Məhkəmə qərarları › İş №2(103)-4309/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4309/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4309/2023 08.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və X1 qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Əsgər Vəli oğlunun katibliyi ilə, hazırki mülki iş üzrə Baki Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli qətnamədən iddiaçı "xxxx" ASC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı ASC-nin buna səlahiyyətli olan nümayəndəsi ASC-nin adından iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, ASC tərəfindən zərərçəkmiş şəxs X2 ödənilmiş pul vəsaitinin əvəzi olaraq 6.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 80 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçı ASC ilə bağladığı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanması müqaviləsinə” əsasən özünə məxsus olan “VAZ 2106” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək sığortalamışdır. Sığorta müddətində, yəni xx.xx.2012-ci il tarixdə Cavabdeh1 qardaşı, iş üzrə digər cavabdeh Nicat Ələkbərov həmin avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil (hazırki iş üzrə tərəf olmayan) X2 məxsus olan “Chevrolet Aveo” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə Teymur Cabbarov az ağır dərəcəli xəsarətlər almış, onun avtomobili isə istismara yararsız vəziyyətə düşmüşdür. “X5” MMC tərəfindən “Chevrolet Aveo” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün 4.500 manat məbləğində pul tələb olunur. İddiaçı ASC, onunla Cavabdeh1 arasında bağlanmış “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanması müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, xəsarətə görə 1.500 manat, avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün isə 4.500 manat məbləğində pulu zərərçəkmiş şəxsə ödəmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı aparılmış araşdırmalar nəticəsində cinayət işi başlanmış, hadisəni törətmiş Nicat Ələkbərova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan olunmuş, cinayət işi baxılması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin xx.xx.2012-ci il tarixli hökmü ilə Nicat Ələkbərov qeyd edilən maddədə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qazancının 10%-i dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Həmin cinayət işi üzrə sübuta yetirilmişdir ki, iddiaçı ASC tərəfindən sığortalanmış Cavabdeh1 özünə məxsus “VAZ 2106” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşına – Nicat Ələkbərova etibarnaməsiz idarə etmək üçün vermiş, sonuncu isə etibarnamə olmadan avtomobili idarə etmişdir. Göründüyü kimi, Nicat Ələkbərov, sığortalanmış avtomobili idarə edərkən sürücülük vəsiqəsi olsa da, həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmamışdır. Bu səbəbdən iddiaçı ASC-nin zərərçəkmiş şəxsə ödədiyi pul vəsaitinin əvəzi subroqasiya qaydasında hər iki cavabdehdən müştərək qaydada tutularaq ASC-yə ödənilməlidir. ASC, həmin məbləğin ona ödənilməsini cavabdehlərdən tələb etsə də, cavabdehlər ödəniş etməmişdir. Bu səbəbdən də, ASC, hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddia ərizəsinin məhkəməyə verilməsi üçün 80 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunvericiliyi müəyyən etmişdir (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi; maddə 332.). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunvericiliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul edilmir. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda, mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Azərbaycan Respublikası Mülki Məcəlləsi; maddə 362.). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir ki, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa, yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki, avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevrilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən hesab edilməlidir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs”-lərə” yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Hazırkı işdə isə avtomobilin cavabdeh Nicat Ələkbərov tərəfindən avtomobilin mülkiyyətçisinin – Cavabdeh1 iradəsinə zidd olaraq idarə edilməsi barədə hər hansı sübut yoxdur. Əksinə, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, hökmündən görünür ki, Cavabdeh1 özünə məxsus “VAZ 2106” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edilməsi üçün özü qardaşı Nicat Ələkbərova vermişdir. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçı ASC, onunla Cavabdeh1 arasında bağlanmış “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanması müqaviləsi” üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək zərərçəkmiş şəxsə yuxarıda qeyd edilən məbləği ödəməli idi və ASC, həmin məbləğin subroqasiya qaydasında cavabdehlərdən onun xeyrinə tutulmasını tələb etməkdə haqlı deyil. c) apellyasiya şikayəti barədə məlumat

5. İddiaçı ASC həmin qətnamədən Baki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Rayon Məhkəməsi “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinin tələblərini işin hallarına lazımi qaydada tətbiq etməmiş, həmin maddədəki “istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etmək” müddəasını yalnız sürücülük vəsiqəsinin olması ilə məhdudlaşdırmaqla şərh etmişdir ki, bu da maddi hüquq normasının düzgün tətbiq edilməməsi deməkdir. Əslində isə həmin maddi hüquq normasında şəxsin nəqliyyat vasitəsinə “qanuni əsasla sahiblik edən” şəxs kimi tanınmasını, həmçinin “nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamənin mövcudluğu” ilə şərtləndirir. Bundan başqa nəzərə alınmalıdır ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur (Mülki Məcəllə; maddə 1108.1.). “VAZ 2106” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi olan Cavabdeh1 etibarnamə olmadan avtomobili digər cavabdeh Nicat Ələkbərovun sahibliyinə verdiyi üçün avtomobili axırıncı idarə edib, yol nəqliyyat hadisəsinin törədilməsi nəticəsində üçüncü şəxslərin əmlakına və sağlamlığına vurulmuş ziyana görə onunla birlikdə ASC qarşısında müştərək qaydada mülki məsuliyyət daşıyır. İşə baxmış Rayon Məhkəməsi isə bunları nəzərə almamışdır. İşə baxmış Rayon Məhkəməsi həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinin tələblərini də nəzərə almamışdır. Halbuki, həmin maddədə etibarnamə olmadan avtomobilin idarə olunması inzibati xəta kimi nəzərdə tutulmuşdur. d) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barədə məlumat

7. İddiaçı ASC-nin nümayəndəsi və cavabdehlər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsalar da, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi (səbəbləri) barədə Məhkəməyə məlumat verməmilşər. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbini rəhbər tutaraq işə onları iştirakı olmadan baxmışdır. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

8. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

9. Belə ki, AA seriyalı, 780264 saylı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanması şıhadətnaməsindən” görünür ki, iddiaçı ASC, Cavabdeh1 məxsus olan “VAZ 2106” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək sığortalamışdır.

10. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh1 qardaşı, iş üzrə digər cavabdeh Nicat Ələkbərov xx.xx.2012-ci il tarixdə (sığorta müddətində) həmin avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, onun idarə etdiyi avtomobil (hazırki iş üzrə tərəf olmayan) X2 məxsus olan “Chevrolet Aveo” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə Teymur Cabbarov az ağır dərəcəli xəsarətlər almış, onun avtomobili isə istismara yararsız vəziyyətə düşmüşdür.

11. “X5” MMC tərəfindən verilmiş xx.xx.2012-ci il tarixdə verilmiş “Qüsur aktından” görünür ki, “Chevrolet Aveo” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən əvvəlki real bazar qiyməti 7.800 manat, hadisədən sonrakı real bazar qiyməti 3.000 manat olmuşdur.

12. İşdə olan sənədlərdən görünür ki, iddiaçı ASC tərəfindən Teymur Cabbarova xəsarətə görə 1.500 manat, avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün isə 4.500 manat məbləğində pul ödənilmişdir.

13. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmündən (İş № 1(006)-448/2012) görünür ki, cavabdeh Nicat Ələkbərov yuxarıda qeyd edilən yolnəqliyyat hadisəsinin, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə qazancının 10%-i dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir.

14. Həmin hökmdən və işdə olan digər sənədlərdən görünür ki, iddiaçı ASC tərəfindən sığortalanmış Cavabdeh1 özünə məxsus “VAZ 2106” markalı, **-RC-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşına – Nicat Ələkbərova etibarnaməsiz idarə etmək üçün vermiş, sonuncu isə etibarnamə olmadan avtomobili idarə etmişdir.

15. Göstərilənləri nəzərə alan iddiaçı ASC hesab edir ki, Nicat Ələkbərov, sığortalanmış avtomobili idarə edərkən sürücülük vəsiqəsi olsa da, həmin avtomobili idarə etmək üçün etibarnaməsi olmadığından zərərçəkmiş şəxsə ödənilmiş pul vəsaitinin əvəzi subroqasiya qaydasında hər iki cavabdehdən müştərək qaydada tutularaq ASC-yə ödənilməlidir.

16. Məhkəmə tərəflər arasında yaranmış mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlili ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (maddə 883.1.). Sığorta müqaviləsi yazılı olaraq tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə bağlanır (maddə 899.1.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (maddə 888.1.). Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır (maddə 922.1.). Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (maddə 922.2.). Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır (maddə 926.1.). Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (maddə 936.1.).

17. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq sığorta müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur (maddə 13.4.). İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır (maddə 25.1.3.).

18. Yuxarıda qeyd edildiyi kimi iddiaçı ASC apellyasiya şikayətində bildirir ki, qeyd olunan Qanunun 25.1.3-cü maddəsində nəzərdə tutulan “istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ” müddəası etibarnamənin olmasını nəzərdə tutur. Cavabdeh Nicat Ələkbərovun isə yol nəqliyyat hadisəsi baş verən zaman etibarnaməsi olmamışdır.

19. Bununla bağlı Məhkəmə qeyd edir ki, “İcbari Sığortalar haqqında” Qanun nəqliyyat vasitəsinə qanuni sahibliyi nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamənin mövcudluğu ilə şərtləndirmir. Belə ki, əmlakdan istifadə etmə etibarnamə əsasında deyil, mülki hüquqi müqavilələr əsasında yaranır. Mülki Məcəllənin 152.3-cü maddəsinə görə, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Avtomobilin mülkiyyətçisinin digər şəxslərə avtomobildən istifadəyə razılıq verməsi, yəni istifadəyə dair müqavilə bağlaması həm şifahi, həm də yazılı formada həyata keçirilə bilər. Çünki belə bir müqavilənin yazılı formada bağlanması və ya rəsmi dövlət qeydiyyatına alınmasına dair imperativ qaydada müəyyən edilmiş bir tələb mövcud deyil. İddiaçı ASC avtomobilin mülkiyyətçisi olan Cavabdeh1 avtomobilin cavabdeh Nicat Ələkbərov tərəfindən istifadə edilməsinə dair hər hansı etirazının olmasına dair heç bir sübut təqdim etməmişdir. Əksinə işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh Nicat Ələkbərov həmin avtomobili avtomobilin mülkiyyətçisi olan Cavabdeh1 razılığı ilə idarə etmişdir.

20. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsinin iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızıdır.

21. Apellyasiya şikayətinin başqa dəlili ondan ibarətdir ki, işə baxmış Rayon Məhkəməsi nəzərə almamışdır ki, mövcud mülki mübahisəyə Mülki Məcəllənin 1108.1-ci maddəsinin və İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsinin tələbləri baxımından yanaşdıqda müəyyən edilir ki, Cavabdeh1 avtomobilin idarə edilməsinə dair cavabdeh Nicat Ələkbərova etibarnamə vermədən avtomobili ona verə, sonuncu isə etibarnamə verilmədən avtomobili idarə edə bilməzdi. Bu hal baş verdiyindən iddia tələbi hər iki cavabdehə münasibətdə əsaslı hesab edilərək, təmin edilməli idi.

22. Məhkəmə apellyasiya şikayətinin bu dəlili ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

23. Məhkəmə qeyd edir ki, nəqliyyat vasitələri, o cümlədən də avtomobillər yüksək təhlükə mənbəyi hesab olunduğundan, onların qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyata alınması, habelə əməli və ya etibarnaməli idarəçiliyə və ya istifadəyə verilməsinin də müvafiq qaydada qeydə alınması yalnız ictimai maraqlar baxımından əhəmiyyət kəsb edir və bu məqsəd ilə həyata keçirilir. Burada məqsəd yüksək təhlükə mənbəyi tərəfindən üçüncü şəxslərin həyat və sağlamlığına, habelə onların əmlakına vurulan zərərə görə məsuliyyət daşıyan şəxsin (həm qanuni, həm də faktiki sahibin) kimliyinin müəyyən olunmasından, həmin şəxsin mülki, inzibat və cinayət məsuliyyətinə cəlb edilməsinin qaçılmaz olmasının təmin edilməsindən ibarətdir.

24. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332ci maddəsində etibarnamə olmadan avtomobilin idarə olunması inzibati xəta kimi nəzərdə tutulmuşdur. Bununla belə, hətta həmin maddənin dispozisiyasına diqqət yetirdikdə məlum olur ki, inzibati xəta haqqında qanunvericildik də nəqliyyat vasitəsinə sahiblik etmək hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halı istisna kimi müəyyən olunmuşdur, yəni nəqliyyat vasitəsinin sahibi avtomobildə olduqda, həmin nəqliyyat vasitəsini idarə edən üçüncü şəxsə etibarnamə verilməsi zəruri deyildir. Qanunvericinin bu mövqeyi olduqca məntiqli və anlaşılandır.

25. Azərbaycan Respublikası Cinayət Məcəlləsində də “Hərəkət təhlükəsizlik və nəqliyyat vasitələrinin istismarı əleyhinə olan cinayətlər” adlı 29-cu Fəsil nəzərdə tutulmuşdur. Həmin Fəsildə …yol hərəkəti qaydalarını və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozulmasının nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ağırlaşdırıcı hal kimi xüsusi normada (maddə 263-1.1.) nəzərdə tutulmuşdur.

26. Qeyd olunanlardan da məlum olur ki, nəqliyyat vasitəsinə dair üçüncü şəxslərə etibarnamə verilməsi müstəsna olaraq mülkiyyətçi və ya buna səlahiyyəti olan mükəlləfiyyətli şəxsin subyektiv hüququ ilə bağlı olub, yalnız etibar edənlə onun adından çıxış edən etibar olunan arasındakı mülki münasibətləri tənzimləyir, həmin etibarnamələrin müvafiq qaydada qeydə alınması isə yalnız ictimai maraqlarla bağlı olub, həmin yüksək təhlükə mənbələrinin vurduqları istənilən (mülki, inzibati, cinayət) zərərə görə məsul olan şəxsin kimliyinin müəyyənləşdirilməsinə xidmət edir və bu məsələnin sığorta, eləcə də icbari sığorta qanunvericiliyi ilə tənzimlənən münasibətlərə hər hansı aidiyyatı yoxdur. Bununla bağlı Məhkəmə qeyd edir ki, iddiaçı ASC-nin bu dəlili, yəni hadisə vaxtı avtomobili idarə etmiş Nicat Ələkbərovun yazılı etibarnaməsinin olmaması (ümumiyyətlə, etibarnamənin olmaması) iddia tələbinin əsaslı olmasına zəmin yaratmır. Çünki işin mübahisəsiz olan faktiki hallarından da göründüyü kimi avtomobili idarə etmiş və bu zaman yol-nəqliyyat hadisəsi törətmiş Nicat Ələkbərovun sürücülük hüququ mövcud olmuşdur.

27. “İcbari Sığortalar haqqında” Qanunun yuxarıda qeyd edilmiş 25.1.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan “hüququ olmayan şəxs” dedikdə, hazırkı hala münasibətdə məhz sürücülük hüququ olmayan şəxs tərəfindən avtomobilin idarə edilməsi nəzərdə tutulur, etibarnamənin olmamasının isə yuxarıda da qeyd olunduğu kimi tərəflər arasındakı sığorta münasibətlərinə təsiri yoxdur.

28. Şərh edilənlərə əsasən müəyyən olunur ki, iddiaçı ASC-nin cavabdehlərə münasibətdə subroqasiya hüququ yaranmadığından iddia tələbi əsaslı hesab edilə bilməz və Rayon Məhkəməsi bu kimi nəticəyə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin müzakirə edilən dəlili əsassızıdır.

29. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlili formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

30. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

33. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ:

İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Baki Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 aprel 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov

“Əsli ilə düzdür”

Hakim Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar