Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4298/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı, Cavabdeh ştirakı ilə, İddiaçı Cavabdeh qarşı barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(011)-1151/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 noyabr 2022-ci il tarixdə bağlanmış MŞB/8-00211 nömrəli barışıq sazişinin etibarsız hesab edilərək, qüvvədən düşməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Rayon məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(011)- 1151/2023 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
5. Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.7. barışıq sazişi – tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşma; Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: Maddə 33.2. Barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur; Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla); Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
6. İşdən görünür ki, iddiaçı 17 noyabr 2022-ci il tarixdə Bakı 8 saylı Mediasiya təşkilatında bağlanmış MŞB/8-00211 nömrəli barışıq sazişinin etibarsız hesab edilməsini xahiş edir.
7. “Mediasiya haqqında” Qanunun və Mülki Prosessual Məcəllənin sadalanan normalarından göründüyü kimi, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. MPM-in 40.7-ci fəsli “Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat”ın aparılması qaydalarını tənzimləyir. Belə ki, müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilər.
8. Göründüyü kimi, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi məcburi xarakter daşıyır və yalnız icra olunmadığı təqdirdə onun məhkəmə qaydasında təsdiqi nəzərdə tutulmuşdur.
9. Məhkəmə kollegiyası qeyd edir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ayrıca icraat mövcud olduğundan, bu sazişin müstəqil qaydada mülki mühakimə icraatı qaydasında mübahisələndirilməsi mümkün deyildir. Sazişin qanuna uyğunluğu, etibarlı olması da müstəqil iddia vasitəsi ilə yox, məhz həmin icraat vasitəsi ilə yoxlanmalıdır.
10. İşdən də müəyyən olunur ki, ərizəçi Cavabdeh barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir.
11. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi əqddir. Hazırkı mübahisə ilə tam uyğunluq olmasa da, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 №-li qərardadının 31-ci bəndində qeyd olunmuşdur ki, “...mübahisələndirilən əqdi etibarsız hala gətirən hüquqi səbəb məhkəmə qərarı deyil, mübahisələndirmə faktının özüdür. Konstitusiya Məhkəməsinin də qərarında “Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. ...istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır.” kimi hüquqi mövqeləri ona dəlalət edir ki, mübahisə edilən əqdin etibarsız sayılması üçün məhkəmədə tələb irəli sürmək zərurəti yoxdur, etibarsızlıq nəticəsini mübahisələndirmə faktı (iddiadan və məhkəmədən kənarda) əmələ gətirir. Çünki, etibarsızlıq bir nəticədirsə həmin nəticəni əqdi mübahisə etmək hüququna malik olan şəxsin hərəkəti təmin edir. Bu hərəkətlə, yəni iradə ifadəsi qarşı tərəfə bildirilməklə etibarsızlıq nəticəsi qanuna əsasən yaranmış olur. Bunun üçün hüquq sistemimiz əlavə şərtlər - iddia tələbinin irəli sürülməsi, məhkəmənin qərar çıxarması və s. tələb etmir. Amma bu məsələlərlə bağlı tərəflər arasında mübahisə yarandıqda həmin ixtilaf təbii ki, məhkəmə tərəfindən həll olunur.”
12. Həmin qərarın 37-ci bəndində qeyd olunmuşdur ki, “... əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin aşağıdakı tələbləri baxımından yolverilməzdir.”
13. Həmin qərarın 45-ci bəndində qeyd olunmuşdur ki, “... əqdə əsaslanan iddialara baxılması ilə bağlı yuxarıda ifadə edilmiş hüquqi mövqe ədalətli məhkəmə hüququ ilə uyğunsuzluq yaratmır. Belə ki, əqdlə bağlı hər hansı mübahisəyə baxıldıqda qarşı tərəfin əqdin etibarsız olması ilə etiraz və ya qarşılıqlı iddia irəli sürmək, məhkəmə iclasının vaxtı və yeri barədə məlumatsız olduqda, etiraz və dəlilləri əsassız olaraq nəzərə alınmadıqda isə qəbul edilmiş məhkəmə aktından şikayət vermək hüquqları vardır.”
14. Hazırkı situasiyada isə iddiaçının mübahisələndirdiyi əqdin təsdiq olunması ilə bağlı işə qanunvericilik ayrıca icraatda baxılmasını müəyyən etmişdir, bu barədə ərizə ilə cavabdeh tərəfindən müraciət olunmuşdur və iş müvafiq məhkəmənin icraatındadır. İddiaçının da həmin icraatda əqdin etibarsız olması ilə etiraz irəli sürmək hüquqları vardır və iddianın əsasını təşkil edən hallar da məhz həmin icraatda işə baxılarkən qiymətləndirilməlidir.
15. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırkı tələbə məhkəmə qaydasında baxılmalı olmadığından qətnamə ləğv edilməli, hazırkı iş üzrə icraata xitam verilməlidir.
16. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Xətai Rayon məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2(011)-1151/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı barışıq sazişinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev