Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4312/2020 03.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, İlham Əziz oğlu Kərimli və Şeyda Ədalət qızı Məhərrəmovadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı cavabdehlər “xxxxx” MMC-yə (3-cü şəxslər: Maraqlı şəxs2 və Maraqlı şəxs1 ASC) qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi və əmlakın mülkiyyətçiyə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-577/2020 saylı, 13 yanvar 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər “xxxxx” MMC-yə (3-cü şəxslər: Maraqlı şəxs2 və Maraqlı şəxs1 ASC) qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi, çıxarışın etibarsız hesab edilməsi və əmlakın mülkiyyətçiyə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi iddianı təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulmasını, həmin əmlakla bağlı bütün icra hərəkətlərinin qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-577/2020 saylı, 13 yanvar 2020-ci il tarixli qərardadı ilə ərizənin qismən təmin edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin özgəninkiləşdirilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi (vəkili) Vəkil şikayət verərək qərardadın ləğv edilməsini və ya əks halda MPM-in tələbinə uyğun olaraq işin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizədə göstərildiyi kimi hərracın qalibi olmuş bank iddiaçıya məxsus olmuş ünvan 1 ünvanında yerləşən mənzili hərrac təşkilatı ilə qanunsuz olaraq əlbir olaraq iddiaçının məlumatı olmadan satın almış və öz adına reyestrdə dövlət qeydiyyatından keçirmişdir. “İcra haqqında” Qanunun 50.2-ci maddəsində göstərilmişdir ki, borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə qərardadında həmin maddəyə istinad etsə də, yalnız özgəninkiləşdirmə hissəsində ərizəni təmin etmişdir. Hazırkı mülkiyyətçi bank tərəfindən həmin əmlakın icarəyə verilməsi və ya ondan başqa məqsədlər üçün istifadə edilməsi ehtimalı da vardır ki, belə olan halda əmlak öz dəyərini itirəcək və gələcəkdə qəbul ediləcək qətnamənin icrasını çətinləşdirəcəkdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı mübahisələndirilən hissədə - ərizənin təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə baxılan iş üzrə apelyasiya baxışının hədlərini qərardadın ərizənin təmin olunmamış hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iş üzrə iddianı təmin tədbiri barədə ərizə qismən təmin edilmiş və cavabdeh və 3-cü şəxslər qərardadı mübahisələndirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Göründüyü kimi, iddianı təmin etmə tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək üçün görülən prosessual tədbirdir. Bu isə o zaman zəruri olur ki, həmin tədbirin görülməməsi çıxarılacaq qətnamənin gələcəkdə icrasını çətinləşdirsin və yaxud qeyrimümkün etsin. İddianın təmininə dair ərizə təqdim edən iddiaçı, bir tərəfdən iddianın uğurluluq ehtimalını təsdiq edən dəlilləri, digər tərəfdən isə ərizənin təmin edilməyəcəyi halda qətnamənin icrasının mümkünsüz, yaxud çətin olacağını təsdiq edən dəlilləri təqdim etməlidir, çünki həmin tədbir cavabdehə məxsus hüququn bu və ya digər şəkildə məhdudlaşdırılmasını ehtiva edir. Məhkəmə icraatının gedişində cavabdehə tətbiq edilən məhdudiyyət isə yanız zərurətdən irəli gələ bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, hazırkı ərizə ilə tətbiq olunması xahiş edilən hərəkətlə gələcəkdə qəbul ediləcək qətnamə arasında hər hansı birbaşa əlaqə mövcud deyil. Hazırkı iş üzrə tələb olunan təmin tədbirinin qoyulması iddianı təmin tədbiri institutunun məqsədlərinə xidmət etmir. Əksinə digər məhkəmə qətnaməsinin icrasını təmin etmək üçün həyata keçirilmiş hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilərək ləğv edilməsi xahiş edilir ki, belə bir iddianı təmin etmə tədbirinin tətbiq edilməsi digər qətnamənin icrasının mümkünsüz edəcəkdir. Bu isə öz növbəsində 3-cü şəxs Maraqlı şəxs1 ASC-nin hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni mübahisələndirilən hissədə təmin etməməklə hazırkı işin halları, mübahisənin mahiyyəti və tətbiq edilməli hüquq normaları ilə bağlı düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas deyildir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397.2, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-577/2020 saylı, 13 yanvar 2020-ci il tarixli qərardadı mübahisələndirilən hissədə - ərizənin təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-4312/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4312/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver