Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-429/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-429/2025 (Açar sözlər: kompensasiya ödənilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X12 və X6 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh3, Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı "kompensasiya ödənilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-2928/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə 26 fevral 2025-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 saylı sərəncamı əsasında Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "Kristal Bakı” ASC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "Kristal Bakı” ASC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.
2. İddia tələbinə əsasən cavabdehlərin istifadəsində olan özbaşına tikili ev Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Cavabdehlərin istifadəsində olan özbaşına tikili evin yaxınlığındakı özbaşına tikililərin sökülməsi barəsində digər şəxslərin iddiaçı ilə razılığa gəlmələrinə baxmayaraq, cavabdehlər müvafiq tikinti norma və qaydalarına, tikinti texnologiyasına uyğun tikilməmiş, şəhərin görkəminə xələl gətirən özbaşına tikililərin sökülməsi qarşılığında tamamilə əsassız və qeyri-real mənzillər tələb etməsi və razılıq əldə edilmədiyi təqdirdə isə binanın tikintisinə maneə yaratmaqla hüquqdan sui-istifadə etməklə, müvafiq sərəncamın icrasının həyata keçirilməsinə mane olur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı "kompensasiya ödənilməklə özbaşına tikilinin boşaldılaraq sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 15.000 manat ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) yerləşən ərazidə ona məxsus özbaşına tikilinin boşaldılaraq sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Daha sonra iddiaçı “Kristal Bakı" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə əlavə cavabdehlərin cəlb edilməsi və iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, hazırki mülki iş üzrə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabde qismində cəlb edilməsi, "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 32.000 manat ödənilməklə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M167 ünvanında onların istifadəsində olan ev kimi nəzərdə tutlmuş özbaşına tikilinin boşaldılaraq sökülməsi və "xxxx" ASC tərəfindən Cavabdeh2 23.000 manat ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-167 ünvanında onların istifadəsində olan ferma kimi nəzərdə tutulmuş özbaşına tikilininboşaldılaraq sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə 09 avqust 2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ümumilikdə 36150 manat və Cavabdeh2 37000 manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə cavabdehlərə məxsus özbaşına tikililər boşaldılaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimalqərb hissəsi) yerləşən ərazidə, yerquruluşu planında göstərilən kordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" ASC tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədilə "xxxx" ASC-yə icarə əsasında istifadəsinə verilmişdir. Bununla bağlı, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 23 dekabr 2021-ci il tarixli, 340 Nq- İİ sərəncamının icrası məqsədilə iddiaçı tərəfindən müxtəlif dövlət orqanlarına və Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililərin istifadəçilərinə müraciətlər edilmiş və həmin tikililər barədə məlumatlar əldə edilmişdir. Belə ki, əldə olunmuş məlumatlar əsasında məlum olmuşdur ki, Sərəncamda qeyd olunan ərazidə yerləşən tikililər qanunsuz tikililərdir, bəzi vətəndaşlar, eləcə də hazırki iddia üzrə cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş torpaq sahələridir və həmin ərazidə özlərinə heç bir norma və tikinti qaydalara uyğun olmayan yararsız, tam və yarımçıq yaşayış və qeyri-yaşayış sahələri tikmişlər, həmin tikililər qanunsuz olmaqla yanaşı, həm də istifadə üçün yararsız və qəzalı vəziyyətdədir. Bununla bağlı olaraq, Sərəncamın icrasının təmin edilməsi və yeni yaşayış kompleksinin tikilməsi məqsədilə, həmin ərazidə yerləşən və qanunsuz (özbaşına) tikilmiş yaşayış və qeyri-yaşayış sahələrinin istifadəçiləri olan digər vətəndaşlarla bərabər hazırki iddia üzrə cavabdehlə dəfələrlə tərəfimizdən danışıqlar aparılmış və onlara həmin özbaşına (qanunsuz) tikililərin real dəyərinə uyğun kompensasiya ödənilməsi şərtilə sökülməsi üçün real təkliflər edilmişdir. Göstərilən sərəncamın icrası ilə bağlı, "xxxx" ASC tərəfindən həmin ərazidə yerləşən digər sahə istifadəçilərinin əksəriyyəti ilə danışıqlar aparılmış və razılıq əldə olunaraq real dəyərə uyğun kompensasiya ödənilmiş və həmin tikililərin sökülməsi təmin edilmişdir. Yuxarıda qeyd edilənlərə baxmayaraq, cavabdeh hər hansı bir razılığa gəlməkdən birmənalı şəkildə imtina edir, hər bir vəchlə hüquqlarından sui-istifadə etməklə, sərəncamın icrası ilə razılaşmayaraq, ədalətsiz məbləğdə qanunla nəzərdə tutulmayan, böyük məbləğdə kompensasiya tələb etməklə əsassız varlanmaq niyyətindədir və bu hərəkətləri ilə digər mülkiyyətçilərə və şirkətə külli miqdarda ziyan vurur. Qeyd olunan faktlar və tikililərin real qiyməti və sahəsi barədə tərəfimizdən, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzində uzun illər işləmiş və dərin bilik və təcrübəyə sahib olan, X2 ekspertlərinə müraciət edilmiş və bu barədə müvafiq ekspertiza rəyləri əldə edilmişdir. “X5” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 60/2 №-li rəyə əsasən Cavabdeh1 tərəfindən M-167 ünvanında inşa olunmuş tikililər qanunsuz (özbaşına) tikililərdir, tikinti qaydalarına uyğun inşa olunmamışdır, qəzalı və yararsız vəziyyətdədir, tikillərin ümumi dəyəri - 15.000 manatdır. Ekspertiza rəyinin məzmunundan, inşa olunmuş qanunsuz tikililərin fotoşəkillərdən görünür ki, həmin tikililər tam yararsız və tikinti qaydalarına uyğun inşa edilməmişdir, əksəriyyəti yarımçıq tikililərdir, ümumilikdə istifadə üçün təhlükəli və bərbad vəziyyətdədirlər. Bununla belə "xxxx" ASC-nin öhdəliyi olmasa belə humanistlik nümayiş etdirərək, sərəncama əsasən sosial əhəmiyyətli dövlət layihəsinin icrasının təmin edilməsi ilə bağlı xərcləri öz üzərinə götürür və cavabdehin istifadəsində olan qanunsuz (özbaşına) tikilinin sökülməsi qarşılığında ona tikilinin real dəyərində kompensasiya ödənilməsini öhdəsinə götürür. Cavabdeh isə bununla razılaşmaqdan imtina etsə də, belə imtina qanuni hesab edilə bilməz. Belə ki, cavabdeh tərəfindən inşa edilmiş tikilinin özbaşına, qanunsuz tikili olmaqla qəzalı vəziyyətdə saxlanılması, ASC ilə müqavilə bağlamış digər vətəndaşların hüquqlarını pozur və həmin ərazidə yeni yaşayış kompleksinin tikilməsinə, bununla bağlı verilmiş Sərəncamın icrasına mane olur. Göründüyü kimi, cavabdehin qanunsuz tikilisi maraqlı şəxs olaraq "xxxx" ASCnin hüquqlarını pozur və digər vətəndaşlar qarşısında götürdüyü öhdəliklərin icrasına maneəçilik yaradır. Bu isə "xxxx" ASC-yə işlərin ləngiməsi ilə əlaqədar külli miqdarda maddi ziyan vurur və digər sakinlərin mənzil hüquqlarının pozulması ilə nəticələnən müqavilə öhdəliklərinin icrasını ləngidir. ASC olaraq sərəncamın icrasının gecikməməsi məqsədilə, cavabdehə kompensasiya ödənilməsi üçün real təkliflər olunmuş, lakin buna baxmayaraq o, həmin təklifdən imtina etmiş və nəticədə ASC-yə külli miqdarda ziyan vurmuş və hazırda da vurmaqdadır.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2928/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia təmin edilmiş, iddiaçı "xxxx" ASC tərəfindən cavabdehlər Cavabdeh1 12050 manat, Cavabdeh3 12050 manat, Cavabdeh4 12050 manat olmaqla, ümumilikdə 36150 manat və Cavabdeh2 37000 manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə cavabdehlərə məxsus özbaşına tikililər boşaldılaraq sökülməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinin əvəzi 500 manatın cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada tutularaq “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 180.1, 180.2, 180.4-cü maddələrinə, Mənzil Məcəlləsinin 15-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 13.7, 14.2, 77.1, 88, 119.1, 217.4, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxış zamanı Bakı şəhər İcra Hakimiyyətinin 340 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamından məlumatlı olmuşdur. Həmin sərəncam hüquqlarına və qanuni maraqlarına toxunduğundan Sərəncamın ləğvi barədə Bakı İnzibati məhkəməsində iddia qaldırmışdır. İddia 2-1(112)-10215/2024 iş nömrəsi ilə Bakı İnzibati Məhkəməsində hakim Aygün Abdullayevanın icraatına qəbul edilərək baxılmaqdadır. Belə ki, Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 146/25 saylı sərəncamı əsasında Qanlı Göl yaxınlığında X13 tərəfindən mövcud təsərrüfat tikintilərinin yerləşdiyi ərazidə yardımçı təsərrüfat yaradılması və tikinti işləri aparılması faktı təsdiq edilmiş, yaşayış məqsədləri üçün yardımçı tikililərin tamamlanmasına icazə verilmiş, sahənin və ətrafın sanitar vəziyyətin nümunəvi saxlanması X7 həvalə edilmişdir. Həmin Sərəncama əlavə edilmiş sxemdən ayrılmış torpaq sahəsinin və mövcud tikililərin ölçüləri qeyd edilmişdir. X13 xx.xx.2001-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 5 saylı notariat ofisi tərəfindən X4 ölümü ilə bağlı vərəsəlik işi açılmış və Bakı şəhəri, Yasamal rayonu, “Qanlı Göl” ətrafı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə çıxarış verilməsi üçün Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-ə müvafiq məktub göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 4390/2023 saylı qərardadına əsasən Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 146/25 saylı sərəncamı ilə ayrılmış Bakı şəhəri, Yasamal rayonu, Qanlı Göl qərb hissəsində yerləşən torpaq sahəsində yerləşən 80 kv.m sahəsi olan fərdi yaşayış evi Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 istifadəsinə, Bakı şəhəri Yasamal rayonu, Qanlı Göl qərb hissəsində yerləşən torpaq sahəsi və torpaq sahəsi üzərində yerləşən 300 kv.m yaşayış sahəsi olan fərdi yaşayış evi Cavabdeh2 istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 340 nömrəli xx.xx.2021-ci il tarixli Sərəncamı inzibati aktı olduğundan həmin inzibati akt qəbul edilərkən maraqlarına toxunan şəxslər inzibati icraata cəlb edilməli idilər. Yəni Bakı şəhər İcra Hakimiyyəti inzibati icraat zamanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin mövcud mülkiyyətçilərini müəyyən etməli, onların maraqlarına toxunduğundan iş üzrə icraata onları cəlb etməli və bundan sonra inzibati icraatın yekunu barədə inzibati aktı qəbul etməli idi. Lakin görünən odur ki, Bakı şəhər İcra Hakimiyyəti onu və digər cavabdehləri işə cəlb etməmiş və hüquqlarına toxunan inzibati akt qəbul etmişdir. Bu isə onların mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamı onun hüquqlarına və qanuni maraqlarına toxunduğundan onun ləğvi barədə iddiaya baxılıb qurtarılana qədər Bakı şəhər Yasamal rayon məhkəməsində olan icraat dayandırılmalı idi. Vəsatət verilməsinə baxmayaraq hakim həmin vəsatəti təmin etməmiş, hakimin bu hərəkəti obyektivliyi pozduğundan ona qarşı etiraz edilmiş, lakin etiraz baxılmamış saxlanılmışdır. Bundan sonra məhkəmə öz təşəbbüsü ilə əmlakları qiymətləndirməyə göndərmiş və gəlmiş qiymətlər əsasında iddianı təmin etmişdir. Halbuki Bakı İnzibati Məhkəməsində olan iş hazırkı işin taleyini həll etməkdədir. Belə ki, həmin iddianın müsbət həlli halında hazırkı iş üzrə iddiaçının subyektiv hüququ mövcud olmayacaqdır. Bu isə iddianın rədd edilməsi üçün əsasdır. Bu halda məhkəmənin iddianı yekunlaşdırması və mövcud qətnaməni qəbul etməsi qanunvericiliyin tələblərini pozmasıdır. Eyni zamanda mövcud qiymətlərdə mövcud əmlakın real bazar qiymətini təşkil etməmiş, bununla bağlı əlavə qiymətləndirmənin təşkil edilməsinə şərait yaradılmamışdır.
11. Qətnamədən həmçinin Cavabdeh2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Bu apellyasiya şikayəti də Cavabdeh1 şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Proses iştirakçılarının izahatı
14. Apellyasiya baxışında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, onlar pul deyil, ev istəyirlər.
15. Apellyasiya baxışında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin təmin olunmasını xahiş edərək bildirmişdir ki, onlar pul deyil, ev istəyirlər.
16. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, müvafiq sərəncam verilsə də, qanunvericiliyin tələblərini pozmaqla verilmiş sərəncamdır, torpağın rəsmiləşdirilməsi, özəlləşdirilməsiylə əlaqədar reyestr orqanlarına müraciət də edilməmişdir. Mübahisə predmeti olan əmlak özbaşına tikilidir, əgər əmlakın sənədi olsaydı, onlara icarə müqaviləsi əsasında verilməzdi. Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin müvafiq qərarları vardır ki, tikilinin ən azından dəyəri ödənilməlidir. Onlar ekspert rəyində göstərilən məbləğlə razılaşırlar və bu barədə ərizə də təqdim edirlər. İşin uzanmasını istəmirlər. Onu da qeyd edir ki, müvafiq tikiliyə görə qarşı tərəfin ev tələb etməsi ədalətli deyildir.
17. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
18. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
19. Maddə 12, İ hissə. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir;
20. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;
21. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
22. Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
24. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
25. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
26. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
27. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur;
28. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir;
29. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır;
30. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur;
31. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
32. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;
33. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
34. Maddə 3.1. Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.
35. Maddə 28.1. Mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtlı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır.
36. Maddə 28.3. Mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir.
37. Maddə 28.4. Qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
38. Maddə 4.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir.
39. Maddə 4.2 və 4.2.1. Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
40. Maddə 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
41. Maddə 67.1-1. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir.
42. Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.
43. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
50. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
51. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə tərəfindən cavabdehə məxsus tikilinin sökülməsi müqabilində kompensasiya məbləği kimi ödənilməli pul vəsaiti müəyyənləşdirilərkən diqqətəlayiq olan bütün hallar nəzərə alınmamışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsi müəyyən edilmiş kompensasiyanın məbləği ilə bağlı hissədə dəyişdirilməlidir.
52. Belə ki, işin halları ilə əlaqədar qısaca qeyd etmək lazımdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 saylı sərəncamı əsasında Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "Kristal Bakı” ASC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "Kristal Bakı” ASC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. İddia tələbinə əsasən cavabdehlərin istifadəsində olan özbaşına tikili ev Bakı şəhərinin müasir vəziyyətinə cavab vermir və görkəminə uyğun deyildir. Şəhərin görkəminə xələl gətirən bir tikilidir. Cavabdehlərin istifadəsində olan özbaşına tikili evin yaxınlığındakı özbaşına tikililərin sökülməsi barəsində digər şəxslərin iddiaçı ilə razılığa gəlmələrinə baxmayaraq, cavabdehlər müvafiq tikinti norma və qaydalarına, tikinti texnologiyasına uyğun tikilməmiş, şəhərin görkəminə xələl gətirən özbaşına tikililərin sökülməsi qarşılığında tamamilə əsassız və qeyri-real mənzillər tələb etməsi və razılıq əldə edilmədiyi təqdirdə isə binanın tikintisinə maneə yaratmaqla hüquqdan sui-istifadə etməklə, müvafiq sərəncamın icrasının həyata keçirilməsinə mane olur.
53. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən iddia tələbi üzrə hüququ dəyərləndirmə həyata keçirilərkən iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə mütənasibliyi və “demokratik cəmiyyətdə zəruri” olub-olmaması məsələsi dəqiq müəyyən edilməlidir. Buraya evin qanunsuz tikilib-tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə bunu etməsi, qeyri-qanuniliyin xarakteri və dərəcəsi, söküntü ilə qorunmaq istənilən marağın dəqiq xarakterinin nə olması, söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerlərinin olub-olmaması və digər diqqətəlayiq hallar aid edilə bilər. Bundan başqa, qanunsuz tikilmiş yaşayış yerinin yerləşdiyi torpaq sahəsinin təcili olaraq neft-qaz əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olub-olmaması məsələsi ətraflı araşdırılmalıdır. Belə araşdırma özlüyündə qərar qəbul edən məhkəməyə imkan verəcəkdir ki, vətəndaşın şəxsi şəraitinin hallarını nəzərə almaqla müdaxilənin (söküntünün, çıxarılmanın və s.) mütənasibliyini təmin edə bilsin və onun yaşayış yerinə müdaxilənin adekvat şəkildə yenidən baxılmasına imkan verən proseduru təsbit etsin.
54. İddia tələbinin əsaslılığı ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 saylı sərəncamından göründüyü kimi "Kristal Bakı” ASC-nin xx.xx.2021-ci il tarixli 25 nömrəli və Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 1997/d nömrəli müraciətlərini, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli **********57 nömrəli, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2021-ci il tarixli XO-xx-xx-2021- 08052 nömrəli razılıq məktublarını nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərini rəhbər tutaraq, Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 25,31 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "Kristal Bakı” ASC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "Kristal Bakı” ASC-nin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.
55. Müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 nömrəli sərəncamı təşkil edir və Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə yerləşən mövcud özbaşına tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi də həmin sərəncamın 1.1-ci bəndinə uyğun həyata keçirilir. Qeyd edilən sərəncamın icrasının həyata keçirilməsinə cavabdehlər tərəfindən əsassız maneələr yaradıldığından, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
56. Mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
57. Göründüyü kimi mübahisə predmeti olan, tikinti norma və qaydalarının tələblərinə cavab verməyən cavabdehlərə məxsus olan özbaşına tikili insanların həyat və sağlamlığına ciddi təhlükə olmaqla yanaşı, cavabdehlərin iddiaçının təklifini qəbul edərək, özbaşına tikilini boşaltmaması ərazidə standartlara uyğun, yeni yaşayış binasının tikilməsi ilə bağlı sərəncamın icrasına maneçilik yaradır. Buna görə də kollegiya hesab edir ki, iddia tələbi mahiyyəti üzrə əsaslı olmaqla rədd olunması ilə bağlı şikayətlərin dəlilləri əsassız hesab olunmalıdır.
58. Kollegiya cavabdehlərin mülkiyyət hüquqlarının təsdiqi kimi əsaslandıqları Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli, 146/25 saylı sərəncamına münasibətdə isə aşağıdakıları qeyd edir.
59. Belə ki, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli “X13 tərəfindən Qanlı Gölün ətrafında yardımçı təsərrüfat yaradılması faktının təsdiq edilməsi” barədə sərəncamına əsasən X13 tərəfindən Qanlı Gölün yaxınlığında mövcud təsərrüfat tikililərinin yerləşdiyi ərazidə yardımçı təsərrüfat yaradılması və tikinti işlərinin aparılması faktının təsdiq edilməsi, A.Fətəliyevə qeyri-yaşayış məqsədləri üçün yardımçı tikililərin tamamlanmasına icazə verilməsi qərara alınmışdır.
60. İddiaçının istinad etdiyi yuxarıda adıçəkilən sərəncamın məzmunundan da göründüyü kimi iddiaçının mərhum atasına verilən icazənin təyinatı məhz qeyri-yaşayış məqsədləri üçün yardımçı tikililərin tamamlanması ilə bağlı olmuş, cavabdehlər isə həmin ərazidə yaşayış üçün özbaşına tikili inşa edərək orada məskunlaşmışlar. Bu halda həmin sərəncam cavabdehlərə mülkiyyət hüquqlarını təsdiq edə bilmələri üçün əsas təşkil edə bilməz.
61. Həmçinin, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Adları çəkilən normaların da məzmunundan göründüyü kimi torpaq sahəsi üzərində mülkiyyətdən irəli gələn hüquqların qeydə alınması üçün onun qanunvericiliklə nəzərdə tutulan qaydada qeydiyyatdan keçməsi zəruridir və əks halda bu hüquqların tanınmasına yol verilmir. Hazırki iş üzrə də belə bir qeydiyyatın aparılmasına dair hər hansı məlumat aşkar olunmamışdır.
62. Beləliklə, iddia tələbinin əsaslılığına qiymət verən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Lakin məhkəmə tərəfindən cavabdehə məxsus tikilinin sökülməsi müqabilində kompensasiya məbləği kimi ödənilməli pul vəsaiti müəyyənləşdirilərkən diqqətəlayiq olan bütün hallar nəzərə alınmamışdır. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsi müəyyən edilmiş kompensasiyanın məbləği ilə bağlı hissədə dəyişdirilməlidir.
63. Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır.
64. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «X10rşı» işdə göstərmişdir ki, mülkiyyətin dəyərinə uyğun olan ağlabatan məbləğdə kompensasiya ödənilmədən mülkiyyətin müsadirə edilməsi, adətən, mülkiyyət hüququna qeyri mütənasib müdaxilə təşkil edir və belə müdaxiləyə 1 saylı protokolun 1-ci maddəsi ilə haqq qazandırmaq olmaz.
65. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir.
66. Avropa Məhkəməsinin president təcrübəsinə, həmçinin 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və ya «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür.
67. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot İsveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir - «… Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bü cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb»
68. İş materiallarında olan "X9” MMC-nin 25 aprel 2024-cü il tarixli, 57/1 saylı qiymətləndirmə rəyindən görünür ki, Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əzizovun "Yaşayış Kompleksinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” 340 nömrəli, xx.xx.2021-ci il tarixli sərəncamı ilə, "Kristal Bakı” ASC-yə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsində) yerləşən torpaq sahəsində Cavabdeh1 tərəfindən M-167 ünvanında inşa olunmuş tikilinin real bazar qiyməti ilə təqribi dəyəri 15000 manat məbləğində müəyyən edilir.
69. Mənzil sahibi Cavabdeh1, nümayəndələr X14, X3 və 22 saylı MKİS-nin mühəndisi X11 tərəfindən tərtib edilmiş 142 nömrəli aktdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən torpaq sahəsində olan Cavabdeh1 məxsus M-167 nömrəli özbaşına tikilinin ümumi sahəsi 355,17 kv.m (düzəlişlə 355,17+36,15=391,32 kv.m) təşkil edir.
70. “X2” 25 aprel 2024-cü il tarixli 57/1 saylı rəyin nəticə hissəsindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2021-ci il tarixli 340 saylı sərəncamı ilə "Kristal Bakı” ASC-yə verilmiş Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən torpaq sahəsində M-167 ünvanda Cavabdeh2 məxsus tikilinin (ferma tikilisi) real bazar qiyməti ilə təqribi dəyəri 23000 manat, Cavabdeh1 məxsus tikilinin dəyəri isə 32000 manat məbləğində müəyyən edilir.
71. Bakı şəhəri Yasamal Rayon. Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 2928/2024 saylı qərardadına əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilməsi və ekspertizanın aparılması “X18 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş “X18 Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli hesabatına əsasən Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-167 ünvanında Cavabdeh2 istifadəsində olan fərma kimi nəzərdə tutulmuş tiklinin qiyməti 37.000 manat və Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 istifadəsində olan tikilinin qiyməti 36.150 manat təşkil edir.
72. Birinci instansiya məhkəməsi də sonuncu qiymətləndirmə rəyini əsas götürərək, tikintinin sökülməsi müqabilində ödənilməli olan kompensasiyanı məhz həmin məbləğlərdə müəyyən etmişdir. Cavabdehlərin apellyasiya şikayətinin dəlillərindən biri də müəyyən edilmiş kompensasiya məbləğinin aşağı hesab edilməsi və tikintinin bazar qiymətinə uyğun qiymətləndirilib ədalətli kompensasiyasının müəyyən edilərək onlara ödənilməsinin tələbi ilə bağlıdır. Nəzərə alınmalıdır ki, Sərəncamda qeyd edilən sahə ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun, qarşılıqlı razılıq əsasında iddiaçı tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış kompleksinin tikintisi məqsədi ilə icarə əsasında iddiaçının istifadəsinə verilmişdir. Bununla belə iddiaçı yeni yaşayış kompleksinin inşası üçün ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri ilə razılıq əldə edib müqavilələr bağlamaq, habelə qanunvericiliklə müəyyən edilmiş hədlərdə digər tədbir görmək səlahiyyətinə malikdir. Lakin cavabdehlərə məxsus olmaqla artıq sökülmüş tikintinin əvəzi olaraq təklif olunan kompensasiyanın məbləği ilə bağlı cavabdehlə ədalətli razılığın əldə olunması zəruridir.
73. Bu məqsədlə apellyasiya baxışında təkrar qiymətləndirmə ekspertizası təyin etmişdir və xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli hesabatına əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal rayonu Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə M-167 ünvanında Cavabdeh2 istifadəsində olan fərdi yaşayış evinin bazar qiyməti 45.000 manat və Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 istifadəsində olan tikilinin qiyməti 45.500 manat təşkil edir.
74. Həmçinin iddiaçı da sözügedən rəylə razı olduqlarını və qeyd edilən məbləğlərdə kompensasiyanın ödənilməsini qəbul etmələri barədə məhkəməyə ərizə ilə müraciət etmişdir. Bu hissədə kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə istinadən qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki-Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.
75. Bu səbəbdən məhkəmə kollegiyası sonuncu ekspert rəyi ilə müəyyən olunan və iddiaçı tərəfindən də qəbul edilən kompensasiya məbləğinin artırılmasını mümkün hesab edərək qəbul edir və mübahisəyə məhz sonuncu rəy əsas götürməklə hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı "Kristal Bakı” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 15,166.66 manat, Cavabdeh3 15,166.66 manat, Cavabdeh4 15,166.66 manat olmaqla, ümumilikdə 45.500 manat və Cavabdeh2 45.000 manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə cavabdehlərə məxsus özbaşına tikililər boşaldılmalı və sökülməlidir.
76. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
77. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
78. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
79. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
80. Kollegiya hesab edir ki, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləği onu ödəmiş tərəflərin özünə aid edilməlidir.
81. Məhkəmə həmçinin hesab edir ki, apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza xərcinin əvəzi 600 manat iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 2928/2024 nömrəli qətnaməsi cavabdehlərə veriləcək kompensasiyanın məbləğinə dair hissədə dəyişdirilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 15,166.66 (on beş min yüz altmış manat altmış altı qəpik) manat, Cavabdeh3 15,166.66 (on beş min yüz altmış manat altmış altı qəpik) manat, Cavabdeh4 15,166.66 (on beş min yüz altmış manat altmış altı qəpik) manat olmaqla, ümumilikdə 45.500 (qırx beş min beş yüz) manat və Cavabdeh2 45.000 (qırx beş min) manat məbləğində kompensasiya ödənilməklə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun kənarında (Qanlı gölün şimal-qərb hissəsi) yerləşən ərazidə cavabdehlərə məxsus özbaşına tikililər boşaldılaraq sökülsün. Apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza xərcinin əvəzi 600 (altı yüz) manat iddiaçıdan tutularaq "xxxx" MMC-yə (Benefisiarın adı "xxxx" MMC, Benefisiarın VÖEN-i **********, hesab nömrəsi M/h-Az12PAHA40060AZNHC**********, müxbir bank "xxxx" ASC, SWİFT PAHSSZ22, bank kodu 505141, valyuta AZN, Bankın VÖEN-i- **********, müxbir hesab AZ82NABZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev