Məhkəmə qərarları › İş №2(103)-4308/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4308/2022

24.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4308/2022 24.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdehnə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» barədə ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qızına qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» barədə qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1763/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdehnə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda iddiaçıya məxsus istifadə olan qaz sərfi Cavabdeh İB tərəfindən quraşdırılmış və qeydiyyata alınmışdır. G-4 markalı, 10576582 №-li qaz sayğacının göstərişi əsasında aparılır. Abonent kodu **********01291. Mütəmadi olaraq sərf olunan qazın dəyəri tərəfindən vaxtı-vaxtında ödənilir. Qaz sayğacına və qaz xəttinə heç bir kənar müdaxilə olunmayıb. Sayğac istismara tam yararlıdır. 2022-ci ilin yanvar ayının 2-si tarixində həyətdə tikinti işləri aparılan zaman qaz xətti zədələndiyi üçün müvəqqəti olaraq 3 gün müddətinə həmin hissəni şlanq vasitəsilə birləşdirmiş və bunu qaz idarəsi irad tutaraq 984,96 manat məbləğində cərimə hesablamışdır. Qaz xəttində yaranmış nasazlıq 3 gün ərzində tərəfindən aradan qaldırılmışdır. Qazın istifadəsi tam şəkildə sayğac əsasında aparılır. Əyani sübut kimi qaz sayğacının aylıq sərfiyyatı bunu təsdiqləyir. Ona görə də iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Cavabdeh İddiaçı məxsus **********01291 nömrəli abonent koduna qaz sərfiyyatına görə tələb etdiyi 984,96 manat borcun silinərək normativə uyğun şəkildə 3 gün müddət üzrə hesablanmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində iddiaçı Cavabdeh İddiaçı qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə abonent İddiaçı arasında xx.xx.2017-ci il tarixdə 63540 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında Cavabdeh İB abonentə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********01291 nömrəli abonent kodu vermiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Elster G-4 DİAFRAQMA markalı 10576582 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin «X2»nın tələblərinə əməl etmək) və «X2»nın 6.5-ci bəndinin (qazpaylayı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsində irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto şəkillərlə lentə alınmışdır). Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən fərdi evdə «X2nın» tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən «Təbii X2nın pozulması haqqında» müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 984,96 manat məbləğində Cavabdeh İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə (debitor borc) 75,14 manat borcu qalmışdır. Beləliklə, cavabdehin Cavabdeh İB-yə ödənilməli borc məbləği hazırda Abonentin saldosu və GAZPER üzrə ümumi 1060,10 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Cavabdeh İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh İBnin cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin və debitor borc üzrə pulun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan qismən imtina edilmiş, yalnız “vurulmuş 984,96 manat zərərin ödənilməsi” hissəsində icraata qəbulundan imtina olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1763/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdehnə qarşı «qanunsuz hesablanmış borcun silinməsi» tələbinə dair ilkin iddianın tələbi qismən təmin edilməsi, İddiaçı **********01291 saylı abunə hesabından Cavabdeh İB tərəfindən xx.xx.2022-ci il tarixli akt üzrə itirilmiş qazın bərpası üçün hesablanmış 934,96 (doqquz yüz otuz dörd manat, doxsan altı qəpik) manat borcun silinməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qızına qarşı «dəymiş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 75,14 (yetmiş beş manat, on dörd qəpik) manat debitor borcu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 105,14 (bir yüz beş manat, on dörd qəpik) manat məbləğində pulun alınaraq Cavabdeh İB-nin bank hesabına ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (sədrlik edən: Ramin Xəlilov). Qətnamədən ilkin iddia üzrə cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1763/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən, yəni ilkin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, ilkin iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərar qəbul edilməsini, qarşılıqlı iddia ərizəsinin tam icraata götürülməsinə dair qərar qəbul edilməsini, qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş hissəsinin də təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. İddiaçı təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Azəriqaz İB-nin əməkdaşları tərəfindən foto çəkilişlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” Akt tərtib edilmişdir. Daha sonra həmin Akt əsasında Tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı müvafiq hesablamalar aparılaraq 8208 m3 müəyyənləşdirilmiş və bu əsasla da dəymiş ziyanın məbləği cəmi 984,96 (doqquz yüz səksən dörd manat doxsan altı qəpik) manat təşkil etmişdir. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Azəriqaz İB-nə ziyan vurmuşdur. Bu halı ilkin idda ərizəsinə nəzər yetirdikdə görmək olar. Bu fakt barədə İddiaçı məhkəməyə verdiyi izahatında da qeyd etmişdir. Həmçinin bu fakt barədə məhkəməyə tərəfimizdən verilmiş izahatda da bir daha qeyd edilmiş və təsdiqlənmişdir. Lakin 1-ci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində kobud səhvə yol vermişdir. 1-ci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinin dəymiş maddi zərərin əvzinin ödənilməsi hissəsində icraata qəbulundan imtina etməsini Azəriqaz İB-nin qanunla qorunan hüquqlarının kobud pozuntusu kimi qiymətləndirərək bildirilir ki, qətnaməni qəbul edərkən 1-ci instansiya məhkəməsi başdanayağa maddi və prosessual hüquq normalarını pozmuşdur. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi Ç.Dibirov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, Cavabdeh İB ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 63540 saylı müqavilə bağlanmışdır. Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-ü yarımbəndində istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. İş üzrə təbii X2nın pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent İddiaçı yaşadığı ünvanda yoxlama aparılarkən sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi, sayğacdan kənar əlavə xətt ləğv olunması, dəymiş ziyan kimi hesablanıb ödənilməsi müəyyən edilmişdir. İş üzrə «Azəriqaz” İB tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, istehlakçı İddiaçı ******* saylı xx.xx.2022-ci il tarixli akt əsasında fərdi evdə «X2»nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni xətt vasitəsi ilə təbii qazdan istifadə olunması ilə əlaqədar, 90 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 8208 kub metr əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyət kimi 984,96 manat məbləğində borc yazılmışdır. İş materiallarındakı İddiaçı adına olan **********01291 saylı abonentin saldosundan görünür ki, cavabdehin təbii qaza görə 984,96 manat borcu yaranmışdır. Hüquqi dəyərləndirmə: Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin tam deyil, ilkin iddianın təmin edilmiş hissədə ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız mübahisələndirilən hissədə, yəni ilkin iddia tələbinin təmin olunduğu hissədə yoxlayır. Bundan başqa, cavabdeh apellyasiya şikayətində həmçinin birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsində qismən imtina etməsini də mübahisələndirir. Kollegiya bununla bağlı qeyd edir ki, cavabdeh qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən qismən imtinaya dair Nəsimi Ryon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından şikayət vermədiyindən həmin qərardadın yoxlanması hazırki apellyasiya baxışının predmetini təşkil edə bilməz. İş materiallarından görünür ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı aid qaz sərfiyyatını hesablayan sayğaca baxış keçirilmiş, baxış keçirən zaman sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə qazdan istifadə edilməsi aşkar edilmiş və yoxlamanın nəticəsində onun barəsində xx.xx.2022-ci il tarixdə akt tərtib edilmişdir. Həmin akta əsasən komissiya tərəfindən xx.xx.2022-ci il tarixli qərarla İddiaçı 8208 kub metr əlavə sərfiyyat hesablanaraq 984,96 manat borc yazılmışdır. Hazırda ilkin iddia üzrə iddiaçı 984,96 manat borcun silinməsini, qarşılıqlı iddia üzrə iddiaçı debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 75,14 manat pulun və 30,61 manat ödənilmiş dövlət rüsumu əvəzinin ödənilməsini xahiş etmişlər. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərtib olunan xx.xx.2022-ci il tarixli, ******* saylı akt qismən qüsurlu olmaqla, hesablamalar Cavabdeh İB-nin ehtimalına əsaslanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X2»nın 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlanılması qaz paylayıcısının vəzifəsidir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №- li qərarı ilə təsdiq olunmuş “X2”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, qeyd olunan aktda istehlakçının qazdan kənar xətt vasitəsilə sayğaca müdaxilə etməsi müəyyən edilmiş, lakin hesablanan məbləğin müəyyənləşdirilməsində sübutlar təqdim edilməmişdir. Belə ki, Cavabdeh İB-i tərəfindən yalnız xx.xx.2022-ci il tarixində yalnız bir dəfə akt tərtib edilmiş, kənar xəttin 90 gün hesablanması üçün sübut isə məhkəməyə təqdim edilməmişdir. Yəni istehlakçının qeyd olunan müdaxiləni xx.xx.2022-ci il tarixindən əvvəl etməsi müəyyən edilməmişdir. Kollegiya hesab edir ki, istehlakçıdan xx.xx.2022-ci il tarixdən tutulmalı məbləğin bir aya görə ortalama ağlabatan məbləğ kimi 50 (əlli) manat olmasına (yay ayları üçün sərfiyyatın az olduğunu nəzərə alaraq, yay aylarında aylıq 10 (on manat), qış aylarında sərfiyyatın artdığını nəzərə alaraq, qış ayları üçün 70 (yetmiş) manata dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1763/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar