Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4286/2025 19.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 aprel 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 4.558,40 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Salyan rayonu, Cavadlı kəndində yerləşən və iddiaçıya məxsus evə cavabdeh Birlik tərəfindən qaz xətti çəkilmiş, qaz sayğacı quraşdırılmış və ünvana **********00000 saylı abonent kodu verilmişdir. Cavabdeh Birliyin əməkdaşı iddiaçının məlumatı olmadan küçədə quraşdırılmış qaz xəttinə və qaz sayğacına baxış keçirmiş və guya ünvanda təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi ilə əlaqədar 2018-ci ilin yanvar ayında 3.080 manat, həmin ilin dekabr ayında isə 1.478,40 manat məbləğində borc hesablamışlar. İddiaçı bildirir ki, ona məxsus evdə qaz sayğacından kənar təbii qazdan istifadə edilməmiş, istifadə edilən qazın dəyəri isə həmişə ödəmişdir. Buna görə də, o, borcu əsassız hesab edir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Cavabdeh Birliyin əməkdaşları tərəfindən iddiaçının barəsində tərtib etdikləri “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarda göstərilən halların həqiqətə uyğun olmasını təsdiq edə biləcək sübutlar cavabdeh Birlik tərəfindən məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iddiaçıya məxsus ünvanda qaz xəttinə qanunsuz qoşulma halının olub-olmamasını araşdırılması üçün iş üzrə təyin edilmiş məhkəmə-trasoloji ekspertizanın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirlinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, iddiaçıya məxsus ünvanda yerləşən qaz sayğacına və qaz xəttinə baxış keçirilmiş, lakin nə sayğaca nə də ki, qaz xəttinə kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) aşkar edilməmişdir. Buna görə də iddia əsaslı hesab edilməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə əsassız olan iddia tələbinin təmin edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakları barədə məlumat
7. İddiaçı və cavabdeh Birliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
8. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) işdə olan sənədlər barədə məlumat
9. Cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda” qeyd edilir ki, abonent olan iddiaçı sayğacdankənar əlavə xətt vasitəsilə təbii qazdan evində və fərdi istixanada istifadə edir. Əlavə xətt mənbəyini 63 mm-lik orta təzyiqli küçə xəttindən götürüb 20 mm-lik dəmir boruyla çəkilib. Əlavə xətt ləğv olunmalı, hesablanmış dəymiş ziyan ödənilməlidir.
10. Cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri xx.xx.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, iddiaçıya aid ünvanda qaz işlədicilərindən PQ2-nin maksimal saatlıq qaz sərfi 0,6 kub m/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 93 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 87 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 kub m/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 87 gün, L şəkilli sobanın maksimal saatlıq qaz sərfi 6 kub m/saat, yay ayları üçün orta günlük iş rejimi 12 saat və hesabat müddəti 31 gün, qış ayları üçün orta günlük iş rejimi 20 saat və hesabat müddəti 87 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın həcmi 15.400 kub metr hesablanmışdır.
11. Cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda” qeyd edilir ki, iddiaçıya məxsus evin həyətyanı sahəsində olan istixanada təbii qazdan qeyri-qanuni istifadə edir. Əlavə xətt ləğv olunmalı, hesablanmış dəymiş ziyan ödənilməlidir.
12. Cavabdeh Birliyin əməkdaşlarının tərtib etdikləri xx.xx.2018-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, iddiaçıya aid ünvanda qaz işlədicilərindən kvadrat şəkilli su qızdırıcının maksimal saatlıq qaz sərfi 6 kub m/saat, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 43 gün, kvadrat şəkilli su qızdırıcının maksimal saatlıq qaz sərfi 6 kub m/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 31 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın həcmi 7.392 kub metr hesablanmışdır.
13. Cavabdeh Birlik tərəfindən tərtib edilmiş “Abonentin saldosından” görünür ki, yuxarıda qeyd edilən aktlara və tələbnamələrə əsasən iddiaçıya əlavə sərfiyyat kimi cəmi 4.558,40 manat məbləğində borc hesablanmışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
14. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi və sayğacdan kənar qaz istifadəsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.
15. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).
16. Birlik, yuxarıda qeyd edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara” əsaslanaraq, həmin aktlarda təsvir edilmiş qanunazidd hərəkətlərin məhz iddiaçı tərəfindən törədilməsini, bununla da iddiaçının ona münasibətdə delikt törətməsini bildirsə də, müəyyən edilir ki, həmin aktlar mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki cavabdeh Birlik həmin aktlarda qeyd edilən faktları təsdiq edə biləcək sübutları (məsələn: video yazısı, faktın aşkar edilməsini təsdiq edə biləcək şahidləri və sair) məhkəmələrə təqdim etməmişdir.
17. Bundan başqa nəzərə alınmaldır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirlinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3/105 saylı rəydən də görünür ki, iddiaçıya məxsus ünvanda yerləşən qaz sayğacına və qaz xəttinə baxış keçirilmiş, lakin nə sayğaca nə də ki, qaz xəttinə kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz (qaynaq izi) aşkar edilməmişdir.
18. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdeh Birliyə münasibətdə delikt törədərək Birliyə maddi zərər vurması sübuta yetmir. Bu hal sübuta yetmədiyindən də, iddiaçı, cavabdeh Birliyə vurmadığı zərərin əvəzini, yəni əlavə sərfiyyata görə ona hesablanmış borcu ödəməməlidir. Rayon Məhkəməsi bu nəticəyə gələrək, həmin borcu silməkdə haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi
19. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
20. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
21. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
22. Məhkəmə həmçinin bildirir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.
23. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 aprel 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.