Məhkəmə qərarları › İş №2(103)-4295/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4295/2025

19.08.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4295/2025 19.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Nərmin Ramiz qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 aprel 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə İddiaçı özünün və iş üzrə üçüncü şəxslərdən biri olan Safia Younasın vəkili (nümayəndəsi) Nümayəndə iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Birliyin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş aktlar əsasında ona əsassız olaraq hesablanmış 6.065,28 manat məbləğində borcun silinməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan və Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstoy küçəsində yerləşən 130 saylı fərdi yaşayış evi cavabdeh Birlrik tərəfindən təbii qazala təchiz edilir və bununla bağlı olaraq ünvanda qaz sayğacı quraşdırılmışdır. İddiaçıya məxsus ünvanda istifadə edilən təbii qazın dəyəri həmin sayğacın göstəricilərinə uyğun olaraq ödənilmişdir. Bakı Regional Qazın Satışı Departamentindən iddiaçıya təqdim olunmuş “Abonentin saldosundan” göründüyü kimi, 2022-ci ilin yanvar ayına kimi iddiaçının evində istifadə olunmuş təbii qaza görə iddiaçının cavabdeh Birliyə borcu olmamışdır. Yalnız 2022-ci ilin mart ayından başlayaraq 984,96 manat, sonrakı aylar üzrə artımlar olmaqla borclar hesablanmağa başlamışdır və hazırki vaxta 6.065,28 manat məbləğində borc qeydə alınmışdır. Bununla bağlı iddiaçı bildirir ki, o, ona məxsus olan yaşayış evini notarial qaydada təsdiqlənmiş xx.xx.2019-cu il tarixli "xxxx" əsasən yaşayış üçün "xxxx" MMC-yə icarəyə verilmişdir. Həmin müqavilənin 10-cu bəndinə əsasən icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri "xxxx" (MMC) tərəfindən həyata keçirilir. Müqavilənin 11-ci bəndinə görə, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları "xxxx" tərəfindən ödənilir. Departamentdən xx.xx.2024-cü il tarixli ərizəyə əsasən iddiaçıya təqdim olunmuş sənədlərdən görünür ki, iddiaçıya məxsus yaşayış evi ilə bağlı xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlar tərtib olunmuşdur. Həmin aktlarda qeyd edilmişdir ki, abonent rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə etmişdir. Aktlara əsasən isə iddiaçıya əlavə sərfiyyat kimi 6.065,28 manat məbləğində borc hesablanmışdır. Həmin aktlar barədə iddiaçı tam məlumatsız olmuşdur. Aktların tərtib edildiyi tarixlərdə evdə MMC-nin təsisçisi Safia Younas yaşamışdır. Sonradan MMC və Safia Younas mənzili boşaltmaqdan imtina etdikləri üçün onlar ilə iddiaçı arasında məhkəmə çəkişmələri olmuşdur. Ev Nəsimi Rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən yalnız xx.xx.2023-cü il tarixdə boşaldılaraq iddiaçıya təhvil verilmişdir və ancaq bundan sonra iddiaçının müraciətinə əsasən evdə yeni qaz sayğacı quraşdırılmışdır. Hazırda iddiaçı evində istifadə edilən təbii qazın dəyərini sayğacın göstəricilərinə uyğun olaraq ödəyir və bununla bağlı Birliyə borcu yoxdur. Göründüyü kimi, yuxarıda qeyd edilən borc, ev iddiaçının istifadəsində olmayan müddətdə hesablanmışdır. Halbuki, həmin borc MMC-yə hesablanmalı idi. Çünki evdə "xxxx" olan MMC-nin nümayəndələrinin yaşaması Birliyin Bakı Regional Qazın Satışı Departamentinə məlum idi. Hətta evdə yaşayan şəxslər ilə həmin Departamentin əməkdaşları arasında aktlarda qeyd edilən halla bağlı münaqişə də olmuşdur. Göründüyü kimi, göstərilən məsələlər ilə bağlı iddiaçıya hesablanmış borc ləğv edilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, MMC-nin nümayəndələri tərəfindən qaz xəttinə qanunsuz müdaxilə Birliyin əməkdaşları tərəfindən ilk dəfə xx.xx.2022-ci il tarixdə aşkarlanmış, lakin Birliyin əməkdaşları nə qanunsuz xətti ləğv etməmiş, nə də ki, evə təbii qazın verilməsini dayandırmamışlar. Bununla da Biriyin əməkdaşları vaxtaşırı formal aktlar tərtib edərək, qanunsuzluğun davam edilməsinə və borcun məbləğinin süni surətdə şişirdilməsinə şərait yaratmışlar. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, ona hesablanmış borc əsassız hesab edilərək, ləğv edilməlidir. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakı və verdikləri izahatlar barədə məlumat

3. İddiaçının vəkili (nümayəndəsi) Vəkil iddianı müdafiə edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçıya məxsus evdə 4 gözlü qaz plitəsində və suqızdırıcıdan (kombidən) istifadə olunub. xx.xx.2019-cu il tarixli "xxxx" əsasən ev iddiaçı tərəfindən icarəyə - MMC-yə təhvil verdikdən sonra MMC icarə haqqını ödəməmişdir və mənzildən çıxmaqdan imtina etmişdir. Buna görə də iddiaçı, məcbur olub icarəçinin çıxarılması üçün məhkəməyə iddia vermişdir. Bundan savayı öz evində icarəçinin fəaliyyətinə son qoymaq üçün iddiaçı xx.xx.2021-ci il tarixdə Birliyə məktub ünvanlamışdır ki, evə təbii qazın verilməsi dayandırılsın. Bunun nəticəsində Birliyin işçiləri həmin ərəfədə iddiaçının evinə gəlib qazı kəsmişlər. Daha sonra iddiaçıya məlum olmuşdur ki, Birlik tərəfindən onun müraciətinə əsasən rəsmi olaraq qazın dayandırılmasına baxmayaraq, evdə yaşayan Safia Younas qadağaya baxmayaraq, kənar xətlə qaz xəttinə qoşulmuşdur. Birlik də buna görə əlavə sərfiyyat tətbiq etmişdir. Lakin əlavə sərfiyyat üçün borc MMC-yə və ya MMC-nin təsisçisi olan Safia Younasa deyil iddiaçıya tətbiq edilmişdir.

4. Cavabdeh Birliyin nümayəndəsi Pərviz Əliyev məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

5. Rayon Məhkəməsi tərəfindən işin baxılmasına müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Safia Younas məhkəmə iclasında iştirak edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçının evinə yazılmış borcun ona aidiyyəti yoxdur. İddiaçı ilə MMC arasında icarə münasibətlərinə dair mübahisə yarananda iddiaçı özü su, işıq, qaz və s. kommunal xidmətlərin kəsilməsi üçün müvafiq qurumlara müraciətlər etmişdir. O, evi icarəyə götürəndə kənar xətt çəkməyib. Qaz olmayanda qaz balonundan istifadə edib, daha sonra isə mənzildən çıxarılıb.

6. Rayon Məhkəməsi tərəfindən işin baxılmasına müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Müstəqil tələb irəli sürməyən üçüncü şəxs olan MMC məhkəmə baxışı iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə baxışı iclasında nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir.

7. Buna görə də, Rayon Məhkəməsi işə MMC-nin nümayəndəsinin iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

8. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçının adına olan **********00010 №-li abonent koduna 2022-ci il üçün hesablanmış 4.752 manat borcun 2.453,76 manat hissəsinin, 2023-cü il üçün hesablanmış 1.313,28 manat borcun 656,74 manat hissəsinin, cəmi isə 3.110,5 manat məbləğində borcun silinməsini qət etmişdir.

9. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus evə aid qaz xəttinə kənar qoşulma nəticəsində ödəniləcək məbləğin 2022-ci il üçün 4.752 manat, 2023-cü ilin yanvar-aprel aylar üçün 1.313,28 manat məbləğində hesablanması düzgün deyildir. Belə ki, iddiaçıya məxsus evdə istifadə edilən qaz işlədici cihazların sərfiyyat göstəriciləri nəzərə alınmaqla, iddiaçıya 2022-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək cəmi 2.298,24 manat borc hesablanmalıdır. 2023-cü il üzrə bu məbləğ 656,54 manat təşkil edir. Buna görə də 2022-ci il üçün hesablanmış 4.752 manat borcun 2.298,24 manat hissəsi saxlanılmaqla, 2.453,76 manat hissəsi silinməli; 2023-cü il üçün hesablanmış 1.313,28 manat borcun 656,54 manat hissəsi saxlanılmaqla, 656,74 manat hissəsi silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat

10. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakları barədə məlumat

12. Cavabdeh Birlik və iş üzrə üçüncü şəxslərdən biri olan MMC işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da apellyasiya baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Birliyin və MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

13. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi.

14. İş üzrə digər üçüncü şəxs Safia Younasın vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.. f) apellyasiya baxışının hədləri barədə məlumat

15. Məhkəmə, hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, Rayon Məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilsə də, iş üzrə iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməmiş, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh Birlik isə qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini və iddianın tam həcmdə rədd edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, Birlik də iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

17. Odur ki, göstərilənləri, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Çünki MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

18. İşdə olan sənədlərdən görünür ki, iddiaçının mülkiyyətində olan və yuxarıda qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi cavabdeh Birlik tərəfindən təbii qazla təchiz edilir və bununla bağlı olaraq ünvanda qaz sayğacı quraşdırılmışdır. 2022-ci ilin yanvar ayına kimi istifadə olunmuş təbii qaza görə iddiaçının cavabdeh Birliyə borcu olmamışdır.

19. İddiaçı ilə iş üzrə üçüncü şəxs olan "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış və notarial qaydada təsdiqlənmiş "xxxx" görünür ki, iddiaçı özünə məxsus həmin evi MMC-yə icarəyə verilmişdir. Müqavilənin şərtlərinə görə, icarə obyektində texniki təhlükəsizlik qaydalarına əməl olunması vəzifələri icarəçi olan MMC tərəfindən həyata keçirilməlidir (bənd 10.). Kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlərarası və ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları "xxxx" tərəfindən ödənilir (maddə 11.).

20. Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2022-ci il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli, ******* nömrəli, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktlardan görünür ki, iddiaçıya məxsus evdə təbii qazdan qeyriqanuni qaydada, yəni sayğacdan kənar hissədə qaz xəttinə qanunsuz qoşulma yolu ilə çəkilmiş rezin boru vasitəsilə istifadə olunur.

21. Qeyd edilən bu aktlar əsasında Birlik tərəfindən iddiaçıya əlavə sərfiyyat kimi 6.065,28 manat məbləğində borc hesablanmışdır (2022-ci ildə 4.752 manat, 2023-cü ildə 1.313,28 manat).

22. Məhkəmə bildirir ki, iddiaçıya məxsus evdə qaz xəttinə müdaxilə edilməsi, qaz xəttinə kənar xətt vasitəsilə qoşulması işin mübahisəsiz halıdır. Bu halı iddiaçı özü təsdiq edərək, bildirmişdir ki, icarəyə verdiyi fərdi yaşayış evinin icarəçisi ondan xəbərsiz olaraq mülkiyyətində olan evdə kənar qaz xəttinə qoşulmuşdur. O bildirmişdir ki, icarəçinin evdən çıxarılması üçün rəsmi müraciət əsasında qazın verilişini dayandırsa da, icarəçi onun tələbi əleyhinə evindən çıxmamışdır və kənar xətt istifadə etməyə başlamışdır.

23. İşə baxmış Rayon Məhkəməsi qanunsuz müdaxilə ilə razılaşsa da, vurulmuş zərərin düzgün hesablanmaması qənaətinə gəlmiş və iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisəni yuxarıda qeyd edilə qaydada həll etmişdir.

24. Məhkəmə, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və mövqeyini onunla əsaslandırır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).

25. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (bənd 8.). Fıziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir (bənd 9.).

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.).

27. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. İddiaçıya məxsus evdə olan qaz işlədici cıhazların siyahısından görünür ki, evdə 1 ədəd dörd gözlü qaz plitəsi (PQ-4) və suqızdırıcı kombi mövcuddur. Qaz xəttinə kənar qoşulma halında iddiaçının sadaladığı cihazlar üzrə 1 ədəd dörd gözlü qaz plitəsi üçün 1,2 kub metr saatlıq qaz sərfi və kombi sistemi üçün 2,6 kub metr saatlıq qaz sərfi hesablanmalıdır. 2021-2022-ci il dövrü üçün hər iki cıhaz üçün 12 saat orta günlük iş rejimi və 420 gün (14 ay) hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı ((12 x 420 x 1,2 =) 6.048 kub metr + (12 x 420 x 2,6 =) 13.104 kub metr=) 19.152 kub metr təşkil edir. Həmin qaz sərfiyyatına görə ödənilməli məbləğ (19.152 kub metr sərfiyyat üçün 1 kub metr sərfiyyat = 0,12 manat hesabı ilə) 2.298,24 manat təşkil edir. 2023-cü ilə görə hər iki cıhaz üçün 12 saat orta günlük iş rejimi və 120 gün (4 ay) hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı ((12 x 120 x 1,2=) 3.744 kub metr + (12 x 120 x 2,6=) 1.728 kub metr=) 5.472 kub metr təşkil edir. Həmin qaz sərfiyyatına görə ödənilməli məbləğ (5.472 kub metr sərfiyyat üçün 1 kub metr sərfiyyat = 0,12 manat hesabı ilə) 656,54 manat təşkil edir.

29. Göründüyü kimi hesablanmış borc faktiki istifadə ilə əlaqədar sayğacdan keçən (faktiki sərfiyyatla bağlı sayğacın qeydiyyata aldığı) qaz sərfiyyatı olmadığından, limitlərin nəzərə alınması məqsədəuyğun deyil. Belə ki, limitlərin tətbiqi sayğacdan keçən (sayğacın qeydə aldığı) sərfiyyatın ödənilməsi üçün tətbiq olunan hesablama və ödəniş qaydasıdır, 90 gün üçün gündəlik 12 saatlıq qaz sərfiyyatı isə faktiki istifadə ilə əlaqəli olmamaqla, qaz xəttinə müdaxilə zamanı dəymiş ziyanın hesablanması üsuludur. Buna görə də hesablanmış qaz həcmi tarif üzrə müəyyən edilmiş 1 kub metr qaz sərfiyyatına görə 0,12 manat olmaqla hesablanmalıdır.

30. Belə olan halda müəyyən edilir ki, qaz xəttinə kənar qoşulma nəticəsində ödəniləcək məbləğin 2022-ci il üçün 4.752 manat, 2023-cü ilin yanvar-aprel aylar üçün 1.313,28 manat məbləğində hesablanması düzgün deyildir. Belə ki, istifadə edilən cihazların sərfiyyat göstəriciləri nəzərə alınmaqla, iddiaçıya 2022-ci ilin yanvar ayından 2023-cü ilin yanvar ayınadək cəmi 2.298,24 manat borc hesablanmalıdır. 2023-cü il üzrə bu məbləğ 656,54 manat təşkil edir. Buna görə də 2022ci il üçün hesablanmış 4.752 manat borcun 2.298,24 manat hissəsi saxlanılmaqla, 2.453,76 manat hissəsi silinməli; 2023-cü il üçün hesablanmış 1.313,28 manat borcun 656,54 manat hissəsi saxlanılmaqla, 656,74 manat hissəsi silinməlidir. Qalan borc isə əsassız hesab edilə və silənə bilməz.

31. Qeyd edilən hesablama ilə Rayon Məhkəməsinin hesablaması eyni olduğundan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iş üzrə yuxarıda qeyd edilən nəticəyə gəlməkdə haqlı olmuşdur.

32. Həmçinin Məhkəmə nəzərə alır ki, cavabdeh Birlik işə baxmış Rayon Məhkəmənin zərərin həcminin hesablanması ilə bağlı mövqeyinin əsassız olmasının nədən ibarət olmasını apellyasiya şikayətində əsaslandıra bilmədiyndən apellyasiya şikayəti əsaslı hesab edilə bilməz. h) apellyasiya baxışının nəticəsi

33. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə gəldiyi və apellyasiya baxışının predmetini təşkil edən nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

34. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Buna görə də, Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

36. Məhkəmə həmçinin bildirir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

37. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 23 aprel 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmetini təşkil edən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar