsində xəstəxanaya müraciət edib. xx.xx.2022-ci ildə müraciət edib, xx.xx.2022-ci ildə orada qalıb, xx.xx.2022-ci ildə xəstəxanadan çıxıb. 2 gün müddətində də o ancaq orada müayinələrdən keçib, ağrının səbəbini axtarırdılar. Ona görə KT müayinəsi etdilər, nəticə olmadıqdan sonra X4 mütləq müayinədən keçməli olduğumu dedilər.2 gün ərzində bütün müayinələri etdilər və 4-cü gün axşam həkimlər konsultasiya edərək xəstəliyin nə olduğunu müəyyən edəcəklərini bildirdilər. 4-cü gün axşam konsultasiya olub və daha sonra səhər saatlarında oradan çıxıb. Sığortanın qarşıladığı müayinələr olunub, əlavə heç nə olunmayıb. Oradan gəldikdən 6 ay sonra ödənişin sığortanın qarşılamaması barədə məktub gəlib.Sığorta xroniki xəstəlikləri qarşılamır, bu fikirlə də xroniki xəstəlik olması fikrini irəli sürürlər. O bu vaxta qədər heç bir dərman vasitəsi qəbul etməyib. Özü həkim olub və öz sağlamlığına fikir verib.İndi xroniki xəstəlik olduğunu iddia edib,xərcləri ödəməkdən boyun qaçırırlar.Axırıncı ödənişini 230 euro ödəyiblər. Xroniki xəstəlik 2 günə sağala bilməz, onlar orada bu xəstəliyin səbəbini tapıblar. KT və X1 müayinə edərkən qaraciyərdə olan problemləri də görmələri təbii haldır. Onlar X2 qiymətini 500 euro verərək ödədiyini bildirirlər. X2 qiyməti 1000 eurodan artıqdır. O səyahət məqsədi ilə getmişdi. Ağırlaşmanın səbəbi sinirlə əlaqədar ağrının qarın boşluğuna verilməsi olub.
Tətbiq edilən hüquq normaları:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 885.1. Sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyri-həyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
16. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14.3.1.2-1. sığorta olunanın ölkə daxilində və ölkədən xaricə səfər zamanı xəstələnməsi, yaxud bədbəxt hadisə nəticəsində sağlamlığının pozulması ilə əlaqədar zəruri olan tibbi xərclərin, habelə sığorta müqaviləsində nəzərdə tutulmuş səfər zamanı ortaya çıxan digər itkilərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sığorta ödənişinin həyata keçirilməsini nəzərdə tutan səfər sığortası sığorta obyektinə görə şəxsi sığortaya aid olan sinifdir.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. Belə ki, İddiaçı ilə "xxxx" ASC arasında imzalanmış 06 iyun 2022-ci il tarixli, SS- 09232938 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" ASC tərəfindən “Bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərclər” riski sığorta edilmişdir.
22. İddiaçı hazırkı iddiasında Almaniya Fedarativ Respublikasına səfər zamanı səhhətində yaranmış qəfil xəstəlikdən müalicə və müayinəsi üçün çəkilmiş xərclərin sığorta şirkəti tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir.
24. Birinci insansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin dəlilinin, həmçinin iddia tələbinə etirazının dəlili ondan ibarətdir ki, iddiaçı xroniki xəstəliklə bağlı xəstəxanaya müraciət etmiş, xroniki xəstəliklər isə "xxxx" ASC tərəfindən sığorta edilməmişdir.
25. X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tibbi rəydən görünür ki, xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə qədər tərəflərindən stasionar müalicə olunan İddiaçı əsas diaqnoz olaraq: sağrı sümüyü nahiyəsində lumballaşmış onurğa sütunu cismi 1, yüngül dərəcəli spondilartroz dəyişiklikləri L3-L5, lumbosakral aşkar fəallaşmış artroz – qoyulmuşdur. İddiaçı yanaşı diaqnozlar olaraq – köhnə qapayıcı lövhə deformasiyası, onurğanın döş nahiyəsi cismi 4 və 5, kəskin qarın sindromunun istisna olunması qoyulmuşdur.
26. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı İddiaçı X3 müayinə və müalivcəsinə zərurət olub olmamasının, X3 çəkilən xərclər qəfil xəstəliklər zamanı çəkilən tibbi xərclərə aid olub olmaması, X3 çəkilən xərclər xroniki xəstəliklər zamanı çəkilən tibbi xərclərə aid olub olmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
27. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsi tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli, 1504 nömrəli ekspert rəyində qeyd edilir ki, 1957-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və məhkəmə-tibbi müayinəsinə əsaslanaraq, qərardadda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. Almaniya Federativ Respublikası “Radevormvald Sana” Xəstəxanasında İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər “Sağrı sümüyü nahiyəsində lumballaşmış onurğa sütunu cismi 1, yüngül dərəcəli spondiloartroz dəyişiklikləri L3-L5, lumbosakral aşkar fəallaşmış artroz, köhnə qapayıcı lövhə deformasiyası, onurğaının döş hahiyəsi cismi 4 və 5, kəskin qarın sindromunun istisna olunması” diaqnozu ilə stasionar müalicədə omuşdur. 2.3 İddiaçı Radevormvald Sana” Xəstəxanasına daxil olarkən ona göstərilmiş ixtisaslı tibbi yardımlar onun düçar olduğu xroniki xəstəliklərin kəskinləşməsi ilə əlaqədar olmuşdur.
28. Məhkəmə kollegiyası qeyd edir ki, xəstəliyin kəskinləşməsi iddiaçının həkimə müraciət etməsinə əsas olmuşdur. Yəni xəstəliyin kəkinləşməsi qəflətən olmuş, iddiaçı həkimə müraciət etməyə məcbur olmuşdur. Elə bu səbəbdən də sığorta şirkəti çəkilmiş xərcin müəyyən hissəsini qəbul edib, ödəmişdir. Lakin əsassız olaraq çəkilən xərcin qalıq hissəsini ödəməkdən yayınır.
29. Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
30. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
31. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Cavabdeh tərəfindən bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
32. İş materiallarında olan qəbzdən görünür ki, X5 tərəfindən verilmiş iddiaçıya göstərilmiş xidmətin dəyəri 2644,21 avro məbləğində olmuşdur. İş materiallarında olan 14 mart 2023-cü il tarixli, SŞ000600/2-92/2023 saylı, 16 mart 2023-cü il tarixli, 6-1-26/2-N-66- 0-3163/2023 saylı məktublardan görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 500 avro məbləğində ödəniş edilmişdir.
33. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 2144,21 avro məbləğinin tutulmalı olması ilə bağlı düzgün qənaətə gəlmişdir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşıraq qeyd edir ki, Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
36. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
37. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
39. MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın məbləği 5000 manatdan aşağı olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1387/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev