Məhkəmə qərarları › İş №2(103)-4282/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4282/2020

01.09.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4282/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «özbaşına tikililərin sökülməsi və yolun əvvəlki vəziyyətə gətirilməsi» tələbinə dair 2(009)-1527/2019 nömrəli mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində istifadəsində olan 0.08312 ha torpaq sahəsində 1 nömrəli binanın yarımzirzəmisində yerləşən 243.5 kv.m qeyri-yaşayış sahəsinə gedən yolun qarşısında cavabdeh tərəfindən inşa edilən tikililərin onun hesabına sökülməsi və həmin yolun əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 1 №-li binanın yarımzirzəmisində yerləşən İddiaçı istifadəsində olan 243.5 kv.m qeyri-yaşayış sahəsinə həmin ünvan üzrə T.Məmmədov küçəsindən gedən yolun (keçidin) üstündə Cavabdeh tərəfindən inşa edilmiş uzunluğu 8,0 metr, eni 5,3 m, hündürlüyü 3,2 m.olan bir mərtəbəli özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və həmin yolun əvvəlki vəziyyətinə gətirilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbi ilə razı deyil. Belə ki, onun həmin ünvanda olan tikililər ilə heç bir əlaqəsi yoxdur. Həmin tikililər bacısı X1 adınadır. Bunu ərizəsinə əlavə edərək məhkəməyə təqdim etdiyi müvafiq sənədlərin surətləri ilə təsdiq edir. Ona görə də onun sözügedən qətnamə üzrə cavabdeh qismində, hətta tərəf qismində cəlb edilməyi düzgün deyildir. Həmçinin bildirir ki, o, ünvan 1 y/zirzəmi ünvanında müvəqqəti olaraq məskunlaşmışdır. Lakin İddiaçı bilərəkdən onun evinə getmək üçün istifadə etdiyi yolu qəsdən bağlamış, gediş-gəliş yoluna 10 tonluq su çəni və generator qoyaraq onun yaşadığı mənzilə gediş-gəlişimi məhdudlaşdırmışdır. Həmçinin, onun sözügedən qətnamə barəsində heç bir məlumatı olmamışdır. Yalnız bir dəfə hazırlıq prosesində iştirak etmişdir. Həmin prosesdə iştirak etdiyi zaman iddia tələbində göstərilən məsələnin onunla heç bir əlaqəsi olmadığını desə də, hakim onun sözlərinə məhəl qoymamışdır. Sonrakı məhkəmə prosesləri ilə bağlı ona heç bir məhkəmə bildirişi və elektron məhkəmə vasitəsi ilə bildiriş gəlməmişdir. Apelyasiya baxışı zamanı iddiaçının təmsilçisi şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işin tədqiq edilmiş və mübahisəsiz halları bunlardır ki, Daşınmaz əmlakın Dövlət Reyestrindən ********** saylı, xx.xx.2009-cu il tarixli çıxarışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində istifadədə olan 0.08312 ha torpaq sahəsində yerləşən 1 nömrəli binanın yarımzirzəmisində 243.5 kv.m ümumi, 243.5 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 5097 nömrəli vərəqində qeydiyyata alınmışdır. Səbail rayon İcra Hakimiyyətinin 15-2011 saylı, xx.xx.2009-cu il tarixli arayışından görünür ki, Cavabdeh Ağdam rayonundan məcburi köçkündür, Səbail rayonu, Badamdar qəsəbəsi, Məktəbli küçəsi, ev 14, mənzil 12-də qeydiyyatdan keçmişdir, Ə.Nəzərov küçəsi 1-də (yarımzirzəmidə) yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15651 saylı, xx xxxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, İddiaçı məxsus 243.5 kv.m. qeyri-yaşayış sahəsi Əziz Nəzərov küçəsi, 1 nömrəli 5 mərtəbəli yaşayış binasının yarımzirzəmi hissəsində yerləşir. Qeyri-yaşayış sahəsinə giriş faktiki olaraq T.Məmmədov küçəsi tərəfdə olan keçiddən keçməklə binanın baş tərəfində yerləşən qapı vasitəsilədir. Baxış zamanı qeyri-yaşayış sahəsinə gedən keçidin üstündə uzunluğu 8,0 metr, eni 5,3 metr, hündürlüyü 3,2 metr olan bir mərtəbəli tikili inşa olunduğu və həmin tikilinin faktiki olaraq mağaza kimi istifadə edildiyi müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən, iş üzrə Cavabdeh məxsus mübahisəli tikilinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 243,5 kv.metr qeyri-yaşayış sahəsinə gedən yolun (keçidin) üstündə inşa edildiyini nəzərə alaraq, həmin tikilinin İddiaçı özünə məxsus 243,5 kv.metr qeyri-yaşayış sahəsinə keçməyə məhdudiyyət yaratdığı müəyyən edilir Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cü və 180-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmuş hissəsində mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180-ci maddəsinə əsaəsn, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə xx xxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. İşin hallarına əsasən, cavabdeh Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, 243,5 kv.metr qeyri-yaşayış sahəsinə gedən yolun (keçidin) üstündə qanunsuz tikinti işləri apararaq, iddiaçıya məxsus 243,5 kv.metr qeyri-yaşayış sahəsinə keçməyə məhdudiyyət yaratmışdır. Mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, məhkəmə həmin xüsusata dair ixtisaslı şəxsin rəyini almışdır. Belə ki, məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə Cavabdeh məxsus mübahisəli tikilinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 243,5 kv.metr qeyri-yaşayış sahəsinə gedən yolun (keçidin) üstündə inşa edildiyini nəzərə alaraq, həmin tikilinin İddiaçı özünə məxsus 243,5 kv.metr qeyri-yaşayış sahəsinə keçməyə məhdudiyyət yaratdığı müəyyən edilmişdir. Beləliklə, tikilinin qanunsuz olduğunun müəyyən edilməsini nəzərə alaraq, İddiaçı mülkiyyətinə edilən müdaxilə qanuni xarakter daşımadığından və bu hal iddiaçının mülkiyyət hüququnu pozduğundan iddianın təmin olunmuş hissəsində qətnamə qanuni və əsaslıdır. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Cavabdehin mübahisəli tikilinin sökülməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsindən narazı qalaraq apelyasiya şikayəti verməsi, həmin şikayətin məzmunu və mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinə dair əlavə etdiyi sənədlərin surəti onun qeyd edilən tikiliyə aid olmaması barədə dəlilinin əsassız olmasını təsdiq edir. Həmçinin, Badamdar Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 08/97 nömrəli məktubundan görünür ki, mübahisəli ünvanda 100 kv.m torpaq sahəsinin cavabdehin qeyd etdiyi bacısı X2 verilməsi barədə xx.xx.2006-cı il tarixli qərar, eləcə də həmin qərarın verilməsinə əsas olmuş hüquqmüəyyənedici sənədlər Badamdar Bələdiyyəsinin arxiv və kompyuter baza məlumatlarında qeydə alınmamışdır. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1527/2019 nömrəli mülki iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar