Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4314/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 aprel 2024-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi X1 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı MMC-nin buna səlahiyyəti olan nümayəndəsi MMC-nin adından cavabdehə qarşı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 11/654-2022 saylı “Daxili lizinq müqaviləsinin” ləğv edilməsi, lizinq obyekti olan avtomobildən müvəqqəti sahiblik və istifadə edilməsinə görə gecikdirilmiş əsas borcun ödənilməsi məqsədi ilə 2.921,27 manat, əsas borca hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 4.685,73 manat və borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun ödənilməsi məqsədi ilə 1.383,66 manat, avtomobilin təmir-bərpasına üçün tələb edilən 7.650 manat, cəmi 16.640,66 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli "xxxx" əsasən, cavabdehin sifarişi ilə 2016-ci il buraxılışlı, “X3” markalı, **-AX-*** dövlət qeydiyyat nişanlı, SALWG2VF1GA651701 ban, ağ rəngli avtomobil MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsinin” ayrılmaz tərkib hissəsi olan “Lizinq ödənişləri cədvəlinə” (Əlavə № 2) əsasən cavabdeh illik 30% hesablanmaqla 48 ay müddətinə hər ayın 26-sı 2.566 manat olmaqla, ümumilikdə 123.113 manat pulu MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. MMC, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh, MMC qarşısında üzərinə götürdüyü öhdəliyi qismən icra etmiş, borcun bir hissəsini MMC-yə ödəsə də, qalan borcu ödəməmişdir. Nəticədə cavabdehin 2.921,27 manat məbləğində gecikdirilmiş əsas borcu, 4.685,73 manat məbləğində faiz borcu yaranmışdır. MMC, öhdəliyin cavabdeh tərəfindən icra edilməməsini nəzərə alaraq müqavilənin şərtinə əsasən cavabdehə 8.990,66 manat dəbbə pulu hesablamışdır. MMC, yazılı qaydada cavabdehə müraciət edərək borcun ödənilməsini tələb etsə də, borc ödənilməmişdir. Bundan əlavə cavabdeh iddiaçının razılığı olmadan müqavilə üzrə hüquq və vəzifələrini üçüncü şəxsə ötürmüşdür. Bu səbəbdən də, MMC, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 140 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, MMC, qeyd edilən məbləğlərin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. b) cavabdehin iddiaya etirazı barədə məlumat
3. Cavabdeh izahatında Rayon Məhkəməsinə bildirmişdir ki, o, ödənişlərini hər ay edirdi, ayda 2.500 manat ödəyirdi, lakin 3 ay sonra avtomobildə bəzi problemlər yaranmışdır. O da yoxlatmaq məqsədi ilə “vinil” vurdurduqda maşının Amerikadan gətirilən vaxt sağ tərəfinin tamamilə zədəli olduğunu, içəriyə girdiyini görmüşdür. O, avtomobili satmağa cəhd etmiş, lakin alınmamışdır. Ümumiyyətlə, 10 ay ərzində ödənişlər etmişdir. O, MMC-yə ilkin olaraq 30.000 manat və hər ay ödəniş edərək cəmi 25.600 manat, əlavə olaraq da 1.800 manat cərimə pulu ödəməklə, ümumilikdə, təxminən 60.000 manat pul vermişdir. Lakin MMC müqavilənin ləğv edilməsini, bugünədək olan ödənişlərini qəbul etmədiklərini və 16.000 manat tələb etdiklərini, daha sonra avtomobilin hərracda satılmasını, satılan məbləğin isə borcdan silinəcəyini, 67.000 borcdan qalan hissənin isə ondan yenə tələb ediləcəyini bildirmişdir. Bu ona qarşı edilmiş haqsızlıqdır, ondan 60.000 manat alıb aldatmaq istəyirlər. MMC həmçinin iddiaçıdan 7.000 manat servis haqqı tələb edir, həmin məbləğə servis haqqı olmur, o məbləğlə avtomobili yenidən təmir etdirmək olar. Buna görə də qeyd olunanlarla razılaşmayaraq müqavilənin ləğv edilməsini istəmir. Avtomobili verdiyi şəxs isə qazidir, arvadı xəstə olduğu üçün xəstəxanaya aparanda yolda saxlanılıb. O, avtomobili insanlıq naminə həmin şəxsə vermişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, xx.xx.2022-ci il tarixli "xxxx" əsasən xx.xx.2023-cü il tarixə gecikdirilmiş 2.921,27 manat əsas, 4.685,73 manat faiz, 50 manat cərimə borcu və avtomobilin təmir-bərpası üçün zəruri olan 7.650 manat olmaqla, cəmi 15.307 manat pulun cavabdehdən tutularaq iddiaçı MMC-yə ödənilməsini, iddianın qalan hissədə rədd edilməsini, iddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 128 manat məbləğində pulun cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulmasını, ödənilmiş dövlət rüsumunun qalan 12 manat hissəsinin iddiaçı MMC-nin özünə aid edilməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.12-ci maddəsinə əsasən lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə və lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Qeyd olunan normalar eynilə tərəflər arasında bağlanmış lizinq müqaviləsində də öz əksini tapmışdır. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Daxili maliyyə lizinq müqaviləsinin” İİİ fəslinin 2.2-ci bəndinə əsasən yuxarıda qeyd olunan hallarda lizinq verənin lizinq müqaviləsini vaxtından əvvəl birtərəfli qaydada ləğv etmək hüququ vardır. Odur ki, iddiaçının qeyd olunan hallarda lizinq müqaviləsini vaxtından əvvəl birtərəfli qaydada ləğv etmək hüququ olduğu üçün cavabdehə göndərdiyi xəbərdarlıq məktublarında iradə ifadəsini qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab olunduğundan, yenidən məhkəmə qaydasında həmin müqavilənin ləğvinin tələb edilməsi mümkünsüzdür. Başqa sözlə, məhkəmədən kənar qaydada ləğv edilmiş müqavilənin yenidən ləğvi qeyri-mümkündür. Cavabdehdən xx.xx.2022-ci il tarixli “Daxili maliyyə lizinq müqaviləsinə” əsasən xx.xx.2023-cü il tarixə gecikdirilmiş 2.921,27 manat əsas və 4.685,73 manat faiz borcunun tutulması barədə tələb əsaslıdır, lakin cərimə pulu yüksəkdir. Odur ki, cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edilməlidir ki, 1.383,66 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir. Buna görə də dəbbə pulu (penya) azaldılaraq 50 manat müəyyən edilməlidir. İddia tələbinin “avtomobilin təmir-bərpası üçün zəruri olan xərcin ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə də iddia təmin edilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli, 11/654-2022 saylı “Daxili maliyyə lizinq müqaviləsinin” 12.4-cü bəndinə əsasən lizinq obyektinə texniki (servis) xidməti göstərilməsi, orta, cari və əsaslı təmirin aparılması lizinq alan tərəfindən həyata keçirilir. Həmçinin, Mülki Məcəllənin 748- 7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. İş materiallarında olan "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş təmir kartına əsasən yuxarıda qeyd edilən avtomobilin təmir-bərpası üçün tələb edilən 7.650 manat təşkil edir. Cavabdeh məhkəmə iclasında həmin məbləğlə razı olmayaraq qeyd olunan məbləğin şişirdildiyini bildirsə də, həmin faktı təkzib edəcək hər hansı qiymətləndirmə arayışını məhkəməyə təqdim etməmiş, həmçinin, ekspertizanın keçirilməsini məhkəmədən xahiş etməmişdir. Bu səbəbdən qəbul edilməlidir ki, avtomobilin təmir-bərpası üçün tələb edilən məbləğin 7.650 manat olması realdır. d) apellyasiya şikayəti barədə məlumat
6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Əsasları iddiaya etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, Rayon Məhkəməsi tərəfindən iddiaçının avtomobilin üzərinə xərc çəkməsi müəyyən edilsə də, iş üçün əhəmiyyəti olan hallar - yəni avtomobilin hansı hissəsinin təmir edilməsi, təmir edilən hissənin təmirə zəruri ehtiyacının olub-olmaması sübut edilməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. e) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
8. Apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş cavabdehin vəkili (nümayəndəsi) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin, habelə iddiaya etirazın məzmununa uyğun izahat verdi.
9. İşə apellyasiya qaydasında baxılmanın sonuncu iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə cavabdeh və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak etməmişlər.
10. Cavabdehin vəkili (nümayəndəsi) Məhkəməyə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
11. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
12. İddiaçı MMC-nin nümayəndəsi apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. İş materiallarından görünür ki, MMC, onunla cavabdeh arasında xx.xx.2022-ci il tarixdə bağlanmış 11/654-2022 saylı "xxxx" əsasən iddia ərizəsində qeyd edilən və müqavilənin predmeti olan avtomobili cavabdehin sifarişi əsasında almış və sifarişçinin – cavabdehin müvəqqəti sahiblik və istifadəsinə vermişdir.
15. MMC-nin təqdim etdiyi sənədlərdən görünür ki, cavabdehin müqavilə üzrə 2.921,27 manat əsas borc, 4.685,73 manat faiz borcu yaranmışdır. MMC tərəfindən cavabdehə borcun gecikdirilməsinə görə 1.383,66 manat dəbbə pulu borcu hesablanmış, həmçinin avtomobilin təmir-bərpası üçün 7.650 manat vəsait tələb olunduğu qeyd edilmişdir.
16. MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Daxili lizinq müqaviləsindən” və onun 2 Saylı Əlavəsinə (Lizinq ödənişləri qrafiki) əsasən, aylıq 2.566 manat olmaqla, xx.xx.2022-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 71.250 manat əsas, 51.863 manat faiz olmaqla, ümumilikdə 123.113 manat ödəniş olunmalıdır.
17. MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Maliyyə arayışından” görünür ki, "xxxx" əsasən, cavabdehin xx.xx.2023 tarixə gecikdirilmiş əsas borcu 4.874,82 manat, faiz borcu 1.559,85 manat və hesablanmış dəbbə pulu 1.080,12 manat, cəmi 8.990,66 manat təşkil edir.
18. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş təmir kartına əsasən, lizing müqaviləsinin predmeti olan avtomobilin təmir-bərpası üçün 7.650 manat məbləğində pul vəsaiti tələb olunur.
19. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddia qismən əsaslı hesab etməkdə haqlı olmuşdur. Çünki Mülki Məcəllənin 747-ci maddəsinə görə, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MPM-in 77-ci maddəsinə görə isə, öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi həmin öhdəliyi icra etməli şəxsin üzərinə düşür. Cavabdehin iddiaçı MMC qarşısında icra edilməmiş öhdəlikləri mövcuddur.
20. Mülki Məcəllənin 748-1.12-ci maddəsinə görə, lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: (748-1.12.1.) lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; (748-1.12.2.) lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; (748-1.12.3.) lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; (748-1.12.4.) lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.
21. Məhkəmə tərəfindən müəyyən edilir ki, MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli "xxxx" əsasən cavabdehin sifarişi ilə avtomobil MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Bağlanmış müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, təşkilat olaraq, cavabdehə aylıq lizinq ödənişlərini ödəmək şərti ilə həmin avtomobili idarə və istifadə etmək hüququ verilmişdir. Lizinq ödənişləri “Lizinq müqaviləsinin 2 Saylı Əlavəsinə” (Lizinq ödənişləri qrafiki) uyğun olaraq, hər ayın 26-sı tarixində ödənilməli idi. Lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməyərək öz öhdəliyini pozmuşdur. Maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2023-cü il tarixə gecikdirilmiş əsas borcu 2.921,27 manat, gecikdirilmiş faiz borcu 4.685,73 manat və hesablanmış dəbbə pulu 1.383,66 manat təşkil edir. Bundan əlavə, cavabdeh “Daxili lizinq müqaviləsinin” 4.3-cü bəndini pozaraq lizinq verənin – iddiaçı MMC-nin yazılı razılığı olmadan avtomobili üçüncü şəxsə vermişdir.
22. Odur ki, Rayon Məhkəməsinin əsas və faiz borcunun ödənilməsi hissəsində gəldiyi nəticəsi əsaslıdır. Çünki Mülki Məcəllənin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəm əli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (maddə 386.1.). Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.).
23. Bununla da müəyyən edilir ki, apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlilləri əsassızdır.
24. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı MMC, cavabdehin müqavilə üzrə yaranmış borcun ödənilməsinin gecikdirilməsinin nəzərə alınaraq müqavilənin şərtlərinə əsaslanaraq cavabdehə dəbbə pulu hesablamış və bu məqsədlə 1.383,66 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
25. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə bu tələbi qismən təmin etmiş, 50 manat cərimə borcunun cavabdehdən iddiaçı MMC-nin xeyrinə tutulmasını qət etmişdir.
26. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər (maddə 462.). Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər (maddə 465.2.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467.).
27. Göstərilənləri və iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Daxili lizinq müqaviləsində” borcun ödənilməsinin gecikdirilməsinə görə kreditorun borcluya dəbbə pulu hesablaması və hesablanmış dəbbə pulunun ödənilməsini tələb etmək hüququ nəzərdə tutulduğundan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin müzakirə edilən bu nəticəsi əsaslı, apellyasiya şikayətinin Rayon Məhkəməsinin bu nəticəsinə aid dəlili isə əsassızdır.
28. Məhkəmə iddianın qalan hissəsi ilə bağlı bildirir ki, xx.xx.2022-ci il tarixli “Daxili lizinq müqaviləsinin” 12.4-cü bəndinə əsasən, lizinq obyektinə texniki (servis) xidməti göstərilməsi, orta, cari və əsaslı təmirin aparılması lizinq alan tərəfindən həyata keçirilir.
29. Mülki Məcəllənin 748-7.1-ci maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
30. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş təmir kartına əsasən “X3” minik markalı **-AX-*** qeydiyyat nömrəli avtomobilin təmir-bərpası üçün tələb edilən məbləğin 7.650 manat təşkil etdiyi təsdiq olunur.
31. Cavabdeh həmin məbləğlə razı olmayaraq qeyd olunan məbləğin düzgün hesablanmadığını apellyasiya şikayətində bildirsə də, həmin faktı təkzib edəcək hər hansı qiymətləndirmə arayışını məhkəməyə təqdim etməmiş, həmçinin, ekspertizanın keçirilməsini məhkəmədən xahiş etməmişdir.
32. Bu səbəbdən Məhkəmə hesab edir ki, lizinq obyektinin təmir-bərpası üçün tələb edilən məbləğ 7.650 manat olmaqla həmin vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də qətnamə düzgündür. İddianın müzakirə edilən hissəsinə aid apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla əsassız hesab edilir.
33. İddiaçı MMC-nin buna səlahiyyəti olan nümayəndəsi MMC-nin adından verdiyi iddia ərizəsində xahiş etmişdir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 140 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçı MMC-yə ödənilsin.
34. İddia ərizəsinə əlavə edilmiş "xxxx" görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün MMC tərəfindən 140 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
35. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə həmin məbləğin 128 manat hissəsinin cavabdehdən tutularaq MMC-yə ödənilməsini, qalan 12 manatın isə iddiaçının özünə aid edilməsini qət etmişdir.
36. Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin bu nəticəsi də əsaslıdır. Belə ki, MPM-nin tələblərinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir (maddə 107.). Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (maddə 119.1.). g) apellyasiya baxışının nəticəsi
37. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmeti olan nəticə qanunu, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
38. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, MPM-nin 119.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
39. Məhkəmə həmçinin hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, iddiaçı MMC hazırki qətnamədən kassasiya şikayəti verə bilməz.
40. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
41. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 392, 393, 402, 405-ci maddələrini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 aprel 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Cavabdeh hazırki qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.