Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-429/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: özbaşına tikilinin sökülməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X5 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-66/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindəndən görünür ki, Bakı şəhəri. 2 nömrəli Zeytun Sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. Çıxarışda torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları olaraq qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı ASC cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Cavabdeh2 qarşı – cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 adına qeydə alınmış ********** nömrəli çıxarışın ləğv edilməsi, Xətai rayonu, 2 nömrəli Zeytun Sovxozunun ərazisindən keçən kollektorların üzərində və mühafizə zonalarında inşa edilmiş tikililərin sökülməsi və mühafizə zonalarının boşaldılmasının təmin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı Açıq Şəhmdar Cəmiyyəti istehlakçıların mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur. Belə ki, içməli suyun fasiləsiz və normal qaydada abonentlərə çatdırılması, su və kanalizasiya sistemlərinin mütəmadi olaraq nəzarətdə saxlanılması, onlara mütəmadi texniki xidmətin göstərilməsi Səhmdar Cəmiyyətinin mühüm vəzifələrindəndir. İddia üzrə Cavabdeh2 tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus ötən əsrin 80-cı illərindən sonra istismarda olan Xətai rayonun ərazisindən keçərək Bakı şəhərinin bir hissəsinin yağış və tullantı sularını nəql edən 2 ədəd diametri 1200 mm olan “Yeni Günəşli" kollektorların Xətai rayonu, 2 nömrəli Zeytun Sovxozunun ərazisindən keçən hissəsinin üzərində özbaşına tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Kollektorun üzərində aparılan qanunsuz tikinti işləri ilə bağlı araşdırma aparılarkən Cavabdeh2 tərəfindən kollektorun keçdiyi əraziyə mülkiyyət hüququnun ona məxsus olduğu iddia edilmiş və 2 nömrəli Zeytun Sovxozunun ərazisindən 0,02 hektar ölçüdə torpaq sahəsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş çıxarışı əməkdaşlara təqdim etmişdir. Lakin şəxs çıxarışda göstərilən torpaq sahəsinin məhz tikinti apardığı torpaq sahəsi olduğunu sübut edə bilməmişdir. Eyni zamanda hesab edirik ki, çıxarışda göstərilən ərazi tikinti aparılan həmin ərazini əhatə edəcəyi halda belə hüquqlar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində dövlət qeydiyyatına alınması əsassızdır. Çirkab su xəttinin üzərində və mühafizə zonasında hərhansı tikilinin inşası nəticəsində adı çəkilən kəmərə vaxtlı-vaxtında texniki xidmətin göstərilməsi qeyri-mümkün olmuşdur ki, bu da potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrinin baş verməsinə, mümkün bədbəxt hadisələrə səbəb olmaqla, onların vaxtında və operativ şəkildə qarşısının alınmasına ciddi maneələr yaradacaqdır. Eyni zamanda, bu hallar müvafiq mühəndis kommunikasiya qurğularının zədələnməsi və suyun tərkibinə kənar mənfi təsir riskini artırmış olur. Bu isə öz növbəsində əhalinin gigiyenik təhlükəsizliyi üçün risk yaradır, istehlakçıların həyat və sağlamlığına ziyan dəyməsi riskini artırır. Nəticədə yuxarıda adı çəkilən tikili nəticəsində magistral çirkab su xəttinin böyük hissəsinə vaxtlı-vaxtında texniki xidmət göstərilməsi qeyri-mümkün olmuşdur ki, bu da potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrin başverməsi, çirkab suyun əraziyə axmasıyla su itkisinin yaranma ehtimalını artırır, baş verə biləcək qəzaların vaxtında və operativ şəkildə qarşısının alınmasında ciddi maneələr yaradır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-66/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın ləğv edilməsi” barədə iddia tələbi üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilməsi qərara alınmışdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-66/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ASC-nin cavabdehlər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Xətai rayonu, 2 nömrəli Zeytun Sovxozu ünvanında yerləşən ərazidə 0,02 ha torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə mülkiyyətindədir. Qeyd edilən torpaq sahəsi ilkin olaraq Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış, torpaq sahəsinin təyinatı yaşayış məntəqələri üçün nəzərdə tutulan torpaq olaraq qeyd edilmişdir. Cavabdeh2 yaşayış məntəqələri üçün nəzərdə tutulan mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ dövlət tərəfindən reyestrdə qeydiyyata alındığından, mülkiyyət isə dövlət tərəfindən müdafiə olunuğundan, iddiaçı tərəfindən irəli sürülmüş cavabdehin qanunla müəyyən edilmiş qaydada mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi və mühafizə zonalarının boşaldılması barədə iddiası təmin edilməməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152, 180.1, 180.2, 240.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, 216-220-cİ maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-66/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsinə, iddia tələbinin təmin edilməsinə və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri üzrə abonentlər tərəfindən axıdılan çirkab suların davamlı nəql edilərək tam tənzimlənməsinə nail olunması üçün təmizləyici qurğular və kanalizasiya xətlərinin mütəmadi olaraq nəzarətdə saxlanılması və onlara vaxtaşırı texniki xidmətin göstərilməsi olduqca vacib məsələdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus 1980-ci ildən hazırki tarixədək istismarda olan, Suraxanı və Xətai rayonlarının ərazisindən keçərək Bakı şəhərinin bir hissəsinin yağış və tullantı sularını nəql edən hər birinin diametri 1200 mm olan “Yeni Günəşlı” kollaktorlarının Xətai rayonu, 2 nömrəli Zeytun Sovxozunun ərazisindən keçən hissəsinin üzərində vətəndaş Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanununun, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Qanunun, “Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”nın, “Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının və digər normativ hüquqi aktların tələbləri kobud surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Qeyd olunan kollektorun üzərində və qanunla müəyyən edilmiş mühafizə zonasında özbaşına tikililərin inşası nəticəsində kollektora vaxtı-vaxtında texniki xidmətin göstərilməsi və normal istismarı qeyri-mümkün olmuş və nəticədə kollektorda qəza təhlükəsi yaranmışdır. Bu da təhlükə mənbəyi olmaqla bədbəxt hadisələrin baş verməsi ehtimalını artırmış, oradan istifadə edən və ətrafda yaşayan şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün real təhlükə riskini yaratmışdır. Eyni zamandan kollektorun altında qalan hissəsdə baş verəcək qəzalara müdaxilə edərək qəza-bərpa işləri aparmaq qeyri-mümkün olmaqla qəzalı hissədən xaric olan tullantı suları ətrafa axaraq ərazidə yaşayan və fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin həyat və sağlamlığına, əmlakına ziyan vuracaqdır. Həmçinin qeyd olunan tikilinin mövcudluğu kollektorun istismarını, bu istiqamətdə İddiaçı ASC-nin nizamnaməsi üzrə müəyyən edilmiş funksiyalarının icrasında çətinliklər yaradır. Qeyd olunan hallara baxmayaraq “Kanalizasiya kollektorunun üzərində və qanunla müəyyən edilmiş mühafizə zonasında inşa edilmiş özbaşına tikilinin sökülərək mühafizə zonasının boşaldılması tələbinə dair İddiaçı ASC-nin iddiasını məhkəmə rədd etmişdir. Digər tərəfdən Xətai rayonu, 2 nömrəli Zeytun Sovxozu ünvanında yerləşən ərazidə 0,02 ha torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməklə mülkiyyətindədir. Torpaq sahəsi ilkin olaraq Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış, torpaq sahəsinin təyinatı yaşayış məntəqələri üçün nəzərdə tutulan torpaq olaraq qeyd edilmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş çıxarışın qüvvədə olub-olmamasını, qüvvədə olacağı halda sənəd ilə əhatə olunan ərazinin həmin ərazi olub olmamasını, kollektorun üzərində yerləşən hissəya tikintiyə razılığın olub-olmamasını, sonradan inşa edilmiş olmasını araşdırmamış və ilkin, natamam məlumatlarla qətnamə qəbul etmişdir. İşin faktiki halı və təqdim edilmiş sübutlar təsdiq edir ki, hər birinin diametri 1200 mm olan “Yeni Günəşlı” kollaktorları 1980-ci ildən bəri istismardadır. Cavabdeh tərəfindən sonradan inşa edilmiş qanunsuz tikili nəticəsində kollektorlar tikilinin altında qalmış və cavabdeh tərəfindən qanunla qorunan mühafizə zonası pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5551 saylı rəyinə əsasən tədqiq olunan ünvanda İddiaçı ASC-nin balansında olan “Yeni Günəşli” kollektorunun üzərində Cavabdeh2 tərəfindən inşa olunmuş yaşayış evinin həmin kollektorun mühafizə zonasında yerləşdiyi müəyyən olunur. Qeyd olunur ki, tədqiq olunan yaşayış evinin İddiaçı ASC-nin balansında olan “Yeni Günəşli” kollektorunun mühafizə zonasında yerləşdiyi nəzərə alındıqda, həmin evin “Su təchizatı və tullantı sular haqqında” Azərbaycan Respublikasının Qanununun 70-ci maddəsini və Torpaq Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən olunur. Məhkəmə işi araşdırarkən mühafizə zonası pozulmuş yağış və tullantı sularını nəql edən hər birinin diametri 1200 mm olan “Yeni Günəşlı” kollaktorlarının xüsusi əhəmiyyətə malik olmasını, ətraf ərazilərin böyük hissəsinin tullantı sularını nəql etdiyini və üzərində tikililərin inşası səbəbindən qəza baş verəcəyi halda bərpa işlərinin mümkünsüz olacağını və həmçinin ətrafda yaşayan və fəaliyyət göstərən şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə yaradacağını və belə hallara görə kimin məsuliyyət daşıyacağını nəzərə almamışdır. Məhkəmə qətnamə qəbul edərkən tikililərin inşası nəticəsində iki ədəd kollektorun tikilinin altında qalan hissəsinə vaxtlı-vaxtında texniki xidmətin göstərilməsi qeyri-mümkün olmasını, bu halın da potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrə və su itkisinə səbəb olmaqla onların vaxtında və operativ şəkildə qarşısının alınmasına ciddi maneələr yaradacağını və eyni zamanda, bu hallar müvafiq mühəndis kommunikasiya qurğularının zədələnməsi və əhalinin gigyenik təhlükəsizliyi üçün risk yaratdığını, kollektorun tikilinin altında qalan hissəsində baş verəcək qəzalara müdaxilə edərək qəza-bərpa işlərinin aparılmasının qeyri-mümkün olmayacağını, nəticədə qəzalı hissədən xaric olan tullantı sularının ətrafa axaraq həmin tikilidə, ərazidə yaşayan və fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin həyat və sağlamlığına, əmlakına ziyan vuracağını nəzərə almamışdır. Bütün bu hallar birdaha təsdiq edir ki, məhkəmə tərəfindən iş araşdırılarkən işin faktiki halları tam və lazımi qaydada araşdırılmadan qətnamə qəbul edilmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianı rədd edərkən iş üzrə faktiki halları tam araşdırmamışdır. Belə ki, məhkəmə qərar verərkən işin faktik hallarını lazımi qaydada araşdırmamış, iş üçün əhəmiyyət kəsb edən sullara aydınlıq gətirilməmiş və mövcud faktlara düzgün hüquqi qiymət verilməmişdir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
11. İddiaçı ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək bildirir ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş edir. Özbaşına tikili olması ekspertizada da müəyyən olunmuşdur. Həmin ərazidə tikilinin olması insan sağlamlığı üçün təhlükə yaradır. Onlar buna görə də çıxarışın ləğvi ilə bağlı inzbati məhkəməsində iddia qaldırmışdılar. Mülki qaydada çıxarışın ləğvi ilə bağlı iddia qaldırmayıblar.
12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq normaları:
13. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
14. Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.
15. Mülki Prossesual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 103.1 Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, iddiaçı tələbində çıxarışın ləğvi, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun Sovxozunun ərazisindən keçən kollektorların üzərində və mühafizə zonalarında inşa edilmiş tikililərin sökülməsi və mühafizə zonalarının boşaldılmasını xahiş etmişdir.
21. Birinci instasniya məhkəməsi tərəfindən çıxarışın ləğvi tələbi üzrə icraata xitam verilmişdir. Həmin qərardad mübahisələndirilməmişdir. Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun Sovxozunun ərazisindən keçən kollektorların üzərində və mühafizə zonalarında inşa edilmiş tikililərin sökülməsi və mühafizə zonalarının boşaldılması tələbi üzrə isə iddia təmin edilməmişdir.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddia tələbi əsassızdır. Çünki, Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun Sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərində Cavabdeh2 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Çıxarışda torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpaqları olaraq qeyd edilmişdir.
23. İşə birinci instansiya məhkəməsində baxılması zamanı iş üzrə ekspertiza təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 may 2022-ci il tarixli, 10/5551 ekspert rəyində qeyd edilir ki, baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan tikili 1 mərtəbəli olub, yaşayış evi kimi istifadə olunur. Yaşayış evinin divarları mişarlanmış əhəng daşları ilə hörülmüş, dam hissəsi metal şiferlə örtülmüşdür. Tikilinin uzunluğu 11,0 metr, eni 8,5 metr təşkil edir. Qeyd olunur ki, İddiaçı ASC-nin balansında olan “Yeni Günəşli” kollektoru bir neçə metr dərinlikdə torpağın altından çəkildiyindən, tədqiq olunan tikilinin hansı hissəsinin və hansı ölçüdə həmin kollektorun üzərində yerləşdiyini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Lakin tədqiq olunan yaşayış evinin yerləşdiyi əraziyə baxış zamanı, həmin ərazidə yeraltı kollektorun baxış quyularının mövcud olduğu müəyyən edilmişdir. Baxış quyularının faktiki vəziyyətdə planlı yerləşməsini (yəni eyni istiqamət üzrə yerləşdiyini) nəzərə aldıqda, X1 məxsus yaşayış evinin həmin kollektorun üzərində inşa edildiyi müəyyən olunmuşdur. Qeyd olunur ki, “Su təchizatı və tullantı suları haqqında" Azərbayçan Respublikasının qanununun 70-ci maddəsinə əsasən, Su təchizatı və kanalizasiya müəssisəsinin rəsmi (yazılı) icazəsi olmadan su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında müəyyən olunmuş ərazilər hüdudlarında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistrallardan, boru kəmərlərindən və digər texniki qurğulardan beş metrdən az olan məsafədə hər hansı torpaq və tikinti işlərini yerinə yetirmək qadağandır. Həmçinin su kəmərləri və kanalizasiya texniki qurğularının hər hansı torpaq, daş və digər mühafizə örtüklərini, hasar və dayaqlarını dağıtmaq və ya çıxarmaq qadağandır. Eyni zamanda Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən, elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiq olunan ünvanda yerləşən tikilinin yaşayış evi kimi inşa olunduğu və istifadə edildiyi, yaşayış evinin yerləşdiyi ərazidən "xxxx" ASC-nin balansında olan "Yeni Günəşli" kollektorunun keçdiyi nəzərə alındıqda, X3 tərəfindən inşa olunmuş yaşayış evinin həmin kollektorun mühafizə zonasında yerləşdiyi müəyyən olunur. Qeyd olunur ki, tədqiq olunan yaşayış evinin "xxxx" ASC-nin balansında olan “Yeni Günəşli" kollektorunun mühafizə zonasında yerləşdiyi nəzərə alındıqda, həmin evin "Su təchizatı və tullantı suları haqqında" Azərbayçan Respublikasının qanununun 70ci maddəsinini və Torpaq Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən olunur.
24. Göründüyü kimi, ekspert rəydə qeyd edir ki, : “tikilinin uzunluğu 11,0 metr, eni 8,5 metr təşkil edir. Qeyd olunur ki, İddiaçı ASC-nin balansında olan “Yeni Günəşli” kollektoru bir neçə metr dərinlikdə torpağın altından çəkildiyindən, tədqiq olunan tikilinin hansı hissəsinin və hansı ölçüdə həmin kollektorun üzərində yerləşdiyini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Lakin tədqiq olunan yaşayış evinin yerləşdiyi əraziyə baxış zamanı, həmin ərazidə yeraltı kollektorun baxış quyularının mövcud olduğu müəyyən edilmişdir. Baxış quyularının faktiki vəziyyətdə planlı yerləşməsini (yəni eyni istiqamət üzrə yerləşdiyini) nəzərə aldıqda, X1 məxsus yaşayış evinin həmin kollektorun üzərində inşa edildiyi müəyyən olunmuşdur”. Digər tərəfdən isə Bakı şəhəri, Xətai rayonu, 2 nömrəli Zeytun Sovxozu ərazisində yerləşən 0,02 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ vardır. Torpaq sahəsi barəsində verilmiş çıxarışda torpaq sahəsinin təyinatı yaşayış məntəqələri üçün nəzərdə tutulan torpaq sahəsi olaraq qeyd edilmişdir.
25. Mülki Məcəllənin 140-cı maddəsində qeyd edilir ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
26. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ müəyyən edildiyindən, habelə torpaq sahəsinin təyinatı yaşayış məntəqələrinin torpağı olduğundan həmin tikililərin sökülməsi tələbi əsassızdır. Torpaq sahəsi ilə bağlı verilmiş çıxarış mübahisələndirilsə də, icraata xitam verilmişdir. Həmin qərardaddan şikayət verilməmişdir.
27. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
28. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
29. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-66/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev