Məhkəmə qərarları › İş №2(103)-4282/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4282/2021

16.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4282/2021 16.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İlham Kərimli və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “əqdin etibarsız hesab edilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.01.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə 01.04.2019-cu il tarixli qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin bərpası üçün iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməsin. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsassızdır. Belə ki, iddiaçı qətnamədən apellyasiya şikayətini 14.06.2019-cu il tarixdə verib, 19.06.2019-cu il tarixdə apellyasiya şikayəti poçt vasitəsilə məhkəməyə daxil olub (cild 1, iş v. 96). Qətnamədən apellyasiya şikayəti verilməsi müddəti 1 aydır, bu müddətin axımı qətnamənin iddiaçıya verildiyi tarixdən başlayır. Qətnamənin iddiaçıya verilməsi tarixinə münasibətdə iddiaçı ilə birinci instansiya məhkəməsinin arasında fikir ayrılığı var. Fikir ayrılığının səbəbi ondan ibarətdir ki, mülki işin materiallarında qətnamənin iddiaçıya verilməsi ilə bağlı 2 sənəd var: 1) poçt xəbərnaməsi (cild 1, iş v. 89); 2) məhkəmə qəbzi (cild 1, iş v. 90). 1-ci sənədə görə qətnamə 17.04.2019-cu il tarixdə poçt vasitəsilə iddiaçının ünvanına çatdırılıb, 2-ci sənədə görə qətnamə 15.05.2019-cu il tarixdə məhkəmənin binasında iddiaçıya təqdim olunub. Əgər apellyasiya şikayəti verilməsi müddətinin axımı 1ci sənədə əsasən hesablansa iddiaçı apellyasiya şikayətini 1 ay 27 gün sonra (14.06.2019-cu ildə) verib, bununla da şikayətvermə müddətini 27 gün ötürüb. Əgər apellyasiya şikayəti verilməsi müddətinin axımı 2-ci sənədə əsasən hesablansa iddiaçı apellyasiya şikayəti verilməsi müddətini ötürməyib: müddətin sonuncu günü (14.06.2019cu ildə) apellyasiya şikayəti verib. Apellyasiya şikayəti verilməsi müddətinin axımı 1-ci sənədı əsasən hesablanmalıdır, çünki müddətin axımının həmin sənədə əsasən hesablanmalı olması qanuni qüvvədə olan məhkəmə aktı ilə müəyyən olunub. Belə ki, bundan əvvəl Bakı Apellyasiya Məhkəməsi tərəfindən qəbul olunmuş 05.07.2019-cu il tarixli qərardadla qərara alınıb ki, iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Həmin qərardad onunla əsaslandırılıb ki, qətnamənin iddiaçıya rəsmi qaydada verilmə tarixi 17.04.2019-cu il tarixi hesab olunur, apellyasiya şikayəti verilməsi müddətinin axımı həmin tarixdən başlayıb və iddiaçı apellyasiya şikayəti verilməsi müddətini ötürüb. Bu qərardad Ali Məhkəmənin 27.08.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılıb, Ali Məhkəmə də eyni əsaslandırmadan istifadə edib. Bundan sonra iddiaçı “apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə” ərizə ilə məhkəməyə müraciət edib və ərizəni onunla əsaslandırıb ki, apellyasiya şikayəti verilməsi müddətinin axımı 1-ci sənədə (yəni 17.04.2019-cu ildən) deyil, 2-ci sənədə əsasən (yəni 15.05.2019-cu ildən) hesablanmalıdır. Əgər hazırda məhkəmə hesab etsə ki, apellyasiya şikayəti verilməsi müddətinin axımı 2-ci sənədə əsasən hesablanmalıdır, belə halda bu qərardad qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə, yəni Bakı Apellyasiya Məhkəməsinin 05.07.2019-cu il tarixli qərardadı ilə ziddiyyət təşkil edəcək. Bu, mümkün deyil, çünki qanunvericilik buna yol vermir. İddiaçı müddətin bərpası üçün başqa əsas göstərməyib. Beləliklə, müddətin axımı 17.04.2019-ci il tarixdən başlayıb və müddət ötürülüb. Müddətin ötürülməsinin üzrlü səbəbi müəyyən edilmədiyinə görə müddət bərpa edilə bilməz. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 133-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni rədd etməklə düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 27.01.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar