Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4295/2021 20.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Rzayeva Günel Rza qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi Cavadova Samirə Əlipaşa qızının, nümayəndəsi-vəkili X1, Cavabdehin nümayəndəsi Nümayəndə, nümayəndəsi-vəkili X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən istehsalat təcrübəsi zamanı ödənilməli olan 1800 manat əmək haqqının, əmək haqqı vaxtında ödənilmədiyinə görə yaranmış 3600 manat penyanın və vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildə Bakı şəhərində anadan olmuş və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda nəzərdə tutulmuş şəxslərin təsir dairəsinə düşür. O, Cavabdeh tələbəsidir. 16 fevral 2019-cu il tarixdən 24 may 2019-cu il tarixədək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçmişdir. Cavabdeh ona istehsalat təcrübəsi zamanı ödənilməli olan əmək haqqını ödəməkdən imtina edir. Cavabdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali (orta ixtisas) təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında Əsasnamə”nin və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinin tələblərinə ziddir. İşə baxan birinci instansiya məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(009)-613/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(009)-613/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(103)- 4955/2020 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(009)-613/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 iyun 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.02.2021-c il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2020-ci il tarixli, 2(103)- 4955/2020 nömrəli qətnaməsini ləğv edilərək və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının və nümayəndələrini, şikayətlə razılaşmayaraq rədd olunasını xahiş edən cavabdehin nümayəndələrini dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 mart 2020ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir, cavabdehdən istehsalat təcrübəsi zamanı ödənilməli olan əmək haqqı iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). Apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, eləcə də mübahisənin predmeti bölünməz olduğundan qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. İşin hallarından müəyyən olunmuşdur ki, İddiaçı “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən valideyn himayəsindən məhrum olmuş uşaqlar kateqoriyasına aid olan şəxsdir. İddiaçı Cavabdeh (UNEC) tələbəsi olmuş və 16 fevral 2019-cu il tarixdən 24 may 2019-cu il tarixədək Azərbaycan Respublikası İqtisad Nazirliyində istehsalat təcrübəsi keçmişdir. UNEC və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında istehsalat təcrübəsinin təşkili barədə 142/033 nömrəli müqavilənin 1.9-cu maddəsinə əsasən təcrübə müddətində istehsal müəssisəsi tərəfindən tələbələrə heç bir ödəniş həyata keçirilmir (istehsalat müəssisəsi tərəfindən əmək müqaviləsi bağlanmış tələbələrə əmək haqqı ödənilməsi istisna olmaqla). İddiaçı Cavabdehnə təcrübə müddəti üçün əmək haqqının ödənilməsi ilə əlaqədar müraciətlər edilmiş, cavabdeh tərəfindən ona müxtəlif tarixli məktublarla imtina edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə istinad etməklə hesab etmişdir ki, əmək haqqı yalnız əmək müqaviləsi ilə müəyyənləşdirilir. Konkret halda isə tələbələrə əmək haqqının istehsalat və təhsil müəssisələri arasında bağlanılmış müqavilə əsasında ödənilməsi nəzərdə tutulur. Belə olduğu halda isə sözügedən müqavilədə əmək haqqının verilməsi nəzərdə tutulmamışdır. İddiaçı arqumentinin gücləndirilməsi üçün hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Buna görə, məhkəmə sözügedən tələbi 1800 manat əmək haqqının, əmək haqqı vaxtında ödənilmədiyinə görə yaranmış 3600 manat penyanın cavabdehdən tutulması tələbini əsassız hesab etmişdir. Eyni zamanda, məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi tələbini də qəbuledilməz saymışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən bütün tipdən olan dövlət təhsil müəssisələrində, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsini bitirənədək tam dövlət təminatına götürülürlər...Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə, həmin təhsil müəssisəsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir, habelə istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əmək haqqı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 221 nömrəli qərarı ilə təsdiq olunmuş “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında” Əsasnamənin 4.2-ci bəndinə əsasən dövlət ali (orta ixtisas) təhsili müəssisələri istehsalat təcrübəsini tələbələrin təhsili üçün ayrılmış büdcə vəsaiti və əldə etdikləri büdcədənkənar vəsait hesabına həyata keçirirlər. Qeyri-dövlət təhsil müəssisələri isə həmin təcrübəni öz vəsaitləri hesabına təşkil edirlər. 4.3-cü bəndinə əsasən təcrübə müddətində tələbələrə əməkhaqqı mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, istehsalat və təhsil müəssisələri arasında bağlanmış müqavilə əsasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, tətbiq edilməli olan qanun tətbiq edilməmiş və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçıya tələb olunan pul vəsaitinin ödənilməsindən imtina edən cavabdeh təşkilat, habelə iddiaçının müvafiq olaraq iddiasını rədd edən birinci instansiyası məhkəməsi mövqelərini onunla əsaslandırmışlar ki, əmək haqqı yalnız əmək müqaviləsi ilə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154- cü maddəsinə uyğun) müəyyənləşdirilir. UNEC-lə istehsalat təcrübəsi həyata keçirilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında bununla bağlı bağlanmış müqavilənin 1.9-cu maddəsinə əsasən təcrübə keçən tələbələrə əmək haqqının verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan əsaslandırılması ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının müdafiəsi ilə bağlı xüsusi qanunvericilik mövcuddur ki, həmin qanunda bu kateqoriyaya aid şəxslərin təhsil üzrə təminatlar, o cümlədən istehsalat təhsili və istehsalat təcrübəsi dövründə əmək haqqı almaq hüquqları bilavasitə təsbit olunmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsi Əmək Məcəlləsinə istinad etməklə iddiaçı ilə istehsalat təcrübəsi keçirilən Nazirlik arasında əmək müqaviləsinin bağlanmaması əsası ilə iddianı rədd etməklə, maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Nəzərə alınmalıdır ki, hazırki iddia əmək münasibətlərindən irəli gələrək yuxarıda qeyd olunan Nazirliyə qarşı deyil, məhz “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə istinad edilməklə, iddiaçının təhsil aldığı Universitetə qarşı irəli sürülmüşdür. Digər tərəfdən Cavabdeh və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında İstehsalat təcrübəsinin təşkili barədə 142/033 nömrəli müqavilə yalnız həmin müqavilə üzrə tərəflər üçün hüquq və vəzifələr müəyyən etməklə, müqavilənin 1.9-cu maddəsi iddiaçının hüquqlarının məhdudlaşdırılması üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında” Əsasnamənin 4.3-cü bəndinə istinad edilməklə, iddianın rədd edilməli olmasına dair mövqeyi əsaslı olmamışdır. Belə ki, işə baxan məhkəmə istehsalat təcrübəsinin hansı vəsaitlər hesabına təmin olunmasını təsbit edən həmin Əsasnamənin 4.2-ci bəndinin tələblərini nəzərə almamışlar. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Həmçinin Kollegiya hesab edir ki, iddia tələbinin əmək haqqının vaxtında ödənilmədiyinə görə 3600 manat penyanın tutulması ziddiyyətli olduğundan və vurulmuş mənəvi zərərin əvəzi olaraq 10000 manatın iddiaçının xeyrinə tutulması kifayət qədər sübuta yetirilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermədiyindən, maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə idia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Səbail Rayon Məhkəməsinin hazırkı iş üzrə 03 mart 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdehnə qarşı pul tələbi qismən təmin edilsin. İddiaçı tələbəsi olmuş Cavabdeh (UNEC) 16 fevral 2019-cu il tarixdən 24 may 2019-cu il tarixədək Azərbaycan Respublikası İqtisad Nazirliyində keçdiyi istehsalat təcrübəsi üzrə Cavabdehndən istehsalat təcrübəsi zamanı ödənilməli olan əmək haqqı İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-4295/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4295/2021
20.05.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver