Məhkəmə qərarları › İş №2(103)-4314/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4314/2023

05.09.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4314/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X5, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qaz İxrac” İdarəsinin Cavabdeh qarşı “magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikilinin sökülməsi” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(001)-175/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı iddia edir ki, "Qaz İxrac" İdarəsinin Abşeron Magistral X8 balans və istismarında olan 720 mm diametrli «Novxanı QPS Xırdalan QPS» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi- Xırdalan şossesi, döngə 9 ünvanından keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə 39 T 396653.25; 4478167.34 koordinatı üzrə qaz kəmərindən "4.5" metr məsafədə qanunsuz olaraq təyinatı bilinməyən yardımçı tikili ve "10" metr məsafədə fərdi yaşayış evi inşa edilmişdir. Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2007-ci il tarixli, 674 saylı qərarından görünür ki, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 80 kv.m torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh alğı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayonu X2 xx.xx.2008-ci il tarixli, 674 891 saylı sərəncamından görünür ki, Binəqədi rayonu, Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 600 kv.m torpaq sahəsinin 300 kv.m-i fərdi yaşayış evinin tikintisi üçün vətəndaş Cavabdeh adına keçirilmişdir. AEP seriyalı, 540124 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, Cavabdeh tərəfindən torpağın dəyəri qismində 176 manat məbləğində ödəniş edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X8 balans və istismarında olan 720 mm diametrli “Novxanı QPS-Xırdalan QPS” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, döngə 9 ünvanından keçən hissəsində qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş fərdi yaşayış evi və yardımçı tikilinin onun hesabına sökülməsi, tikinti malmateriallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” idarəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq "Qaz İxrac" İdarəsinin Abşeron Magistral X8 balans və istismarında olan 720 mm diametrli «Novxanı QPS Xırdalan QPS» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, döngə 9 ünvanından keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə 39 T 396653.25; 4478167.34 koordinatı üzrə qaz kəmərindən "4.5" metr məsafədə qanunsuz olaraq təyinatı bilinməyən yardımçı tikili ve "10" metr məsafədə fərdi yaşayış evi inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikilinin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün xx.xx.2021ci il tarixli SOCAR**********30490075X00323 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinin başçısına və xx.xx.2021-ci il tarixli SOCAR**********30490075X00322 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə "yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə" rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikası Binəqədi Rayon İcra Hakimiyyəti öz növbəsində 10 noyabr 2021-ci il tarixli 04/13-xx-xx/2427 nömrəli cavab məktubunda məsələyə dair münasibət bildirərək göstərmişdir ki, qeyd olunan fakt öz təsdiqini tapmışdır. Məktubda qeyd edilir ki, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən sözügedən tikiliyə hər hansı bir icazə sənədi verilməmişdir. Qeyri-qanuni aparılmış tikinti işləri ilə əlaqədar vətəndaşa aidiyyəti qurumlardan müvafiq rəyin alınmasının, qaz kəmərinin mühafizə zonasının bərpasının və qanunsuz tikintinin sökülməsinin təmin edilməsi barədə ciddi xəbərdarlıq edilmiş və gələcəkdə bu kimi halların baş verməməsi üçün ərazi nəzarətə götürülmüşdür. Binəqədi Rayon İcra Hakimiyyətinin cavab məktubunda qeyd edilir ki, eyni zamanda sözügedən tikili ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə məhkəməyə və ya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinə müraciət edilməsi məqsədǝmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 22 noyabr 2021-ci il tarixli **********45 saylı cavab məktubunda bildirilir ki, Cavabdeh ayrılmış 80 kv.metr torpaq sahəsinin təqribən 50 kv.metr hissəsində fərdi yaşayış evinin inşa edilməsi faktı təstiqini tapmışdır. Eyni zamanda Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşlarının tərtib etdiyi 04 noyabr 2021-ci il tarixli aktda qeyd edilir ki, 39 T 396653.25; 4478167.34 koordinatı üzrə Cavabdeh tərəfindən təqribən 50 kv.metr torpaq sahəsində tikinti işləri Abşeron Magistral X8 balans ve istismarında olan 720 mm diametrli «Novxanı QPS-Xırdalan QPS» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında aparılır. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, döngə 9 ünvanında, qaz kəmərinin mühafizə zonasında 39 T 396653.25; 4478167.34 koordinatı üzrə qanunsuz olaraq tikinti işləri aparan Cavabdeh onun tərəfindən inşa edilən tikilinin sökülərək magistral qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilsə də, o xəbərdarlıq məktubunu qəbul etməmişdir. Beləliklə, yuxarıda sözügedən tikili birbaşa kəmərin mühafizə zonasında yerləşir və həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilər.Cavabdeh-nun mühafizə zonasında inşa etdiyi tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1108-ci maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Bu səbəbdən də, hesab edilir ki cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsindədir. Buradan da müəyyən olunur ki, cavabdehin buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili onun öz hesabına sökülməlidir. Birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7724 saylı ekspert rəyindən görünür ki, baxış zamanı təqdim olunan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, döngə 9 ünvanında cavabdeh tərəfindən inşa olunmuş qaraj tikilisinin və talvar tikilisinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X8 balans və istismarında olan 720 mm diametrli, “Novxanı QPS-Xırdalan Qps” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərindən müvafiq olaraq 6 metr və 10 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin qaraj və talvar tikililərinin “Qaz Təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarının 2.7-ci bəndinin tələblərinə əsasən yerüstü magistral qaz xəttinin mühafizə zonasında inşa edildiyi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(001)- 175/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının sökülməsini tələb etdiyi özbaşına tikililər qaz kəmərinin mühafizə zonasının hüdudları daxilində olduğundan, orada yaşamaq texniki təhlükəsizlik qaydaları baxımından təhlükəli olmaqla yanaşı insanların həyatı və sağlamlığı üçün zərərli olsa da, cavabdehin və ailəsinin uzun müddət yaşayış yeri olduğundan mübahisə predmeti olan tikililərin sökülməsi və cavabdehin həmin evdən çıxarılması bununla bağlı müvafiq məbləğdə kompensasiya verilməklə təmin edilə bilər. Ona görə də məhkəmə iddia ərizəsinin cavabdehə kompensasiya təklif edilmədən təmin edilməsini qeyri-mümkün hesab edir. Belə ki, iddia ərizəsinin hazırkı vəziyyətdə təmin edilməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin istinad olunan Azərbaycana qarşı qərarına əsasən Konvensiyanın 8-ci maddəsinin tələblərinin pozulması ilə nəticələnəcəkdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4, 1096.1, 1096.2, 1108.1, 1108.2, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 109, 110, 111-ci maddələrinə, “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2-ci maddəsinin 7ci bəndinə, 2.23-cü bəndinə, “Qaz təchizatı haqqında” AR qanununun 19-cu maddəsinin birinci bəndinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Əhmədovanın Azərbaycana qarşı işi üzrə 18 noyabr 2021-ci il tarixli qərarın eləcə də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən inşa edilən yardımçı tikili (qaraj) və fərdi yaşayış evi qaz kəmərinin mühafizə zonasının daxilindədir. Belə ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi-Xırdalan şossesi döngə 9 ünvanında cavabdeh – Cavabdeh tərəfindən, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X8 istismarında olan 720 mm diametrli yüksək təzyiqli yerüstü “Novxanı QPS-Xırdalan QPS” magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 4.5-10 metr məsafədə tikililər inşa edilmişdir. Həmin tikili magistral qaz kəmərinin həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan Binəqədi rayon məhkəməsi isə qətnamə çıxararkən qeyd etdikləri bu halların heç birini nəzərə almamışdır. Sözügedən tikililərin magistral qaz kəməri üçün təyin olunmuş mühafizə zonasında inşa edilməsi faktı Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2023cü il tarixli 10/7724 nömrəli rəyində təsdiq olunsa belə Binəqədi rayon məhkəməsi, Binəqədi rayonu, X2 xx.xx.2007-ci il tarixli 674 saylı, Cavabdeh yaşayış evi inşa etməsi üçün verdiyi Bələdiyyə Qərarını əsas gətirərək iddia tələbi təmin etməmişdir. Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-175/2023 nömrəli Qətnaməsinin 7-ci hissəsində yazılır ki, X2 xx.xx.2007-ci il tarixli 674 saylı qərarına əsasən Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbəsi ərazisində istifadəsində olan 80kv.metr torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün ayrılmışdır. Lakin, qeyd edilən 80kv.metr torpaq sahəsinin Binəqədi rayonu Binəqədi qəsəbəsinin hüdudları ərazisində hansı koordinatda yerləşməsi məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Eyni zamanda sonuncu məhkəmə iclası zamanı cavabdeh tərəfindən yaşayış evinin tikintisi ilə əlaqədar torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarı təqdim edilsə də qaraj tikilisinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Cavabdeh tərəfindən inşa etdiyi nə yaşayış evinə nə də qaraj tikilisinə dair mülkiyyət sənədi əldə edilməmişdir. Cavabdeh tərəfindən inşa edilmiş qaraj tikilisi ilə əlaqədar məhkəmə tərəfindən iddianın qismən təmin edilməsi məsələsinə də baxılmamışdır. Qətnamədə qeyd edilmişdir ki, Binəqədi rayon, X2 xx.xx.2007-ci il tarixli 674 saylı qərarı ilə Cavabdeh ayrılmış 80 kv.metr torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilmiş və alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. Lakin, nəzərə alınmamışdır ki, həmin magistral qaz kəməri ilə yüksək təzyiqlə təbii qaz nəql edilir. Qeyd edilən magistral qaz kəmərinin təhlükəli mühafizə zonasında yaşayış evi inşa edərək həmin evdə yaşamaq insan həyatı üçün çox təhlükəlidir. Belə ki, qaz sızması, partlayış və yanğın baş verərsə insan tələfatı qaçınılmazdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

29. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

71. İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

Mülki Məcəllə:

139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir; 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Torpaq Məcəlləsi:

109. Torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir.

110. Bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.

111. 1-ci bənd. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İkinci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Üçüncü bəndinə əsasən Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin: “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə xx.xx.2018-ci il tarixli qərarı:

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1 Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə kollegiyasının mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdehə məxsus olan və qaz kəmərinin mühafizə zolağında yerləşən tikili iddiaçının nümayəndələri tərəfindən aşkar edilmişdir. Tikilinin cavabdehin faktiki sahibliyində olması iddiaçının nümayəndələri tərəfindən tərtib edilmiş aktla təsdiq olunur. xx.xx.2021-ci il tarixli həmin aktdan görünür ki, Bakı Ərazi Şöbəsinə daxil olmuş xx.xx.2021-ci il tarixli, ********** saylı məktubun icrası ilə əlaqədar olaraq Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində monitorinq aparılmış və SOCAR “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X8 istismarında olan “Novxanı QPS-Xırdalan QPS” (720 mm, yerüstü) qaz kəmərindən 10 metr aralı məsafədə (39 T 396653,25 4478167,34 saylı koordinatlar) Cavabdeh tərəfindən təxminən 50 kv.m torpaq sahəsində fərdi yaşayış evinin inşa edilməsi faktı aşkar edilmişdir. Tikinti işlərini Kazımov X6 rayonu, X2 15may 2007-ci il tarixli, 674 saylı qərarı əsasında apardığı müəyyən edilmişdir. Həmin ərazi SOCAR “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X8 istismarında olan “Novxanı QPS-Xırdalan QPS” (720 mm, yerüstü) kəmərinin mühafizə zonasına yerləşir. “Socar”-ın Qaz İxrac İdarəsi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə və Binəqədi Rayon İcra Hakimiyyətinə müvafiq tədbirlər görülməsi üçün müraciət edilmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini müraciətə cavab olaraq bildirmişdir ki, qeyd olunan ünvanda aparılan tikinti işlərinə əməkdaşları tərəfindən texniki baxış keçirilmiş, qeyd olunan faktlar öz təsdiqini tapmışdır. Belə ki, Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən tikintiyə hər hansı icazə sənədi verilməmişdir. Qaz Kəmərlərinin mühafizə zonasında tikinti işlərinin yolverilməzliyi və aidiyyəti qurumlardan müvafiq rəylərin alınması barədə vətəndaşa ciddi xəbərdarlıq edilmiş və gələcəkdə bu kimi halların baş verməməsi üçün ərazilər nəzarətə götürülmüşdür. Qeyd olunanları nəzərə alaraq sözügedən tikili ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə məhkəməyə və ya FHN Tikintidə X4 Agentliyinə müraciət edilməsi tövsiyyə edilmişdir. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydaların tələblərinə uyğun olaraq yerli səviyyədə Rayon İcra Hakimiyyəti tərəfindən şəhərsalma nəzarəti çərçivəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilir. Bundan başqa qaz kəmərlərinin mühafizə zonasında olan torpaq sahələrində aparılan qanunsuz tikinti işlərinin qarşısının alınması və ərazilərin nəzarətdə saxlanılması məqsədilə Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə və digər aidiyyəti qurumlara zəruri tapşırıqlar verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müraciətə cavab olaraq bildirilmişdir ki, müraciətdə qeyd olunan məsələ əməkdaşları tərəfindən araşdırılan zaman X2 2007-ci il 15 may tarixli 674 nömrəli qərarı ilə Cavabdeh ayrılmış 80.0 kv.m torpaq sahəsinin təqribən 50 kv.m hissəsində fərdi yaşayış evinin inşa edilməsi faktı təsdiqini tapmışdır. Yuxarıda istinad edilən işin hallarından görünür ki, iddiaçı ona mülkiyyət hüququ ilə məxsus olmayan tikililərin özbaşına tikili statusuna malik tikililər kimi magistral qaz kəmərinin mühafizə zonasında yerləşməsi əsası ilə sökülməli olmasını iddia etmişdir. Lakin birinci instansiya məhkəməsi iddianın əsas qayəsi olan həmin tikililrin sökülməli olub-olmamasının hüquqi əsaslarına qiymət verməli olduğu halda istinad etdiyi qanunverici normalarına əsasən özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən edilməsi, eləcə də özbaşına tikili üzərində mülkiyyət hüququnu tanınması və belə tanımanın Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarla bağlı mövqeyini bildirmiş və gözlənilən mülkiyyət hüququna istina edərək bu torpaq sahəsi qanuni əsaslarla ayrılmasını və həmin torpaq sahəsində tikili 2007-ci ildən sonra inşa edilərək 2007-ci ildən cavabdeh mübahisəli ərazidən sərbəst şəkildə və istədiyi kimi istifadə etmiş, bu müddət ərzində ona heç bir irad və etiraz bildirilməməsini göstərərək iddia tələblərini tam rədd etmişdir. Halbuki, biirinci instansiya məhkəməsi baxışı zamanı tikinti-texniki epertizanın keçirilməsi qərara alınmış və bununla bağlı ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli rəylə müəyyən edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, döngə 9 ünvanında cavabdeh tərəfindən inşa olunmuş yalnız qaraj və talvar tikilisi yerüstü magistral qaz kəmərindən müvafiq olaraq 6 və 10 metr məsafədə yerləşir və magistral qaz kəmərinin mühafizə zonasına düşür. Göründüyü kimi, işin faktiki halları ilə müəyyən edilir ki, sökülməsi tələb edilən tikililər cavabdeh tərəfindən ona X2 xx.xx.2007-ci il tarixli, 674 saylı Qərarı və xx.xx.2008-ci il tarixli 891 saylı sərəncamı ilə ayrılmış torpaq sahələrində yerləşir və həmin tikililərdən yalnız cavabdeh tərəfindən inşa olunmuş qaraj və talvar tikilisi magistral qaz kəmərinin mühafizə zonasında yerləşir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sözügedən evin cavabdehin mənzil sahəsinə ehtiyacını təmin edən vasitə olmaqla onun başqa yaşayış yerinin olması işin halları ilə müəyyən edilməməsi, cavabdeh torpaq sahəsini aldıqdan sonra evin tikintisi üçün vəsait xərcləyərək buna dövlət orqanları da onun hərəkətlərinə göz yummaqla faktiki olaraq razılıq verməsi əsası ilə deyil, rəydə göstərildiyi kimi həmin evin magistral qaz kəmərinin mühafizə zonasında yerləşməməsi əsası ilə hüquqi qiymət verməli idi. Göstərilənlər əsasa görə məhkəmə kollegiyası hesab edir ki, iddia Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin sökülməsi hissəsinə dair hissədə rədd olunmalıdır. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi – qaraj və talvarın sökülməsi hissəsində iddia tələbinin əsaslıdır. Belə ki yuxarıda qeyd edilən Azərbaycan Respublikasə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/7724 saylı ekspert rəyində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, döngə 9 ünvanında cavabdeh tərəfindən inşa olunmuş qaraj tikilisinin və talvar tikilisinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X8 balans və istismarında olan 720 mm diametrli, “Novxanı QPS-Xırdalan Qps” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərindən müvafiq olaraq 6 metr və 10 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin qaraj və talvar tikililərinin “Qaz Təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarının 2.7-ci bəndinin tələblərinə əsasən yerüstü magistral qaz xəttinin mühafizə zonasında inşa edildiyi müəyyən olunmuşdur. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Socar “Qaz İxrac” İdarəsi X11 Kəmərləri Sahəsi tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli 14-2-12-7/2-13/2023 saylı məktubundan görünür ki, Abşeron Magistral X8 balans və istismarında olan D 720 mm-lik “Digah-Qaradağ” magistral qaz kəmərinin (Novxanı-Xırdalan hissəsi) 1965-1966-cı il tarixindən istismar olunur. Kəmərin uzunluğu 40159 p/m, layihə təzyiqi 25 atm, işçi təzyiqi 12 atm. Məktubdan aydın olunur ki, cavabdehin inşa etdiyi talvar və qaraj qaz xəttinin çəkilməsindən sonra tikilmişdir. Məhkəmə kollegiyası yaşayış evindən başqa, birbaşa kəmərin mühafizə zonasında yerləşməsi təsdiq olunan cavabdeh tərəfindən inşa olunmuş qaraj və talvar tikililərinin həmin magistral qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlıqlarına təhlükə yaradan partlayışa, yanğına və digər növ qəzalara, habelə kütləvi insan tələfatına səbəb ola bilməsi kimi iddia dəlilləri ilə razılaşır. Bu dəlillərə əsasən həmçinin sözügedən tikililər həm cavabdehin, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə məsuliyyət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1108-ci maddələrinə əsasən təqsirli şəxs kimi özünün üzərinə düşür. Apellyatorun da şikayətində göstərildiyi kimi yaşayış evinin tikintisi ilə əlaqədar torpaq sahəsinin ayrılmasına dair bələdiyyə qərarları təqdim edilsə də, qaraj və talvar tikilisinə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim edilməmiş, həmçinin Cavabdeh tərəfindən inşa edilmiş qaraj və talvar tikilisi ilə əlaqədar məhkəmə tərəfindən mülki iddianın qismən təmin edilməsi məsələsinə də baxılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən əsaslardan cavabdeh tərəfindən inşa olunmuş qaraj tikilisinin və talvar tikilisinə onlar özbaşına tikili statusuna malik olmaqla mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hazırda iddiaçının qanuni istifadəsində olduğundan müəyyən olunur ki, cavabdehin buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də, tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili onun öz hesabına sökülməsinə dair iddia tələbləri də əsaslıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi - qaraj və talvarın sökülməsi hissəsində əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X8 balans və istismarında olan 720 mm diametrli “Novxanı QPS-Xırdalan QPS” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, döngə 9 ünvanından keçən hissəsində qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş yardımçı tikili – qaraj və talvar cavabdehin hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri iddiaçıya aid edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı keçirilmiş ekspertiza xərci qismində isə 50 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(001)- 175/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X8 balans və istismarında olan 720 mm diametrli “Novxanı QPS-Xırdalan QPS” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi-Xırdalan şossesi, döngə 9 ünvanından keçən hissəsində qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş yardımçı tikili – qaraj və talvar cavabdehin hesabına sökülsün və tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Birinci instansiya məhkəməsi baxışı zamanı keçirilmiş ekspertiza xərci qismində isə 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar