Məhkəmə qərarları › İş №2(103)-4287/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4287/2023

28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4287/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərzgi Qasımovanın katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 40015830 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə məişət avadanlığının (Fritoz DELONGHİ FS6067) qiyməti kimi 219,99 manat, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi kimi 30,40 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilsin, məişət avadanlığının qiyməti kimi 219,99 manat, ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi kimi 30,40 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, məişət avadanlığından müqavilənin bağlandığı gün imtina etmiş və müqavilə ləğv edilmişdir. Bu, satıcının xx.xx.2023-cü il tarixli arayışı ilə təsdiq olunur. Odur ki, qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 40015830 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, satıcı üzərinə öhdəlik götürmüşdür ki, məişət avadanlığını (Fritoz DELONGHİ FS6067) alıcının mülkiyyətinə verəcək, alıcı isə üzərinə öhdəlik götürmüşür ki, məişət avadanlığının qiymətini – 219,99 manatı 6 ay ərzində hissə-hissə satıcıya ödəyəcək. Lakin həmin gün alıcı məişət avadanlığını almaqdan imtina etmişdir. Bu, satıcı "xxxx" MMC-nin verdiyi xx.xx.20203-cü il tarixli arayışla təsdiq olunur. Həmin arayışda qeyd olunub ki, alıcı Cavabdeh satıcı "xxxx" MMC ilə xx.xx.2022-ci il tarixli 40015830 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlamış, sonradan müştəri müqavilə üzrə sifariş etdiyi 219,99 manat dəyərində məhsuldan imtina etmiş, nəticədə həmin müqavilə ləğv edilmiş, hazırda alıcının satıcıya bu müqavilə üzrə borcu yoxdur. Mülki Məcəllənin 424.2-ci maddəsinə görə, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Odur ki, alıcı Cavabdeh məişət avadnlığının qiymətini ödəmək öhdəliyi xitam olunmuşdur. Öhdəliyə xitam verildikdən sonra "xxxx" MMC ilə "xxxx" QSC-nin arasında bağlanmış faktorinq müqaviləsi ilə 219,99 manat tələb hüququnun "xxxx" QSC-yə keçməsi razılaşdırılmışdır. "xxxx" QSC bu müqaviləyə əsaslanaraq hazırkı iddianı irəli sürmüşdür. Lakin tələb hüququ keçənə qədər xitam olunub, Mülki Məcəllənin 655.1-ci maddəsinə görə, xitam olunmuş pul tələbi faktorinq müqaviləsi üzrə faktora keçə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiası rədd olunsun. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 (on beş) manat "xxxx" QSC-dən alınaraq Cavabdeh verilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar