Məhkəmə qərarları › İş №2(103)-430/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-430/2023

07.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-430/2023 07.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı1, İddiaçı2 nümayəndəsi Mariya Nağıyevanın və Cavabdeh nümayəndəsi Ləman Mustafayevanın iştirakı ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, ünvan 1 ünvanında Cavabdeh tərəfindən qanunsuz tikilmiş tikili cavabdehin öz hesabına sökülsün və bunun əsasında yaranmış maneələr aradan qaldırılaraq evin sahəsinin əvvəlki vəziyyəti bərpa edilsin. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və İddiaçı2 nümayəndəsi Mariya Nağıyeva apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh nümayəndəsi Ləman Mustafayeva isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Səbail rayonu, Ə.Hüseynzadə küçəsində (2-ci Bayıl döngəsində) yerləşən 20 №-li ev 6 nəfərin ümumi paylı mülkiyyətindədir: 1) X4, payı 2/12 hissə; 2) X2, payı 1/12 hissə; 3) İddiaçı2, payı 2/12 hissə; 4) Savin VladimirAntonoviç, payı 2/12 hissə; 5) X1, payı 4/12 hissə; 6) Cavabdeh, payı 1/12 hissə. İddiaçılar iddia edir ki, cavabdeh evin özünə aid hissəsinin (bir mərtəbənin) damını sökərək üzərində ikinci mərtəbə inşa edib. Bu tikili 20 №-li evin iddiaçılara aid hissəsinin qarşısını tam şəkildə bağlayıb, təbii havalanma pozulub və günəş işığının qarşısı kəsilib. İnşa olunmuş həmin tikili 20 №-li evin İddiaçı1 aid hissəsinin pəncərəsindən 2 metr məsafədə yerləşir. Bu 2 metrlik məsafənin özü də hasara alınaraq qutu kimi düzəldilib, içərisinə su çəni yerləşdirilib və üzəri dəmir şiferlə örtülüb. Bu, qutu şəklində olan tikili evin İddiaçı1 aid hissəsinin divarına tam şəkildə toxunur və evin təbii havalanmasını bir daha kəskin şəkildə pozur. Birinci instansiya məhkəməsində icraat zamanı tikinti-texniki ekspertiza keçirilib. Ekspert rəyi verilərkən 20 №-li evin texniki pasportu iş materiallarına əlavə edilməmişdir. Ona görə də ekspert qeyd etmişdir ki, evin texniki pasportu iş materiallarına əlavə edilmədiyindən, tikilinin texniki pasportdakı vəziyyəti ilə eynlik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmadı. Apellyasiya icraatı zamanı texniki pasportların surətləri məhkəməyə təqdim olunmuşdur. Ona görə iş üzrə əlavə tikinti-texniki ekspertiza keçilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7697 №-li ekspert rəyinə görə, 20 №-li evin cavabdehin istifadəsində olan hissəsində texniki pasportda göstərilməyən tikililər mövcuddur. Həmin tikililər yaşayış evinin ikinci mərtəbəsində yerləşir və bunlardır: 1) sahəsi 11,4 kv.m (3,80m x 3,0m), hündürlüyü 2,90 m təşkil edən tikili; 2) sahəsi 12,2 kv.m (3,80m x 3,20m), hündürlüyü 2,90 kv.m təşkil edən tikili. Ekspert rəyində daha sonra qeyd olunub ki, 20 №-li evin cavabdehin istifadəsində olan tikililəri ilə evin iddiaçıların istifadəsində olan hissələrinin pəncərələri arasında ara məsafəsi 2,10 m təşkil edir. İddiaçılar həmin tikililərin 2019-cu ildə, cavabdeh isə 2021-ci ildə inşa edildiyini bildirir. Tikililərin 2019 və ya 2021-ci ildə inşa edildiyinin mübahisənin düzgün həlli üçün əhəmiyyəti yoxdur, çünki hazırda qüvvədə olan Şəhərsalma və Tikinti Məcəlləsi həmin illərdə qüvvədə olub. Müəyyən olunur ki, həmin tikililər inşa edilərkən Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (məlumatlandıma icraatı) tələbinə əməl edilməyib və tikililər evin texniki pasportunda qeyd olunmayıb. Ona görə də həmin tikililər Mülki Məcəlləinin 180.1-ci maddəsinin tələbləri baxımından özbaşına tikinti hesab olunur. İddiaçılar özbaşına tikintinin sökülməsini tələb etmək hüququna malikdirlər. Belə ki, Mülki Məcəllənin 180.4-cü maddəsində özbaşına tikinti obyektinin sökülməsini tələb etmək hüququna malik olan şəxslərdən biri “maraqlı tərəf” kimi qeyd olunub. İşdə olan sübutlar iddiaçıların “maraqlı tərəf” sayılmasına əsas verir. Çünki özbaşına tikinti onları ümumi paylı mülkiyyətində olan evdə aparılıb, habelə həmin tikililər ilə evin iddiaçıların istifadəsində olan hissələrinin pəncərələri arasında ara məsafəsi 2,10 m təşkil edir. Qətnamədən iddiaçılardan biri apellyasiya şikayəti versə də, onlar birgə iddiaçı olduğundan və mübahisə predemeti bölünməz olduğundan qətnamə tam yoxlanılmışdır. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını pozduğundan qətnamə ləğv edilməli, iddia qismən təmin olunmalı, həmin tikililər sökülməlidir. İddia ərizəsində həmçinin maneələrin aradan qaldırılması və evin sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması tələb olunsa da, məhkəmə Mülki Məcəllənin 157.4-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, bu tələb təmin oluna bilməz. Çünki “maneə” deyildikdə nəyin nəzərdə tutulması və onun hansı formada aradan qadırılması tələbdə qeyd olunmayıb, o cümlədən “əvvəlki vəziyyət” deyildikdə hansı vəziyyətin nəzərdə tutulduğu tələbdə qeyd olunmayıb. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddia qismən təmin olunsun. Səbail rayonu, Ə.Hüseynzadə küçəsində (2-ci Bayıl döngəsində) yerləşən, ümumi paylı mülkiyyətdə olan 20 №-li evin Cavabdeh istifadəsində olan hissəsində texniki pasportda göstərilməyən tikililər – evin ikinci mərtəbəsində yerləşən, sahəsi 11,4 kv.m (3,80m x 3,0m), hündürlüyü 2,90 m təşkil edən tikili və sahəsi 12,2 kv.m (3,80m x 3,20m), hündürlüyü 2,90 kv.m təşkil edən tikili Cavabdeh hesabına sökülsün. İddianın qalan hissəsi təmin edilməsin. Ekspertiza xərci olan 100 (yüz) manat Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar